Şirindən şirin dilim, saf olarsa var elim!
Torpaqlarımızı
Müdafiə Nazirliyi, dilimizi isə yazarlar müdafiə etməlidir!
Dünyanin
heç bir xalqı öz dili barədə bizim qədər
çox yazmaz və ona şeirlərində,
mahnılarında bizim qədər məhəbbət
élan etməz. Bu bir fitrət məsələsidir;
“su və quyunun dibi” məsələsi kimi. Bu qədər çox yazılmasına rəğmən
öz ana dilinə bizim qədər laqeyid olan ikinci bir xalq tapa
biləcəyimizə də ümid etməyək. Bəs
bunu kim formalaşdıracaq? Bu məsələdə
birinci olaraq yada
qadınlar – analar düşür. Çünki
övlada dili əsasən anası öyrədir. Amma necə öyrədir? Milli mentalitet son
dövrlərə kimi qadınların təhsil almasına
ciddi əhəmiyyət yaratmadığı üçün
savadsız anaların, nənələrin körpəyə səthi
dil öyrətməsi təbiidir.
Atalarımız, babalarımız bunun fərqində
olduqda da dil öyrənilməsini zamanın ixtiyarına
buraxıblar. Yəni illər ötdükcə uşaq ətraf
aləmin təsirləri altında onsuz da dili öyrənəcək.
Lakin uşaq öz dilinə məhəbbəti
bir daxili duyğu olaraq doğmalarından qazanmalıdır.
Dilimizi başqa millətlərin uşaqları
da aramızda yaşayaraq öyrənə bilər. Ancaq
o öz dilini qoyub bizim dilimizə daxili məhəbbət hiss
etməyəcək. Rusiyalı siyasi psixopat
Vladimir Jirinovski də dilimizi (türk dilini) mükəmməl
bilir. Amma onun dünyada ən çox zəhləsi
gedənlər də məhz türklərdir. Eləcə də erməni dilini bilən hansısa
soydaşımızın Ermənistanı və onun dilini
sevdiyini iddia etmək düzgün olmazdı. Dilə qarşı doğmalıq hissi fitrətdən
gəlməli və ya bu erkən yaşlarda
aşılanmalıdır. Fitrətdən az, ya çox qədər
gəlməsinin təzahürüdür ki, azərbaycanlı
körpə dil açarkən
suya “Bvva”, çörəyə “pə-pə”,
yaxşıya “ciciş” və ya yeməyə işarə
olaraq “nəm-nəm” deyir və bu onun öz doğma dilindədir.
Sonra
anasının onunla kobud, primitiv, energetik yükü az olan qondarma sözlərlə
danışması, savadlı və
həm də guya ki, modern olduğu halda isə anasının
onunla rus və ya ingilis dilində ünsiyyət qurması isə ona aşılanan dildir. Zavallı körpənin bu zaman doğma dilinə bir
mühüm kimlik amili olaraq bağlanması, onu şüurdan
kənar olaraq da sevməsi, təəssübünü çəkməsi
baş tutarmı? Doğma dilinə uşaqlıqdan
mükəmməl vaqif olmayan insan sonra bütün
ömrü boyu zehni axsamalar hiss edəcək. Məhz
dil həqiqi mənada doğmalaşanda ona daha mükəmməl
vaqif olmaq, dilin ruhunu duymaq, ondan energetik və ekstrasensorik
güc almaq mümkün olur. Bu isə
insanın öz valideynlərin doğma dilinə məhəbbətindən
keçir. Təbii ki, bu halda valideynin də
öz doğma dilini mükəmməl bilməsi də
mühüm amildir. Azərbaycanlı olaraq
öz doğma türkcəsini deyil, gündəlik həyatında
rus, ingilis və sair digər dilləri işlədərək
evinə bu dillərin ruhunu gətirən valideyn
uşağı ilə doğma dildə ünsiyyət qursa
belə bunun müsbət təsiri lazımi qədər
olmayacaq, əksinə uşağa mənfi təsir göstərəcəkdir.
Doğma dilin ruhunu aşılamaqdan ötəri
onu evin havasına, astral qatına, divarlarına hopdurmaq
lazımdır.Bir çox başqa dilləri bilmək
çox yaxşıdır.Nəticədə insan o dillərin
terminaloji və ideya yükünü, eləcə də məna
çalarını əxz edir. Bu zaman
insanın intellekt keyfiyyətləri yüksəlir,
cilalanır. Zatən öyrənilən hər
yeni söz insanın intellekt imkanlarını artırır.
