“Diaspora prosesi hər
zaman hərəkətdədir”
Bu günlərdə Alman-Azərbaycan Forumunun nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Səfər çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsində görüş keçirən nümayəndə heyəti görüşdə iki ölkə arasında münasibətlərin perspektivləri, Almaniyada Azərbaycan həqiqətlərinin yayılması, Almaniyadakı Azərbaycan diasporunun fəaliyyətinin inkişaf etdirilməsi və digər məsələləri müzakirə edib. Bəs görəsən bu kimi səfərlər istər Azərbaycan həqiqətlərinin Almaniyada yayılması, istərsə də diasporumuzun bu ölkədəki fəaliyyətinin daha da gücləndirilməsi üçün nə dərəcədə əhəmiyyətlidir. Bu və ya digər məsələlərlə bağlı Avropa Azərbaycanlıları Konqresinin prezidenti, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin rəhbəri Samira Patzer-İsmailova ilə söhbətləşdik
-Samira xanım, bu günlərdə Almaniya-Azərbaycan Forumunun nümayəndə heyəti Azərbaycanda səfərdə olaraq bir sıra görüşlər keçirdi. Almaniyada fəaliyyət göstərən diaspor təşkilatının rəhbəri olaraq bu səfəri necə qiymətləndirirsiniz? Sözügedən səfər Almaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları üçün hansı yeni imkanlar açır?
-Bu
günlərdə Alman-Azərbaycan Forumunun
nümayəndə heyəti Azərbaycanda səfərdə oldu. Məlumat üçün
deyim ki, həmin
nümayəndə heyətinə tərkibinə Alman ictimaiyyətinin həm siyasi,
həm də iqtisadi qurumlarının elitar üzvləri daxil idi. Heç şübhəsiz
ki, keçirilən bu
cür ikitərəfli görüşlər
Almaniyada fəaliyyət göstərən
Azərbaycan diasporu üçün
çox böyük əhəmiyyətə
malikdir. Yəni, almanlar
Azərbaycanı nə qədər yaxından və nə qədər
obyektiv tanısalar Azərbaycan diasporunun Almaniyada ölkəmizin
həqiqətlərini daha çox
yayılmasına bir o
qədər xeyirli olar.
Eyni zamanda bu istiqamətdə effektli
nəticələr əldə edilə bilər. Bu nöqteyi nəzərdən
bizim də diaspor təşkilatları
olaraq Almaniyada göstərdiyimiz
fəaliyyət ona hesablanıb ki, alman ictimaiyyəti, siyasi dairələrinə Azərbaycan
haqqında məlumat verək. Eyni zamanda ölkəmizin müasir
dövrdəki inkişafı, əldə etdiyi
nailiyyətlər, Dağlıq Qarabağ
problemi, Ermənistanın təcavüzkar
siyasəti, Xocalı soyqırımı kimi
hadisələr barədə almanları geniş
şəkildə məlumatlandıraq. Bütün
bunlarla yanaşı Azərbaycan mədəniyyətini
Almaniyada tanıtmaqla zəngin tarixi-mədəni
irsimizi təbliğ edək.
-Yaxın vaxtlarda qht-lər, KİV-lər və diaspor nümayəndələrinin Almaniyaya oxşar səfəri baş tuta bilərmi? Ümumiyyətlə, təşkilat olaraq belə bir təşəbbüslə çıxış etməyi düşünürsünüzmü?
-Əlbəttə ki, belə səfərlər təşkil etmək
olar. Məlumat üçün
deyim ki, Almaniyaya səfər etmiş
bir neçə qeyri-hökumət təşkilatını
qəbul etmişik. Xüsusilə,
Xocalı soyqırımının tanıdılması istiqamətində
çalışan qeyri-hökumət təşkilatlarının
Almaniyada silsilə tədbirləri keçirilib. Həmin tədbirlərdə təşkilat
olaraq biz də iştirak etmişik və
onlara z dəstəyimizi
nümayiş etdirmişik.
