Kitab oxuyanda arvadımız bizdən boşanır"

 

“Bir kitab, içimizdəki donmuş dənizə enən balta kimi olmalıdır”

                                                         Kafka 

 

Dünyəvi dostlarımız bizi tərk edəndə bizimlə qalırlar. Sədaqətli dost, həm də ədalətin kisəsidir. Müdafiə edirlər. Bəzən kədərli və məhzun hisslərimizi ruhlandırırlar. Günəş işığında kölgə, qaranlıqda işıqdırlar. Yaxşı və pisləri də var. Bəlkə də pis deyillər, elə yazırlar. Dəqiqdir ki, elə yazırlar. Uayld da belə deyirdi. Yaxşıları həyat qanıdır. Məsələn, “Ramayana” əsahabının ən yaxşısıdır. Bəziləri soyuq və mərhəmətsiz görünür. Balzam olanları da var. Səmanın səltənət dramlarının aktyorları səviyyəsinə qaldırır. Hər şeyi bilmək çətindir. O isə bunu ruhi məmnunluqla təmin edir. Vərəqləsək dəyərlərinə məxsusuq. Tozlatsaq, əvvəlcədən heç yoxmuşuq demək. Bilik üçün susuz olanların ab-həyat bulağıdır. İnqilab savaşçılarıdır, məzluma sillə atanın boxovudur. Azadlıqdır. Kitablar belə dostdurlar. Biz isə onlardan qaçırıq. Niyə?

 

Elçin Mirzəbəyli (şair): “Azərbaycanda kitab əvvəllər də kitab bir o qədər populyar olmayıb. SSRİ vaxtında digər respublikalarda oxunan kitab heç vaxt Azərbaycanda oxunmayıb. Problem təhsilə olan marağımızın az olmasından irəli gəlir. Zamanında xürafat və mövhumatın da müəyyən rolu olub. İnsanların genetikasında bu faktorlar hələ də özünü saxlayıb. Kitab təbliğ olunmayıb. Vaxtilə təhsil sistemi mükəmməl deyildi. Ortaali məktəbdə təhsil aldığım illərdə kitab indikindən daha çox oxunurdu. O dövrdə tərcümə ədəbiyyatı inkişaf etmişdi. Kütləvi şəkildə dünya ədəbiyyatından əsərlər tərcümə olunurdu. Rus dilini bilməyənlər də kitablar vasitəsilə biliklərini inkişaf etdirə bilirdilər. Orta məktəbin 5-6-cı siniflərində oxuyanda bütün yunan mifologiyasını mütaliə etmişdim. “İlliada”, Danteninİlahi komediya”-sını və s. oxumuşdum. Ali məktəbdə təhsil alanda xarici ədəbiyyat müəllimi məni dərsə buraxmırdı. Çünki onun yol verdiyi səhvləri tuturdum. Söhbət təkcə məndən getmir. Yəni ki, bu gün hər hansı bir orta məktəbin şagirdinin ədəbiyyatdan demək olar ki, xəbəri yoxdur. Problemlər təkcə uşaqlarda yox, cəmiyyət, ailələr, həm də televiziyaların təbliğ etdiyi “dəyərlər”-dədir. İnternet mediasının inkişafı da təsir edir. İnsanlar daha qısa, lakonik informasiyalar istəyirlər. Böyük əsərlərə meyl qalmayıb. Səbəblər çoxdur. Məsələ ciddi şəkildə sosioloqlar tərəfindən araşdırılmalıdır”.

