Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə
çatdırılması diasporun hər zaman diqqətindədir
Azərbaycan
həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılması hər zaman diaspor təşkilatlarının
diqqət mərkəzində olub. Hər il
olduğu kimi keçən
il də diaspor təşkilatları
bu istiqamətdə çoxsaylı tədbirlər
həyata keçiriblər. Təkcə keçən il diaspor təşkilatlarının
keçirmiş olduqları tədbirlərin
218-i Azərbaycan həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılması məqsədinə
xidmət edib.
Hesabat dövründə Ermənistanın Azərbaycana
təcavüzü, həmçinin Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi, “20 Yanvar” faciəsi, Xocalı
soyqırımı, 31 mart- Azərbaycanlıların
Soyqırımı Günü ilə bağlı
İsveç, Almaniya, Rusiya, ABŞ, Kanada, Fransa, Böyük
Britaniya, Belçika, Niderland, Türkiyə, Birləşmiş
Ərəb Əmirlikləri, Ukrayna, Rumıniya, Polşa,
Gürcüstan, Latviya, Litva, Belarus, Moldova və digər ölkələrdə
Azərbaycan icmaları tərəfindən anım mərasimləri,
foto və rəsm sərgiləri, təbliğat
kampaniyaları, elmi-praktik konfranslar və digər müxtəlif
formatlı tədbirlər təşkil olunmuşdur. 20 Yanvar
faciəsinin 23-cü ildönümü münasibətilə
xarici ölkələrdə fəaliyyət göstərən
diaspor təşkilatlarımız tərəfindən
dünyanın müxtəlif qitələrində 100-dən
çox tədbir təşkil olunub. Yanvar ayında Amerika Azərbaycanlılarının
şəbəkəsi (USAN) və ABŞ-da yaşayan azərbaycanlılar
Prezident Barak Obama Administrasiyasının Xocalı qətliamını
və müharibə cinayətlərini, eləcə də
faciə qurbanlarını tanıması məqsədi ilə
Ağ Evin rəsmi veb-səhifəsində petisiya yerləşdiriblər.
Xarici ölkələrdə yaşayan həmvətənlərimizin,
Azərbaycan diaspor fəallarının, kütləvi
informasiya vasitələrinin, qeyri-hökumət təşkilatlarının
və yerli ictimaiyyətin aktiv fəaliyyəti nəticəsində
petisiyaya toplanılan imzalar vaxtından əvvəl fevralın
12-də saat 17:40-da 100.000 imza limitini keçib. 26 fevral tarixində
petisiyanı imzalayan hər bir kəsə Ağ Evdən gələn
cavab məktubunda ABŞ-ın Azərbaycan və Ermənistan
arasındakı müharibə zamanı insanların faciəli
ölümünə dərindən təəssüfləndiyi
vurğulanıb. Yanvar ayı ərzində ABŞ-dakı
diaspor təşkilatlarının fəaliyyəti nəticəsində
Amerikanın bir sıra ştatlarında 20 yanvar hadisələri
ilə bağlı Nyu-Cersi, Nyu-York və Pensilvaniya
ştatlarının yerli qəzetlərində məqalələr
dərc edilib. Ümumiyyətlə, 20 Yanvar faciəsinin
ildönümü ilə əlaqədar Rusiyanın
Sankt-Peterburq, Murmansk, Nijni Novqorod, Krasnoyarsk, Buryatiya, Kemerovo,
Novosibirsk, Vladivostok, Xabarovsk, Blaqoveşensk, Volqoqrad, Krasnodar,
Smolensk, Yaroslavl, Ufa, Ulyanovsk, Çelyabinsk, Stavropol, Yekaterinburq
kimi bir sıra şəhərlərində də anım mərasimləri
keçirilib. Mərkəzi Maqdeburqda Saksen Anhalt vilayəti
üzrə Alman Azərbaycan Mədəniyyət Cəmiyyəti,
Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi
(AAKM), “Xəzər” Hannover cəmiyyətinin təşəbbüsü
ilə 20 yanvar faciəsinin 23-cü ildönümünə həsr
olunmuş “Demokratiya Yolları” adı altında anım mərasimi
keçirilib. İsveç Azərbaycanlıları Konqresinin
İdarə Heyətinin üzvləri isə İsveç
Krallığının parlament və hökumət nümayəndələri
ilə görüşüblər. Görüş zamanı
iştirakçılara 1990-cı il yanvar ayının 19-dan
20-nə keçən gecə sovet qoşunlarının dinc əhaliyə
qarşı törətdiyi vəhşilikləri əks etdirən
materiallar paylanıb. Litva Azərbaycanlıları Cəmiyyəti
və Azərbaycanın Litvadakı Səfirliyinin təşkilatçılığı
ilə 20 Yanvar faciəsinin iyirmi üçüncü
ildönümünə həsr olunmuş nəşrlər,
tarixi materiallar, fotolar və bir sıra siyasi sənədlərdən
ibarət sərgi təşkil edilib. Helsinki şəhərinin
"Kaisa" Mədəniyyət Mərkəzində
Finlandiya Azərbaycan Assosiasiyasının təşkilatçılığı
ilə 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr
olunmuş “20 Yanvar 1990-cı il Azərbaycan xalqının
unudulmayan tarixi” adlı seminar keçirilib. Tədbiri giriş
sözü ilə açan “Finlandiya Azərbaycan
Assosiasiyası”nın sədr müavini, Azərbaycanlı
Qadınlar Cəmiyyətinin sədri Arzu Oqtay 1990-cı il
yanvarın 19-dan 20-nə keçən gecə Ermənistana
havadarlıq edən Sovet Ordusunun dinc Azərbaycan xalqına
qarşı törətdiyi qırğın, erməni
terrorçularının Azərbaycana qarşı hərbi təcavüzü
haqqında geniş məlumat
verib.
