Azərbaycan diasporunda mövcud

olan problemlər və onların həlli yolları

 

Hər bir millətin mənəvi-siyasi potensialı nə qədər güclü olarsa, dövlətçilik problemlərinin həlli sahəsində görüləcək işlərin öhdəsindən gəlmək də bir o qədər asan olar. Hazırda ən güclü mənəvi siyasi amillərdən biri də məhz diaspordur. Milli diaspor milli mədəniyyətin, milli birliyin, milli dövlətçiliyin ən etibarlı dayaqlarından biridir.

Təsadüfi deyil ki, öz dövlətçilik fəaliyyətində bu mühüm amili nəzərə almayan ölkələr böyük təsir gücünə malik mənəvi–siyasi potensialdan məhrum olur, qarşılarına qoyduqları, həll etmək istədikləri bir çox problemləri nisbətən gec yerinə yetirirlər, başqa sözlə desək, dövlət quruculuğu işində milli dövləçilik mənafeyini müqəddəs tutan böyük bir qüvvəni nəzərə almır, özlərindən təcrid edirlər. Təkcə ölkə daxilində deyil, onun hüdudlarından çox-çox uzaqlarda da millətin mədəniyyətinin, adət-ənənələrinin daşıyıcıları kimi fəaliyyət göstərən diaspor nümayəndələri öz doğma xalqı, milləti üçün çox iş görə bilər. Bu baxımdan Azərbaycan diasporunun da fəaliyyəti diqqəti cəlb edir.

Xaricdəki soydaşlarımızla əlaqələrin möhkəmləndirilməsi milli dövlətçiliyimiz baxımından müasir həyatımızda ən vacib və son dərəcə mühüm olan bir sahədir. Dünya azərbaycanlılarının bir–biri ilə, eyni zamanda respublikamızla əlaqələrini genişləndirmək, onların fəaliyyətini tənzimləmək, qürbətdəki soydaşlarımızın təşkilatlanmasını sürətləndirmək, həqiqətlərimizin onların vasitəsi ilə daha çox ölkələrə yayılmasını təmin etmək, mühacir soydaşlarımızın hüquqlarını qorumaq, xaricdəki milyonlarla azərbaycanlının mədəni muxtariyyət qazanmasına səy göstərmək müstəqil Azərbaycan Respublikasının ali məqsədlərinə daxildir. Azərbaycan diasporunun keçmişi, bu günü və gələcəyi ilə yaxından maraqlanmaq, onların üzləşdiyi ictimai-siyasi, sosial problemləri öyrənmək və bu problemlərdən çıxış yollarını aramaq isə həmin ali məqsədin ən mühüm və məsuliyyətli qollarından sayılır.

Xarici ölkələrdə çalışan Azərbaycan milli mədəniyyət mərkəzləri, orada yaranan Azərbaycan mühacirət ədəbiyyatı, nəşr olunan ayrı-ayrı mətbu orqanlar, kütləvi informasiya vasitələri bir daha sübut edir ki, bu gün Azərbaycan diasporunun fəaliyyət dairəsi genişdir.

Diaspor sahəsində bir çox elmi məqalələr müəllifi olan, publicist Rövşən Məmmədli deyir ki, bir sıra ölkələrdə Azərbaycan dilində radio və televiziya verilişlərinin, milli məktəblərin, ayrıca nəşriyyatların mövcudluğu Azərbaycan diasporunun böyük potensial gücə malik olduğunu sübut edir. Bu baxımdan özlüyündə böyük maraq doğuran və çoxşaxəli fəaliyyəti ilə daim inkişaf edən Azərbaycan diasporunun öyrənilməsi, onun güclü, zəif cəhətlərinin, problemlərinin tədqiqi kifayət qədər vacib və aktual olmaqla yanaşı, bu günümüz, həmçinin gələcəyimiz üçün də mühüm əhəmiyyətə malik məsələdir. Ekspert hesab edir ki, Azərbaycan diasporu hazırda formalaşma prosesi keçir.

