"Tərcüməçilər
adsız qəhrəmanlardı"
Oktay Hacımusalı: “Bestseller ədəbiyyatını
Azərbaycana gətirməklə oxucunun bədii
zövqünü korlayırlar”
Müsahibimiz “Xalq Cəbhəsi” qəzetinin
əməkdaşı, yazıçı-publisist və tərcüməçi
Oktay Hacımusalıdır:
-Oktay Hacımusalını necə
tanıyaq, hansı kitablarınız var, tərcümə
işinizdə uğurlarınız nədən ibarətdir?
-
2003-cü ildən aktiv şəkildə ədəbiyyatdayam,
2004-cü ildən Yazıçılar Birliyinin üzvüyəm.
2008-ci ildə Azərbaycan prezidentinin fərdi təqaüdünə
layiq görülmüşəm. 2004-cü ildə Vektor Beynəlxalq
Elm Mərkəzində “Qızıl Günlərin Osmanlı
Vaxtı” adlı kitabım işıq üzü
görüb, 2009-cu ildə “Oqtaydan əvvəl” adlı
şeirlər kitabım nəşr edilib. 2012-ci
ildə isə “Bu yaxın gündə”
roman-gündəliyim çap olunub. Bunlara əlavə olaraq Azərbaycan və Türkiyədə
70-dən artıq tərcümə kitabım işıq üzü görüb. Bunlar müasir Azərbaycan ədəbiyyatının
həm Türkiyədə təbliği, həm də müasir və klassik türk ədəbiyyatının Azərbaycandakı
təbliği, qarşılıqlı ədəbiyyatçılarımızın
təbliği baxımından maraqlı nümunələrdir.
Düzdür, bəzi
nöqsanlarımız da var.
Lakin, buna baxmayaraq əsas odur ki, çalışmalarımız davam edir. Hal-hazırda da paralel olaraq
bir neçə kitab
üzərində çalışırıq. Türk yazarı Şulər Şənlər
Yüksəlin “Hüzur sokağı” və
Rehad Çamuroğlunun
“Sonuncu Yeniçəri” romanları üzərində
çalışırıq, eyni zamanda Türkiyədə Azərbaycan ədəbiyyatı
ilə bağlı 3 kitab işıq üzü görəcək. Bunlardan
ən önəmlisi yaxın aylarda
“Xocalı Soyqırımı” ilə bağlı olan detektiv-romandır.
-Azərbaycanda
tərcümə işi nə vəziyyətdədir,
hər hansı irəliləyiş var, yoxsa ki, geriyə doğru addımlayırıq?
-
Düşünmürəm ki, bu sahədə geriləmə var,
çünki mən heç
vaxt hər şeyi qara rəngdə görməyin tərəfdarı
deyiləm. Əgər bir iş
varsa heç vaxt onun əmsalı kəmiyyətlə
yox, keyfiyyətlə ölçülməlidir.
Zaman-zaman bu sahədə
durğunluq olur. Sovetlər Birliyi
dönəmində kitab palatası, tərcümə
mərkəzi var idi. Azərbaycanda Bədii əlaqələr və bədii
ədəbiyyatın təbliği və tərcümə mərkəzi
deyilən bir qurum
vardı. SSRİ parçalanandan sonra bütün sahələrdə
durğunluq yarandığı kimi tərcümə sahəsində də uzun müddət xaos
yarandı. Yalnız son illərdə müəyyən
mənada irəliləyişlər var.
Xüsusilə də son bir
neçə ildə artıq özəl nəşriyyatlar fəaliyyətə
başlayıb və həmin qurumlar
peşəkar tərcüməçilərlə işləyirlər.
Mən tərcüməçiləri adsız
qəhrəman adlandırıram, çünki
doğrudan da bu gün Azərbaycan ədəbiyyatının
istər xaricdə təbliği üçün,
istərsə də Azərbaycan oxucusuna
xaricdə baş verən ədəbi-bədii
prosesləri təqdim etmək baxımından tərcüməçilərin
işi həm çətin, həm də
məsuliyyətlidir. Ona görə çətindir ki, bu gün tərcümə
edən şəxs Sovet dönəmindəki
tərcüməçilərdən fərqli olaraq
eyni zamanda başqa işlərlə də məşğuldur
ki, dolanışığını təmin
eləsin. Çünki tərcümə
işi ilə yaşamaq
o qədər də real
və inandırıcı deyil. Azərbaycanda
özünə “tərcüməçiyəm” deyən insanlar var ki,
tərcümənin nə qədər məsuliyyətli və
çətin olduğunu unudurlar.
