Hər əsəri bir hadisə olan mütəfəkkir…

 

Nizami Cəfərov: “İsa Hüseynov vətənini, millətini, dövlətini sevən yazıçı idi

 

Həyat yoldaşı Firuzə Hüseynova: “Dedim ay İsa, qocalanda da mənim məhəbbətimi yazırsan?”

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq yazıçısı İsa Hüseynovla vida mərasimi keçirilib. Xalq artisti Rasim Balayev İsa Hüseynovla münasibətlərindən danışaraq onun yaradıcılıq keyfiyyətlərindən söz açıb. İlk görüşlərini xatırlayan R.Balayev bu əməkdaşlığın uzun illər davam etdiyini vurğulayıb:

“O, Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biridir. Süleyman Rəhimov, Mehdi Hüseyn, Mirzə İbrahimov kimi yazıçılarla çiyin-çiyinə işləyəndə o ədəbiyyata əsərləri ilə fərqli bir ruh gətirdi. İsa Hüseynov həm də görkəmli kino xadimi idi. Əsərlərinə film həm Bakıda, də həm Moskvada çəkilib. “26-lar” “Ulduzlar sönmür”, “Tütək səsi”, “Nəsimi” filmi geniş tamaşaçı kütləsinin rəğbətini qazanıb. Yaradıcılığı daha çox nəsrlə bağlı olsa da dramaturgiyanı çox yaxşı bilirdi. Onunla ilk görüşümüzü xatırlayıram. “Ulduzlar sönmür” filminin çəkilişləri zamanı görüşdük. Mən o filmdə kütləvi səhnələrdə çıxış edirdim. Daha sonra “Nəsimi” filminin çəkilişlərində görüşdük. Bu filmdə işə olan məsuliyyəti özünü bird aha göstərdi. Çox yazıçılarla iş birliyimiz olub. Amma İsa Hüseynov qədər işinə məsuliyyətli bir yazıçı görməmişəm. İsa Hüseynov bütün yaradıcı heyətlə hər gün çəkilişə gəlirdi. O, demək olar ki, qrupun bir üzvü kimi hər gün bizimlə olurdu. Tək Nəsimi filmində yox, eşitdiyimə görə digər filmlərdə də belə edirmiş. Bəzən rejissorlara da öz məsləhətlərini verirdi. Mənə müxtəlif variantlar deyirdi. Onları süzgəcdən keçirib uyğun birini seçirdim. Nəiminin ölüm səhnəsində onun Nəsimiyə məhəbbətini ifadə edən hissə nəsr idi. İsa Hüseynov mənə dedi ki, “Ey müsəlmanlar, bu gün ol yarı pünhan ayrılır” şeirini desən daha maraqlı alınar. Mən fikirləşdim ki, Nəiminin ölüm səhnəsində bu şeiri demək necə alınar? Amma yenə də işlədim, əzbərlədim şeiri. Həsən Seyidbəyliyə təklif edəndə bəyənmədi, amma filmə o detal getdi. Hər detalın əmələ gəlməsində İsa Hüseynovun böyük rolu vardı. Gözəl insan, mülayim adam idi”.

Atatürk Mərkəzinin rəhbəri, millət vəkili, professor Nizami Cəfərov isə İsa Hüseynovun Azərbaycan ədəbiyyatındakı rolundan söz açıb. O publisistin nəinki Azərbaycan, o cümlədən də dünya ədəbiyyatında böyük xidmətləri olduğunu söyləyib: “İsa Hüseynov Azərbaycan xalqının əsrlər boyu yaratdığı ədəbiyyatının nəhəng simalarından biridir. Tək müasir dövrün yox, tariximizin kontekstində görünən nəhəng yazıçıdır. O, məktəb yaratmış mütəfəkkirdir. Hər yazıçıya Allah bu qədər ağıl, dərin hissiyyat, ilahi ümumiləşdirmə qabiliyyəti vermir. Mütəfəkkirlik və ruhani zənginlik onun təbiətində var idi. Bu mənada o, həm bizim, həm də dünya ədəbiyyatının tarixində görünən yazıçı idi. Eyni zamanda İsa Muğanna öz daxili təkamülü olan yazıçı idi. Ədəbi ictimaiyyətimiz yaxşı bilir ki, onun hər əsəri bir mərhələ, bir hadisədir. Üstün cəhətlərindən biri o idi ki, vətənini, xalqını, millətini, dövlətini sevən və onu hər yerdə müdafiə edən mütəfəkkir idi. Düşünürəm ki, bu cəhət bizim yazıçılarımıza bir örnək olmalıdır. O həm də gözəl insan idi. Tanıyanlar da bilir ki, o olduqca səmimi, olduğu kimi görünən biri idi. Səsini ucaltmasa da, ruhu və təbiəti ilə səsi duyulan insan, dost, müəllim idi”.