Ehtiyyatında daha çox söz olan insan düşüncəsində
keçid alan yeni- yeni fikirləri
özünə rahatca anlatmış olur. Şəxs söhbət
və ya mükalimə zamanı düşüncəsində
doğan fikri ani sürətlə özünə ifadə
edir və sonra bunu
səslə də ifadə etdikdə həmin
ideyanı daha dərindən əxz etmiş olur. Bu isə hər bir ideyanın həm də sözlə,
səslə ifadə edilməli olduğuna işarədir.
Hər hansı bir ideyanı yazıda ifadə etmək heç asan sayılmaz. Bunun özünəməxsus çətinlikləri
var. Bundan ötrü də dili daha mükəmməl bilmək
lazım gəlir. Ən mahir natiqlər də gözəl
yazıçı ola bilmir. Bu
ayrıca bir istedaddır. Bundan ötrü
həm də ədəbi dilin xüsusiyyətlərini mükəmməl
bilmək lazım gəlir. Amma ən mahir
yazıçı da çox vaxt ən adi bir natiq qədər
mükəmməl danışmağı,
çıxış etməyi bacarmır.
Çıxış zamanı natiq mimika, jest, səsin tembri,
vurğu və ahəng xüsusiyyətlərindən istifadə
edir və bu halda o bilmədiyi, xatırlamadığı sözləri də hərəkətlə
ifadə etmiş olur və müəyyən bir fikri
çatdırmağa çalışır. Yazı
zamanı isə yazıçı və ya publisist
bütün bunları sözə çevirməli, söz
ehtiyatının zənginliyi hesabına düzgün mənzərə,
məntiq və məna yaratmalıdır. Din xadimlərinin
əksəriyyəti hüzür məclislərində
müxtəlif zümrələrdən olan yüzlərlə
insanın qarşısında çıxış edir. Amma o bu gözəl çıxışının
heç 20% -i həddində məruzə yazmağa qadir olmur.
Çünki çıxış edərkən
onun söz ehtiyatının zəif olmasını mimika, jest,
səs imkanları, aktyorluq məharəti ört-basdır edə
bilir. Yazıda isə bu imkanların
heç biri yoxdur və yazar yalnız ümidini söz
ehtiyatına bağlayır. Bundan
ötrü isə dili mükəmməl bilmək vacibdir.
Sadə insanlar danışıq zamanı 1000 və ya 1500 sözdən istifadə
edirlər. Dilin tərkibində isə on minlərcə
söz olur və bu sözlərin bir qismi sinonim sözlər
olsa da, böyük qismi konkret mənanı ifadə edir.
Azərbaycan dilini mükəmməl bilən
şəxs ən azı 10-15 min sözdən istifadə etməlidir.
Təbii ki, bu sözlərin bir qismi ərəb və fars dillərindən alınmışdır və
sinonim xarakteri daşıyır. Bu isə tarixin müəyyən
dövrlərində ərəb və fars dillərinin hakim rolundan irəli gəlmişdir.
Hakim dil olsa da, öz zamanında ərəb və fars dillərində də Azərbaycan dilindən
alınma kifayət qədər çox söz tapmaq olar. Bu bütün dünyada belədir. Onlar həmin sözləri milliləşdirə-özünküləşdirə
bildiyi halda biz danışıqda həmin sözləri
özümüzünküləşdirə bilməmişik.
Bundan ötrü həmin sözlərin
yazılı dilə gətirilməsi və ədəbi dilin
tərkibinə çevrilməsi lazım gəlmişdir.
Bizim dilin yazıya gətirilməsi isə təxminən
VII əsrə aid edilir. Bu da “Kitabi-Dədə Qorqud” dastanının
yazılması ilə əlaqələndirilir. Halbuki əgər
belədirsə də “Kitabi-Dədə Qorqud” dastanının
yaradılması tarixinin daha qədimlərə gedib
çıxması fərz olunur və bu fikir daha
inandırıcı faktlara söykənir. O vaxta kimi və
ondan sonra da Azərbaycan dili daha çox Qafqazın ən
populyar danışıq dili kimi burada yaşayan aparıcı
xalqların əksəriyyəti tərəfindən işlədilmişdir.
Olmayan onun konkret adıdır.
Ümumişlək olması səbəbindən
hamının malı hesab olunmuş və
konkret ad qazanmamışdır. Sonralar ruslar onu
müxtəlif cür adlandırmağa cəhd göstərmişlər.
Ümumişlək xarakter dilimizin zənginləşməsi
baxımından inkişafına müsbət təsir göstərdiyi
kimi bir çox milli sözlərin sıradan
çıxarılması ilə mənfi təsir də
göstərmiş sayıla bilər. Sıradan
çıxan və arxaikləşən hər bir söz isə
əslində milli düşüncənin həmin söz qədər
ölməsi, sönməsi kimi başa düşülməlidir.