Bundan başqa
Dağlıq Qarabağın Azərbaycan İcması İctimai Birliyinin
nümayəndələri tez-tez Almaniyada keçirilən tədbirlərə
təşrif buyururlar. Təbii ki, bu kimi
görüşlər və səfərləri gələcəkdə
də davam etdirmək olar.
-Hazırda Almaniyada Azərbaycan diasporunun vəziyyətini necə dəyərləndirirsiniz?
-Diaspor
fəaliyyəti heç vaxt
bitib tükənməyən, uzun sürən bir prosesdir. Ona görə də
bu sahənin yalnız hansısa mərhələlərini
dəyərləndirmək olar. Ümumiyyətlə,
diaspora prosesi hər zaman hərəkətdədir. Azərbaycan diasporu çox gəncdir.
Ancaq onu da qeyd etmək
lazımdır ki, gənc olmasına baxmayaraq diasporumuz son 10-12 ildə özünü
böyük işlər görməklə
təqdim edə bilib. Təkcə
Almaniyanın özündə 50-yə qədər diaspor təşkilatı, müxtəlif cəmiyyət
və birliklər fəaliyyət göstərir. Müsbət
hal ondan ibarətdir ki, həmin təşkilatlar yalnız paytaxt Berlin və ona yaxın digər iri
şəhərləri əhatə etmir. Eyni zamanda Almaniyanın
müxtəlif əyalətlərində də Azərbaycan cəmiyyət
və təşkilatları fəaliyyət göstərir. Sevindirici haldır ki, bu kimi cəmiyyət və
təşkilatların yaranması halı getdikcə artır.
Artıq Almaniyada təhsil alan
və yaşayan gənclərimiz də xeyli fəallaşıb. Onu
da qeyd edim
ki, soydaşlarımız fərdi şəkildə
də Azərbaycanla bağlı tədbirlər keçirirlər.
Yaxud Azərbaycanla bağlı bu və ya digər məsələdə
fəallıq göstərirlər. Bütün
bunları nəzərə alaraq deyə
bilərəm ki, diasporumuzun
inkişafı çox müsbət və
yüksələn templə davam edir. Heç şübhəsiz
ki, diasporumuzun belə
bir inkişafa nail olması da Azərbaycan
dövləti və onun prezidenti
cənab İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və
qayğı ilə əlaqədardır.
-Bəs Almaniyada fəaliyyət göstərən diaspor təşkilatlarımız vahid mövqedən çıxış edib, birlik və həmrəylik nümayiş etdirə bilirlərmi?
-Mən deyərdim ki, bu proses
də özünü ildən ilə daha mütəşəkkil surətdə
büruzə verir. Elə Almaniyadakı Azərbaycanlıların
Koordinasiya Mərkəzinin 6 il bundan əvvəl
yaradılmasının da başlıca məqsədi
bu idi. Məhz bizim Koordinasiya Mərkəzi
vasitəsilə Almaniyadakı Azərbaycan təşkilat və
cəmiyyətləri bir-birini yaxından
tanıyır, qarşılıqlı əlaqlər
yaradırlar. Eyni zamanda
onlar nəzərdə tutduqları tədbirləri
birgə koordinasiya etməyə nail olurlar. Xüsusilə,
Xocalı soyqırımının ildönümünə həsr
olunmuş tədbirlər, eləcə də
digər ağrılı problemlərimizin
ildönümündə hamımız birlikdə, əlaqələndirilmiş
surətdə tədbirlər keçiririk.
Təkcə bu il
Almaniyanın 10-dan artıq vilayət və şəhərində
Azərbaycan təşkilat və cəmiyyətlərinin 30-a
yaxın birgə tədbiri keçirilib.
Türkiyə-Azərbaycan Birliyi, Atatürk Düşüncə Mərkəzi
və Almaniyadakı Azərbaycanlıların Koordinasiya
Mərkəzi hər il Almaniyada
Xocalı soyqırımına həsr olunmuş
konfranslar təşkil edir.
Həmin konfranslar Almaniyanın müxtəlif
vilayət və şəhərlərində keçirilir.