Onun sözlərinə görə,  müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın həyat tərzi ilə tanış olmaq, onların ictimai-siyasi, mədəni fəaliyyətini tədqiq etməkdə ən yaxın köməkçimiz də milli mətbuatımızdır. Bu gün ölkə mətbuatının səhifələrində diasporla bağlı müxtəlif səpgili məqalə, xəbər, müsahibə, hesabat və reportajlara rast gəlmək olar. Onlara nəzər salmaqla Azərbaycan diasporu, onun dünəni, bu günü və sabahı, yayım coğrafiyası, ictimai-siyasi, mədəni fəaliyyəti ilə bağlı kifayət qədər dolğun və hərtərəfli məlumat əldə etmək mümkündür.

Bu gün Azərbaycan diasporu problemi milli mətbuatda öz əksini daha geniş şəkildə tapmışdır. Milli diasporumuzla əlaqədar kitab və broşura nümunələrinə çox az rast gəlindiyi bir zamanda “diaspor” anlayışının izahı, milli diaspor problemləri və onların həlli barədə əsasən ölkə mətbuatına müraciət etməklə kifayət qədər məlumat əldə etmək mümkündür. Həmin mətbu nümunələr Azərbaycan diasporunun tarixi keçmişi, bu günü, mövcud problemlər və bu problemlərdən qurtuluş yolları barədə ətraflı məlumat verir. Onlara nəzər salmaqla belə bir ümumi fikrə gəlmək olar ki, bu gün Azərbaycan diasporunun hələ də kifayət qədər qayğıları mövcuddur, onun inkişafı, dünyanın əksər ölkələrinə səpələnmiş soydaşlarımızın sərbəst və məqsədyönlü fəaliyyəti üçün görülməsi lazım olan çox işlər var. Diasporumuzun inkişafına mane olan bəzi problemlərin həlli isə ilk növbədə soydaşlarımızın siyasi, iqtisadi və mədəni sahələrdə fəaliyyətlərinə real zəmin yaradar.

Bütünlükdə bu məsələlərlə bağlı belə bir ümumi nəticəyə gəlmək olar ki, bu gün Azərbaycan diasporunu düşündürən və narahat edən problemlər ümumi idealogiyanın zəifliyi, milli birliyin və həmrəyliyin zəif olması, Azərbaycan diasporu nümayəndələri arasında qarşılıqlı münasibətlərin, ünsiyyət və əlaqələrin qaneedici olmaması, xarici ölkələrdəki səfirliklərimizin heç birində həmin ölkələrdəki diasporlarımızla məşğul olan xüsusi bir nümayəndəliyin açılmaması, Vətənlə bağlılıq hissinin zəifliyi, ümumi məqsəd naminə bir araya gələ bilməmək, şəxsi iddia və mənəmliyin milli-mənəvi prinsiplərdən üstün tutulması; xaricdə soydaşlarımızın daha çox iqtisadi maraqlarla əməkdaşlığa meylli olmaları; regionçuluq; xaricdə yaşayan azərbaycanlıların müxtəlif qüvvələr ətrafında birləşmələri, başqa sözlə isə bölünmələri; bəzi ölkələrdə milli-mədəni mərkəzlərin, kitabxanaların, klub, fond, xalq evlərinin fəaliyyətinin zəif olması və xaricdə Azərbaycan dilində televiziya və radio verilişlərinin, məktəblərin, dil və mədəniyyət kurslarının təşkilində süstlük və pərakəndəlikdir.

