Diaspor təşklilatları soyqırım

qurbanlarını yad ediblər

 

Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları müntəzəm olaraq Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın deportasiya və soyqırım siyasətinə nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən hüququ və siyasi qiymətin verilməsi istiqamətində tədrbirlər təşkil edir, bəyanatlarla çıxış edirlər. Bu sırada xarici ölkələrdə 31 mart-Azərbaycanlıların Soyqırım Gününə həsr  olunmuş tədbirləri də xüsusi qeyd etmək lazımdır. Hər il olduğu kimi bu il də müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarımız 31 mart-Azərbaycanlilarin Soyqırım Gününü qeyd edib, bu məqsədlə müxtəlif tədbirlər, aksiyalar keçiriblər.

 

31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar olaraq Türkiyənin İzmir şəhərində Azərbaycan Mədəniyyət Evi və Həmrəylik Cəmiyyəti ilə, İzmirdə təhsil alan azərbaycanlı tələbələr tərəfindən konfrans təşkil olunub. Zəkarya Doğan Mədəniyyət Evində keçirilən tədbirə qeyri-hökumət təşkilatlarının rəhbərləri və nümayəndələri, universitet müəllimləri, Zəkarya Doğan Mədəniyyət Evinin, Azərbaycan Cəmiyyətlərinin üzvləri, eləcə də İzmir Universitetlərində təhsil alan azərbaycanlı və əcnəbi tələbələr iştirak edib. Tədbir soyqırımda və Azərbaycanla  Türkiyənin müstəqilliyi uğrunda  şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad edilməsinin ardınca hər iki ölkənin himnin oxunması ilə başlayıb. Daha sonra Azərbaycan Mədəniyyət Evi və Həmrəylik Cəmiyyətinin sədr müavini və tələbələrin nümayəndəsi Cavid Əliyev çıxış edib. O, son 200 il ərzində ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi saysız soyqırım və qətliamlardan ən amansızının 1918-ci il 31 mart-2 aprel tarixlərində gerçəkləşdirildiyini vurğulayıb. “Çox təəssüf ki, Sovet İttifaqı vaxtında xalqların qardaşlığı adı altında azərbaycanlılara qarşı törədilmiş soyqırımlar bizdən gizlədildi və unutdurulmağa çalışıldı. Nəticədə isə Xocalı soyqırımı başda olmaqla digər qətliamları yaşamalı olduq”. Konfransda çıxış edən jurnalist-yazıçı Nigar Börək isə bildirib ki,  erməni və onların havadarlarının azərbaycanlılara qarşı iki əsrdən artıq müddətdə məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırım, etnik təmizləmə və deportasiya siyasətinin əsl məqsədi bu ərazilərdə “Böyük Ermənistan” dövləti yaratmaqdır: “Erməni-bolşevik birləşmələrinin Bakıda 1918-ci il  31 mart və 1-2 aprel tarixlərində törətdiyi qırğınlar kütləvi şəkil almış, silahlı erməni dəstələri dinc əhalini amansızcasına qətlə yetirmişlər. Qırğınların davam etdiyi dövrdə Azərbaycan ərazisində yüz minlərlə soydaşımız, o cümlədən Bakıda və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlı milli mənsubiyyətinə görə qəddarlıqla öldürülmüşdü”. Nigar Börək, xüsusilə də gənçlərin tariximizi yaxşı bilməli olduğunu, internetden istifadə edərək xalqımızın bu yaşadıqlarını dünyanın da bilməsi üçün bütün səylərini əsirgəməmələrini vurğulayıb. Daha sonra kürsüyə gələn araşdırmacı-yazar, Celal Bayar Universitetinin müəllimi İsmət Alpaslan da 31 Mart Soyqırımı haqqında qısa məlumat verərək, Nuru Paşanın rəhbərliyindəki Qafqaz-İslam Ordusunun Azərbaycan hərəkatı və Bakının Erməni-Bolşevik işğalından azad etməsi haqqında tədbir iştirakçılarına geniş məlumat verib. 31 mart-Azərbaycanlıların Soyqırımı Günü Türkiyənin İstanbul şəhərində də qeyd olunub. Bu məqsədlə İstanbulda panel təşkil edilib. İST - TAD İstanbul Türkiyə Azərbaycan Dərnəyi tərəfindən təşkil olunan paneldən əvvəl dərnək mərkəzində 31 mart-Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar foto sərgi açılıb. Toplantı Azərbaycan və Türkiyənin dövlət himnlərinin oxunması ilə başlayıb. Açılış mərasimində çıxış edən İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin başqan yardımçısı Abbas Murad ermənilərin 1918-ci ilin martında Bakıda və ətraf rayonlarda törətdikləri vəhşiliklər, soyqırımdan danışıb. Bildirib ki,  1918-ci il, mart ayının 31-də Azərbaycanın Bakı, Şamaxı, Quba Kürdəmir, Salyan və Lənkəran  kimi iri şəhərlərində və Türkiyənin şərq Anadolu bölgəsində ermənilər tərəfindən minlərlə insan qətlə yetirilib. Bu soyqırımın  mart ayından başlayıb sentyabr ayına qədər davam etdiyini deyən Abbas Murad ermənilərin vəhşiliklərinin Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun müdaxiləsi ilə sona çatdığını söyləyib: “Bu soyqırımda minlərlə Azərbaycan Türkü və Türkiyədə yaşayan soydaşımız qətlə yetirilmişdir . 31 mart-Azərbaycanlıların Soyqırımı günü 1988-ci ildən etibarən xatırlanmaqdadır.

