M. F. Axundzadənin realizmi
Maarifçi
realizmdən tənqidi realizmə
Əvvəli
ötən sayımızda
Axundzadənin
milli təəssübçü
ideyaları “Kəmalüdövlə məktubları” əsərində
islam dininə münasibət müstəvisində davam
etdirilir. Filosofun fikrincə islam dini
yoxsul təbəqədən daha çox varlı təbəqənin
mənafeyini müdafiə edir. İslam yaranarkən yer
üzündə quldarlıq artıq öz ömrünü
başa vurmuşdu. Ərəbistanın
qonşuluğundalı ölkələrdə qadın hətta
dövlət idarə işlərində belə
iştirak edə bilirdi.
İslam qadınların hüquqlarını əllərindən alıb, yüz
minlərlə adamı yenidən qul etdi.
Axundzadə islamın heç də hamı tərəfindən
qəbul edilə bilinməyən bir sıra cəhətlərini
göstərirdi. Məsələn,
hansı qadın islamın çoxarvadlılıq qanununa
könüllü tabe olur?
Yazıçı dini insanların
maariflənməsi yolunda başlıca əngəl
sayırdı. Elm daim dəyişdiyinə, irəli getdiyinə
baxmayaraq din xadimləri öz mənbəyini dindən
götürən elm sahələrinin, məsələn, fiqh,
nücum kimi elmlərin inkişafına əngəl törədirdilər.
O, müsəlman xalqlarının bədbəxtliyinin, cəhalətinin
səbəbini onun öz dili ilə
desək, “kərtənkələ yeyib, dəvə
südü ilə dolanan ərəblərdə”
görürdü. “Ac və çılpaq ərəblər səni
1280 ildir bədbəxt etdilər”-deyirdi. Axundzadə
yazırdı: “Bəşər övladına səadət və qurtuluş o zaman nəsib
olacaqdır ki, istər Asiyada, istərsə də Avropada
insanın şüuru tamamilə əbədi həbsdən
xilas olacaq, bütün işlərdə və təfəkkürdə
hədislər deyil, insanın ağlı yeganə dəlil, sənəd
və hakimi mütləq olacaqdır”. “Kainatin heç bir
yaradana ehtiyacı yoxdur”-deyərək Tanrını inkar edir,
gözü ilə görmədiyi, əli ilə toxuna bilmədiyi
heç nəyə inanmaq istəmirdi. Axundzadənin istər
Allah, istərsə də Məhəmməd peyğəmbər
haqqında düşüncələri olduqca ziddiyyətlidir.
Ümumiyyətlə onun
ideologiyasında islama kökündən balta çalmaq
yoxdur. Bu fikri xalq yazıçısı Anar da müdafiə
edir. O yazır: “Mirzə Fətəlinin hədəfi islam dini
deyil, ümumən şərq ətaləti və durğunluq
idi”. Baxmayaraq ki, “mən küllü ədyanı puç və
əfsanə hesab edirəm”-demişdi. O, gah islamın
ayrı-ayrı ehkamlarını tənqid edir, gah da Allaha və
peyğəmbərə and içir, “Dünya heç
zaman dinsiz və zındıq
adamlardan xali olmamışdır”-deyirdi. Onun ən çox tənqid
etdiyi isə şiələrin məhərrəmlik mərasimində
imamlara yas saxlayıb ağlamaq mərasimi idi. Axundzadə islam
dünyasında böyük əks-səda doğurmuş, qəlbləri
riqqətə gətirən Kərbəla faciəsinə
önəmsiz bir hadisə kimi yanaşmış və
soydaşlarını Kərbalada “beş-on ərəbin
beş-on ərəbi öldürməsi” hadisəsinə
deyil, öz ruzigarlarına ağlamağa
çağırır, təziyə məclislərinin yerinə
xalqa teatr tamaşaları göstərməyi tövsiyə
edirdi. Ürək
ağrısı ilə xalqına üz tutan böyük
maarifçi: “Axır sən də bir hərəkət elə
, bir proqresə ayaq qoy, bir sivilizasiyona talib ol. Nə vaxtadək
qəflət yuxusunda yatacaqsan?”-deyirdi. Axundzadə daha uzaq gedərək islamın əsas ehkamları
sayılan oruc və namaza qarşı çıxırdı.