Millət vəkili Qənirə Paşayeva publisistin ölümündən çox təsirləndiyini söyləyib. O bu təsirin sənət xadimləri ilə yanaşı oxuculardan da yan keçmədiyini vurğulayıb: “Çox ağrılı, üzüntülü bir gündür. Tək İsa müəllimi tanıyan, onunla ünsiyyətdə olan insanlar üçün deyil, onun əsərlərini oxuyub özünü görməyən oxucuları üçün də kədərli gündür. Mən ötən gün öz yazımda da qeyd etmişdim, Azərbaycandan bir işıq getdi. Böyük yazıçı, gözəl insan getdi. O elə əsərlər yaratdı ki, həmin əsərlər on il, yüz il sonra da yaşayacaq. Hesab edirəm ki, Azərbaycanın ədəbiyyat tarixində ən böyük yazıçılardan biridir İsa müəllim. Onun əsərləri hər zaman oxunacaq. Yaxın zamanlarda İsa müəllimin əsərləri xarici dillərə tərcümə olunsa, böyük marağa səbəb olacaq. O özü də belə düşünərdi ki, aramızdan cismani olaraq ayrılıb. Hər zaman özünün işıqlı xatirələri ilə könüllərdə, xalqımızın, ədəbiyyatımızın tarixində iz saxlayacaq. Bir yazıçı kimi öz əsərləri ilə gənclərimizə hər zaman səslənəcək. O əsərlər ki, biz oxuyurduq, gənclər də oxuyacaq. Mən hesab edirəm ki, o bu dünyada cənnəti qazanıb gedib”.

Mərhumun həyat yoldaşı Firuzə Hüseynova da yazıçı ilə bağlı xatirələrini bölüşüb. O, yazıçının xarakterini açıqlayaraq onun daim elmə, ədəbiyyata marağının olduğunu vurğulayıb: “Bizim evdə söhbət ancaq kitab haqqında gedirdi. Ailədə nə bir dava, nə bir inciklik olub. O yerdə bir mələk idi. Elə hesab edirəm ki, o yuxarı dünyanın adamı idi, yuxarıya da qovuşdu. Son yazısı “Mənim məhəbbətim” idi. Bir vərəq yazdı, masanın üstündə qaldı. Dedim ay, İsa qocalanda da mənim məhəbbətimi yazırsan? Dedi bu mənim şah əsərim olacaq. Vərəqi, qələmi masanın üstündə qaldı. Ömür gün yoldaşı kimi əvəzsiz bir insan idi, Həyatda elə bir insan olmaz ki, həyat yoldaşına bir şillə vurmasın. İnsan işləri alınmayanda evə qanıqara gəlir. Amma İsada elə bir xarakter yox idi. Evə gəlib çörəyini yeyirdi, ayaqlarını, boynunu masaj edirdim. Sonra gedib yatırdı. Qapıya yazmışdı ki, zəngi çalmayın, yavaşca tıqqıldadın. Saat 11-də oyanırdı. Səhər saat 6-ya qədər mətbəxdə oturub işləyirdi. Çayı da özü qaynadıb dəmləyirdi. İşini bitirəndən sonra 3 saat yatırdı. Gündəlik rejmi belə idi. DostoyevskiniTolstoyu çox sevirdi. Öz klassiklərimizdən Mirzə Cəlili də oxuyurdu. Daha çox Dostoyevskidən bəhrələnirdi. Ona Azərbaycanın Dostoyevskisi ləqəbi verilmişdi. Deyirdi ki, indi qiymətimi verməsələr də, mən olmayanda verəcəklər”.

Vidadi Babanlı yazıçının dövrünün cəsarətli qələm sahibi olduğunu deyir. O hələ sovet dövründə heç kəsin cəsarətinin çatmadığı bir zamanda onun hər zamankı kimi həqiqəti söylədiyini vurğulayıb: “İsa Muğanna sözün həqiqi mənasında böyük yazıçı idi. Bir var ki, kiminsə xatirinə xoş gəlmək üçün, deyəsən bu sözləri, birvar ki, həqiqəti deyəsən. Onun əsərləri Sovet dövrünün bütün çirkinliklərini açıb göstərmişdi. Hələ heç kimin cəsarətinin çatmadığı bir zamanda həqiqəti demişdi. İsa Muğanna bu cəsarəti doğrudan da özündə tapdı. Sovet hakimiyyətinin çatmayan, qüsurlu cəhətlərini öz əsərlərində göstərdi. Buna görə onu çox incitdilər. Yığıncaqlarda, plenum iclaslarında onu tənqid edirdilər. Çoxları susurdu, müdafiə etmirdi İsa Muğannanı. Mən mümkün olanda müdafiəsinə qalxırdım onun. İsanın əsərlərini nəsillər oxuyacaq. O ədəbiyyat tariximizdə əbədi qalacaq”.

Vida mərasimində baş nazir Artur Rəsizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, xalq yazıçıları Anar, Elçin Əfəndiyev, Sabir Rüstəmxanlı, Nəriman Həsənzadə, millətlərarası, multikulturalizmdini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla, xalq şairləri Zəlimxan Yaqub, Sabir Rüstəmxanlı, Fikrət Qoca və başqaları iştirak edib.

Qeyd edək ki, İ. Hüseynov aprelin 1-də ürək çatışmazlığından dünyasını dəyişib. Yazıçı I Fəxri Xiyabanda dəfn olunub.

 

Nigar Məhərrəm

 

Olaylar.- 2014.- 3 aprel.- S.8.