Bununla qeyd etmək istəyirəm
ki, biz yalnız Azərbaycan
diaspor təşkilatları ilə deyil, eyni zamanda
Türk diasporu ilə
əlaqələndirmə işini apararaq çoxsaylı tədbirlər həyata
keçiririk. Bu da heç şübhəsiz
ki, öz-özlüyündə
yaxşı bir formada
təşkilatlanmanın göstəricisidir.
-Yaxın vaxtlarda istər Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi, istərsə də Avropa Azərbaycanlıları Konqresi Almaniyada Azərbaycanla bağlı hansı tədbirlər keçirməyi nəzərdə tutub?
-Əlbəttə ki, Almaniyada Azərbaycanla əlaqədar müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. Ümumiyyətlə, biz təşkilat olaraq Azərbaycanın təqvimində yer alan bütün əlamətdar hadisələr, eləcə də hüznlü günlərimizi qeyd edirik. Azərbaycanda qeyd olunan bayramlar və matəm günləri də bizim üçün dəyərlidir və həmin tarixlərdə baş verənləri Avropa ictimaiyyətinə təqdim edirik. Avropa Azərbaycanlıları Konqresi də ona rəhbərlik etdiyim son iki il ərzində hər zaman təqvim üzrə bayram günləri və acı tarixləri qeyd edib. Avropa Azərbaycanlıları Konqresi əsasən də akademik istiqamətdə işləyib. Bir qədər də dəqiqləşdirsək, çoxlu sayda bəyanatlar, etiraz məktubları, qətnamələr və müraciətləri Almaniya Bundestaqı, ictimai-siyasi təşkilatlar, insane hüquqları ilə məşğul olan qurumlara göndərib. O ki, qaldı yaxın vaxtlarda keçirilən və ya nəzərdə tutulan tədbirlərə, 31 mart-Azərbaycanlıların Soyqırım Günü bir sıra ölkələrdə olduğu kimi Almaniyada da qeyd edilib. Həmin tədbir zamanı iştirakçılar soyqırım haqqında məlumatlandırılıb, Avropa Parlamentinə soyqırım barədə bəyanat ünvanlanıb. Həmin bəyanatda bir növ Xocalıda ermənilərin törətdiyi vəhşiliklərə də işarə edilib. Qeyd olunub ki, yaxın tariximizdə də soyqırım siyasəti erməni millətçiləri tərəfindən davam etdirilib və 1992-ci ilin fevral ayının 26-da ermənilər Xocalıda azərbaycanlılara qarşı insanlığa zidd olan əməllərdən istifadə ediblər. Onu da qeyd edim ki, 31 mart-Azərbaycanlıların Soyqırım Günü ilə bağlı Almaniyanın paytaxtı Berlindəki Brandenburq qapıları qarşısında etiraz aksiyası da keçirilib. May ayında isə əvvəlki illərdə olduğu kimi Şuşa şəhərinin ermənilər tərəfindən işğal edilməsinin ildönümü qeyd olunacaq və bununla bağlı anım mərasimi keçiriləcək. Eyni zamanda ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü qeyd olunacaq. Məlumat üçün qeyd edim ki, həm Avropa Azərbaycanlıları Konqresi, həm də Almaniyadakı Azərbaycanlıların Koordinasiysa Mərkəzi hər il ümummilli liderin ad gününü Almaniyada geniş şəkildə qeyd edir. 28 may-Respublika Gününə həsr olunmuş tədbirlərimiz də nəzərdə tutulur. Ümumiyyətlə, istər Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi, istərsə də AAK hər ay demək olar ki, bir tədbir keçirir. Bir məqama da diqqət yetirmək istərdim. Həm Avropa Azərbaycanlıları Konqresi, həm də Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi olaraq təşkil etdiyimiz bütün tədbirlərə dəstək alırıq. Həm Diasporla İş üzrə Dövlət Komitəsi, həm də Azərbaycanın Almaniyadakı fövqəladə və səfirliyi hər zaman bizə diqqət və qayğı ilə yanaşıb, öz dəstəklərini veriblər. Göstərdikləri dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsi və Almaniyadakı səfirliyimizə təşəkkür edirəm.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.-
2014.- 3 aprel.- S.15.