Avropanı fəth edən
“Nəğmələr”
Mirzə Şəfi Vazeh Azərbaycan ədəbiyyatı
tarixində xüsusi mövqeyi olan şairlərdəndir.
1794-cü ildə Gəncədə anadan olmuş, müəllimlik
və xəttatlıqla məşğul olmuş, daha sonra
Tiflisə köçmüşdür. Tiflisdə
yaşayıb-yaratdığı illər onun
yaradıcılığının xüsusi bir
dövrünü təşkil edir. Burada o, zamanının bir
sıra şairləri, mütəfəkkirləri olan Abbasqulu
ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə, şairlərdən
Nəcmi, Naseh, Şölə, Mirzə Həsən, Molla
Abdulla, Mirzə Yusif Vidadi, Hacı Yusif Qane ilə tanış
olur. “Divani hikmət” adlı bir şer məclisi yaradır.
Burada adları çəkilən şairlər tez-tez
görüşür, şerlər oxunur, rəylər
söylənirdi. Fridrix Bodenşdetlə də burada
tanış olur. Mirzə Şəfi ilə dostluq bağı
quran Bodenşdet onun nəğmələrini Almaniyada “Mirzə
Şəfinin şərqiləri” adı ilə çap
etdirir.
Az sonra böyük şöhrət qazanan bu nəğmələr
ingilis, fransız, italyan, çex, macar, norveç, isveç,
holland, danimarka, polyak, hətta qədim yəhudi dilinə belə
tərcümə olunur. Bütövlükdə
170 dəfə çap olunur. Təkcə Almaniyada 1922-ci ilə
qədər bu kitab 169 dəfə nəşr olundu. “Nəğmələr”
Rusiyada da geniş şöhrət tapır. Hətta L. Tolstoyun diqqətini cəlb edir. “Nəğmələr”in
qısa zamanda böyük şöhrət qazanmasını
görən F. Bodenşted bu nəğmələri
öz imzası ilə çap etdirir. Şərqşünas
A.Berje də şeyxülislam Molla Əhməd Səlyaniyə
əsaslanaraq bu nəğmələrin Bodenştedə məxsus
olduğunu iddia edir. Baxmayaraq ki, Bodenşted “Şərqilər”in
ilk alman dili tərcüməsində bütün bu nəğmələrin
Mirzə Şəfi tərəfindən onun gözünün
qabağnda yarandığını bildirmişdi. Nəğmələrin
içərisində Xəyyama, Hafizə məxsus beytlərin
olması bu nəğmələrin həqiqətən
oğurlanmasını subut edir. Fars dilinə mükəmməl
bələd olan Vazeh heç zaman fars klassiklərinin şeir
numunələrini nəğmələri içərisinə
qatmazdı.
Təkrardan qorxmayaraq
qeyd edək ki, Tiflis mühiti M.Şəfini tamamən dəyişdirdi.
Şair özü Gəncədə mədrəsədə
işlədiyi illəri cahiliyyət dövrü
adlandırırdı.
Cəhalət
içində olmuşam sərsəri,
Qocalıb getmişdim
ürəyimdə qəm.
Gümrah cavan etdi
yenidən məni,
Bir mey, bir məhəbbət,
bir də ki, nəğməm.
Bütövlükdə
şairlərin əksəriyyəti həyatla mübarizədə
aciz qalır, çarəni məscidlərdən aralı gəzməkdə
meyə, meyxanaya üz tutur. Şair yazırdı ki, “nəğmələrində
məscid havası gələn şairlərin başları
boş, ağılları dayazdır”.
Sonrakı şerlərində
şair cənnətdən, cəhənnəmdən, güldən,
bülbüldən yazanlara “Sizə şair kimi min nifrətim
var”-deyirdi.
Mirzə Şəfi
Vazehin yaradıcılığını 3 qola ayırmaqla
öyrənmək mümkündür: Maarifçilik, realizm,
satira. Onun böyük zəhmət sərf
etdiyi maarifçilik fəaliyyəti ayrıca bir
araşdırma mövzusu olduğundan bu barədə bir
neçə kəlmə yazmaqla kifayətlənəcəyəm.