Açılışdan sonra çıxış edən İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin rəhbəri Səfər Karakoyunlu deyib ki, tarixin ən böyük hadisələrində biri olan 31 mart soyqırımı bir insanlıq suçudur: “Bu soyqırımm yalnız Azərbaycan türklərinə qarşı edilmiş bir soyqırım deyil , bu soyqırım eyni zamanda bütün insanlığa qarşı işlənmiş bir cinayətdir. Tariximizi bilərək və idrak edərək yaşamalıyıq. Keçmişini bilməyən cəmiyyətlərin gələcəyi məhv olmuş sayılar bu vəsilə ilə keçmişimizdən dərs alaraq gələcəyimizə daha inamla baxmalıyıq. Tarix boyunca Türklərə edilən soyqırımları qısaca xatırlatmaq istəyirəm. 1905-1906, 1918-1920, 1948-1953 və 1988- ci ildən başlayan 1992-ci ildə də Qarabağda, Xocalıda daha bir soyqırımın həyata keçirilməsi ilə yadda qalan vəhşilik”. Dərnək rəhbəri deyib ki, 1918-ci ilin mart ayından etibarən bolşevik inqilabını təsis etmə adına Azərbaycan torpaqlarında kütləvi qırğına əl atılıb: “Edilən şiddət, vəhşiliklər xüsusilə 1918-ci ilin mart ayının son üç günündə zirvə nöqtəsinə çatmış, yalnız Bakıda 30 min günahsız insan amansızca qətlə yetirilmişdir. Bu qırğınlar Bakı ilə birlikdə Azərbaycanın Şamaxı, Quba, Qarabağ, Naxçıvan vilayətləri ilə bu gün Ermənistan sərhəddində olan, amma tarixi Azərbaycan torpaqları sayılan Zəngəzur qəzası və İrəvan vilayətlərində də reallaşdırılmış, təxminən 120 min insanın üç gündə həyatına son verilmişdir. Oxşar soyqırım Qars, Iğdır, Ərzurum, Ərdahan, Van və Türkiyənin müxtəlif vilayətlərində davam etmişdir. Bu soyqırımları şiddətlə və nifrətlə qınayırıq. Biz bütün şəhidlərimizin və qazilerimizi rəhmətlə və minnətlə xatırlayırıq”. Qeyd edək ki, paneldə çoxlu sayda ziyalılar və kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak edib. Səfər Karakoyunludan sonra Anadolu Aydınlar Ocağının rəhbəri, professor İbrahim Öztek, Sabiq millət vəkili, şair, yazaq Abbas Gökçe, Camal Uyğur, İstanbul Universitetinin Tarix Bölümünün rəhbəri, doktor Halil Bal, doktor Levent Akçay çıxış edərək 31 mart-Azərbaycanlıların Soyqırım Günü və ermənilərin həyata keçirdikləri vəhşiliklərdən danışıblar.