Bütün bu problemlərin hələ də mövcud olması  Azərbaycan diasporunun formalaşma mərhələsindən inkişaf mərhələsinə keçməsində müəyyən çətinliklər yaradır. Ölkə mətbuatında çıxış edən hər bir rəsmi dövlət xadimi, mütəxəssis, tədqiqatçı milli diasporumuzun kifayət qədər güclü potensiala malik ictimai-siyasi təsir qüvvəsi olduğunu önə çəksə də bu qüvvədən hələ yetərincə istifadə edə bilməməyimiz xüsusi qeyd olunmalıdır. Bu problemlərdən qurtuluş yollarını aramaq üçünsə çox uzağa getmək lazım deyil. Diaspor problemlərini yetərincə işıqlandıran milli mətbuatımız həmin problemlərdən çıxış yollarını da göstərir. Bunlar xarici ölkələrdə yaşayan soydaşlarımıza qarşı qayğı və diqqətin artırılması, mövcud problemləri yaxından öyrənməklə bu çatışmazlıqların aradan qaldırılması istiqamətində qəti və məqsədyönlü addımların atılması, mühacirətdə olan cəmiyyətlərin fəaliyyətinin ümumi strategiya və taktikasını əlaqələndirən, ümumiləşdirən, təhlil edən və hazırlayan xüsusi komitələrin yaradılması, diaspor cəmiyyətlərinin siyasi, iqtisadi və hüquqi statuslarının müəyyənləşdirilməsi, cəmiyyətlər barəsində məlumat bankının yaradılması, soydaşlarımızın yaratdığı bütün cəmiyyət və mərkəzlərin, milli qurumların ən ciddi şəkildə dövlət və öz aralarında isti və sağlam münasibətini təmin etmək, xaricdə yaşayan və sakit həyat tərzi seçən azərbaycanlıları da diasporumuzun inkişafı istiqamətində fəaliyyətə cəlb etmək, millətlərarası münasibətləri sağlamlaşdırmaqla soydaşlarımızın hüquq və azadlıqlarını qorumaq, ehtiyacı olanların maddi, mənəvi cəhətdən qayğısına qalmaq, şikayət və ərizələri dövlət səviyyəsinədək yuxarı təşkilatlara, orqanlara çatdırıb müsbət həllini tələb etmək və Dünya azərbaycanlılarının hər hansı bir ölkədə və mühitdə yaşamaq, inkişaf etdirmək, beynəlxalq aləmdə mədəni, istedadlı, qədim tarixə və demokratik dövlətə malik olan xalq kimi təmsil olunmaq hüququnu təmin etməkdən ibarətdir. Bütün bu qeyd olunan vacib məsələlər milli mətbuatın Azərbaycan diasporu probemlərinin həlli istiqamətində dövlətimizin, eləcə də xaricdə yaşayan soydaşlarımızın üzərinə qoyduğu, bilavasitə onlara aid etdiyi tələblərdir.

Bütün bunlarla yanaşı kənarda olan potensialdan səmərəli istifadə etmək üçün kadr bankı yaratmaq, xaricdə yaşayan azərbaycanlılar haqda müfəssəl məlumatları burada toplamaq, anketləşdirmək mümkündür. Bunun üçün qanunverici və ya icra aparatında müvafiq işçi qrupu yaradılması, yaxud da müvafiq bir komitənin təsis olunması məqsədəuyğun olar. Xaricdə məskunlaşmış soydaşlarımızın bir neçə nəsil sonra assimilyasiyasının qarşısını almaq üçün onların kompakt yaşadığı yerlərdə məktəblərin açılmasına nail olmaq, dərs vəsaitləri, mədəni təbliğat vasitələri, dini ədəbiyyat və s.nin göndərilməsi labüddür. Xaricdəki azərbaycanlı iş adamlarının güzəştli şərtlərlə Azərbaycana böyük sərmayə qoyuluşuna nail olmaq olar. Ümumiyyətlə diasporla işi ahəngdar qurmaqla həm ölkənin, həm də diaspor problemlərinin həlli xeyli asanlaşar.

Milli diaspor problemlərinə və bu problemləri özündə əks etdirən ölkə mətbuatına nəzər salmaqla diaspor və mətbuat arasında yaşanan informasiya mübadiləsi, mətbuatımızın Azərbaycan diasporunun inkişafı və formalaşmasında rolu, mövcud probemlərin həlli istiqamətində müxtəlif media nümayəndələri tərəfindən irəli sürülən təkliflər haqda ətraflı bilgi əldə etmək mümkündür. Bütün bunlar ölkə mətbuatının Azərbaycan diasporunun inkişafı yolunda rolunu bir daha ortaya qoyur. Mətbuatımız bu gün dünyanın istənilən inkişaf etmiş ölkəsində məskunlaşan həmvətənlərimizin dərd-sərini, ağrı-acısını, onları düşündürən problemləri yetərincə işıqlandırır və bununla da, həm müstəqil Azərbaycan Respublikası vətəndaşlarını, həm də dünyanın əksər ölkələrində yaşayan soydaşlarımızı lazımi məlumatlarla təmin edir.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Süleyman İsmayılbəyli

 

Olaylar.- 2013.- 28-30 sentyabr.- S.15.