Litvanın ən populyar və nüfuzlu
informasiya vasitələrindən olan “Lietuvos zinios” (“Litva xəbərləri”)
adlı qəzetin 18 yanvar 2013-cü il tarixində çapdan
çıxmış 14 (13439) saylı nəşrində,
Litva-Azərbaycan Assosiasiyasının fəallarından olan
Aydanas Praleykanın təşəbbüsü ilə və Litva
azərbaycanlıları cəmiyyətinin dəstəyi sayəsində,
Azərbaycan Respublikasının Litvadakı Fövqəladə
və səlahiyyətli səfiri Həsən Məmmədzadənin
“Yanvar hadisələri Bakı və Vilnüsü birləşdirir”
başlıqlı müsahibəsi dərc olunub.
ABŞ Azərbaycanlıları şəbəkəsi
(USAN) və “Pax Turcica” təşkilatı 1990-cı il
yanvarın 20-də baş vermiş hadisələrə siyasi
qiymət verilməsi məqsədilə icma üzvlərinə,
ABŞ qanunvericilərinə məktub göndərilməsi
üçün kampaniya keçirib. İsraildə fəaliyyət
göstərən İsrail-Azərbaycan Assosiasiyası (Aziz)
Facebook sosial şəbəkəsində 20 Yanvar faciəsinə
həsr edilmiş səhifə yaradıb. "İsrail Azərbaycan
Assosiasiyası"nın fəal üzvü, əslən
Bakıdan olan faciənin canlı şahidi Boris Dobinin çəkdiyi
nadir fotoşəkillərin yer aldığı "20 Yanvar
Boris Dobinin fotoşəkillərində" adlı səhifənin yaradılmasında
məqsəd azadlıq uğrunda mübarizəyə
qalxmış dinc sakinlərə qarşı törədilmiş
bu qanlı aksiyanın dünya, xüsusilə də İsrail
ictimaiyyətinə əyani sübutlarla
çatdırılmasıdır.
Hesabat dövründə xarici ölkələrdə fəaliyyət
göstərən Azərbaycan diaspor təşkilatları tərəfindən
dünyanın müxtəlif ölkələrində
Xocalı Soyqırımının iyirmi birinci
ildönümü ilə bağlı 80-dən çox tədbir
keçirilib, Soyqırım qurbanlarının xatirəsini
yad etmək məqsədi ilə etiraz aksiyaları təşkil
edilib, dünyanın
aparıcı kütləvi informasiya vasitələrində,
teleradio kanallarında Xocalı Soyqırımı ilə
bağlı materiallara geniş yer verilib.
Nyu-Yorkda Kolumbiya Universitetində “Dağlıq
Qarabağ: Cinayətlər, qaçqınlar və kollektiv
yaddaş” mövzusunda konfrans keçirilib. ABŞ və
Kanadada fəaliyyət göstərən Azərbaycan Amerika
Şurası və Amerika Azərbaycan Cəmiyyətinin dəstəyi
ilə keçirilən tədbir Kolumbiya Universitetində təhsil
almış Amerika Azərbaycanlı Gənclər Şəbəkəsinin
üzvləri tərəfindən təşkil edilib. Universitetinin
beynəlxalq və ictimai münasibətlər kafedrasında təşkil
edilmiş tədbirdə amerikalı jurnalist Tomas Qolts
mühazirə oxuyub. Xocalı hadisələrinin şahidi
olmuş Tomas Qolts Amerika ictimaiyyətinə faciə ilə
bağlı məlumatları çatdıran ilk jurnalistdir. O,
“Azərbaycan gündəliyi” kitabının müəllifidir.
