Romantizmdən realizmə

 

Molla Pənah Vaqifin yaradıcılığına yeni baxış

 

M.P. Vaqif XVIII yüzil Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsidir. O, ədəbiyyatımızda realizmin, canlı xalq dilinin yaradıcısı sayılır. Şairin yaradıcılığının ayrı-ayrı özəllikləri haqqında dəfələrlə danışıldığından bu yazıda biz Vaqif yaradıcılığının ziddiyyət doğuran bəzi məqamları üzərində dayanacağıq. Vaqif hər şeydən öncə məhəbbət və gözəllik şairidir. Onun lirik şerlərində nikbin ruh hakimdir. Bu nikbin ruha o, bütün yaradıcılığı boyu sadiq qalır. Bu dünyanın bütün eybəcərliklərini şəxsi həyatda görən Vidadi onu zamana çox da bel bağlamamağa, ehtiyatlı olmağa çağırsa da, hətta onu cəhənnəm əzabı ilə qorxutsa da onu öz fikrindən daşındıra bilmirdi.

 

Vaqif inandırıcı, təbii boyalarla bənzərsiz Azərbaycan gözəlinin obrazını yaradır. Bu gözəl nazlı-qəmzəlidir, üzü Kəbəyə bənzəyir. Onun camalını görmək hər dəfə insanın imanını təzələyir. Lakin qadın gözəlliyindən bəhs edən şerlərində də bir ziddiyyət hakimdir. Bir yandan Azərbaycan qızları, qadınları haqqında “Bəzəyi, düzəyi hayıf ki, yoxdurdeyir, “Pəri” qoşmasında isə “ənliyi, kirşanı neylər camalın, sən elə gözəlsən binadan pəri” - deyir. O, saray qızlarında gördüyü libası, bəzəyi kənd qızlarında da görmək istəyirdi.

Lirik şerlərində şair xoşbəxtdir, qayğısız bir həyat sürürmüş kimi görünür. Xırda hərəmxana və saray münaqişələrindən, gözəllərin nazından başqa onun heç bir problemi yoxdur. Sevgilisinin qarşısında qulam kəmtər kimi durmağa hazır olan şair üçün gözəlin gəlməməsi qiyamət gününə bərabərdir. Gözəlin simasını görən kimi hər şeyi, hətta ibadətini də unudur.

Vaqifəm, ta ki, gözüm sataşdı onun qaşına.

İstədi mehrabu mənbərdən xəyalım daşına.

Vaqifin gözəlin tərənnümünə həsr olunmuş şerləri içərisində “Kür qırağının əcəb seyrəngahı varşeri xüsusi yer tutur. Burada şair, Kür qırağının gözəl mənzərəsini, feodal ara müharibələrinin abadlığına imkan vermədiyi və bərbad qalan Kürqırağı kəndlərini təsvir etməklə yanaşı bir Azərbaycan qızının obrazını yaradır. İsmətli, namuslu, yad görən kimi yaşınan elat qızlarını hətta Çinin, Hindistanın gözəllərindən üstün tutur. Bununla yanaşı o, bu qızların bəzənib düzənməmələrini onlar üçün nöqsan sanır. Mənsub olduğu hakim feodal sinfinin mənafeyi ona görməyə imkan vermirdi ki, Qarabağ xanlığında ağır vergilər altında inləyən ata və qardaşlarına kömək etmək üçün gecə-gündüz çalışan “adamlıq ədaları olmayanbu qızların heç bəzənib düzənmək üçün vaxt tapa bilməmələri sadəcə onun gözündən yayınırdı. Ona görə də şair “yenə yada düşdü bizim sənəmlər” deyərək saray qızlarını elat gözəllərindən üstün hesab edirdi. Bu, əlbəttə Vaqifin böyük səhvi idi.

Azərbaycan şerində onun hansı zamanda yazılmasından asılı olmayaraq gözələ münasibət əsasən eyni, romantik olmuşdur. Lirik şerlərini əsasən Füzulinin təsiri ilə yazan VaqifFüzuli kimi ideal gözəl axtarırdı. Lakin qeyd etdiyimiz kimi Vaqifin təsvir etdiyi gözəl mücərrəd olmayıb yeri yurdu bəlli idi. Birki Füzuli Məcnunsayağı, ilahi eşqi tərınnüm etdiyi halda Vaqifin eşqi Xosrovun eşqi kimi maddi-cinsi eşq idi. Vaqifromantik gözəli xəyal aləmindən ayırıb ona milli Azərbaycan qadını paltarı geyindirib xəyali aləmdən ideal aləmə gətirir” (Araz Dadaşzadə).

Vaqifin gözəllərə həsr etdiyi şerlərdə realist bir ruh hakim olsa da bütövlükdə o, romantizmin təsiri altında idi. Gözəl, məlahətli bir könül aşinasının həsrətində olan şair qadının çadraya bürünməsinin əleyhinə idi. Şairin fikrincə o insan yaşınar ki, onun bir eybi olsun. Sifət cizgilərində bir eyib yoxdursa:

Dəxi yaşınmaq,

bürünmək, utanmaq?

Bəsdir bu dayanmaq!

