Diaspor təşkilatları Ermənistanın təcavüzkar
siyasətini dünya ictimaiyyətinə
çatdırır
Azərbaycan diaspor təşkilatları
fəaliyyətləri dönəmində hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında dünya və Avropa
ictimaiyyətinin məlumatlandırılması işinə xüsusi diqqət yetirilmişdir.
Bu məqsədlə
diaspor təşkilatları Avropanın
müxtəlif ölkələrində erməni diasporu və lobbisinin təşkil
etdiyi anti-təbliğat
kampaniyalarının qarşısının
alınması və ölkəmiz
haqqında obyektiv ictimai
rəyin formalaşdırılması üçün
müxtəlif formatlı tədbirlər və layihələr həyata
keçirirlər.
Belə ki, Avropa regionunda keçirilən məqsədyönlü
tədbirlər, milli maraqlarımızın təmin
olunması və mədəni irsimizin təbliği istiqamətində
təşkil olunmuş təbliğat kampaniyaları dünya
ictimaiyyətində ölkəmiz haqqında obyektiv rəyin
formalaşdırılmasında mühüm rol oynayır. Ötən
il Amerika ölkələrində fəaliyyət göstərən
Azərbaycan diaspor təşkilatları da müntəzəm
olaraq Azərbaycanla əlaqədar müxtəlif tədbirlər
həyata keçiriblər. Əvvəlki illərdə
olduğu kimi hesabat dövründə də Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin
Amerika ölkələrinin ictimaiyyətinə
çatdırılması məsələlərinə daha
çox diqqət yetirilib. Hesabat dövründə xarici
ölkələrdə fəaliyyət göstərən
diaspor təşkilatları tərəfindən həyata
keçirilmiş tədbirlər əvvəlki illərə
nisbətən həm əhatə dairəsinə görə,
həm kəmiyyət, həm də mahiyyət baxımdan əvvəlki
illərlə müqayisədə daha da təkmilləşib.
2013-cü ilin fevral ayında Qaradağlı faciəsinin
növbəti ildönümü
ərəfəsində - Gürcüstanın
paytaxtı Tbilisidə "Qaradağlı
soyqırımı" kitabının təqdimatı
keçirilib və "Azərbaycan Həqiqətləri"
adlı video-albom nümayiş edilib.. Təqdimat mərasimində
Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun
rəhbəri Qənirə Paşayeva, Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun İdarə
Şurasının sədri Ümid Mirzəyev, Azərbaycanda
Vətəndaş Cəmiyyətinin İnkişafina Yardım
Assosiasiyasının karabakhİnfo.com e-jurnalının
redaktoru Zaur Qəriboğlu,
Gürcüstan parlamentinin deputatı Azər Suleymanov və
kütləvi informasiya vasitələrinin nümayəndələri
iştirak edib. Tədbiri giriş sözü ilə açan
Azərbaycanlıların Mədəniyyət Mərkəzinin
sədri Fazil Həsənov zaman-zaman Azərbaycan
xalqının başına gətirilən faciələrin
Gürcüstanda daim anıldığını deyib. Millət
vəkili Qənirə Paşayeva isə bu məsələdə
hamını daha həssas olmağa, tariximizi dərindən
öyrənməyə, vətənpərvər ruhda gənclər
böyütməyə, üzərimizə düşən vətəndaşlıq
və milli borcu məsuliyyətlə yerinə yetirməyə
çağırıb. Gürcüstanda “Xocalı ayı”na
Marneulidən start verdiklərini deyən Qənirə
Paşayeva anım tədbirlərinin ölkənin bir
çox bölgələrində keçiriləcəyini
qeyd edib. Fevral ayının 23-də isə Vaşinqtonda yaşayan
azərbaycanlı icmasının nümayəndələri
Ermənistanın Birləşmiş Ştatlardakı səfirliyi
qarşısında etiraz aksiyası keçiriblər. Qeyd edək
ki, aksiyanın təşkilatçılarından biri ABŞ
