M. F. Axundzadənin
realizmi
Maarifçi realizmdən tənqidi realizmə
Mirzə Fətəli Axundzadə ədəbiyyat tariximizdə əsərləri milli qeyrət, xalqın acınacaqlı yaşamından gileylənmək, millətin savadlanması, qabaqcıl Avropa mədəniyyətinə qoşulması üçün yorulmadan çalışmaq kimi bir çox realist ideyalarla zəngindir. Bu yazıda bir realist sənətkar kimi ən çox onun yaradıcılığında milli təəssübçülük üzərində dayanacağıq.
M.F.Axundzadə
yaradıcılığa şeirlə başlamışdır.
Lakin, onun şeir yaradıcılığı
bir o qədər də zəngin deyildir. Ədibin ölməz
rus şairi A.S.Puşkinə yazdığı “Puşkinin
ölümü haqqında şərq poeması”nı, “Zəmanədən
şikayət”i və daha bir neçə bu tipli şeirləri
istisna etsək yerdə qalan şeirləri əsasən məktublardan,
mədhiyyələrdən ibarətdir. Öz
dövrünün digər yazıçıları kimi
Axundzadənin də yaradıcılığında ziddiyyətlər
yetərincədir. Əgər bu ziddiyyətlər ilk olaraq
başladığı şeir
yaradıcılığını əhatə etsəydi bunu
onun gənc olması, yaradıcılığa yeni başlaması
ilə bağlamaq olardı. Lakin bu ziddiyyətlər onun
bütün yaradıcılığı boyu hiss olunur. Bir yandan mədhiyyə yazan şairləri tənqid
edən, “o ədəbiyyatı real ədəbiyyat hesab edirəm
ki, orada xalqın real həyatı, dərdləri öz əksini
tapsın”- deyən ədib bir yandan da İstanbulda baş vəzir
Fuad paşaya əlifba ilə bağlı yazdığı
şeirində onu Süleymanın müdrik vəziri Asəflə
müqayisə edirdi. Digər bir mədhiyyəni
isə rus çarının vəliəhdi
II Aleksandrın Tiflisə gəlişinə həsr etmiş,
burada vəliəhdi orta yüzil dünyasının ən nəhəng
sərkərdələri olan Əmir Teymurdan və I Şah Abbasdan üstün
tutmuşdu. Bundan başqa o, zəmanəsinin
şairlərinin, xüsusən də Q.B.Zakirin kəskin tənqid
etdiyi, öz zülmkarlığı ilə bütün
Qarabağ mahalında məşhur olan Cəfərqulu xana da
bir neçə mədhiyyə yazmış, onunla dostluq
münasibətləri saxlamışdır. Zənnimcə
Axundzadənin Cəfərqulu xanı həcv etməməsini
onun bir çar zabiti olaraq rütbəcə Cəfərqulu
xandan kiçik olmasında, hərbi
intizamın buna yol verməməsində axtarmaq
lazımdır.
Axundzadənin məqalələri
ədibin yaradıcılığının ayrılmaz
bölümünü təşkil edir. Aristotel elmləri təsnifat
edib necə bir-birindən ayırmışdısa Axundzadə
də ədəbiyyatşünaslığı təsnifat
edib öz məqalələri ilə ədəbi tənqidi
müstəqil bir janr kimi yaradıb inkişaf etdirmişdir. Bu məqalələri oxuyunca onun ilk öncə ərəb
əlifbasını sadələşdirmək, daha sonra isə
dəyişdirmək uğrunda, ədəbiyyatımızda
yabançı cərəyanlara (xüsusən də ədəbiyyatda
ikinci dərəcəli hadisələri önə çəkən,
realizmi inkar edən naturalizmə) qarşı necə gərgin
dirəniş apardığının şahidi oluruq. Bu məqalələrdən
həm də aydın olur ki, o, bir çar zabiti, bir dövlət
məmuru olmasına baxmayaraq çar idarə sistemindəki
haqsızlığı öz şəxsi həyatında da
hiss edirdi. Bu məqalələrin ən böyük əhəmiyyəti
də burada çar idarə üsulunun tənqididir.
Yaradıcılığının
müəyyən dövründə
mövcud ictimai siyasi quruluşu tənqid edərkən
o, bir maarifçi kimi çıxış edirdi. O da digər
maarifçilər kimi cəmiyyətin inkişafının
maarifdən keçdiyini bilirdi. Onun əlifba uğrunda
apardığı mübarizə də bununla bağlı
idi. İlk əvvəllər
onun maarifçiliyi məhdud idi. Bu zaman o, hətta ədalətli
hökmdar obrazı yaratmağa çalışırdı.
Lakin o, Avropanın qabaqcıl maarifçilərinin fikirləri
ilə tanış olduqdan sonra bu sahədə bir
inqilabçı demokrat səviyyəsinə yüksəldi.