Aydın Xan Əbilov (yazıçı): “Azərbaycan Şərq ölkəsidir. Şərq insanı ilə Qərb insanı arasındakı böyük fərq –  ikincinin daha çox yazıya, mətnə inanması, birincinin isə mətni müqəddəsləşdirməsindən ibarətdir. Yazıda hansı informasiyanın olması Şərq insanı üçün vacib deyil. Bizim genetik olaraq, sanki şifrəmizdə belə yazılıb. Tarixə fikir verəndə görürük ki, Azərbaycan insanı yalnız işğal altında olanda oxuyub. Mütaliəni elə bil kulturoloji müqavimətə çevirib. Ərəb, rusdilli, inditürkingilisdilli oxucuların sayının çox olması bundan qaynaqlanır. Bu gün də nənə-babalardan gələn düşüncə tərzi özünü göstərir. İnsanlarımızın Sovet dövründə faizi çoxalsa belə, keyfiyyəti o qədər də yüksək deyildi. Çünki mütaliə, oxu o zaman cəmiyyət üçün gərəkli sayılır ki, oxuyan insanların arasından alim, konstruktor, texnoloq və siyasətçilər çıxır. Bu gün Azərbaycan alimləri arasında “Nobelalanlar varmı? Alanlar da qeyri-millətlərdən olanlardır. Azərbaycanın heç kosmonavtı da yoxdur. Ölkənin “Facebook”, böyük texnologiya, mobil telefonlar yarada bilən insanları yoxdur. Oxunu biz yalnız bədii ədəbiyyatla məhdudlaşdırırıq. Bu səhvdir. Şeir, dastan, nağıl və hekayələrə meyl daha çoxdur. Qərb insanı isə kulturoloji, fantastik, elmi, sahə əsərlərinə çox yer verir. “Facebook”-da gənc dostlarımla yazışanda onlara deyirəm ki, sən bu vaxt auditoriyada olmalısan, mühazirədə qeydlər götürməlisən, bəs nə əcəb burdasan? Deyirlər ki, mühazirə çox və maraqsız olduğu üçün burada oturub vaxt öldürürük. Bu nümunə bizim oxuya olan marağımız, diqqət və sayğımızın göstəricisidir. Azərbaycan oxucusu dünya oxucuları kimi böyük potensiala malik deyil. Təəssüflər olsun ki, bəzi yazarlar oxucuların səviyyəsinə uyğun əsərlər yazırlar. Cəmiyyətdə kreativ tələbat olmadığına görə, bizdə dahiyanə əsərlər yaranmır”.

Əsəd Qaraqaplan (yazıçı): “Əslində hələ də heç kim bilmir ki, niyə oxunmur”.

Emin Piri (şair): “Tam olaraq kitab oxumuruq deməzdim. Bu gün oxucu kütlə var. Bu çox kiçik görünə bilər, amma var. Digər tərəfdən isə müasir texnologiyanın da kitab bazarıyla rəqabət apardığını da söyləyə bilərik. Məsələn, bir materialı sayt, yaxud digər internet resusrlarından əldə edə bilirəmsə, gedib kitaba əlavə pul vermirəm. İstənilən halda kitab oxumaqdan alınan zövq ineternetdə oxumaqdan daha gözəldir. Amma burada maliyyə problemləri ortaya çıxır. Kimsə hansısa yazarlarımızın kitabını alıb oxumursa bu o demək deyil ki, camaat kitab oxumur. qədər ki, bizim yazarların əksəri bayağı, plagiat bir şeylər uyduracaqlar, o qədər kitabları rəflərdə qalacaq. Bizim bu cür müxtəlif vasitələrlə gündəmə sırıdılan yazarların hesabına da bu günki suallar ortaya çıxır. Kitabın qatili oxucular deyil, elə həmin yazarlardır. Elə əsərləri yazmaqla kitabı təhqir edir, ekologiyaya ziyan vururlar”.

Rüfət Soltan (jurnalist): “Mənə elə gəlir son vaxtlar əksinə kitab oxuyanların sayı artıb. Gənc nəslin kitabdan qaçmasının səbəbi onun əyləncəli yaş dövrünü səmərəli keçirə bilməməsi, bu əyləncənin ifrat həddə çatdırması, həm də Azərbaycanın Avropaya inteqrasiyası dövründə sıravi vətəndaşın şəxsi maraqlarını düzgün istiqamətləndirə biməməsindən irəli gəlir. Çünki dünyada ən çox kitab oxucusu Avropadadır. Digər tərəfdən kitab biznesinin aşağı səviyyədə olması toplumda kitaba marağın azalmasına səbəb ola bilər. Lakin bizdə son 1 ildə kitab biznesində, kitab nəşrlərində artım demək olar ki rekord həddə çatıb”.

Emil Salamoğlu (jurnalist): “İnsanlar sanki orta əsrlər inkivizasiyasını bərpa ediblər. Kitabları oxumurlar, yandırırlar, tonqal qalayırlar. Hətta evindəki köhnə ayaqqabını atmağa ürəyi gəlməyən adamlar gözünə siçovul ölüsü kimi görünən kitabları bir yeşiyə yığıb zibilliyə tullayır. Bir ölkədə zibillikdən ən dəyərli kitablar toplanırsa, deməli vəziyyət “rusca”dır. Seyran Səxavətin yaxşı bir sözü var - bizimkilər oxuduğuna yox, gördüyünə inanır. Sən nə qədər Axundovun “İbrahimxəlil kimyagər”ini oxutmaq istəsən də, yenə də efirdə “cin çıxaran”lara inanacaqlar. Sanki mütilikcahillik təbliğ olunur. Belə yerdə kimi oxutmaq olar? Biz oxumaqdansa, görmək istəyirik. Oxumaq zehni əmək tələb edir, görmək isə şüursuz formada bir obyektivə baxmaqdır. Sənin yerinə düşünürlər, sənin yerinə cavab verirlər, nəticə çıxarırlar. İnsan da oxuduğundan çox gördüyünə inanmağa başlayır. Bundan komfortu ola bilməz. Ona görə oxumuş, mütaliəli adamların sayı bisavad cahillərdən azlıq təşkil edir. Üstəgəl, bizdə bu günki ədəbiyyat da şouya çevrilib, cırlaşıb, bayağılaşıb. Yeni müəlliflərin intim münasibətləri açıb-ağartmaqdan başqa dərdi qalmayıb. Guya bu ölkənin tək bəlası seks azadlığının olmamağıdır”.

