Maarifçi realizmdən tənqidi

realizmə və inqilabi demokratiyaya

 

M.Ə.Sabirin yaradıcılığında milli təəssübkeşlik

 

Çoxəsrlik Şərq poeziyası və Azərbaycan ədəbiyyatının ən nəhəng simalarından biri olan xalq şairi Sabirin ədəbiyyatda realizmin, inqilabi satiranın, xalqımızın tarixində isə milli demokratik ideyaların inkişafında misilsiz xidmətləri olmuşdur. Sabirəqədərki ədəbiyyatımızda satira janrında böyük uğurlar qazanan şairlər olub. Lakin onlar, özəlliklə də Qasım bəy Zakir arabir ayrı-ayrı fərdlərə qarşı mübarizə aparır, bütövlükdə çar üsul idarəsini və mövhumatı hədəfə almırdı. Bir sözlə Zakirin mübarizə məkanı Sabirə nisbətən olduqca dar idi. Zakirdən çox illər sonra yaşamasına baxmayaraq Sabirin dili Zakirə nisbətən daha sadə idi.  O, şeiri sadə xalqın malı etmişdi. Heç bir təhsili olmayan kəndli və ya fəhlə belə  onun misralarının bir neçəsini əzbər bilirdi. Sabir yaratdığı obrazın bütün zahiri və batini özəlliklərini ustalıqla verə bilirdi. Ona görə də rəssam onun hər hansı bir şeirinə  qısa bir zamanda karikatura çəkə bilirdi.

 

Sabirin timsalında satirik şeir özünün ən yüksək pilləsinə çatdı. S.Ə.Şirvani ədəbi məktəbinə mənsub olan şair mübariz, döyüşkən ruhlu satiraları ilə özündən sonra yeni bir ədəbi məktəb yaratdı. Onun böyüklüyü onda idi ki, o öz sözünü zamanında, hədəfə düzgün çatdıra bilirdi. Zənnimcə, onu xalqımıza sevdirən ən ali keyfiyyət də budur. Sabir üçün şairlik xalqı qəflət yuxusundan oyatmaqdan ibarət idi. Şairin qələm dostu Abbas Səhhət yazırdı: ”Zamanında heç bir şair özünü Sabir qədər xalqa sevdirə bilməmişdi” İndi XX əsrin əvvəllərindəki ədəbi tənqidlə tanış olunca aydınlaşır ki, o zaman istədikləri şair və yazıçını burjua yazıçısı kimi təqdim etmək olurdu. Bu damğa hətta böyük inqilabçı demokrat C.Məmmədquluzadəyə də vurulmuşdu. Lakin Sabiri bu adla adlandırmağa cəsarət etmirdi. Baxmayaraq ki, onun da yaradıcılığı bir sıra ziddiyyətlərdən heç də kənar deyildi. Bu ziddiyyətlər hər şeydən əvvəl şairin dinə olan münasibətində özünü göstərirdi. Ayrı-ayrı din xadimlərini satira hədəfinə götürən Sabir bir yandan xalqın gözündən cəhalət pərdəsini yırtmağa çalışır, bir yandan da mərsiyələr də qələmə alırdı. Bir də ki, o, dinə qarşı mübarizəsində Seyid Əzim qədər aqresiv deyildi.

Lakin Sabiri dövrünün digər şairlərindən fərqləndirən daha bir cəhət vardı ki, bu da onun heç zaman bədbinliyə qapanmaması idi. Bu da onun hər şeyi olduğu kimi göstərməsindən, realizmə sadiqliyindən irəli gəlirdi. Ara-sıra zamandan şikayət edib:

Bir səfa bulmadıq bu aləmdə

-desə də bütövlükdə onun poeziyasına bir nikbinlik hakimdir. O, nikbin olduğu qədər də səbirli idi. Görünür ki, ustadı Seyid Əzim ona Sabir (səbr edən) ləqəbini verərkən heç də yanılmamışdı. Eyni zamanda daim oyaq, zamanın hadisələrini dörd gözlə izləyən bir şair idi.  1907-ci ildə İran məşrutəçiləri öz uğurlarına sevinəndə o,

Dinmə, danışma balam,

sən deyən olmayıb hələ,

Arxa su dolmayıb hələ,

Köhnə idarəniz durur,

Rəngi də solmayıb hələ.