“Adamın min cür işi var. Onu heç fürsəti var
ki, o, öz vaxtını oruc və namaz kimi boş işlərə
sərf etsin”.
Lakin Axundzadənin
faciə janrına müraciət etməməsi başa
düşülən deyil. O, faciələr qələmə
alıb cəmiyyətdə faciə doğuran səbəbləri
açıb göstərsəydi, bir gözü ilə
gülüb bir gözü ilə ağlasaydı daha
böyük uğur qazana bilərdi. Teatrı yaratmış
olan qədim yunanlar komediyadan daha çox faciələrə
üstünlük verir, tragediya müəlliflərini
“müdriklər dahisi” adlandırırdılar.
Gənc bir
araşdırmaçı olaraq mən istismarçı cəmiyyətin
xalqı maarifləndirmə yolu ilə dəyişdirməyin
mümkünlüyünün qəti əleyhinəyəm. Bu
anlamda nə böyük Nizamiyə, nə yeni dövrün
Avropa maarifçilərinə, nə də ilk dövrdə
M.F.Axundzadəyə haqq qazandırmaq fikrindən uzağam.
Düşünürəm ki, istismarçı cəmiyyətləri
yalnız köklü bir inqilabla devirmək
mümkündür. Amma burada bir ziddiyyət vardır.
Çünki xalqı maarifləndirmədən inqilab da
mümkün deyildir. Axundzadə bu cəhəti çox
gözəl görmüş, əhalini maarifləndirmək
şərti ilə “qəflət yuxusundan qalx və
zalımın atasının goruna od vur”-deyirdi.
Axundzadənin Allaha,
İslama, Peyğəmbərə olan münasibətini dar
düşüncəli adlandırmaq düzgün olmazdı.
“Kəmalüddövlə məktubları” ilə
tanış olunca aydınlaşır ki, o, islamın, onun ehkamları,
peyğəmbərin həyatı haqqında kifatət qədər
bilgisi vardır. Lakin onun Qurani-kərimlə
və sevimli peyğəmbərimizin şəxsi həyatı
ilə bağlı bir sıra
yanlış fikirləri də vardır. İslamı elmə
mane olan bir din hesab edən Axundzadə unudur ki, Qurani kərim
elə məhz “Oxu” kəlməsi ilə
başlayıb.“Beşikdən məzara qədər elm öyrənin”-deyən
əziz peyğəmbərimiz
bir müsəlman cocuğuna yazı-pozu öyrənmək
müqabilində hətta onun şəxsiyyətinə belə
sayğısızlıq edən
müşrüklərin suçundan keçirdi. Burada ədib
elmə geniş meydan açan islam dini ilə, elmin
qabağına sədd çəkən ayrı-ayrı din
xadimlərini bir-birindən ayırmırdı.
Axundzadə ən demokratik
qaydaların belə yol vermədiyi insanın şəxsi həyat
münasibətlərinə qarışmaqda da hesab edirəm
ki, düzgün yol seçməmişdi. Peyğəmbərimizin
çox qadınlı olmasını tənqid edən bu
ateist-demokrat unudurdu ki, bu
qadınlarının çoxunun yaşı 60-ı
keçmişdi və belə nigahlardan o, təəssübçü
ərəb qəbilələrini öz çevrəsində
birləşdirmək üçün istifadə edirdi.
Müsəlman
xalqlarının bədbəxtliyinin səbəbini “ac və
çılpaq ərəblər”də görən Axundzadə
əlifbanın hər bir hərfinin bir rəqəm ifadə
edən əbcəd hesabı
yaradan ərəbləri tənqid edərkən unudurdu
ki, ərəb ədəbiyyatını təkcə ərəblər
deyil, islamı qəbul edən bütün xalqlar, o cümlədən
türklər (azərbaycanlılar) də
yaratmışdı.
Axundzadə elə bir dinə etiqad etmək istəyirdi
ki, “onun vasitəsi ilə insan bu dünyada azad və xoşbəxt
ola bilsin”. Bu mənada o, qadın azadlığının tərəfdarı
idi. Bütpərəstlik
dövrünün qadınlarını islam dövrü
qadınlarından daha azad, daha xoşbəxt hesab edirdi. Lakin,
yazıçı bütpərəstlərin qadınlara vəhşi
münasibətini (intim münasibətlər, yəni
qadınlara təkcə bir həzz mənbəyi kimi baxmaq nəzərdə
tutulur) görə bilməmiş, ya da sadəcə görmək
istəməmişdir. Hər halda Axundzadə qadın
azadlığı uğrunda ardıcıl dirəniş
aparırdı və şərq, islam aləmində qadın
azadlığı uğrundakı mübarizəsinə Babilərdən daha erkən
başlamışdı.
