“26 Bakı
komissarları” barədə tarixi həqiqət
Yaxud 3 məzarsız komissar kimdir?
1989-cu
ildə Azərbaycan Tarix Muzeyinin keçmiş direktoru akademik
Püstəxanım Əzizbəyova dövlət nümayəndə
heyətinin tərkibində Hindistanda səfərdə
olmuşdu. O Vətənə döndükdən sonra Azərbaycan
Televiziyasında sensasiyalı çıxışı ilə
dinləyiciləri həyəcana gətirdi. Akademikin
özü də həyəcanla danışırdı.
P.Əzizbəyova Dehlidə Dövlət Muzeyində “26
Bakı komissarları”nın başçısı erməni
Stepan Şaumyanın son illərin nəşri olan irihəcmli
kitabının saxlandığına şahidlik edirdi.
Püstəxanım
Əzizbəyovanın şahidliyi məni bu yöndə
axtarışlara vadar etdi. Bakının mərkəzi hissəsində
yerləşən “26-lar”in dəfn edildiyi bağda son aylarda
yenidənqurma işləri aparılarkən ümumi məzarlıqda
mütəxəssislərin apardıqları
araşdırmalar vaxtilə məqsədli şəkildə
üstü örtülmüş tarixçə ilə
bağlı yeni fikirlərin meydana çıxmasına səbəb
oldu.Məhz buna görə də Püstəxanım Əzizbəyovanın
şahidliyinə əsaslanaraq, daşnaq-bolşevik lideri erməni
Stepan Şaumyanın “müəmmalı şəkildə”
aradan çıxarılması barədə çoxillik
axtarışların yekununu “Xalq qəzeti”nin oxucularına təqdim
edirəm.
“26-lar”ın güllələnməsi barədə
o illərdə Cənubi Qafqazda çıxan
“İskra”,"Znamya Truda","Narodnı Znamen" və
başqa qəzetlərdə yazılar verilmişdi. Lakin
yazıların heç birində Mərkəzikaspi
Diktaturasının Aşqabad türməsində
saxladığı 26 komissarın və onlarla birlikdə həbs
etdiyi başqa bolşevik liderlərinin taleyi barədə
doğru-düzgün məlumat verilmirdi. Məqalələr
Krasnovodskdan gələn və ağızdan-ağıza gəzən
xəbərlər əsasında tərtib edilirdi.Dövri mətbuatda
bir-birini tutmayan, rəngarəng məlumatlar həqiqəti
olduğu kimi verə bilmədi. Çünki o
yazıların bir qismində komissarların “izsiz yox
olmalarından”, bəzisində onların “güllələnmələrindən”,
digərlərində bolşevik liderlərinin “Hindistan”a
aparılmaları ətrafında söz-söhbətdən
başqa heç bir rəsmi sənədə söykənilmirdi.
Lakin məsul şəxs olaraq eser Vadim
Çaykin apardığı geniş araşdırmalardan,
qanlı hadisəni törədən bəzi şəxslərdən
aldığı ifadələrdən sonra “İskra” və
“Znamya truda” qəzetlərində 12 mart tarixli sayında
çap etdirdiyi “26 Bakı Komissarlarının edamı”
adlı məqaləsində Bakı fəhləsinin liderlərinin
ingilislər tərəfindən Ağcaqum çöllərində
güllələndikləri nəticəsinə gəlirdi.V.Çaykin
bu tarixi cinayətin səbəbkarları olaraq yerli
satqınlarla yanaşı, Böyük Britaniya hökumətinin
Şərqdə işğalçı siyasətini həyata
keçirən hərbi missiyanın
başçılarından Aşqabadda oturan kapitan Tiq Consu və
onun Məşhəddəki hamisi general Mallesonu təqsirli
bilirdi. Bununla əlaqədar “Azərbaycan” qəzetində
çap edilmiş Böyük Britaniya Baş Qərargahının
bəyanatında deyilirdi ki, Tiq Consu “26-lar”ı güllələməkdə
ittiham edən V.Çaykinin “bəyanatı başdan-başa
yalandır və burada başlıca məqsəd ingilisləri
ictimaiyyətin hədəfinə çevirməkdir”. “Kapitan
Cons komissarları Hindistana göndərməyi təklif etdi və
bunun cavabında Aşqabad (icraiyyə) komitəsinin üzvlərindən
biri cavab verdi ki, o öz sərəncamını verə bilər...
Bundan iki gün sonra Tiq Consa məlum oldu ki, komissarlarla
bağlı tədbirlər görülüb, özü də
bu zaman onların qətlinə işarə edilirdi. Bu
barədə kapitan Tiq Cons dərhal general Mallesonu xəbərdar
etdi. Bir müddət keçdikdən sonra Aşqabad komitəsinin
həmin üzvü kapitan Tiq Consun yanına həyəcanlı
vəziyyətdə gələrək bildirdi ki, Şaumyanın
qohumları onun harada olduğu barədə soruşurlar və
Tiq Consdan komissarların Hindistana göndərilməsi xəbərinin
dəqiq olmasını təsdiq etməsini xahiş etmişlər.