Tərcümədə bir sözün
səhv getməsi bütün əsəri
gözdən salır. Eyni zamanda
yazarla oxucunun əlaqə
yaratmasına problem yaradır. Azərbaycanda
bu sahədə müəyyən problemlər
var, Azərbaycanda tərcümə işinin ən yaralı yeri
tərcümə olunan əsərlərin
redaktə olunmamasıdır. Çünki,
Azərbaycanda redaktə məktəbi yoxdur.
Tərcümə yaradıcılığın
bir növü olduğu üçün
tərcüməçi bir an əvvəl tərcümə edib bu işdən xilas olmaq, yükü
öz üzərindən atmaq
istəyir. Əgər söhbət ciddi tərcümədən
gedirsə, əsil
tərcüməçi başqa dilə
çevirdiyi əsərə ruh, qan verməlidir. Dünyada belə
bir praktika var ki, hər bir tərcüməçinin peşəkar
redaktorları var. Əsər tərcümə
olunandan sonra əsər
redaktora verilir və redaktor ona dəfələrlə
baxdıqdan sonra həmin əsər
növbəti dəfə başqa dildə
ərsəyə gəlir. Azərbaycanda bu
mənada problemlər yoxdur. Çünki ən azından 5 il əvvəl etdiyim tərcümələri
çap etməyə yer
tapa bilmirdiksə, bu gün isə bu sahənin
inkişafı üçün münbit şərait yetişib.
Bundan sonra ümid edirəm ki, vəziyyət
daha yaxşı olacaq.
-Türkiyə
türkcəsindən tərcümələrə daha çox yer verilir. Deyəsən, tərcüməçilər
özlərini əziyyətə vermək istəmirlər
axı..
-
Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəsin bir
sözü yadıma düşür,
onun belə bir sözü var: “Urfada Oksford var idi, biz
qurtarmadıq?”. Belə desək ki, başqa dillərdən peşəkar tərcüməçilər
var ki, biz
onlara müraciət etmirik?
Dünyada ən çox
satılan, ən şedevr sayılan əsərlər
məhz Türkiyə türkcəsindən tərcümə olunur. Bu artıq
mübahisəli bir mövzudur,
bu məsələnin başqa
tərəflərinə gedib
çıxır ki, bizim
tərcümə sahəsində başqa
dillərdən tərcümə edən ordumuz
yoxdur. Tərcüməçi ixtisası
üzrə məşğul olan mütəxəssislər
ədəbi tərcüməçi kimi
fəaliyyət göstərmirlər. Burada
məsələ iqtisadi tərəfə
çıxır və ikincisi də
peşəkarlıq məsələsidir. Türkiyə
türkcəsindən tərcümə etmək təkcə hər
hansı sözə şəkilçi artırmaq, yaxud da sözün
sinonimindən istifadə etmək qədər asan
deyil. Bu gün insanlarımız türk
seriallarındakı məhəlli türkcə ilə elmi türkcəni qarışdırırlar.
Yəni ki, məhəlli türkcə ilə
elmi türkcə biri-birindən tamamilə
fərqlidir. Digər tərəfdən də başqa
dillərə nəzərən Türkiyə türkcəsindən
hər hansı ədəbiyyatı Azərbaycan dilinə
çevirmək daha asandır. Yəni ki, tərcüməçi birbaşa
qaynağa gedib
çıxa bilir, bu
həm də nəşriyyat işini
rahatlaşdırır.
-Azərbaycan oxucusu
üçün hansı əcnəbi
yazarların əsərləri maraq kəsb
edir?
-
Azərbaycan oxucusu bu gün öz
başını itirmiş vəziyyətdədir,
ona təqdim olunan əsərlər
dünyada bestseller kimi qəbul olunan əsərlər
kimi qəbul olunsa da, bir növ
onun gözünü boyayan əsərlərdir. Azərbaycanda bədii
və estetik cəhətdən o qədər də yüksək olmayan lakin, dünyada tirajları partlatmış əsərlərə
daha çox maraq göstərilir. Bu gün Azərbaycan oxucusu Pol Onu, Markesi,
Liftafakı oxuyur. Bu əsərlər
Azərbaycana gəlib çatan bestsellerlərdir.