O, haqlı olaraq belə fikirləşirdi
ki, yenicə yaranmış hər hansı bir ideologiyanın
üzərinə dərhal qılıncla çıxmaq
düzgün deyildir, bu ideologiyanı doğuran səbəbləri
aradan qaldımaq lazımdır. “Yanlış fikirlərin
qarşısını almağın yeganə yolu məntiqə
uyğun dəlillərdir”-deyirdi. O, Babiliyə həsr etdiyi
bir məqaləsində İranda Babiliyin geniş
yayılmasının səbəbini burada insanların avamlığında,
mariflənməməsində, onların maddi durumunun
dözülməzliyində, “yaxşını pisdən
ayırmaq qabiliyyətinin zəif olmasında”
görürdü. Axundzadə yaxşı insan, pis insan məsələsini
deyil, kamil insan, nadan insan məsələsini qoyurdu. Ədibin
fikrincə insan maarifləndikcə kamilləşir, pis işlər
görməkdən uzaqlaşır. Bu cəhəti onu hurufilərlə
yaxınlaşdırır. Bu haqda yazdığı məqaləsində
o, həmçinin qadın azadlığını,
uşaqları tərbiyələndirərkən zor işlədilməməsi
kimi məqamları xüsusi olaraq təqdir edir.
“Kəmalüddövlə
məktubları” Azərbaycan realizminin çox gözəl
nümunəsidir. Əsəri oxuyarkən ilk sətirlərdən
insanın üzünü həyacan bürüyür və
bu əsəri yazmaqla müəllifin yaşadığı
dövr üçün necə cəsarətli olduğu
aydınlaşır. M.F.Axundzadə və ondan sonrakı M.Ə.Sabirə
qədər milli şüurumuzun oyanmasında “Kəmalüddövlə
məktubları” qədər xidmət göstərən
ikinci bir əsər yoxdur. Təsadüfi deyildir ki, bu əsəri
“Azərbaycan maarifçiliyin manifesti” adlandırırlar.
Vaxtı ilə Radişevin “Peterburqdan Moskvaya səyahət” əsəri
Rusiyada necə tufan qoparmışdısa, bu əsər də
yüksək ruhani dairələrində eyni həyəcan
doğurmuşdu.
M.F.Axundzadənin
yaradıcılığında bu gün xalqımız
üçün heç də məqbul olmayan fikirlər
vardır. “Bəhərsurət türklər arasında dəxi
bu zamana qədər mütəqədimdən şair
olmayıbdır”. Onun min beş yüz ilin ağır
sınaqlarından şanlı bir yol keçən türk
şerini qiymətləndirməməsi, dərin təəssüf
doğurur. O, dünya ədəbiyyatının bəzəyi
olan Füzulini şair hesab etmir, onu qəliz yazmaqda
suçlandırır, M.P.Vaqifi və Q.B.Zakiri ondan
üstün tuturdu. Halbuki, istər bu şairlərin, istərsə
də Axundzadənin öz yaradılığıda çətin
anlaşılan, bu günki gənc
nəslin başa düşməyə zorluq çəkdiyi
kifayət qədər qəliz sözlər vardır. “Kəmalüddövlə
məktubları” isə ərəb-fars sözləri ilə,
izafət tərkibləri ilə zəngindir. O, bəşər
mədəniyyətinə Ərəb dili kimi dil, əruz vəzni
kimi sanballı bir vəzn bəxş edən ərəbləri
tənqid edir, zərdüştləri onlardan üstün
hesab edirdi. Əgər ərəbləri tənqid edərkən
islamdan öncəki dövrə-cahiliyyə dövrünə
istinad etsəydi onu başa düşmək olardı.
Çünki cahiliyyə dövrünün hadisələri,
gələnəkləri haqqında bizim hər birimiz yetərincə
bilgiyə malikik. Bütün bu ziddiyyətlərə
baxmayaraq hər halda M.F.Axundzadə qalibdir, qaliblər isə
mühakimə olunmur.