Azərbaycanlıları Şəbəkəsidir (USAN). Aprelin
17-də Almaniyada yaşayan azərbaycanlılar türk
diasporuna dəstək məqsədilə Münhen şəhərində
irqi ayrı-seçkiliyə, millətçiliyə
qarşı etiraz nümayişi keçirib. Avropa Azərbaycanlıları
Konqresi və Almaniyadakı Azərbaycanlıların
Koordinasiya Mərkəzinin təşkil etdiyi aksiya Münhen
Baş Əyalət Məhkəməsinin qarşısında
baş tutub. Təxminən 600-dək
soydaşımızın qatıldığı izdihamlı
mitinqin iştirakçıları irqi ayrı-seçkiliyi,
millətçiliyi pisləyən bəyanatlarla
çıxış ediblər. İsveç Azərbaycanlıları
Konqresinin (İAK) nümayəndələri Şərqi
Avropada “dondurulmuş” münaqişələrə həsr
olunmuş seminarda iştirak ediblər. İsveç Beynəlxalq
Araşdırmalar İnstitutu tərəfindən təşkil
edilmiş seminarda Dağlıq Qarabağ münaqişəsi
xüsusi qabardılıb. Seminarda konqres nümayəndələrinə
İsveç Beynəlxalq Münasibətlər İnstitutunun
jurnalının yeni buraxılışı təqdim olunub.
Jurnalda Dağlıq Qarabağ münaqişəsinin indiki vəziyyətinə
ayrıca məqalə həsr olunub.
May ayının 14-də Ukraynada yaşayan azərbaycanlılar
azərbaycanlı iş adamı Elşən Əzimovun Kiyev
şəhərində ermənilər tərəfindən vəhşicəsinə
döyülməsi faktına görə Ukrayna Prezident
Administrasiyasına, Baş Prokurorluğa və Daxili
İşlər Nazirliyinə müraciət ediblər. Ukrayna Azərbaycanlıları Konqresinin
(UAK) təşkilatçılığı ilə müraciət
Ukraynanın bütün vilayətlərində
yaşayan azərbaycanlıların
adından rəsmi olaraq ünvanlanıb və
bu faktın azərbaycanlılar üçün ciddi
narahatlıq yaratdığı qeyd olunub. Litva Azərbaycanlıları
Cəmiyyətinin sədri Mahir Həmzəyev
və “Litva-Azərbaycan” Assosiasiyasının prezidenti
İmantas Melyanas Moldova Respublikasının Ombudsmanı Aurelia Qriqoriuya təşəkkür
məktubu göndəriblər. Məktubda Aurelia
Qriqoriun iyulun 4-də
Ermənistan parlamentindəki çıxışı
zamanı Ermənistanım Azərbaycana qarşı təcavüzünü,
insanlığa zidd cinayətlər
törətdiyini bəyan etməklə göstərdiyi cəsarət və
prinsipiallığına görə təşəkkür bildirilib. Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyəti
bir qrup danimarkalı parlamentarinin Azərbaycanın işğal
altındakı torpaqlarına səfər etməsi və qondarma rejimin rəhbərliyi
ilə görüşlər keçirməsinə etiraz olaraq Danimarka
parlamentinə məktub göndərib. Danimarkadakı Azərbaycan
icması adından Parlamentin Xarici Siyasət Komitəsinin sədri
Mette Gjerskova ünvanlanan etiraz məktubunda
ölkə parlamentinin iki
üzvünün Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə səfər etməsi
haqda Ermənistan kütləvi informasiya vasitələrində yayılan xəbərlərdən
narahatlıq bildirilir. Məktubda
Dağlıq Qarabağ münaqişəsi
haqqında ətraflı məlumat verilərək, 1992-ci ildən
bəri Ermənistan silahlı qüvvələrinin
işğalı altında olan bölgənin
Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi
olması və bu faktın beynəlxalq hüquqla təsbit edildiyi,
Azərbaycanın ərazi bütövlüyünün
BMT və digər qurumlar, eləcə də
Danimarka hökuməti tərəfindən
tanındığı diqqətə
çatdırılır.