Çar hökuməti yerli xalqın arasından özünə
sadiq məmurlar yetişdirmək məqsədi ilə qəza
məktəblərin açılması haqqında sərəncam
verdi. Bu məktəblərdə Azərbaycan
dilinin tədrisinə icazə verilsə də dərsliklər
problemi vardı. Vazeh fars dilini mükəmməl bilən
İ.Qriqoryevlə birlikdə Azərbaycan dilinə aid
ikicildlik müntəxabat yaratdı. Lakin bu kitabın nəşrini
görmək ona qismət olmadı. Şairin ruhu yalnız
bununla təsəlli tapır ki, onun bu işi sələfləri
tərəfindən davam etdirildi.
Şairin
yaradıcılığını ətraflı
araşdıran professor Feyzulla Qasımzadə Mirzə Şəfi
Vazehin yaradıcılığını öyrənmək
üçün əsasən iki yolu göstərir: “Bunlardan biri tərcümə şəklində bizə
gəlib çıxan şeirləri saf-çürük edib
hansıların Mirzə Şəfiyə aid olduqlarını
dəqiq surətdə müəyyənləşdirmək,
ikincisi isə tərcümələrin farsca və azərbaycanca
əsillərini axtarıb tapmaq lazımdır. Əlbəttə,
ikincisi daha doğru və elmi yoldur”.
Mirzə Şəfinin
həyata, dünyaya baxışı bir o qədər ziddiyyətli
olmasa da haqsızlığa qarşı mübarizə
yollarını açıb göstərə bilmir. Onun
fikrincə xalq özü dəyişməsə şahın
yaxşılığa doğru dəyişməsinə
ümid etmək sadəlöflükdür. Zənnimcə,
burada şair Qurana istinad edir. Müqəddəs kitabda “Biz hər
bir qövmün içindən onlara layiq padşahlar
seçdik”-deyilir. Mirzə Şəfidən “Padşah necə
adamdır”-deyə soruşduqda cavab verdi:
O da bir nadandır qalanlar kimi,
Əba, əmmaməsi
olanlar kimi
Xalqın cahil, qorxaq,
kor olduğunu,
Bilib cəhalətdə
saxlayar onu.
Şəriət
kitabları yazır ki, dünya insanların əməl dedikləri
işlərlə tənzimlənir. Necə torpaqda nəyi əkib
onu da becəririksə həyatda da hansı işi
görürüksə ona uyğun da dünya idarə olunur.
Bunun başqa cür izahı yoxdur.
Mirzə Şəfi
şeirlərinin birində qeyd edir ki, xalq padşahın
nöqsanlarına baxıb gülməyincə padşah
düzəlməz. Burada şairin
dünyagörüşünün məhdudluğu
özünü açıq-aydın göstərir.
Çünki, zalım padşahı bu və ya başqa bir
şəkildə tərbiyələndirərək ədalətli
etmək qeyri-mümkündür. Cəmiyyəti dəyişdirmək
üçünsə köklü bir üsyana ehtiyac var. Mirzə
Şəfinin fikrincə dövlətin zəifliyi vəzir və
vəkillərin nadanlığı ilə bağlıdır.
Axmaq şahın bir ağıllı sözünə ölkənin
bütün nadan adamları sevinir, bu sözü nadir kəlam
hesab edirlər. Mirzə Şəfi də özündən
qabaq və zamanında yaşayan şairlər kimi (M.F.Axundzadə
istisnadır) ədalətli şaha ümid bəsləyirdi.
Çağdaşları
olan digər şairlər kimi Vazeh də dövrünün
eybəcərliklərini ifşa etmək üçün
satiranı ən tutarlı vasitə hesab edirdi. Satiralarında
ən çox tənqid etdiyi Şah Abbas və Məhəmməd
şahın baş vəziri, rus səyyahı Beryozinin
“İranın Rişeylisi” adlandırdığı Mirzə
Hacı Ağası xandır. Bu şeirlər sənətkarlığın
yüksək bədii nümunəsi sayıla bilər. Burada
şair klassik şer ənənələrini davam etdirməklə
şeri yeni-yeni çalarlarla da zənginləşdirmişdir.
Bu satiralarda şair saray həyatına, yaltaqlığa,
riyakarlığa nifrət edir, insanları ədalətli,
xeyirxah və mehriban olmağa səsləyir, aqili axmaqdan
asılı edən yoxsulluğa qarşı
çıxırdı.