M.F.Axundzadə birl tənqidi
realist kimi formalaşanda sonra belə xalqın maariflənməsi
fikrini ardıcıl müdafiə edirdi. Bu yöndəki fəaliyyətini
davam edərkən o, bir anlıq olsa da xalqn maariflənməsi
yolundakı fəaliyyətini dayandırmırdı. O, bir
yenilikçi idi, bütün həyatı,
yaradıcılığı boyu geriliyə, avamlığa qarşı
çıxmışdır. Bütün varlığı ilə
öz xalqının yeni ruhda tərbiyə almasını,
mövhumatdan uzaq olması üçün
çalışmışdır. Cəmiyyətdə
yaşayaraq da cəmiyyətdəki proseslərə
qoşulmamağın (sənət sənət
üçündür) qəti əleyhinə idi. Və
xalqı üçün, milləti üçün gərəkli
nəyi hesab edirdisə onu da yazırdı. Ədib çox
gözəl bilirdi ki, bütün bunlar olmadan dünyanın
aparıcı, inkişaf etmiş xalqları sırasına
daxil olmaq, mədəni inkişafda iştirak etmək,
bütün yenilikləri xalqın ruhuna köçürmək
mümkün deyildir. Yaratdığı əsərlərin təşəbbüsçü
ruhda olması onun nə qədər millətinin qeydinə
qaldığını sübut edir və bu yolda nə qədər
məhrumiyyətlər çəksə də öz yolundan, əqidəsindən
dönmürdü. Çünki, əsil məslək cəfakeşi
idi. Və bu yolda o, tək deyildi. Tarixin hansı dövrünə
nəzər salsaq bütün həyatını
xalqının maariflənməsinə həsr edən, lakin
xalqı tərəfindən meyiti basdırılmayan,
sağlığında ”laməzhəb”, “mürtəd” ləqəbi
verilən Axundzadələrə, mövhumatçılar tərəfindən
ələ salınıb ciyərləri vərəmlənən
Sabirlərə və bu gün xalqımız
üçün mənəviyyat və şəxsiyyət
simvolu olan, lakin haqsız tənqidlərə məruz qalan
Anarlara rast gəlmək olar. Belə insanların qiymətini
zaman özü verir. Çünki, “zaman ən böyük
hakimdir”., H.B.Zərdabi M.F.Axundzadəyə məktubunda
yazırdı: “Elə fikirləşməyin ki, xalqın
maariflənməsi bir məqalə, ya pyeslə düzələsi
şeydir. Xeyr, burda görüləsi işlər çoxdur.
Bu yolda külüng vura biləcək onlarla adamın əməyi
və həyatı da bu iş üçün azdır. Bəlkə
Sizi belə bir şey düşündürür ki, nə
üçün başqa birisi deyil, məhz siz, özü də
müftə, bir quru “çox sağ ol” eşitməyə belə
ümidimiz olmadan bu barədə zəhmət çəkəsiniz...
Xalqın, həm də geridə qalmış avam xalqın, sənin
və mənim qardaşımın maariflənməsi işinə
özünü həsr edən adamı belə bir fikir yoldan
qoymamalıdır. O, mükafatını öz-özünə,
işini görə-görə vicdanı qarşısında
duyacaqdır”. Zaman bu böyük maarifçinin necə
haqlı olduğunu bu gün göstərir.
Axundzadə realizm estafetini öz sələflərindən
alıb onu ədəbiyyatımızın şah metoduna
çevirdi, özündən sonra zəngin irs, güclü
realist ədəbi bir məktəb və inqilabçı
demokratlar dəstəsi yaratdı. N.B.Vəzirov, Ə.B.Haqverdiyev,
N.Nərimanov, Mirzə Cəlil məhz bu ədəbi məktəbin
yetirmələri idi. Əsərlərində ziddiyyətlər doğuran bir
sıra məqamlara baxmayaraq yazıçının
ideyaları təkcə öz dövrü üçün
deyil, bu günümüz üçün də çox
aktualdır.
Yeqzar Cəfərli
Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyətin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan ədəbiyyatında müasir yaradıcılıq cərəyanlarının izlənməsi və təhlilinə dair təşəbbüslər” layihəsi çərçivəsində çap olunur.
Olaylar.-
2014.- 16 aprel.- S.10.