Tiq Cons bundan narazılıqla imtina etdi. Kapitan Tiq Consun komissarların qətlinə
bütün aidiyyatı bununla da bitir”.
Bu bəyanat təbii suallar doğurur: “Şaumyanın
qohumlarının xahişi” barədə səsləndirilən
fikir daşnaq-bolşevik lideri S.Şaumyanın
ömrünün sonunadək Hindistanda yaşadığı
barədə zaman-zaman ictimaiyyət arasında dolaşan fikirlərə,
o cümlədən, “güllələnmiş” komissarın
son illərdə yazdığı kitabın Hindistan muzeyində
saxlandığına şahidlik edən Püstəxanım
Əzizbəyovaya haqq qazandırmırmı? Komissarların
26 nəfəri o vaxt güllələnmişdimi?
Əlimizdə olan teleqram mətnlərində,
rəsmi sənəd olaraq, bu suallara aydın cavab verilir.
Teleqram P.¹M.D 00538, vaxtı 18/
alınıb 19 sentyabr 1918-ci il/.General Mallesondan, Məşhəd
— Baş Qərargahın rəisinə. Simla.
1. Sentyabrın 17-də Battin Krasnovodskdan teleqraf vasitəsilə
bildirib ki, Bakıdan bura gələnlər arasında onlar
bolşevik rəhbərləri Petrov, Şaumyan, Avakyan,
Caparidze, Karqanovu həbs etmişlər. Bu zaman
sursatla bərabər iki pulemyot və silah müsadirə edilib.
2. Aşqabad hökumətinə yuxarıda
adı çəkilən liderlərin Hindistana göndərilməsi
ilə əlaqədar onların mənə verilməsi ilə
bağlı sorğu göndəririk, çünki indiki
vaxtda onların Zakaspidə olmaları olduqca təhlükəlidir".
Söhbət 18—19 sentyabr 1918-ci ilə aid olan bu teleqramda
göstərilən liderlərin Hindistana — ingilis müstəmləkəçilərinin
Şərqdəki baş qərargahına
aparılmalarından gedir.Məsələ belə olduğu
halda adı gedən komissarların ingilis qərargahının
göstərişi ilə aradan bir neçə saat keçəndən
sonra, yəni 20-nə keçən gecə xüsusi qatarda
Aşqabaddan 207 kilometr aralıda tarixi ad almış yerə —
“Ağcaqum çölləri”nə gətirilərək orada
başqa komissarlarla bir yerdə “güllələnmələri”
heç cür ağıla sığası deyildir. Çünki teleqramda bu liderlərin təcili
güllələnmələri deyil, onların Zakaspi
Diktaturasında saxlanılmalarının fövqəladə təhlükəli
olduğu qeyd edilirdi.
Törədilən qanlı cinayətdən 3 gün
sonra Hindistana Məşhəddən vurulan teleqram “güllələnmənin”
üstündən 90 il (1918-2009) keçəndən sonra
tarixi həqiqətə aydınlıq gətirir. Təəssüf ki, teleqramın nəşr mətnində
son fikirlər buraxılmışdı.
“Teleqram P.N M.D. 00581 23 sentyabr 1918-ci il.
General Malleson. Məşhəd — Baş Qərargahının
rəisinə. Simla. Məxfi.
Sizin 1 75457 M.O.İ. 21 sentyabr tarixli sorğunuzda məruzə
edilir ki, 26 keçmiş Bakı bolşevik rəhbəri
güllələnib, beş və ya
altı nəfər az nüfuzlu şəxslərə rəhm
edilib”.
Əvvəla, bu
“bağışlanmış” adamlar kimlərdirlər və
onların hansı səbəbdən, nəyin bahasına qəddar
ingilis müstəmləkəçilərinin qanlı
caynağından xilas olmaları sənəddən bəlli
olmur. Bəlli olan budur ki, ingilis imperializminə qəti
düşmən olmuş bolşevik liderlərinə
“çox əhəmiyyətli”,"az əhəmiyyətli"
bölgüsü ilə yanaşılacağına
ağılı başında olan kimsə inanmaz. İkincisi, teleqramda “beş-altı az əhəmiyyətli
adamın bağışlanması” qeyd olunur ki, bu da birinci sənəddə
adları çəkilən liderlərin sayına tam uyğun
gəlir.
“Teleqram P. ¹ M.D. 00595 24 sentyabr 1918-ci il .
