“Ailənin birinci
övladının autist
olma ehtimalı böyükdü”
“Narınc
Uşaq Psixologiya Mərkəzi”nin Nizami Filialının
açılışı qələm əhli ilə
yanaşı azyaşlılar, bir sıra valideynlər tərəfindən
də böyük sevinclə qarşılandı. Hər zaman
öz uğurları ilə ətrafını sevindirən
Narınc Rüstəmova bu dəfə də yeni mərkəzinin
açılışını etdi. Mərkəzin
açılış tarixinin autizmin maariflənməsi
gününə təsadüf etməsi də diqqət
çəkdi. Ən azı ilin bir günü autist xəstə
sahibi olan valideynlərin bu məsələnin ciddiliyinin fərqinə
varmasının vacibliyini vurğulayan psixoloqumuz
suallarımızı da cavablandırdı.
-Bu
gün cəmiyyətimizin ən başlıca bəlalarından
biri də autizmdi. İllər ötdükcə xəstəlikdən
əziyyət çəkənlərin sayı artır...
-Mərkəzimizin açılışı
Autizmin Maarifləndirilməsi gününə təsadüf
edir. Bu gün Azərbaycanla yanaşı, dünyanın əksər
ölkələrində autizm başlıca bəlaya
çevrilib. Bəzən valideynlər, kənar şəxslər
autizm xəstəsi olan uşaqlara “xəstə”, “anormal” və
s. bu kimi adlarla müraciət edir. Əslində bu düz
deyil. Biz onlara kömək etmək, psixoloji
sarsıntılarını aradan qaldırmaq əvəzinə
əksinə, zərbə vurmuş oluruq. Mərkəzimizin
açılışının məhz bu günə təsadüf
etməsinin əsas səbəbi valideynlərə mesaj
ötürməkdir ki, heç olmasa ilin bir günü bu
haqda ciddi fikirləşsinlər. Bir çox hallarda valideynlər
övladları autist xəstəsi olduğu üçün
onları psxioloqa göstərməkdən, cəmiyyətə
çıxartmaqdan, xəstəliklə əlaqədar
qeydiyyatdan keçirtməkdən çəkinirlər.
Əksinə bacardığımız qədər əlimizdən
gələni əsirgəməməliyik ki, onlar da real həyata
adaptasiya oluna, ətrafında dost-tanış yığa
bilsinlər. Cəmiyyətdə bu tip uşaqlar kifayət qədər
olduğu üçün onlarla birgə iş görmək
lazımdı. Təəssüflər olsun ki, cəmiyyət bu tip uşaqlardan
qaçır. Cəmiyyətdə bu tip uşaqlar görərkən
onları özümüzə çəkməliyik, nəinki
uzaqlaşdırmalı. Mərkəzimizdə də autist
uşaqlar var. Onlar rəqs edə, rəsm çəkə
bilirlər. Bəlkə də kənardan müşahidə
etsəz bu cür uşaqları artıq digər qismdən fərqləndirə
bilməzsiniz.
-Ümumiyyətlə
bu cür xəstələrlə dil tapmaq necə çətindirmi?
-Onların da özünə məxsus dilləri
var. Təsəvvür edin ki, siz dilini bilmədiyiniz bir ölkəyə
gedirsiniz. Və bu zaman fikrinizi, istəyinizi söyləyə
bilmirsiniz. Çətinlik çəkirsiniz. Autist uşaqlar
da belədi. Onlarla öz dillərində danışmaq,
ünsiyyətə cəlb etmək lazımdı. Rəsmi
statistikaya görə hər 100 uşaqdan ikisi autistdi. Bu hələ
rəsmi statistikadı. Qeyri-rəsmi statistikada isə rəqəmlər
yuxarıdı. Autisit uşaqların əksəriyyətinin
qeydiyyata alınmaması problemi bizim gözümüzdə
kiçildir. Bu da problemə bir o qədər də ciddi
münasibət bildirilməməsinə səbəb olur.
-Xəstəlik
genetik olaraq yaranır. Gendə olmazsa bu xəstəliyin yaranma
ehtimalı necə, varmı?
-Bu xəstəlik genetik olaraq yaranır. Genetik meyillilik nəticəsində
problem ortaya çıxır.
