“Ən böyük
postmodernizm
Muğannanın
“İdealı”-dır”
Yunus Oğuz:
“Yazıçı, şair yazanda hansı cərəyana mənsub
olduğunu düşünmür.
İstedadına uyğun olaraq
içindən gələni yazır”
Aprelin 3-də Azərbaycanın Bütövlüyü
Uğrunda Cəmiyyət Azərbaycan
Respublikasının Prezidenti yanında
QHT-lərə Dövlət Dəstəyi Şurasının
maliyyə dəstəyilə “Azərbaycan ədəbiyyatında
müasir yaradıcılıq cərəyanlarının
izlənməsi və təhlilinə dair
təşəbbüslər” adlı layihə çərçivəsində
dəyirmi masa keçirib.
Tədbiri giriş sözü ilə açan
layihənin rəhbəri Məlahət Xəlilova ABUC
haqqında iştirakçılara məlumat verərək
bildirib ki, yeni minilliyin başlanmasından artıq bir neçə
il keçsə də Azərbaycan ədəbiyyatında XXI əsr
ab-havasının hiss olunması 2005-ci ildən sonraya təsadüf
edir. M.Xəlilova qeyd edib ki,
son illərdə ölkədə internet sahəsində hiss
olunan inkişaf Azərbaycan
yazıçılarına bir birbaşa dünya mədəniyyəti
və əbədiyyatıyla tanış olmaq
imkanı verir. Layihə rəhbərinin
sözlərinə görə, son 4-5 ildə
əyalətlərdən paytaxta qədər
ölkənin bütün təbəqələrini
əhatə edən internet şəbəkəsi
ədəbiyyatın inkişafına doğru
atılmış böyük
addımdır. Yeni yaranan
irili-xırdalı nəsr nümunələrinin bir neçə istiqamətdə
araşdırılmasının mümkün
olduğunu deyən Məlahət Xəlilovanın
sözlərinə görə, Azərbaycan nəsrində realizm hakim mövqedədir:
“Postmodern, modern, sürreal, absurd və s. kimi cərəyanlara mənsub
qələm sahibləri hələ də kəmiyyət
baxımından azlıq təşkil edir.
Avropada bu düşüncə sistemlərinin
yaranması və ədəbiyyata da sirayət
etməsi XX əsrdə Qərbdə gedən ictimai-siyasi
təbəddülatlarla, qısa zaman kəsiyində
iki dağıdıcı dünya
müharibəsiylə, milyonlarla
insanın ruhən və cismən şikəst olmasıyla və
sair bu kimi
proseslərlə bağlı idi. Lakin Azərbaycan həmin dövrdə bütün bu proseslərdən
müəyyən mənada kənarda qalmışdı.
Dünyanı bizim ziyalıların nəzərində
absurd, sürreal həddə
çatdıran ictimai-sosial hadisələr
baş verməmişdi. Amma
bu, o demək deyil ki, bizdə sadəcə
səthi, birtərəfli realizm hökm sürüb. Yox, bizim ədəbiyyatda psixoloji realizmdən tutmuş
magik realizmə qədər bu janrın demək olar ki, bütün istiqamətlərində
dəyərli əsərlər yaradılıb. Bu dövrdə
yaranan realist əsərləri
nəzərdən keçirəndə görürük
ki, nisbətən yaşlı nəslə
mənsub olan realist
nasirlərimiz daha çox
ənənə mühafizəçisi kimi
çıxış edərək, realizmin
bütün kanonlarını cidd-cəhdlə
qoruyub saxlamağa və
gələcək nəslimizə
çatdırmağa çalışır, orta
nəsil realist
yazıçılarımız isə realizmin
müxtəlif istiqamətlərində qələmlərini
sınayır, istər mövzu, istər süjet, istərsə də stilistika
baxımından çoxsaylı eksperimentlər yoluyla realizmin yeni çalarlarını kəşf etməyə
çalışırlar”. M.Xəliova bildirib
ki, yeni ədəbiyyatda
mövzu baxımından da
müasir psixoloji nəsrdən
tutmuş tarixi tematikaya qədər müxtəlif
mövzuları əhatə edən dəyərli əsərlər
yaradılıb. Layihə rəhbəri qeyd
edib ki, vətənpərvərlik
mövzusu, Qarabağ
faciəsi və bu faciənin konkret insan talelərində,
xarakterlərində əksi yenə də nəsrimizdə əhəmiyyətli
yer tutur. Daha sonra aprelin
1-də dünyasını dəyişmiş Azərbaycanın
xalq yazıçısı İsa Hüseynovun xatirəsi
bir dəqiqəlik sükutla
yad edilib.