General Malleson, Məşhəd — Baş Qərargahın
rəisinə. Simla.
Xətti azad edin: Sizin 24 sentyabr ¹ 76488 — M.O.Z.
sorğunuzda...
Məlumatlara görə sadaladığımız
şəxslər artıq edam ediliblər
(bax. Mənim 13 sentyabr M.D. 00581 teleqramım).
Üç bolşevik burada həbsdədirlər,
lakin onların elə bir əhəmiyyəti yoxdur. Şübhəsiz ki, mən digərlərini
Aşqabad hökumətindən ala bilərəm, lakin mənə
zəmanət verdilər ki, doğrudan da, əsil nüfuza
malik olanların hamısı öldürülüb".
Göründüyü kimi,
üçüncü sənəd aydınlaşan məsələnin
üstünə yenidən qara örtük salır, fikrin kələfini
dolaşdırır və bizi sual qarşısında qoyur.
Düşünürük, əvvəla, görəsən
bağışlanmış “beş,ya altı nəfər az əhəmiyyətli”
bolşevik bircə gün sonra, bəlkə də, bir
neçə saat keçməmiş hansı səbəbdən
təkrarən “bağışlanma mərasimində”
saf-çürük edilir; ikincisi, kimlər yenidən
“bağışlanırlar” və “nə üçün
bağışlanırlar”- bəlli olmur.
Lakin həmin illərdə kələfi məharətlə
düyünə salanların ustadı olmuş Anastas Mikoyan
istəməsə də özü bunu açır.Bu
baxımdan onun “Bakinski raboçi” qəzetində yerləşdirilmiş
məqaləsi (26-ların matəm gününə həsr
edilmiş “Qanlı ildönümü münasibətilə”
adlı məqalə) maraqlıdır. Guya o, ingilislərin və
Mərkəzikaspi Diktaturasının Aşqabadda yaratdıqları
həbsxananın ölüm kameralarına yerləşdirilmiş
“26 Baki komissarları”ndan olan 16 nəfərlə bir yerdə
olmuşdu.Lakin o illərdə “26-lar”la əlaqədar
aparılan istintaq materiallarında A.Mikoyanın Aşqabad həbsxanasında
olması barədə heç bir qeyd yoxdur.
Hadisə ətrafında toplanmış rəsmi sənədlər
təsdiq edir ki, A.Mikoyanın özü bolşevizmin
amansız düşmənləri olan ingilislərin və Mərkəzikaspi
Diktaturasının Bayıl həbsxanasına atdıqları
“26-ları” həmin qurumların verdikləri rəsmi sənəd
əsasında həbsxanadan cıxararaq, silah altında Həştərxana
gedəcək “Sevan” gəmisinə deyil, düşmənlərin
hazırladıqları “ölüm konveyerinə”— Krasnovodska
yol alacaq “Türkmənistan” gəmisinə mindirmişdi. Bəs bu külli- ixtiyar ona haradandı? Məkrli,
hiyləgər siyasətlə Kremlin “rəşadətli
bolşeviklər” siyahısında yer almış
A.Mikoyanın siyasi simasızlığını meydana qoyan rəsmi
sənədlərlə,"26-lar"ı
qətlə yetirən 41 nəfər məhkumun məhkəmə
prosesində verilən ifadələrlə, özünün
müstəntiqə şəxsən verdiyi izahatla
tanış olduqda bu sualın cavabı aşkarlanır. O, Mərkəzikaspi
Diktaturasının məsul işçilərindən,mauzerist canilərinindən olmuşdu.
Bütün bu təkzibedilməz gerçəkliklə
S.Şaumyanın və onun başqa iki
soydaşının,habelə özünün tarixi
satqınlığını gizlətmək üçün
A.Mikoyanın süni şəkildə
düzüb-qoşduğu “həbsxana tərcümeyi-halı”
“faktı” antifakta çevrilir.
Məqalədən parçalar:
“Üç gün idi ki,biz bu zindana
düşmüşdük. Şaumyan, Çaparidze, Fioletov və
başqa yoldaşlar bizim kamerada idilər–cəmi on altı adam var idi. ...Sentyabrın 20-sinə keçən
gecə idi.Kamerada olan bütün məhbusları üç
qrupa böldülər.Birinci iki qrupu sıralarımızdan
qopararaq kameradan çıxardılar.”
Aparılan iki qrupa daxil edilənlər,
Mikoyanla üçüncü qrupa ayrılanlar kimlər idilər
bəlli olmur. Bəs Mikoyanın şahidlik etdiyi
üç qrupa ayrılmış on altı nəfərdən
başqa yerdə qalan bolşeviklər harada saxlanılırdılar
? O,bu barədə də məlumat
vermir. Aparılanların taleyi də qaranlıq
qalır.