Lakin şair bu məsələyə cəmiyyətin gözü ilə deyil, şəxsi prizmadan yanaşırdı. Çadranın əleyhinə çıxmaqla çadraya qarşı ümumi mübarizə aparmırdı. Bu məsələni o zaman qabartmaq mümkün olmasa da elə düşünürəm ki, Azərbaycanda ən böyük siyasi qüvvə olan Qarabağ xanlığının baş vəziri idi xanlıqda siyasi mövqeyinə görə ikinci şəxs sayıldığından o, çox məsələlərdə istəyinə nail ola bilərdi. Üstəlik elat tayfaları arasında mövhumatın hələ dərindən kök sala bilmədiyini bura ələvə etmək lazımdır. Amma o, hakim sinfin bir nümayəndəsi idi təbii ki, öz sinfinin mənafeyindən çıxış etməli idi. Vaqifin fikrincə qadın kişiyə bir qul kimi bağlanmalıdır, kişinin hər bir tapşırığını danışıqsız yerinə yetirməlidir. Onun qadına münasibəti qadınlara eşq mənbəyi kimi baxan bütpərəst ərəblərin qadına münasibətindən heç ilə fərqlənmirdi.

Bütövlükdə Vaqifin yaradıcılığını sırf realizm kimi xarakteriza etmək düzgün olmazdı. Burada yalnız realizmə xırda meyllər vardır. Onun yaradıcılığını romantizmdən realizmə körpü kimi qeyd etmək olar. Çünki, onun bir-iki şerini istisna etsək burada ictimai motivlərə demək olar ki, rast gəlinmir. O, xalq kütlələrinin acınacaqlı vəziyyətini deyil, yalnız özünə qarşı haqsızlıq baş verəndə cəmiyyətə etirazını bildirir. Bu mənada onunBaxqəzəli diqqəti çəkir.

Baxqəzəlini Qacarın əmri ilə zindana salınmış Vaqif Qacarın ölümü ilə zindandan azad olandan sonra yazır. Sevincini ən yaxın dostu Vidadi ilə bölən şair dövranın gərdişi, hər şeyə qadir olan padşahın-Allahın bir ləhzədə zül evini necə bərbad etdiyindən sevinir. Bütün yaradıcılığı boyu Məkkəni, Mədinəni, Kəbəni gözəllərin ayaqları altına sərən şair nəhayət ki, öz fəqirliyini, çarəsizliyini etiraf edir, dinə qayıdır, “Üz çevir Ali əbaya, Əhmədi Muxtara bax”-deyir.

Öz xilası üçün sevinən Vaqif eyni zamanda zülmün haqsızlığın hökm sürdüyü bu dünyada yaşamağın mümkünsüslüyünü qeyd edir.

Baş götür bu əhli dünyadan ayaq tutduqca qaç,

qıza, oğula, dusta, yara bax,

Bax”da dövrün xarakteristikanı verən realist meyləri ilə yanaşı güclü romantik hisslər vardır. Bu dünyadan ayaq tutduqca qaçmaq lazımdır. Amma hansı dünyaya? Məlumdur: zülmün, özbaşnalığın olmadığı romantik bir dünyaya. Amma Vaqif bir şair kimi haqsızlıqla qarşılaşanda daim xalqın içərisində olmalı, onlarla birlikdə mübarizə aparmalıdır. Daha əvvəl qeyd etdik ki, o, xanlığa böyük təsir gücünə malik idi. S.VurğunVaqifdramında məhz ideal, xalq üsyanına gizli rəğbət bəsləyən, onların azadlıq hərəkatını istiqamətləndirən əsil xalqın şairinin obrazını yaratmışdı. Bax, belə bir Vaqifi həqiqətən də “xəlqi” adlandırmaq olardı.

Vaqifin yaradıcılığına bir neçə sözlə qiymət vermək lazım olarsa yaxın dostu Vudadinin “Elə dilbər, canan deyib ağlarsan” sözlərini nümunə gətirmək kifayət edər. Əlbəttə, ömrünün son günlərində yazdığı “Bax” qəzəlini və “Görmədim” müxəmməsini istisna etmək şərti ilə. Bu doğru olmaz deyək ki, onun bütün ömrü xoş keçib. Fitnə-fəsad, şər və riyakarlıq yuvası olan sarayda (elə cəmiyyətin özündə də) ona xoş gəlməyən, qəlbini ağrıdan məqamlar olub. İdeal insan olmadığı kimi ideal xoşbəxtlik də olmur. Hər bir xoşbəxtliyin arxasında-onun gözə görünməyən bədbəxt cəhətləri olurya əksinə. Bu mənada onun “Görmədim” müxəmməsi dövrünün eybəcərliklərini açıb göstərmək baxımından çox qiymətlidir. “Görmədim” şeri onun keçirdiyi bütün həyat yolunu müəyyən edir. Lakin bu şerində də Vaqif cəmiyyətdəki eybəcərliklərə şəxsi prizmasından yanaşır.

Bəxt isə dönmüş, əgər iqbal isə olmuş yaman,

Möhnətü qəm çəkmək ilən öldüm axır mən aman,

Qövmü qardaşı, rəfiqi bir-bir etdim imtahan,

Hər kimin çəkdim cəfasın, bir səfasın görmədim.