M.F.Axundzadənin yaradıcılığı
müxtəlif janrları əhatə etsə də ona ən
böyük uğur qazandıran ölməz
komediyalarıdır. Belə ki, Tifliş şəhərində
təşkil olunan Rus teatrları və burada Rus və Qərbi
Avropa dramatuqrlarının əsərlərinin tamaşası
Axundovda dərin təəssürat yaradır. Nadir
Məmmədovun qeyd etdiyi kimi ”Mirzə Fətəli doğma
xalqını orta əsr feodal dünyasının bəlalarından,
nadanlığından qurtarmaq, ictimai-siyasi şüurunu
oyatmaq, mədəni xalqlar səviyyəsinə qaldırmaq
üçün teatr və dramaurgiyanın təsirli bir vasitə
olmasını hesab edir”. Və o xalqı
gerilikdən ayırıb, yeniliyə aparmağın ən
yaxşı yolunun dramaturgiyadan keçdiyini anlayır və
komediya janrında ard-arda bir-birindən gözəl 6
sanballı əsər yaradır. 1850-1855-ci illərdə
yazılan bu komediyaların hər
birinin mövzusu real həyatdan götürülmüş və
hər bir birində çağdaş yaşamla belə səsləşə bilən,
bir sıra məsələlər
qaldırımışdır. Dram əsərləri bədii
nəsrin başqa növləri ilə müqayisədə
daha üstündür. Çünki burada oxucu həm
mütailə yolu ilə, həm də əsərə
tamaşa etməklə ikiqat zövq ala bilir. Digər janrlarda
qələmə aldığı
əsərlərində olduğu kimi komediyalarında da
Axundzadə təəssübçü düşüncələri
oxucuya anlaşıqlı bir yolla çatdırmağı
bacarır.
Dramaturqun ilk komediyası olan “Hekayəti-Molla
İbrahimxəlil Kimyagər” komediyası yazıçının
bu növdə yazılan komediyalarından ilki olduğundan digər
yazılacaq olan komediyaların qurulmasına, fikir
axıcılığının düzülüşünə
öz yönünü vermişdir. Komediyada
Axundzadə Nuxuluların timsalında avamlığı,
geriliyi tənqid edir, mədəni inkişafa
qovuşmağın yolunu məhz yenilikçilkdə
görürdü. Sanki o, öz düşündüklərini,
gerçəyə qovuşdurmaq istədiyi ideyalarını,
ülgülərini bu əsərdə Hacı Nurunun
timsalında verməyə çalışır. Şair
Hacı Nuru dəfərlə nuxuluları Molla
İbrahimxəliə aldanmamağa çağırırsa da
bu fayda vermir. Necə deyərlər “Cam nə qədər
böyük olsa iman yenə öz bildiyini oxur”. Bu əsərdə
dramaturq avamlıqla, geriliklə, dar düşüncəli
olmağı əldə bayraq tutmaqla çox da qabağa getməyin
mümkün olmadığını
dönə-dönə vurğulayır.
“Hekayəti-Müsyö
Jordan həkimi-nəbatat və Dərviş Məstəli
şah caduküni-məşhur” komediyasında da
sadaladığımız ideyalar davam etdirilir. Bu
komediyada müəllif qadınların avamlığına, hətta
kişilərin də onlardan geri qalmamasına ürək
ağrısı, qəlb acısı ilə acıyır.
Şəhərbanu xanımın Dərviş Məstəli
şahın Parisi dağıdacağına inanması,
Şahbazın Avropaya elm dalınca getməsilə
razılaşmaması, yoluna sədd çəkməsi, Şahbaz bəyin isə “Mənim
tay-tuşlarım tamam mərifət sahibi olub, qulluq edib,
xoşbəxt olublar. Mən qalmışam elə bu
qamışlıqda adsız, sanzıs” deyərək əzmlə
mübarizə aparması, Hatəmxan
ağanın “Balam sən hələ uşaqsan, bu zadlar tamam
boşdur. İnsana ağıl lazımdır. Bir
dil artıq bilməklə ağıl artmaz” və ya “Sən
Parijə getmədən də Müsyo Jordanın söhbətlərinə
qulaq asmaqla oranın əhlinin adət və xəvvasından
mütəlle ola bilərsən” sözləri Axundzadənin nə
qədər yüksək sənətkarlıqla avamlığı, geriliyi pisləməsini,
dövrünün eybəcərliklərini bacarıqla
qabartması aydın sezmək olur.
Digər
komediyalarında da çeşidli promlemlər
qaldırılır. “Hacı Qara”da xəsislik,
tüfeyli yaşam tərzi, “Sərgüzəşti vəziri
xani Lənkəran (Sərab)”
komediyasında xanlıq idarə üsulu, “Mürafiyə (Təbriz)
vəkillərinin hekayəti”ndə
İran məhkəmə orqanlarındakı rüşvətxorluq, “Hekayəti Xırs quldurbasan”da
çar üsul idarəsi tənqid hədəfidir. Bütün bu əsərlərin mövzusu real həyatdan
götürülmüşdü. Çünki zəngin biliyə,
geniş əhatə dairəsinə malik olan dramaturqun yetərli sayda mövzu müxtəlifliyi, materialı vardı və nəyisə
öz təxəyyülündə uydurmasına ehtiyac yox idi.