Məqalədə oxuyuruq:
“Əzablı günlər və həftələr
ötüb keçir,bir xəbər gəlmir.”
Buradan belə çıxır ki, 20 sentyabr tarixindən,
başqa sözlə, “Ağcaqum”da baş vermiş qanlı
hadisə günündən “həftələr ötüb
keçsə” də, Mikoyanın məqsədli olaraq
adlarını çəkmədiyi onunla
üçüncü qrupa ayrılmış bolşeviklər
hələ də həbsdə imişlər. Şahidin “ifadəsindən”
təbii sual doğur: hansı məqsədlə Zakaspi
Diktaturası və ingilis müstəmləkəçiləri
qatı düşmənləri olaraq həbs etdikləri
bolşeviklərin hamısını bir yerdə məhv etməmiş,
onları “üçüncü növə”
ayırmış və sonuncuları tarixə
yazdıqları qanlı gündən “həftələr
ötüb keçsə də” mühafizə altında
saxlamışlar?! Şərti qəbul edək
ki, həmin “məhbus”lardan biri Mikoyan olmuşdu. Bəs o biri məhbuslar kimlər idilər? Onlar da güllələnmişlərmi? Əgər güllələnmişlərsə, bəs
o zaman “Kremlin rəşadətli bolşeviki” Mikoyanı
hansı “möcüzə” xilas etmişdi. Məqalədə bu məsələ də
aydınlaşmamış qalır.
Mikoyan 26 Bakı komissarlarının, guya,
onunla eyni kamerada yerləşdirilmiş on altı nəfərini
birinci və ikinci qrupa ayırır, lakin onların ümumi
sayı barədə məlumat vermir. O, yazır:
...Onların harada olduqlarını,hara
aparıldıqlarını bilə bilmirik. Bəziləri
deyirlər ki, onlar Aşqabaddadırlar, başqaları deyirlər
ki, İrandadırlar...”
A.Mikoyanın şahidliyi S.Şaumyanın sirli
“ölümünün” Kreml tərəfindən 90 il xalqdan gizlədildiyini aşkara qoymuş olur.
Lakin o,"Alyoşa","Vaneçka"
uydurması ilə, başqa millətdən olan komissarların
adlarını çəkməklə həm
özünün, həm də S.Şaumyanla yanaşı iki
soydaşının tarixi xəyanətlərinin
üstünü ört-basdır etməyə
çalışır.
Yalançı “şahid” uydurmalarına davam edərək
yazır: “Yaxın dostlarımızın harada olduğunu
bilmirik...şübhə qəlbimizə girir, onu
parçalayır. Stepanın, Alyoşanın,
Vaneçkanın daha sağ olmadıqlarını
düşünmək ağırdır... Birdən
birisi bayırdan qəflətən bizə, həbsxanaya qorxunc
bir həqiqəti gətirib xəbər verir, eser cəlladların
misli görünməmiş cinayətinin dəhşətli mənzərəsini
mənə təsvir edir. Bu adam
Krasnovodskda dəmir yolu fəhləsiydi, gərək ki, bələdçi
idi. Nə biz onu tanıyırıq, nə də o bizi... Həmin gecə o, vağzalda imiş. O, burada
qiyafələrini dəyişmiş,başlarına
ağ çalma geymiş silahlı, şübhəli adamlar
görür. Vaqonlarda kürəklər var
imiş. O, pis və dəhşətli bir iş
hazırlandığını duyaraq, bu qanlı divanın
şahidi olmaq qərarına gəlir." A.Mikoyanın təsvir
etdiyi ətraf şəraiti, kənar adam
üçün olduqca təhlükəli vəziyyəti
gözünüz qarşısında canlandırın.
Mikoyanın “şahidinin” keçirdiyi qorxulu psixoloji vəziyyəti
yaşayın və belə bir suala cavab verin: “başlarına
ağ çalma geymiş silahlı adamlar” və “vaqonlarda
kürəklər” görməklə siz “pis və dəhşətli
bir iş hazırlandığını duya” bilərdinizmi? Haradan bilərdiniz ki, “ağ çalma geymiş” bu
adamlar məhz “qanlı divan” tutmağa hazırlaşırlar?
Bunu bilmək üçün “vaqonda kürəkləri”
görmək lazım idimi? Bəlkə, həmin
adamlar qumlu səhrada kürəklə arx çəkməyə,
su gətirməyə və ya kürəklə görülə
biləcək başqa bir işin dalıyca gedirmişlər?
Bəs siz bilərdinizmi ki, o “başlarına
ağ çalma geymiş silahlı adamlar” hökmən “qiyafələrini
dəyişmişlər?” Əgər siz Mikoyanın
uydurduğu “şahid ifadəsinə” inanmış olsanız,
o zaman gərək həmin adamların əvvəlki keyim
forması barədə də məlumatınız ola.