“Əsər yazmağa məcbur etmək olmaz”
Yazıçı
Əkbər Qoşalı çıxışında bildirib ki, istər ədəbi,
istərsə də coğrafi mənada cərəyan
mövcud axından fərqlənmək və
bir çox hallarda bu axına
qarşı çıxmaq mənasını verir.
Bunu Sovet dönəmində
və keçid dövründə də
müşahidə etmişik.
Ə.Qoşalı qeyd edib
ki, müstəqillik dövründə
dövlət sifarişləri olmadığına görə,
fikrimizi Sosializm realizminin olduğu dönəmlərə
yönəldirik: “Arxası və qabağı da
kəsən “sosializm
qılıncının” olduğu
qapalı bir dönəmdə belə ədəbiyyat
bir çıxış qapısı olub. Həmin illərdə xüsusilə ədəbiyyat
Azərbaycan insanı üçün mühüm əhəmiyyət kəsb edirdi. Nəsr və nəzm üslubunda yazan görkəmli
ədiblərimiz fərqli-fərqli janr, həmçinin
cərəyanlara üz tuturdular”.
Əkbər Qoşalı isə çıxışında bildirib ki, vaxtilə Sovet hakimiyyəti illərində, bir ədəbi cərəyanın - sosializm realizminin olduğu dövrlərdə də Azərbaycanda
bu cərəyandan kənara
çıxmış çox böyük ədiblərimiz olub.
Ə.Qoşalının sözlərinə görə,
yazıçını bir cərəyana
məxsus əsər yazmağa məcbur
etmək olmaz. Yazıçı hesab edir ki,
ölkədəki müxtəlif ədəbi qurumlarda
ədəbiyyatçılara hansı cərəyanlara mənsubluğuna
dair tələblər irəli sürülür: “Son zamanlarda Azərbaycanda daha
çox postmodernizmi təşkilatlandırmağa,
ictimai fikrə qəbul etdirməyə
çalışanlar var. Lakin
o insanlardan fərqli olaraq Azərbaycanda fəaliyyət göstərən
DGTYB, AYB və bu kimi ədəbi
qurumlar heç bir izmə və cərəyana mənsub
adamları öz ətrafında birləşdirməyib.
Bu, yazıçılığa haram qatmaqdır. Belə olduqda
yazıçıdan hansısa keyfiyyətli əsər
gözləmək mümkün deyil. “Azərbaycanda yeni nəsil
romançılığında universallıq və
harmoniyanın yaranması sevindirici
haldır. Əsl ziyalı yazıçı və oxucu kəsimi daha çox o kanonlardan
kənara çıxan izmlərin üzərində
yazılan əsərlərə üstünlük
verirlər. Bu gün
Azərbaycanda keçirilən rəy sorğuları da məhz bu istiqamətdə
özünü göstərir”.
“Zaman sərhədinə sığmasın”
ABUC sədri,
yazıçı Yunus Oğuzun
sözlərinə görə, yazar, şair yazanda hansı cərəyana
mənsub olduğunu fikirləşmir. O,
istedadına uyğun olaraq,
içindən gəldiyi kimi yazır. Yunus Oğuz hesab edir ki,
bundan sonra ədəbiyyatşünas
və tənqidçilər həmin əsərin hansı cərəyana
mənsub olduğunu düşünür
və təsnifata bölürlər. Yazıçı qeyd edib ki,
bu gün sürrealizm, postmodernizm və
s. kimi cərəyanlara
mənsub olanlar nə
yazdıqlarını bilmirlər. Y.Oğuz
qeyd edib ki, postmodernist yazıçılar
daha çox Markesi sevirlər. Lakin bunun müqabilində
Azərbaycan yazarlarının
əsərlərini oxumadıqlarını
deyən Yunus Oğuzun sözlərinə
görə, İsa Hüseynovun “İdeal” romanı ən böyük postmodernizmdir:
“Muğannanın fəlsəfəsi,
fəlsəfi fikirləri,
dünyanı bütövlükdə
əhatə etməsi
postmodernizmə məxsusdur.