Lakin, bu bir mərhələdir və keçib
gedəcək. SSRİ parçalanandan sonra Rusiyada bir müddət dedektiv əsərlər
çap olunurdu və
satışı da yüksək səviyyədə
idi. Sonradan iri maqnatlar
formalaşdı və bu maqnatlar
dünyada bestseller olmayan lakin, bədii-estetik
cəhətdən insana zövqünü
oxşayan əsərlərə müraciət
elədi. Belə düşünürəm ki,
indiki məqamda bestseller
ədəbiyyatını Azərbaycana gətirməklə oxucunun bədii zövqünü
müəyyən mənada korlayırlar. Lakin,
bu əsərlərin müəyyən
hissəsi qəbulolunandır. Zaman
keçdikcə hər şey öz yerini tapacaq.
-Belə
bir fikir var ki, Sovetlər dönəmində
fəaliyyət göstərmiş solmeyilli
Azərbaycan yazarlarının əsərlərini əcnəbi
dillərə çevirməklə onları daha
populyarlaşdırmaq olar.
- Sovetlər dövründə
yaşayıb yaratmış yazarların üstün
cəhəti ondan ibarətdir ki, Sovet dövrü
Azərbaycan ədəbiyyatının nümayəndələrinin
dili təmiz və səlist idi. Çünki,
onların yazmaqdan başqa
heç bir işi yox idi.
Hal-hazırda isə Azərbaycan ədəbiyyatında çox pintilik, çirkinlik var. Çünki çağdaş
Azərbaycan yazarlarının 99%-i 3-4 yerdə
çalışırlar, çünki yazarlar öz maddi problemlərini həll etmək məcburiyyətindədirlər.
Sovet dönəmində isə bu problem birmənalı
şəkildə həll olunmuşdu və
yazarlar yüksək qonorarla
öz maddiyyatını təmin edirdilər.
Bu gün Azərbaycanda
yazar-naşir bazarı
formalaşdırılsa vəziyyət düzələr, maddi sıxıntılardan azad
olmuş, öz
kitabının qonorarı ilə keçinən yazar ordusu yaranar.
Bundan sonra Sovet dönəmi
yazarlarının əcnəbi dillərə çevirməkdənsə
çağdaş yazarların əsərlərini
dünya oxucusuna təqdim
etmək daha məqsədəuyğundur. Çünki, SSRİ-nin
parçalanmasından sonra yazılan əsərlər
Azərbaycanın ictimai, siyasi,
milli dəyərlərini əks etdirən
amillərlə zəngindir. Lakin, müstəqillikdən
sonra Azərbaycanda yetişən gənc yazar nəsli yoxdur,
onların böyük əksəriyyəti
köhnə yazarlardır. Məsələn, əcnəbi dillərə
ən çox tərcümə olunan yazarlar xalq yazıçısı Anar
və şair Sabir
Rüstəmxanlıdır.
-Oqtay bəy, yazarlar qədər
tərcüməçilərə də xüsusi
imtiyazlar verilməlidirmi?
-
Çox təqdirəlayiq bir
haldır ki, dövlət yazarlara
xüsusi qayğı göstərir. Çünki, yazar ilk öncə özünü
təmin eləməlidir ki, nə isə yaza bilsin, amma
bu keçid
dövrünə xas olan
psixologiyadır. Zamanla bizim
yazıçılarımız ələ baxıb öyrənirlər,
yəni ki, “dövlət mənə saxlayacaq, qalmayana saxlamayacaq” psixologiyası ilə
yaşayırlar. Yaxşı olardı ki,
kitablara əlavə dəyər vergisi aradan
qaldırılsın. Yəni ki,
Azərbaycan yazarları qonararla
yaşayırsa ona nə fəxri ad lazımdır, nə də təqaüd...
4 ildir ki, Azərbaycan
Yazıçılar Birliyinin xətti ilə
Azərbaycan Respublikasının prezidentinin
fəxri təqaüdləri təqdim olunur.
İndiyədək haqqı olan bundan yararlanıb. Tərcüməçilik
də yazarlıq qədər çətin sahə olduğu üçün
onlara verilən xüsusi
adlar, imtiyazlar tərcüməçilərə
də verilməlidir. Buna ən
yaxşı tərcüməçi nominasiyası, hər
hansı tərcümə qurumlarının, Xarici
Dillər Universitetinin, Bakı Slavyan Universitetinin nəzdində
mükafatlar ola bilər.
Yazıçılarımız
qədər ən azı tərcüməçilər də
qiymətləndirilsin.
Mənsur
Rəğbətoğlu
Olaylar.- 2013.- 16 yanvar.- S.12.