2013-cü il 3 oktyabr tarixində Azərbaycan
Respublikası Diasporla İş
üzrə Dövlət Komitəsinin təşkilatçılığı
ilə Avropada yaşayan
azərbaycanlılar Brüsseldə Avropa Parlamenti qarşısında etiraz
aksiyası keçirilib. Aksiyaçılar
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həll olunmamasına etiraz
bildirmiş, münaqişə nəticəsində
azərbaycanlılara qarşı törədilmiş qırğın, terror
aktları, bir milyondan
çox adamın məcburi
köçkünə çevrilməsi, və Azərbaycan
torpaqlarının 20 faizinin işğal altında olması ilə
bağlı şüarlar səsləndirilib.
Aksiyanın sonunda işğal edilmiş ərazilərinin
azad edilməsi və məcburi köçkünlərin
öz torpaqlarına qayıtması üçün Ermənistana qarşı sanksiyalar tətbiq olunmasını tələb
edən bəyanat qəbul etmişdilər.
Hesabat dövrünün noyabr ayında İstanbul
Türkiyə-Azərbaycan Dərnəyində (İSTAD) keçirilmiş toplantıda erməni təbliğatına
qarşı birgə fəaliyyət məsələləri
müzakirə olunub. Türkiyədə
yaşayan azərbaycanlıların Azərbaycan
Respublikası Diasporla İş
Üzrə Dövlət Komitəsi və qeyri-hökumət təşkilatları
ilə birgə fəaliyyətinin əhəmiyyətini vurğulayan İstanbul
Türkiyə-Azərbaycan Dərnəyinin sədri Səfər
Karakoyunlu Azərbaycan Prezidenti
İlham Əliyevin “bir
millətin iki diasporu olmaz” kəlamını xatırladıb.
O deyib ki, bu kontekstdə Türkiyənin ən böyük şəhəri olan
İstanbulda Azərbaycan həqiqətlərinin
təbliği üçün tədbirlər
davam edəcəkdir. Toplantının sonunda İqdır bələdiyyə sədrliyinə
namizəd Gündüz Günəşə
İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin
xatirə hədiyyəsi təqdim edilib.
Noyabrın
16-21-i tarixlərində Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərində
Misir Mədəniyyət Nazirliyi
tərəfindən Beynəlxalq
Tolerantlıq Gününə həsr olunmuş "VI Beynəlxalq Səmaa Dini Musiqi
Festival"-ında Azərbaycanın da iştirak etdiyi 12 ölkə təmsil olunub. Festivalın açılış
günüdə 3 nəfərdən 2-i erməni olmaqla Rusiyanı təmsil edən
iştirakçıların çıxışı azərbaycanlılar
tərəfindən ciddi narazılıqla
qarşılanıb. Buna səbəb, Avetis Manukyan tərəfindən
ifa olunan milli musiqi alətimiz olan balabanın
Ermənistanın nəfəs musiqi aləti kimi təqdim
edilməsi olub. Bununla yanaşı, Misir Mədəniyyət
Nazirliyi tərəfindən
paylanılan xüsusi
proqram kitabçasında Rusiya
Federasiyasını təmsil edən
iştirakçıdan birinin doğulduğu yer kimi Xankəndinin Ermənistan ərazisi kimi qeyd olunması Azərbaycanı
təmsil edən nümayəndə heyətinin rəhbəri,
Akademik Ziya Bünyadov
adına Şərqşünaslıq İnstitutunun
Ərəb ölkələrinin tarixi və
iqtisadiyyatı şöbəsinin kiçik
elmi işçisi Pərvin
Əfəndiyevanın, Misirdəki
Azərbaycan Diasporu təşkilatının
sədri, Dünya Azərbaycanlı Gənclər
Birliyinin Mərkəzi Şurasının
üzvü Ramil Nifəliyevin
və Misirdəki Azərbaycan Diasporu
təşkilatının beynəlxalq əlaqələr
şöbəsinin rəhbəri Rəşad Əliyevin kəskin
etirazına səbəb olub.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.-
2014.- 11 aprel.- S.15.