31 mart-Azərbaycanlıların Soyqırım Günü Almaniyada da anılıb. Belə ki, Alman Azərbaycan Mədəniyyət Evi Köln şəhərində “31 Mart: Reallıqlar və Gerçəklər” mövzusunda elmi praktiki konfrans təşkil edib.Tədbirdə Almaniyada yaşayan Azərbaycanlı yazarlar, elm adamları, ziyalılar və Kölndə yaşayan Azərbaycanlılar iştirak etmişdir. Tədbiri giriş sözüylə açan Alman Azərbaycan Mədəniyyət Evinin sədri Altay Rüstəmli 31 Mart hadisələrinin xalqımızın qan yaddaşındakı yeri haqda məlumat verib. Ondan sonra Alman-Türk Yazarlar Birliyinin həmsədri Orhan Aras çixiş edərək qeyd edib ki, erməni daşnaqları yaranmış tarixi imkandan istifadə edərək, Şaumyanın başçılığı və Bakı Sovetinin dəstəyi ilə o vaxtki Bakı quberniyasında, eləcə də Şamaxı, Qarabağ və Naxçıvan ərazilərində 12 minə yaxın azərbaycanlını qətlə yetirmişlər. Daha sonra söz alan Guney Azərbaycandan olan Yazar Bəhruz Həqiqi, 31 Mart Soyqrımına göneyli soydaşlarımızın münasibəti və onların 31 martla əlaqədar maarifləndirilməsi mövzusunda cıxış edib. Avropa Türk İslam Birliyi (ATİB) baş katibi Mahmud Aşkar 31 Mart Soyqrımının dünya ictimaiyyətinə çatdırılması ilə bağlı görüləcək işlər, Türk və Azərbaycan dərnəkləri arasında bu hadisələrlə bağlı işbirliyi haqda geniş söhbət açıb. Yazıçı Yücel Feyzioğlu 31 martın tək Azərbaycanlıların deyil, bütün Türk xalqlarının ortaq problemi olduğunu qeyd edib. Son olaraq Alman Azərbaycan Mədəniyyət Evinin İcraçı direktoru Ağa Ağayev öz çıxışında 31 martla bağlı haqq səsimizin dünyaya çatdırılması üçün Türk və Azərbaycan diaspora təşkilatlarımızın birgə çalışmasının vacibliyini vurgulayıb. Sonda tədbir iştirakçıları Alman Azərbaycan Mədəniyyət Evində Çay süfrəsi ətrafında söhbətlərini davam etdiriblər.

Ukraynada isə 31 mart-Azərbaycanlıların Soyqırım tarixi fərqli bir tərzdə anılıb. Belə ki, Ukraynanın "Antifaşist" mətbuat portalında "Ãåíîöèä àçåðáàéäæàíñêîãî íàðîäà: èñòîðè÷åñêàÿ ïðàâäà" başlıqlı məqaləsi rus dilində nəşr edilib. Azərbaycan xalqına qarşı törədilmiş 31 mart soyqırımı ilə bağlı məqaləni Ukrayna Milli Aviasiya Universiteti Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq hüquq kafedrasının professoru Arif Quliyev qələmə alıb.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 2 aprel.-S.15.