Fikir verin, burada söhbət umumiyyətlə cəmiyyətdə cəfadan, vəfasızlıqdan söhbət getmir. Əgər Vaqif vəfa göstərdiyi bir yaxından cəfa görürsə deməli cəmiyyətdə vəfa yoxdur. Qeyd etdik ki, o, saraya düşənə qədər ağır həyat tərzi keçirmişdi. Onun uşaqlığı və ilk gənclik illəri ağır olmuşdur. Lakin onun heç bir şerində bu ağır həyat tərzindən söhbət getmir.

Hər yaman yer ki, olur-yaxşıların mənzilidir,

Ləl daş içrə xəzinə dəxi viranə düşər.

Vaqifin haqqında elmi monoqrafiya yazan Araz DadaşzadəninVaqif (Görmədim”də) məhəbbət, gözəllik aşiqi deyil, dövrünün, mühitin qüdrətli ittihamçısıdırfikrinin əksinə olaraq düşünürəm ki, bu, onun şəxsi həyatında baş verdiyi uğursuzluqlara üsyanı idi. Sual oluna bilər. Məgər o, ömründə bircə dəfə də olsa haqsızlıqla, riyakarlıqla, ikiüzlülüklə üzləşməmişdimi? Amma bütün bunlara qarşı mübarizə aparmaq əvəzinə “Dərddən didəsi giryan olmuşşair gözəllər üçün ağlayıb sızlayırdı.

Nə qədər ki, Vaqif saraya yol tapmamışdı müəllimlikdəm qazandığı cüzi qazancla yaşayırdı və cəmiyyətə:

Xalq batıb noğula, şəkərə, qəndə,

Bizim evdə axta zoğal da yoxdur.

-deyərək etiraz edir. Lakin saraya yol tapandan sonra ondan bir daha şikayət eşidilmir. Yalnız ömrünün sonlarında başa düşür ki, bu dünya təkcə zövqü-səfadan ibarət deyil. Bir zamanlar dostu Vidadiyə xanın qulluğuna girib ondan paradan, ouldan almağı məsləhət görən Vaqif sonda sarayın da, xanın da, elə bütün yaradıcılığı boyu pərəstiş etdiyi gözəllərin vəfasızlığını görür. Məhz bu zaman onda realizmə güclü meyl yaranır.

Vaqif də özündən əvvəlki və müasiri olmuş şairlər kimi yaşadığı dünyanı dəyişdirmək yolunu bilmirdi, xalqın çətin həyat şəraitini işıqlandırmırdı, Azərbaycan qadınının kişilərlə çiyin-çiyinə çalışan əməyini, qəhrəmanlığını tərənnüm etmirdi.

Bütün bunlarla yanaşı Vaqifin ədəbiyyatımızda xidmətləri böyükdür. Anadilli poeziyamızı zənginləşdirib, ərəb-fars sözlərindən təmizləyib, sadə, bugünkü oxucular üçün belə sadə, anlaşıqlı edib. Vaqif Azərbaycan realist ədəbiyyatının ilk qaranquşu idi. Hər şeydən öncə o həyat hadisələrini olduğu kimi göstərmiş, dini xurafata qarşı cəsarətlə çıxış etmiş, özündən əvvəlki şairlərdən fərqli olaraq canlı, konkret yaşayış yeri göstərilən gözəl surəti yaratmış, ən əsası isə poeziyamızı əcnəbi ünsürlərdən xilas edib canlı xalq dilinə yaxınlaşdırmışdır. Akademik B.Vinoqradov yazır: “Hər bir bədii dil sistemi kimi, realizmbuya başqa xalqın ədəbiyyatında müvafiq milli-ədəbi dilin yaranmasına qədər təşəkkül tapa bilməzdi” Azərbaycan ədəbi dilinin yaranmasıda Vaqifin rolu həqiqətən də şəksizdir. Professor N.Cəfərov çox haqlı olaraq onu Azərbaycan ədəbi dilinin banisi hesab edir.

Vaqif ardıcıl realist olmasa da özündən sonra bütöv bir ədəbi məktəb yaratmışdı. Sonralar bu realizm Q.B.Zakirin, M.f.Axundzadənin yaradıcılığında tənqidi realizm səviyyəsinə yüksəldi. Real ədəbiyyata böyük qiymət verən M.F.Axundzadə Vaqifi, eləcə də onun realist

davamçısı Zakiri çox bəyənir, ikincisini isə bəzi hallarda hətta Füzulidən üstün hesab edirdi. Azərbaycan ədəbiyyatındakı mövqeyini hələ sağlığında şair belə ifadə etmişdi:

Bir gün gələr itirərsiz Vaqifi,

O qədər gəzərsiz əli çıraqlı.

 

Yeqzar Cəfərli

 

Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyətin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan ədəbiyyatında müasir yaradıcılıq cərəyanlarının izlənməsi və təhlilinə dair təşəbbüslər” layihəsi çərçivəsində çap olunur.

 

Olaylar.- 2014.- 10 aprel.- S.10.