Şahların zinətli
hədiyyəsinə,
Təriflə vuraraq
daha da ziynət.
Ancaq təbiətin min bir töhfəsinə,
İnanın, vermərik bir dəfə
qiymət.
Bütün digər şairlər kimi
Mirzə Şəfi də gözəllikdən, gözəllərdən
zövq alırdı. Şairin fikrincə qadir
Allah dünyada qadını bir çiçək kimi xəlq
etmişdir. Qadın üzünü
örtməməlidir. Necə ki,
baxçada çiçək üzünü gizlətməməlidir.
Vazeh deyirdi ki, qadın üzündən
çadranı atmalıdır ki, bu dünyada ən gözəl
afət olduğu bilinsin.
Şair çadranı gecənin zülməti
ilə müqayisə edir. İnsanların
batini üzlərində əks olunub. Üzü
görməyincə necə insan olduğu,
yaxşı-yamanlığı bilinməz.
Burada bir haşiyə çıxmaq istəyirəm. Biz hamımız uşaqlıqda nağıllarla
böyümüşük. Padşahın
qızının keçələ qoşulub
qaçmasını çox eşitmişik. Bəllidir ki, çadra altında, qapalı saxlanan
qız keçəli görən kimi onu kişilərin ən
yaxşısı hesab edir və ona qoşulur qaçır.
Müəyyən mənada insanın üzü
həqiqətən də açıq olmalıdır.
Mirzə Şəfi Vazeh Azərbaycan
qadınını cəsur, qürurlu olmağa,
çadranı atmağa, həyatda mübarizə aparmağa
çağırırdı. O,
yaşadığı dövr üçün qəbuledilməz
olan qadınlarla kişilərin hüquq bərabərliyi məsələsini
ortalığa atırdı.
Bizlərdən bir kişi bir
qadını sevsə,
O, gözəl bir dost sayılar və ona nöqsan tutmaq
yaxşı görünməz.
Bəs nə üçün qadın bir kişini sevsə
Dünyanın gözünə xar və
pozğun görünər.
(Sətri tərcümə A. Aslanovundur)
Bütün bunlarla yanaşı şairin
erməni qızı Suzannanı vəsf edən “Süsəni”
şeri də varıdır ki, burada o, erməni
qızını dünyanın ən gözəl qızı
hesab edir, şəninə Quran ayələri, peyğəmbər
kəlamları söyləyir.
Gün ki, hər gün ki, çıxar dərgahinə
səcdə edər,
Sərv rəftarə gələr
qılsa qədin bağa güzər.
Qönçə gər ağzın ilə
qarşı dura boynun əyər,
Küfr eşqin yetişib bir yerə kim,
ey kafər,
Desələr Vazehə böhtandı
müsəlman, Süsəni.
Mirzə Şəfi Vazeh daha çox lirik
şairdir, məhəbbət şairidir. Onun aşiqanə lirik şerlərinin qəhrəmanı
olan aşiq dünyanın, həyatın anlamını,
öz səadətini yarının yanında mehman qalmaqda,
yarın şirin dodaqlarından busə almaqda görür.
Məşuqu bir sarban kimi ona yol göstərir,
onu keçilməz səhralardan keçirir, onu məhəbbəti
yolunda döyüşə sövq edir. Yarın
məlahətli, incə səsi bütün qüvvələrin
hamısından, küləklərdən də,
fırtınalardan da qüvvətlidir. “Züleyxa”
şerində yazır:
Göy üzünü bəzəyirsə ol günəş
necə,
Qəlb evini bəzəyirsən sən də
eləcə.
Yetişmişəm sayəndə mən bu səadətə,
Könlüm bil ki, düçar olar sənsiz
zillətə.
Bütün insanlar qiyamət günü
vahimə içərisində cənnət gözlərkən
aşiq durub sakit-sakit baxacaq, çünki, onun cənnətə
ehtiyyacı yoxdur. Çünki:
Cənnət qapısını bu dünyada sən,
Açmısan üzümə ey nazəndə
qız.
Yarın hər bir xatirəsi aşiq
üçün qiymətlidir, mənası dərindir. Əli yarın əlinə çatmasa da xəyalı
onun yanındadır. Bu məhəbbət
Məcnunsayağı, ilahi bir məhəbbətdir.