Ölən sözlərimiz həddən artıq
çoxdur. Yerdə qalan alınma sözlərin
bolluğu isə heç vaxt doğmalıq doğura və
soydaşları bu dilə bağlaya, onu doğmalaşdıra
və qüdrətləndirə bilmir. Sabah həmin
anlayışı, fikri, düşüncəni, məvhumu
ifadə edən bir ayrı əcnəbi dil ilə
qarşılaşdıqda çox asanlıqla yenisinin qəbul
edilməsi prosesi baş verəcəkdir. Sırf türk dilinə və onun
oğuz qrupunun Azərbaycan dialektinə aid edilən nə qədər
milli sözün arxaik sözə çevrildiyini və
sıradan çıxdığını müəyyən
etmək üçün elə təkcə “Kitabi-Dədə
Qorqud” dastanının yazılmış olduğu Azərbaycan
dilinə diqqət yetirmək kifayətdir. İndiki
dövrdə yeni sözləri yenə sadə xalqın
yaradacağına ümid etmək doğru deyil. Bu işi yazarlar görməlidir. Şair və nasirlərin görməsi daha
münasib və anlaşıqlıdır. Lakin publisistikanın yaxasını kənara çəkməsi
heç düzgün sayılmaz. Publisistika
xalqla daha operativ, qəzet, televiziya və jurnallar vasitəsilə
gündəlik əlaqədə olur. Elə
dilimizi daha çox “zibilləyən” də publisistika hesab
edilməlidir. Çünki hər sahənin mütəxəssisi
şair və ya yazıçı ola bilməsə
də, çoxları qəzetlər üçün nəsə
yazır və ictimai şüura təsir imkanlarını
daha çox KİV-də tapır. Dilin təmizliyini
qorunması və inkişafı problemlərinin həll
olunması da məhz
KİV-in və onun rəhbər qurumlarının işidir. Çünki bir növ onun çörəyi dildən,
sözdən çıxır. Son
dövrlər Azərbaycanda mətbuatın ədəbiyyatdan
daha irəlidə olması və insanların da daha çox
informasiya əldə etmək ehtiyacları onun
inkişafına münbit zəmin yaratmışdır.
Bu səbəbdən də istənilən sahə mütəxəssisinin
qəzet açması, aparıcı olması, siyasətə
qatılması və
buna görə natiqlik etməsi
günümüzün reallığıdır. Lakin
jurnalistikaya bu böyük maraq publisistikanın inkişafına xüsusi təkan
vermişdirmi? Olsa-olsa elmi və
siyasi dil ingilis terminləri hesabına bir qədər zənginləşmişdir.
Ədəbi dilimiz bu cür meyillənmələrdən
heç nə qazanmamışdır. “İnteqrasiya”,
“korrupsiya”, “kumir”, “monopoliya”,“sekulyar”, “spekulyativ”, “kreativ”,
“indegraunt”,”ofis”, “kosmopolit”,”haus”,.. kimi
alınma sözlər hesabına zəngin, elmli və
savadlı görünən bir yazının əslində
çox anlaşıqlı və
oxunaqlı olduğunu iddia etmək olmaz. Bu halda
oxucunun nitq imkanları zənginləşməyəcək və
o, həmin yazını sonacan oxumamaqla orada dəyərli
sayıla biləcək fikirləri də qəbul etməmiş
olacaq. Dilçi alimlər, xüsusən də
jurnalistikanın nəzəri tərəfləri ilə məşğul
olan alimlər yazarlara sadə sözlərdən və sadə
cümlələrdən istifadəyə üstünlük
verməyi tövsiyə edirlər. Bunu İslam dini də
tövsiyyə edir: “Sadələşdirin, qəlizləşdirməyin,..” Lakin bu hal bütün
üslub və sahələrə aid edilə bilməz. İnformasiya xarakterli yazılarda sadə cümlələrdən
istifadə olunması qismən münasibdir. Lakin bu fikri əsas götürmək, 4-5
sözlü sadə cümlələrə üstünlük
verərək incə mətləblərdən yazmaq,
açmaq mümkün deyil. Heç müqəddəs
“Qurani-Kərim”dəki ayələr də cümlə olaraq
sadə deyil və sadə mətləblərdən hesab olunmur.