Mikoyanın heç bir siyasi məqsəd
güdməyən şahidinin (“yalançının
şahidi yanında olar” — deyiblər) marağı nə qədər
dəlilik dərəcəsinə çatır ki, o, şirin
canını fəlakətə atır.
Yuxarıdakı cümlənin davamında oxuyuruq: “Kimsənin
gözünə görünmədən vaqonların
arasına girib buferlərin üstündə əyləşir.O,öz
gözləri ilə görür ki,qatarı uzaq bir səhrada
dayandırdılar, kommunizm uğrunda çarpışan
“mübarizləri” dəstə-dəstə vaqonlardan
çıxartdılar,dəmir yol xətti
yaxınlığında onlara vəhşicəsinə divan
tutdular.”
Bu “gözə görünməmək”
hara,"vaqonlarda kürəkləri görmək" hara?! 1.Əgər “gözə görünməmək”
lazım idisə, deməli vaqonlar ciddi silahlı nəzarətdə
idi, o ətrafa yaxınlaşmaq da olduqca təhlükəli
idi. 2. Əgər,hətta “vaqonlarda
kürəkləri görmək” təsadüfi adam
üçün adi məsələ imişsə, deməli,
vaqonlar nəzarətsiz imişlər və “gözə
görünməmək” də kimsəyə lazım
deyilmiş. Əcəb erməni nağılıdır! Mikoyanın nağılından belə
çıxır ki, güllələnməyə gətirilmiş
bolşeviklər bir vaqona deyil, bir neçə vaqona yerləşməsi
mümkün olan sayda olmuş, onları da guya “dəstə-dəstə”
vaqonlardan çıxartmışlar. Bəs
elə isə nə üçün daşnaq-bolşevik
lideri S.Şaumyan başda olmaqla “dostluq və qardaşlıq”
qurbanlarının kitablarda sayca 26 nəfərdən ibarət
olduğu yazılırdı? Bu məsələnin
bir tərəfi. Digər tərəfinə
gəldikdə Zakaspi Diktaturasının
“üçüncü qrup”a Mikoyanla birlikdə “seçdiyi” məhbuslar
kimlərdir və onların son aqibətləri necə
olmuşdu?
SSRİ xalqlarından Kremlin gizlin
saxladığı tarixi həqiqət insanlara 90 ildən sonra
məlum oldu. “26 Bakı Komissarları”nın
ümumi məzarı başqa əraziyə
köçürülərkən tarixi sirr meydana
çıxdı: “26-lar”dan 3 komissar məzarsızdı! Bu
faktı yuxarıda mətnini verdiyimiz rəsmi sənəd də
təsdiq edir: “24 sentyabr. Məlumatlara görə, adı
çəkilən şəxslər artıq edam
ediliblər. Bolşeviklərdən
üçü burada həbsdədirlər”. A.Mikoyan Mərkəzikaspi
hökuməti tərəfindən həbs edilmiş
“26-lar”ı Bakıdan çıxarmaq üçün kim tərəfindən səlahiyyətli şəxs
edilmişdi? “26-lar” barədə geniş istintaq
araşdırmaları aparmaq səlahiyyəti olmuş eser
Vadim Çaykinin “26 Bakı Komissarlarının e’damı”
kitabında verilmiş məlumatlar “Böyük Armeniya” naminə
erməni liderlərinin bütün tarixi çağlarda
siyasi fahişə olduqlarını meydana qoyan çox qiymətli
tarixi faktlardır. Diqqət yetirək.
Lev Dalinin verdiyi yazılı ifadə “26-lar”ın faciəli
taleyinə səbəb olmuş Anastas Mikoyanın Qafqazda
inqilab alvovunu söndürmək uğrunda vuruşan ingilis
müstəmləkəçiləri və Mərkəzikaspi
Diktaturası ilə iş birliyində olduğunu ifşa edən
rəsmi sənəddir. Dalinin öz əli ilə
yazdığı ifadə bundan ibarətdir: “1. Yoldaş
V.A.Çaykinə: Sizin tərəfinizdən 26 bolşevik
komissarının (Bakıdan) qətli ilə bağlı
iş üzrə məhkəmə-istintaq komissiyasının
təşkili barədə məsələ
qaldırıldığına görə, Bakı şəhəri
fövqəladə istintaq komissiyasının sədrinə,
Lev Dalin, bu məsələnin tam mənzərəsi
yaranması üçün aşağıdakı məlumatları
nəzərinizə çatdırmağı öz borcum hesab
edirəm: Bakı Sentrokaspi diktaturasının sərəncamına
əsasən keçən ilin 16-18 avqustunda komissarlar və
bir sıra bolşevik rəhbərləri ələ
keçirilmiş gəmilərdən çıxarılaraq 1
nömrəli mərkəzi, 2 nömrəli Bayıl həbsxanalarına
gətirilmişdilər. Avqustun 25-də
bolşeviklərin hamısı Bayıl həbsxanasında
idilər. 2. Bolşeviklərin işi üzrə
istintaqı fövqəladə komissiyanın müstəntiqi,
hələ bolşeviklər tərəfindən dəvət
edilmiş vətəndaş Çukov aparırdı.