Kənan Hacı (yazıçı): İndiki gənclik qətiyyən kitab oxumaq istəmir. Qınayanda deyirlər ki, kitaba pul verməkdənsə, internetdən istənilən əsəri tapıb oxumaq olar. Amma dərd budur ki, heç internetdən əsər oxuyan yoxdur. Böyük bəladır. Universitet tələbələri kitab oxumaq istəmir. Bu məsələdə Azərbaycan hətta Gürcüstandan da geridə qalır. Uzun müddətdir, bu barədə düşünürəm. Görünür, bizdə kitabın təbliği lazımi səviyyədə deyil. Yazıçı ilə oxucu arasında bütün bağlar qırılıb. Bunları bərpa etmək üçün illər lazımdır. Yazıçılarla görüşlər keçirilməlidir, televizilar kitaba maraq oyatmalıdır”.

Qan Turalı (yazıçı): İnsanlar kitablardan yox, kitablar insanlardan qaçırlar. Şəhərdə kitab mağazaları azlıq təşkil edir. Bir çox yerlərdə çoxusu bağlanıb. Azərbaycan rayonlarının əksəriyyətində demək olar ki, kitab mağazaları yoxdur. Hesab edirəm ki, kitablar qaçırlar”.

Mirmehdi Ağaoğlu (yazıçı): “Adam məktəbdə təhsil almayıb. Heç vaxt kitaba maraq oyatmayıblar. Bir başqası fərqli sahədə çalışır, oxumaq istəmir. Qaçır. Maraq göstərmir. Ümumilikdə isə böyük çoxluğun kitab oxumamasının səbəbi təhsillə bağlıdır. Vaxtında oxumaq vərdişi olsaydı, bu gün oxuyardı. Uşaq vaxtı adamlara kitabı sevdirmək lazımdır. Cəmiyyətin xilaskarının kitab olduğunu bildirmək lazımdır”.

Aqşin Yenisey (şair): “Kitab oxuyanların müəyyən qismi pis gündə yaşayır. Evdə valideynləri uşaqlarına ona görə deyirlər ki, kitab oxuma, get alver elə. Azərbaycan “İpək yolunun üzərində yerləşdiyi üçün ölkədə yaşayanların çoxusu vaxtilə tacir olub, pul sayıb. İndiçoxusu belə edir. Qohumlarım məni danlayırlar ki: Xeyir ola, bu qədər kitab oxuyursan? Kitab yazırsan? Nə vaxta qədər sən bu işlə məşğul olacaqsan? Deyirlər ki, get Çindən dəzgah gətir, burda sat. İnsanların əksəriyyətinin psixologiyasında tacirlik var. Onlar uşaqlarını oxumağa yox, pul qazanmağa meylləndirirlər. Deyirlər ki, get, nə görürsənsə, gör, amma pul qazan. Vəziyyət belədir. Kitab oxumamaq, oxutdurmamaq ənənəsi genişlənir. Oxumamaq ənənəsinin indeksi Sabirinoxutmuram əl çəkin”-indədir. Biz kitab oxuyanda ailəmizi dolandıra bilmirik. Arvadımız bizdən boşanır, oğlumuz əsgərlikdən qaçır və s. və i.a. Biz kitab oxuyanda bu şəkildə oluruq”.

Ayyət Abdullayev (jurnalist): “Cəmiyyətdə kitab oxumağa olan tendensiyanın arxa plana keçməsi müəyyən problemlərlə bağlıdır. Bu gün heç bir gənc parlaq gələcəyini kitab oxumaqda görmür. Demək olar ki, bütün insanlarda daxili ziddiyyət yaranıb. Yəni düşünürlər ki , oxuyub kim olacamya oxuduqlarımdan harada istifadə edəcəm”.

Sadiq Qaçayev (jurnalist): Araşdırmalarımın nəticələrinə görə kitab oxumamağımıza bir neçə amil "mane" olur: 1. Kitabların satış qiymətinin baha olması; 2. İnsanların daha çox məişət qayğılarına vaxt ayırması; 3. Kitab oxuyanların çox az hissəsini gənclər təşkil etməsi”.

 

Mənsur Rəğbətoğlu

 

Olaylar.- 2014.- 17 aprel.- S.13.