Sadaladığım
komediyalar haqqında təkcə onu deməyi lazım
bilirik ki, o, komediyalarında hansı fərqli məsələlər
qaldırırsa da bunları birləşdirən bir ümumi
cəhət vardır ki, bu da avamlığın
ifşası, xalqın maariflənməsi, dünyanın
inkişaf etmiş xalqları sırasına daxil etmək yolunda mübarizədir. Yeri gəlmişkən
onu da qeyd edim ki, Axundzadə “Hacı Qara”nın mövzusunu
Avropa ədəbiyyatından götürsə də əsərdə
əsas mənfi obraz kimi səciyyələndirilən Hacı
Qara real şəxsiyyət
olmuşdur. Ağcabədi bazarında parça ticarəti ilə
məşğul olmuş Hacı Qara əslində səxafətli,
xeyirxah insan olmuşdur. Axundzadəyə borc vermədiyindən
o da onu bir xəsis kimi ifşa etmişdir.
Komediyalarda diqqətimi
ən şox cəlb edən cəhət mənfi qəhrəmanların
hamısının hakim təbəqələrin içindən
seçilməsidir. Lakin o, çar idarəsinin məmuru
olduğundan mənfi qəhrəmanları bütün keyfiyyətləri
ilə açıb göstərə bilmir. O, rüşvətxor
və süründürməçi çar məmurlarını
üstüörtülü şəkildə, eyhamlarla tənqid
edir. Gənc bir tədqiqatçı olaraq
düşünürəm ki, Axundzadə bir çar məmuru
olmasaydı daha çox maarifçi, daha çox realist, daha
çox materialist ola bilərdi.
Böyük ədibə şöhrət
qazandıran ən böyük cəhət onun cəsarəti
idi. O, qorxmadan, çəkinmədən millətin
nöqsanlarını açıb gpstərir, “baxın, biz
beləyik” deyirdi. Elə ona görə də təqib olunurdu,
“mürtəd” adlandırılırdı. Lakin, o, bu
nöqsanları göstərib millətinə rişxənd
etmirdi. Cəhalətdən çıxmağın
yollarını da göstərirdi.
M.F.Axundzadə tipik obrazlar
yaratmağın ustası idi. Məsələn,
Şah Abbas obrazını yaratmaqla orta əsr
dünyasının bütün despot şahlarının,
Molla İbrahimxəlil kimyagər obrazını yaratmaqla
yalançı kimyagərləri, vəzir Mirzə həbib
obrazını yaratmaqla isə çətin dövlət
işlərində yalnız saqqalını tərpətməklə
kifayətlənən axmaq vəzirlərin umumiləşdirilmiş
obrazını yaratmışdır. Lakin,
çox təəssüf ki, Axundzadə sağlığlnda
bu komediyaların heç birinə
səhnə həyatı verə bilmədi. Əbdürrəhim
bəy Haqverdiyev “Mirzə Fətəlinin faciəsi” məqalələsində
yazırdı: ”1849-ñu ildə canişin Voronsovun əmri ilə
Tiflisdə teatr binası tikilmişdi. Erməni,
gürcü və Azərbaycan dillərində teatr əsərləri
yazmaq üçün canişin 3 komisyon təşkilinə əmr
verdi. Erməni, gürcü komisyonları tezliklə işə
başladılar. Azərbaycan komisyonunda işləmək
üçün Mirzə Fətəlidən başqa bir adam
tapılmadı. Axırda Mirzə Fətəli özü təklikdə
komediyalar yazmağa başladı. Bu da bir faciə”.
Povest janrında qələmə
aldığı “Aldanmış Kəvakib” əsərində
isə Axundzadə fanatikliyi,
nadanlığı tənqid etməklə yanaşı,
İrandakı rüşvətxorluğu,
özbaşnalığı, haqsızlığı da
ifşa edir. Əsər I
Şah Abbasın saray tarixçisi olan İsgəndər bəy
Münşinin “Tarixi-aləmarayi Abbasi” (dünyanı bəzəyən
Abbasın tarixi) əsərinə əsaslanır. Axundzadə
Kor Məhəmməd Xudabəndənin və onu oğlu I
Şah Abbasın dövrünün real
görünüşünü dövlət məmurlarının
öz dili ilə verir. Yeri gəlmişkən yazıçı haqqında bu
yazını hazırlarkan M.F.Axundzadənin 2005-ci ildə
Şərq-Qərb mətbəsi tərəfindən çap
olunmuş üç cildlik seçilmiş əsərləri
ilə tanış oldum. Həmin əsərlərin I cildində
səhv olaraq I Şah Abbasın anadan olma tarixi 1557, hakimiyyətə
gəldiyi isə 30 yaş göstərilir. Halbuki o, hakimiyyətə
1587-ci ildə gəlmiş, bu zaman isə onun 16 yaşı
var idi.
Yeqzar
Cəfərli
Ardı
var...
Olaylar.-
2014.- 15 aprel.- S.12.