Həmin
dövrlərdə belə
bir cərəyan olmadığı üçün
buna heç kəs fikir vermirdi. İndi kimdən soruşsan
deyir ki, Markesi oxyub. Lakin bunun müqabilində
Azərbaycanda da o tip yazarların olduğuna fikir vermirlər. Azərbaycanda yazıçılar
daha çox öz yazıları ilə məşğul olmalı, təsnifatlanma, onun hansı cərəyana mənsub olması ilə isə digərləri məşğul olmalıdırlar:
“Yetişən gənc
nəslə daha çox diqqət yetirilməlidir. İnternet saytları və
mətbuat vasitəsilə
bu istiqamətdə onlara bilgilər verməliyik. Onlara ilk növbədə
o taylı, bu taylı Azərbaycan ədəbiyyatı və
dünya ədəbiyyatının
gözəl nümunələri
təqdim olunmalıdır.
Dünya
ədəbiyyatı ilə
bağlı da eyni addım atılmalıdır. Elə əsərlər
yazılmalıdır ki,
onlar zaman və məkan sərhədlərini aşa
bilsin. Bu məsələdə müasir
dövrün texnologiyalarından
istifadə edilməlidir”.
“Bu, hoqqabazlığa oxşayır”
Azərbaycan Yazıçılar
Birliyinin (AYB) katibi, yazıçı Rəşad
Məcid ABUC-un təşəbbüsünü
yüksək qiymətləndirərək
deyib ki, son zamanlarda televiziya və mətbuat ədəbi cərəyanlarla
bağlı materiallara
geniş yer verirlər. R.Məcid qeyd edib ki, ədəbiyyatşünas
və tənqidçilər
də məsələyə
diqqət yetirməlidirlər.
Yazıçı Yunus
Oğuzun fikirlərini
doğrulayan Rəşad
Məcid də bildirib ki, yazıçı
heç vaxt yazarkən hansı cərəyana mənsub olduğunu fikirləşmir:
“Yazıçı düşündükləri
onu hara aparırsa, ondan yazır. Artıq həmin əsərin
hansı cərəyana
aid olması tənqidçi
və ədəbiyyatşünaslara
işinə çevrilir.
Çox
vaxt isə yazılan əsərlər
barədə deyilən
fikirlər də təzadlı olur. Vaxtilə yazılan əsərlərə
də maraq böyük idi. Yazarlar səbirsizliklə sahə
mütəxəsisslərinin əsərləri barədə
fikir söyləmələrini
gözləyirdilər”. Son zamanlar postmodernist əsərlərin
çoxalması məsələsinə
təxunan yazıçının
sözlərinə görə,
postmodern ədəbiyyatı keçmişə yeni, fərqli baxışla yanaşmadır: “Burada bilinmir ki, yazıçı
onu lağa qoyur, yoxsa ona
rəğbətlə yanaşır.
Azərbaycanda da bu tipli əsərlər var.
Lakin keçmişdə
olanların hamısını
lağa qoymaq düzgün deyil. Bu bir növ
hoqqabazlığa bənzəyir”.
AYB-nin katibi, “Ədəbiyyat” qəzetinin
baş redaktoru, yazıçı Elçin
Hüseynbəyli bildirib
ki, ədəbiyyatda cərəyanlar XX əsrin
əvvələrində daha
çox populyar olub: “XXI əsrdə isə daha çox
postmodernizm məşhurudur.
Postmodernizmin mahiyyətini mənim
özüm də axıradək dərk etmirəm. Hər bir cürə
şərh verir.
Lakin hər şey ədəbiyyat kontekstində
baş verməlidir”.
Şair Elçin Mirzəbəyli
qeyd edib ki, yazıçı əsərində keçmişə
fərqli baxış
ortaya qoymalıdır.
E.Mirzəbəylinin sözlərinə görə, bu yanaşma qeyri-peşəkar
olacaqsa, onda bu həqiqətən də hoqqabazlıqdan başqa bir şey olmayacaq”. “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevin fikrincə isə postmodernizm cərəyanı əslində
heç özləri
də nə istədiklərini bilməyən
yazıçılardan ibarətdir:
“Ədəbiyyat hansı
cərəyanından asılı
olmayaraq, milli olmalıdır. Ədəbiyyat millətə, cəmiyyətə,
dövlətə xidmət
etməlidir. Kimsə cinsi
azlıqlardan əsər
yazıb bunu postmodernizm kimi qələmə vermək
istəyirsə, bizə
belə ədəbiyyat
gərək deyil”.
Tədbirdə “Ədalət” qəzeti
baş redaktorunun müavini, yazıçı
Əbülfət Mədətoğlu
və digər iştirakçılar da məsələyə dair
fikir mübadiləsi aparıbılar.
Mənsur Rəğbətoğlu
Olaylar.-
2014.- 4 aprel.- S.9.