3. Sentyabrın 14-də saat 10-11 radələrində
bolşevik Mikoyan Sentrokaspi Diktaturası və İcraiyyə
Komitəsindən mənim ünvanıma A.Velunun və katib
A.Ter-Karapetyanın imzası ilə bütün həbsdə
olan bolşeviklərin “Sevan” gəmisinə yerləşdirilməsi
barədə sərəncam gətirdi. Gəminin
komandiri haraya getmək barədə sərəncamı sonra
biləcəkdi. Burada həmçinin
dayandığı yer göstərilmişdi.
5. Yoldaş Mikoyanın imzasına əsasən
həbsxananın siyasi korpusunda bütün saxlanılanların
buraxılması barədə icazəni imzalayaraq mən ona
Bakı komissarlarının gəmiyə mindirilməsi
zamanı müşayiət və qorunma üçün 12 nəfərdən
ibarət 1-ci bölməni özü ilə götürməyi
təklif etdim.
Petrovskdə, komissarları müşayiət edən
bölmə rəisinin mənə etdiyi məruzədən
müəyyənləşdirdim ki,
a) onlar göstərilən yerə gəldikləri
vaxt “Sevan” paraxodu orada olmamışdır;
b) bunun yaxınlığında olan
yerdə onlar “Türkmən” və ya “Torkan” (dəqiq
yadımda deyil) gəmisinə minərək dənizə
çıxdılar;
v) onlarla eyni vaxtda partizan T.Əmirov
öz dəstəsinin bir hissəsi ilə həbsxanaya
yaxınlaşdı (gəmidə olan Əmirovlardan biri);
q) yol boyu mübarizə
başladı: bir tərəfdən Həştərxana tərəf
yönəlmək təklifi edən Əmirovun təhdidləri
və rüşvət təklifləri, digər tərəfdən
isə gəmi komandirinin yanacaq qıtlığı səbəbindən
Həştərxana getməmək bəyanatları —
özü də komandir iki istiqamət göstərdi — Petrovsk
və ya Krasnovodsk; nəhayət Krasnovodska getmək qərara
alındı, belə ki, Biçeraxov Petrovskda idi;
d) Krasnovodska çatan kimi onların hamısı İcraiyyə
Komitəsi tərəfindən saxlanıldı.
Vicdan və namus borcu qarşısında
bütün dediklərimi təsdiq edirəm. L.Dalin
Tiflis şəhəri, 4 iyun, 1919-cu il.
Vadim Çaykin A.Mikoyanın tarixi
satqınlığını Mərkəzikaspi dövlətinin
əsas simalarından olan Abram Veluntsla əlaqədar
araşdırmalarına və L.Dalinin yuxarıda verdiyimiz rəsmi
ifadəsinə yekun olaraq aşağıdakı nəticə
ilə təsdiq edir. Bu nəticəyə
yuxarıda adı çəkilən Abram Veluntsun şəxsi
ifadəsi əsasında gəlinib. Onun
dediyi Mikoyan tərəfindən azad edilən və onunla birgə
Bakıdan gedən komissarla bağlı faktla ümumilikdə
tam üst-üstə düşür. Yuxarıda
nümunə gətirdiyimiz rəsmi sənədlər və
A.Mikoyanın “canlı şahidliyi” əsas verir söyləyək
ki, Mərkəzikaspi Diktaturası Bayıl həbsxanasına
atdığı komissarların və başqa bolşevik
liderlərinin Bakıdan çıxarılması
üçün ona elə-belə,səbəbsiz icazə verməmişdir.
Hadisələrin sonu göstərir ki,ingilis
müstəmləkəçilərinin əlaltısı
olmuş yerli satqın diktaturanın məhbusları
çaşbaş salmaq üçün əvvəlcə səsləndirdikləri
“Sevan” gəmisində deyil,"Türkmən" gəmisində
yola salması da təsadüfi hadisə deyildir. Bu, dünya
erməni diasporunun ideoloji savaş maşınının
hazırladığı, lakin gözləmədikləri halda
ingilis bayrağı altında Qafqazda fırtınaya
düşmüş “Böyük Hayastan” “gəmisinin” batmaq
(Nuru paşanın komandanlığı altında türk
ordusunun Bakıya olan müzəffər yürüşü
ilə) ərəfəsində olduğunu erməni həssaslığı
ilə hiss edən S.Şaumyanla A.Mikoyanın Lenin
Rusiyasının, eyni zamanda, Bakı fəhləsinin
gözündə pərdə asmaq üçün əcnəbi
və yerli satqın ağaları ilə birgə tərtib
etdikləri plana uyğun idi. Tarixdən bəllidir
ki, erməni “Qnçak” partiyasının nüfuzu Avropada
iflasa uğradıqdan sonra onun bir çox lideri Rusiya Sosial
Demokrat Fəhlə Partiyasına soxulmuşdu.