Lirik şerlərində şair qüvvətli
təşbihlər yaradır. Yarı
ilə qucaqlaşmasını göylə yerin
qucaqlaşması ilə müqayisə edir. Onun yanında özünü məsud, bəxtiyar
hesab edir. İnsan qocalsa da, aşiq, eşq
qocalmır.
Mənim həyat üzüyümün qaşısan,
O üzüyün bəzəyi sən, daşı sən.
İnan, bütün nəğmələrim sənindir,
Ürəyə bax,,, neyləyirsən
yaşı, sən.
Məhəbbət şerlərini əsasən
Füzulinin təsiri ilə yazan Mirzə Şəfi
üçün də Füzulidə olduğu kimi eşq
dünya nemətlərinin ən ləzzətlisidir. Onun lirik qəhrəmanı da Füzulinin lirik qəhrəmanı
kimi öz eşqini qorumağı bacarır. Lirik şerlərində Vazeh nikbindir, sevgilisinin
vüsalına yetişəcəyinə inam bəsləyir,
sevgidə ümidsizliyi haram sayır.
Aşiqanə şer və qəzəllərində
şair elə bir pak və ülvi məhəbbəti təbliğ
edirdi ki, Züleyxa ilə qadınlar Yusifi gördükdə
özlərini itirib barmaqlarını kəsdikləri kimi
aşiqlə məşuq da bir yerdə olarkən özlərindən
başqa heç kəsi duymamalı, görməməlidirlər. İlahi ibadət olan namazda olduğu kimi.
İnsan Yaradanla söhbətdə olanda ətrafında
heç kəsi görüb hiss etməməlidir.
O, elə bir dostluq təbliğ edirdi ki, Ayazla Sultan
Mahmud Qəznəvinin dostluğu kimi olsun. Belə
bir dostun qılıncı ilə şəhadətə yetsən
də cənnətə düşəcəksən.
Mirzə Şəfi Füzuli kimi silsilə
təşbihlər yarada bilməsə də hər halda
Füzulidən sonra ədəbiyyatımızda belə
gözəl təşbihlərə bir o qədər də
rast gəlinmir. Şair gözəlin od
saçan yanaqlarını Tur dağında Musanın
gözünə görünən odla müqayisə edir. Gözəlin danışığı ölüləri
dirildən İsanın özünü diriltməyə
qadirdir. Dar ağacının altında belə
tövbə etməkdən imtina edən Həllac Mənsur
kimi öz əqidəsinə və məsləkinə
sadiqdir. “Mənim həyatım sənin
vüsalına çatmağımdan, məhvimsə sənin
acıqlanıb ayrılmağından asılıdır”-deyən
şairin lirik şerləri haqqındakı söhbətimizi
elə onun öz misraları ilə də
yekunlaşdırırıq. “Eşq ilə
həlak olan, məşuq ətri ilə həyat tapar”.
Mirzə Şəfi yoxsul həyat tərzi
keçirmişsə də mənən olduqca varlı bir sənətkardır. O, ədəbiyyat
bağçamızda bir ağac əkdi. “Daim
nurlu, göylərə ucalan, fırtınadan, küləkdən
qəddi əyilməyən, yarpağı tökülməyən,
riyakarlığın nə olduğunu bilməyən ülvi,
nəcib bir ağac”. Şairin özünə
bugünkü xoşbəxt günləri görmək qismət
olmasa da xatirəsi dövlət səviyyəsində daim qeyd
olunur. Onun, Tiflisin Nəbatat
bağındakı möhtəşəm abidəsi dövlət
başçımız və onun gürcüstanlı həmkarı,
həmçinin elm və incəsənət xadimləri tərəfindən
dəfələrlə ziyarət olunub. Heydər
Əliyev Fondunun təşəbbüsü ilə şairin qəbirüstü
abidəsi rekonstruksiya olunub. Dövlət
başçısının M.Ş.Vazehin 220 illik yubileyinin təntənəli
keçirilməsi haqqında verdiyi sərəncam mədəniyyətimizə
dövlət qayğısının gözəl örnəyi
sayıla bilər.
Yeqzar Cəfərli
Olaylar.-
2014.- 11 aprel.- S.10.