Dilin zənginliyi
onun ədəbi dilinin zənginliyi ilə
ölçülür. Ədəbi dil isə,
qeyd olunduğu kimi- şair və yazıçıların
istifadə etdiyi dildir. Şair və
yazıçılarımız ədəbi dilimizin inkişafına
nə qədər töhvə verirlər? Əgər AYB-nin üzvü olan yazıçı
və şairlərin hər biri ədəbi dilimizə öz
ömrü boyu ən azı bircə yeni söz gətirmiş
olsaydı, indi dilimiz təkcə Şərq dünyasında
deyil, bütünlüklə dünyanın ən zəngin
dilləri sırasında olardı. Amma… Əgər
dilimiz doğma və zəngin hesab olunardısa, şəhərlərimizdə
reklam, ad və məhsul
göstərən lövhələr əcnəbi dildə
yazılmazdı. Yeni yaradılan yaşayış komplekslərinin
bir çoxunun, yeni tikilən ofis mərkəzlərinin əcnəbi
dildə ad götürməsi, hətta tele-kanalların əcnəbi
adla tanınması, efirdən dünyaya verlişlər yayımlaması əslində
Azərbaycan şair, yazıçı və publisistlərinin
məğlubiyyətinin göstəricisidir. Amma… Amma bu qismən dolayısı yolla belə sayıla
bilər. Yazarların əli hara çatır ki!? Bunu müvafiq
hüquqi və fiziki şəxslərə qərar, icazə,
lisenziya verən müvafiq icra hakimiyyətinin, Vergilər və
Ədliyyə nazirliklərinin
günahı hesab etmək daha doğru olardı. Amma yazarlar da yaxalarını kənara çəkə
bilməz. Onlar bu yöndə konkret
hansı addımı atdılar ki?
Azərbaycan dilinin qramatikasının
formalaşmasında və ədəbi dilinin müsir səviyyəyə
çatdırılmasında misilsiz xidmətlər göstərmiş
alimlərimiz oldu. Məhz onların xidmətləri
sayəsində Azərbaycan dili son illərə kimi ən
gözəl türkcə hesab olundu. Bəs son 25 ildə
bu sahədə mühüm işlər görmüş
hansısa yeni bir imza tanındımı?
Azərbaycan dili dialekt
etibarı ilə
4 qrupa bölünür. Təəssüf ki, Azərbaycanın yazılı ədəbi
dili elmi şəkildə tədqiq edilərkən və
formalaşdırılarkən daha çox Dərbənd,
Şamaxı, Bakı və qismən də Qarabağ dialektlərinə
daha çox istinad edilmişdir. Bunlar isə elə də
böyük bir ərazini əhatə etmədiyi
üçün Azərbaycan düşüncəsinə
daxil olan bütün ifadə və anlayışları da tam
cəmləyə bilməz.
Sonralar həmin ərazilərdən
çıxmış məşhur yazarlar Qazax, Ordubad və
Şəki dialektlərinin bəzi nümunələrini sovetlər
dövrünün ədəbi senzurasından keçirdə,
ədəbiyyatımıza və dilimizə gətirə bilsə
də bu çox azdır. Digər ərazilərdən gələn
yeni sözlər isə həmin ərazilərdə
yaşayan etnik xalqların sözləri hesab olunaraq
yasaqlanmış və ya dəyişdirilmişdir. Halbuki, təkcə Lənkəranda nə
talış və nə də türk mənşəli
sayılmayan yüzdən çox dialekt söz var ki,
onları ədəbi dilimizə gətirməklə həm
dilimizin leksik çəkisini, həm
də məna çalarlarını zənginləşdirmək,
onu bir növ öz sözlərimiz hesabına yeniləmiş
olarıq. Eləcə digər ərazilərin dialekt sözləri
arasında da kifayət qədər dolğun, münasib və
yeni anlayış ifadə edən söz tapmaq və qəbul
etmək olar. Hətta yalnız Azərbaycan ərazisinə mənsub
olan etnik xalqlarımızın
dilindən də
hansısa daha lakonik ifadələri seçmək
mümkündür. Azərbaycan dili bu qayda ilə inkişaf
etdirilərsə ölkəmizdə
yaşayan bütün xalqlar tərəfindən həm də
doğma, öz ana dili kimi qəbul
olunar, sevilər və qorunar. Məncə təkcə Mətbuat
Şurasında deyil, dilimizin korlanmasına və əcnəbi
dillərdən ifrat istifadəyə qarşı MTN-də və
Müdafiə Nazirliyində də xüsusi komissiya
yaratmağa dəyər. Millətin dilinə təcavüz
onun torpağına təcavüzdən daha betərdir. Dilin
inkişafdan qalması elə təcavüzə
üğraması anlamını verər. İndiki halda
dilimiz inkişafdadırmı? Qalan onun şirin
dadıdır…bal kimi şirin!
Hafiz Mirzə
www.hafizmirza.com
Olaylar.-
2014.- 15 aprel.- S.10.