Dövrün iki gücünə — bir tərəfdən
ingilis, digər tərəfdən rus imperializminə söykənən
dünya ernəni diasporunun siyasəti uğrunda mübarizə
aparan “Bakı komissarları”nın 26-sından 3 nəfərinin
— S.Şaumyan başda olmaqla əlavə iki erməni
komissarının Bakıda “şanlı bolşeviklər” məzarlığında
olmamaları, A.Mikoyanın Kremldə yüksək məqama
çatması, Şaumyanın və inqilaba xəyanət
etmiş başqa satqınların ailələrini
stalinçi Kremlin himayə etməsi əsla təəccüb
doğurmamalıdır.
Əlbəttə,"A.Mikoyanın iltizamı" ilə
həbsxana rəisinin 26-ları türmədən azad etməsi
və onun sərəncamına verməsi, inqilabçı
liderlərin “Sevan” adlı gəmi ilə deyil, gözlənilmədən
“Türkmən”lə, həm də Tatevos Amiryanın
başçılıq etdiyi daşnak bandasının nəzarətı
ilə düşmən ocağına — Krasnovodska istiqamətləndirilməsi
üç “məzarsız komissarın” kimliyinə
aydınlıq gətirmiş olur. Şahidlə
“qonaqların” Mərkəzikaspi dövlətinin
Aşqabaddakı nümayəndələri tərəfindən
qarşılanmaları məsləhətləşdirilmiş
plana uyğun idi. Məhkəmənin
birinci iclası 19-26 aprel 1921-ci ildə Krasnovodskda
olmuşdu.A.Mikoyanın Bakı komissarlarının xaincəsinə
güllələnməsində xüsusi rolunu gözəl bilən
Stalin öz seminarist yoldaşını xulas etmək
üçün məhkəmənin əsas hissəsini Lenin
aradan götürülənədək yubatmağa nail olur.
Beləliklə, məhkəmə prosesi
Bakıda 1926-cı ilin 17-27 aprelində və 1-6 martında
davam etdirilir.
“26-lar”ın güllələnməsində ittiham olunan
41 nəfərdən bəzilərinin məhkəmə prosesi
zamanı verdikləri ifadədən bir neçə məqamı
xatırlasaq, bolşevik S.Şaumyanla A.Mikoyanın ingilislərlə
və “Mərkəzikaspi Diktaturası” ilə əlaqələri
və “Bakı komissarları”nın tərkibində erməni
millətindən olmayan şəxslərin faciəli
sonluğunda xüsusi rol oynadıqları bir daha təsdiq ediləcəkdir.
1.Şahid B.Şeboldayevin ifadəsindən:
"Şaumyan yoldaş başda olmaqla Bakı Xalq
Komissarları Soveti Biçeraxovun dəstəsinin ingilislərin
ön dəstəsi olduğunu çox gözəl
bilirdi.Lakin cəbhədəki uğursuzluqların təsiri
altında (şahid Bakının müdafəsində
dayanmış Mərkəzikaspi dövlətinin ermənilərdən
ibarət olan silahlı bandasını Nuru paşanın
komandanlığı altında türk ordusunun
darmadağın etməsini xatırladır) və ictimai rəyi
nəzə almaq zərurəti üzündən bu
addımı atmağa məcbur oldu".
2. Şahid Suren Ağamirovun ifadəsindən: “O zaman 20
batalyon əsgərimiz” vardı, onlar 3 briqadada birləşmişdilər,
əksəriyyəti cəbhəçi erməni əsgərləri
idi. Onların cüzi hissəsi partiya əlamətinə
görə öz dəstələrini yaradan bakılı erməni
fəhlələri (qnçakistlər, daşnaklar) idi, sonra
bu drujinalar nizami qoşun hissələri ilə birləşdi.
Birinci briqadanın komandanı Hamazasp idi, ikinci briqadaya Arutyunov
və üçüncü briqadaya, səhv etmirəmsə,
keçmiş zabit Beknazarov komandanlıq edirdi..."