Hamiləlik dönəmində xanımın xəstəlikləri,
durumu, peyvəndlərin
olması da problemin yaranmasında önəmli rol oynayır. Xəstəliyin konkret səbəbini
açıqlamaq çətindir.
Bu bir patologiyadır.
Müəyyən nəticələr əldə etmək üçün terapiyalar
var. Hətta autist xəstələr üzərində
90 faizə qədər
müsbət nəticələr
əldə etmək mümkündü. Belədə onlar müəyyən mərhələlər keçdikdən
sonra işləyə,
özünü idarə
edə bilirlər.
Lakin yenə də çox ünsiyyətcil olmurlar.
-Genetik olan bu
xəstəlik neçə
nəsil daşıyıcısıdı?
-Autizm yeddi nəsil
daşıyıcısıdı. Biz ən çoxu
3 nəslimizi tanıya
bilərik. Bu səbəbdən heç
kəs deyə bilməz ki, mən bu problemdən
sığortalanmışam.
-Bu gün müxtəlif reabilitasiya mərkəzlərinin
fəaliyyət göstərməsi
valideynlər üçün
də geniş töhfələr verə
bilər. Əgər valideynlər bu
işin ciddiliyini dərk edərsə bu zaman hansı
müsbət nəticələr
əldə etmək olar?
-Sevindirici haldır ki, bu gün
müxtəlif psixoloji
problemlərin aradan qaldırılması üçün
ölkəmizdə müxtəlif
reabilitasiya mərkəzləri
fəaliyyət göstərir.
Bu valideynlərimiz üçün də geniş imkan yaradıb. Övladlarının gələcəkləri üçün valideynlər
bu mövzuda həssas olmalı, övladlarını mövcud
problemlə əlaqədar
olaraq qeydiyyatdan keçirtməlidi. Mərkəzlərimizdə
bu tip xəstələrlə
kompleksli şəkildə
iş quracağıq.
Bizimlə yanaşı valideynlər
də bu mövzuya həssas yanaşaraq övladları
ilə işləməli,
bacardıqları qədər
onlara kömək olmalıdı. O düşünməlidir
ki, sabah
mən dünyada olmayanda övladım neyləyəcək. Valideynləri
nə qədər bu
mövzuda həssas və diqqətli çox olsa bir o qədər yüksək nəticələr
alacağıq. Bu cür
uşaqların gələcəyi
parlaq da ola bilər.
Dünyaca tannımış
rəssamlar arasında
belələri az deyil.
-Əgər valideynlər
zəruri addımlar atmazsa bu zaman
hansı fəsadlar ortaya çıxa bilər?
-Xəstəliyin üzərində işlənilməzsə bəzən
ağır nəticələr
də ortaya çıxa bilər. Belədə
azyaşlı sosial bacarıqlardan, ünsiyyətdən,
nəsil artırmadan,
cəmiyyətdən kənar
olur, qeyri-adi addımlar sərgiləyir.
Yaş artdıqca onlarda aqressivlik daha açıq-aşkar özünü
biruzə verir.
Mərkəzimizdə inkişaf problemi olan uşaqlarla yanaşı normal uşaqlarla
da iş görülür. Mərkəzimizə üzv olan autist
uşaqlar artıq özncəkindən çox
fərqlənirlər. Başqaları kimi daha çox dostu olmasa da,
özlərinə dost qazanırlar.
-Ailənin hansı övladında xəstəliyin
olma ehtimalı yüksəkdi?
-Ailənin birinci
övladında xəstəliyin
olma ehtimalı 90, ikinci də 47, üçüncü övladda
isə bu ehtimal daha zəifdi.
Xəstəliyin digər
nəsillərə ardıcıl
keçmə ehtimalı
da ola
bilər. Genetikada daha yaxın
nəsildə bu
problem yaşanıbsa ehtimal
daha yüksəkdi.
Yəni babada bu xəstəlik
varsa nəvənin də bu problmedən
əziyyət çəkmə
ehtimalı artır.
(Yeni mərkəzin ünvanı: Xalqar dostluğu metrostansiyasının
yanı Qara Qarayev küçəsi
54/59)
Nigar Məhərrəm
Olaylar.-
2014.- 4 aprel.- S.13.