Mühazirədən sonra Tomas Qoltsun Xocalı faciəsi haqda
çəkdiyi sənədli film nümayiş etdirilib.
ABŞ-ın paytaxtı Vaşinqtonda çap edilən
"The Hill" qəzetində bu ölkədə yaşayan
həmyerlimiz, ABŞ Azərbaycanlılar Şəbəkəsinin
Direktorlar Şurasının həmtəsisçisi və
üzvü Adil Bağırovun Xocalı soyqırımına
həsr olunmuş geniş məqaləsi dərc olunub.
Yazı “Xocalı faciəsi
tanınmağa layiqdir” adı ilə qəzetin “Konqres”
bölməsində yer alıb. Məqalədə amerikalı
oxucuya 21 il əvvəl Ermənistan silahlı qüvvələrinin
613 nəfəri bir gecədə qətlə yetirdiyi
soyqırım haqda ətraflı məlumat verilib və qətliam
Avropada ən böyük
müharibə cinayəti adlandırılıb. Müəllif
beynəlxalq media və insan haqları qruplarının
müharibə cinayətində hadisələrin detallarını
təfərrüatı ilə söyləməsinə
baxmayaraq, günahkarların hələ də cəzasız
qalmasından narahatlığını bildirib. Paris Azərbaycan
Evi isə Xocalı soyqırımı qurbanlarının xatirəsini
yad etmək məqsədi ilə Fransa paytaxtında aksiya
keçirib. Aksiyaya yerli ictimaiyyətin də cəlb olunduğu aksiyada
“Xocalı uşaqların gözü ilə” mövzusunda rəsm
əsərləri nümayiş olunub. Güney Azərbaycan
İstiqlal Partiyasının (GAİP) təşkilatçılığı
ilə Xocalı soyqırımının ildönümü
ilə əlaqədar Böyük Britaniyada yaşayan azərbaycanlılar
Londonda piket və yürüş keçiriblər. Texas
ştatı Nümayəndələr Palatasına Xocalı qətliamının
21-ci ildönümünün anılması haqqında qətnaməni
Palatanın üzvü Cin Vu (Gene Wu) təqdim edib. Hyuston şəhərində Azərbaycanlıların
Amerika Mədəni Alyansı (AAMA) tərəfindən
Xocalı faciəsinin 21-ci ildönümünə həsr
olunmuş tədbirdə çıxış edən C.Vu qətliam
barədə öyrəndikdə kədərləndiyini və
bu kimi faciələrin yenidən təkrarlanmasına yol verilməməsi
üçün onları xatırlamağın vacib
olduğunu deyib.
Haaqadakı Ermənistan Səfirliyinin
önündə isə Xocalı aksiyası keçirilib.
Hollandiyada fəaliyyət göstərən "Ana Vətən"
Niderland Azərbaycanlı Qadınlar Birliyinin, Hollandiya Azərbaycan
Türk Mədəniyyət Mərkəzinin və Hollandiya Azərbaycan
Gənclər Cəmiyyətinin, o cümlədən Azərbaycanın
Hollandiyalı dostu Gert Van Damın birgə təşkilatçılığı
ilə keçirilən aksiyada "Xocalıya Ədalət",
"Biz sülh və ədalət istəyirik", Sarkisyan -
terrorçu" və başqa şüarlar da səslənib.
Haaqa Ədalət məhkəməsinin
önündən başlayıb Ermənistan səfirliyinin
önündə bitən yürüş
zamanı yerli sakinlərə Xocalı
faciəsi haqqında vərəqələr və kitabçalar paylanılıb. Tədbirin sonunda təşkilatçıların
hazırladığı bəyanat səsləndirilərək Ermənistan səfirliyinin poçt qutusuna
atılıb. Türkiyənin Adana şəhərində
isə Adana Azərbaycan Kültür
və Dayanışma Dərnəyi, Adana Qardaş Kültür Dərnəklər
Topluluğunun birgə təşkilatçılığı
ilə “Tarixin
işığında Xocalı soyqırımı” mövzusunda konfrans keçirilib. Tədbirdə, professor Əmrulla Məmmədov və
Əməkdar incəsənət xadimi, professor Cahangir Novruzov konfrans
iştirakçılarına faciə haqqında geniş məlumat verib.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.-
2014.- 5-7 aprel.- S.15.