3. Şahid Pleşakovun ifadəsindən:
“Yadımdadır, qoşunlar Şamaxının həndəvərində
Ağsu kəndinə yaxınlaşanda 2-ci briqadanın məmurları
məni müstəqim rabitə aparatının yanına
çağırdılar. Onlar komandir
Hamazaspı və komissarı bərk axtarırdılar. Əlimizin altında olan kuryerlərin,
çaparların hamısını göndərdik və
komandir Hamazaspı tapa bilmədik. Yalnız
gecə saat 5-də A.Mikoyan ilə Hamazaspı qatarın dal
vaqonunda 3 şəfqət bacısının yanında
tapdıq”.
4. Şahid Artakın ifadəsindən: “Sovet hakimiyyətini
devirən ingilislər və Sentrokaspi diktaturası Bakıda
eserlərin ”Znamya truda" və menşeviklərin “İskra”
qəzetində xəbər vermişdilər ki, guya, Bakıya
Şaumyan üçün məktub gətirən alman
casusları həbs edilmişdir.
5. Şahid Anastas Mikoyanın müstəntiqə verdiyi
ifadəsindən: “Axırıncı gün, sentyabrın 14-də
(14—16 sentyabrda Nuru paşanın və Mürsəl
paşanın türk hərbi birləşməsi Bakıya
daxil olur — V.Çaykin) ”Sentrokaspi"
artıq gəmiyə yüklənmişdi və onun
binasında məsul şəxslərdən kimsə
qalmamışdı, mən tək idim, rota komandirim Veluntsu
gözləyirdim. O, cəbhədən qayıtmalı idi. Onu
danladım, dedim ki, ya mənimlə getməlidir, ya da vəhşiliklər
törətdiyini sübut edən materialları türklərə
çatdıracam. Bu sözlərin təsirindən
Velunts mənimlə İstintaq Komissariatlığına getdi.
Orada Dalindən və əsgərlərdən
başqa kimsə yox idi. Nəticədə
onlar mənə icazə verdilər ki, məhbusları
(söhbət Bayıl türməsində saxlanan Bakı
komissarlarından və başqa bolşevik liderlərindən
gedir. Sənəddən məlum olur ki, Mərkəzikaspi
diktaturası inqilabçı Bakı fəhləsinin 65 nəfər
liderini həbs etmişdir.) azadlığa
buraxmadan keşikçilərin müşayiəti ilə
Bakıdan çıxarıb aparım".
Yuxarıda dediklərimizi təsdiq edən
A.Mikoyanın ifadəsindən də açıq görsənir
ki, “26 Bakı komissarları”nın və onların başqa
bolşevik yoldaşlarının “Sevan” gəmisilə Həştərxana
deyil, “Türkmən” gəmisilə Aşqabada
aparılmaları təsadüfi deyildi. Bakını
ingilislərdən və erməni qəddarlardan xilas etməyə
gəlmiş türk ordusunun qorxusundan tələm-tələsik
Bakı ofisini Aşqabaddakı mərkəzinə
köçürən Mərkəzikaspi diktaturası, belə
demək mümkünsə, ona məxsus olan məhbusları
da Bayıl türməsindən oraya köçürməli
olmuşdu.
Sənədlərdən gətirdiyimiz bir neçə
nümunə canlı şahidə çevrilərək
sübut edir ki, günümüzədək SSRİ
xalqlarına “Kremlin rəşadətli bolşeviki” kimi
tanıdılan Anastas Mikoyan bolşevizmin qəti düşmənləri
olmuş “Qnçak” və “Daşnak” partiyaları ilə, əsas
tərkibini ermənilər təşkil edən eser və
menşeviklərlə fəal əlaqə saxlayan, “Mərkəzikaspi
Diktaturasının” erməni millətindən olan başqa
öncül adamları ilə eyni sırada “məsul
işçisi” və mauzeristi olmuşdu. İdealı
“Böyük Hayastan” uğrunda mübarizə olan
S.Şaumyanın yuxarıda adı gedən siyasi təşkilatlarda
birləşən ermənilərlə, xüsusən Lenin
hökumətinin amansız düşməni olmuş ingilislərlə
birlikdə hərbi ittifaqda olmuş Biçeraxovla sazişə
gəlməsi, onun Bakı fəhləsinin başqa liderləri
ilə birlikdə həbs edilməsi, onlarla birlikdə
Aşqabada aparılması, heç şübhəsiz,
Zaqafqaziyada bolşevizmin etibarlı dayaqları olan qeyri-erməni
liderlərə qarşı törədiləcək faciəli
hadisələrin önünə tutulan xüsusi planla
hazırlanmış məkrli pərdədir. Gətirdiyimiz
təkzibedilməz bütün faktlar Bakıda “26-lar”dan
üç məzarsız komissarın hansı xalqa mənsub
olduğuna işıq salmış olur.
Əjdər
TAĞIOĞLU (İsmayılov),
professor
Olaylar.-
2014.- 1 aprel.- S.8.
2 aprel.- S.9.
3
aprel.- S.12.