Türkiyədəki hadisələr üçün isə:

Osmanlılar, aldanmayın, Allahı sevərsiz,

İranlı kimi yatmayın, Allahı sevərsiz.

Azadlığı, hürriyyəti Sabir gözəl bir dilbərə bənzədirdi və hüriyyətə layiq olmayanları azadlıq adlanan bu gözələ naməhrəm hesab edirdi. Eyni zamanda azadlığı xurma ağacına bənzədir və layiq olmayanları bu ağacdan xurma dərməyə qoymurdu. Bəli, azadlıq adlanan bu ağac yalnız vətən yolunda şəhid olan igidlərin qanı ilə suvarılmalıdır, əks halda bar verməz. Deyirlər ki, Təbrizdə vəliəhdlərin iqamətgahı olan Nizamüddövlə bağındakı ağacların dibində o qədər günahsız insanların başı kəsilmişdi ki, oradakı ağacların heç biri bar vermirdi, hətta bu ağaclara  bülbüllər belə qonmurdu.

Milləti üçün çalışmayan, paralarını rus qadınları, Avropa madamları üçün xərcləyən, bir sözlə həyatının mənasını milləti üçün çalışmaqda deyil, yemək-içməkdən görən və bundan əlavə bir iş bacarmayan insanları şair “canlı dəyirmanlar” adlandırırdı.

Sabir dövrünün hər hansı bir hadisəsinə dərhal münasibət bildirirdi. Öz xalqının faciəsini qəlbən yaşayan şair bir “aclıq çəkən Zəngəzurlunun”, “bir ürəyi giryan olan cocuğun” halına  acıyır,  acımayanları isə qamçılayırdı:

Bu da sözdürmü, qazandıqlarımız parələri,

Hey verək boğmalasın Zəngəzur avarələri?

Sabir öz millətinin halına dərindən acıyan bir şair idi.  Eyni zamanda özünü xalqının yolunda şəhid edən əsil fədai idi. Millətin çətin tərbiyə olduğunu görüncə:

Milləti gördükcə belə hərc-mərc,

Könlüm olur dopdulu qan qatbaqat.

-deyirdi. Zənnimcə onun yaradıcılığında bədbin notlar yaşadığı mühitlə bağlı idi. O dövrdə mövhumat yuvası sayılan Şamaxıda yaşamaq artıq şair üçün qeyri-mümkün olmuşdu. Həmidə xanım Məmmədquluzadə öz xatirələrində yazırdı: ”Sabir mövhumat yuvası olan Şamaxıdan şikayət edər, ”mənim ciyərimi onlar yara edib”- deyərdi.

Burada bir məsələyə gənc araşdırmaçı olaraq şəxsi münasibətimi bildirmək istəyirəm. Digər xalqların ədəbiyyat tarixinə fikir verəndə doğma yerlərindən didərgin salınan, başa düşməyərəkdən döyülən, söyülən şairlər (məsələn demokratik ruhlu rus şair və yazıçıları) çox olmuşdur. Lakin onların heç biri öz xalqından şikayət etməmişdir. Bunu əlbəttə müəyyən mənada onun nöqsanı kimi də qəbul etmək olar. Lakin bütün digər məsələlərdə olduğu kimi bu məsələdə də ona haqq qazandırmaq olar. Hansı millətin dini bir neçə yerə parçalanıb? Hansı millətin məktəblərində sünnü-şiə uşaqları ayrı-ayrılıqda təhsil alırdı? Addımbaşı təhqir olunması onu həqiqətən də vərəmlətmişdi.

Maarifçi realizmin, həmçinin də təkcə realizmin təsirlərinin Sabir yaradıcılığına təsiri sırf onun fəaliyyətinə də yansımışdı. Sabirin yaradıcılığına bələd olunca onun mütaliə ilə ciddi məşğul olduğu qənaətinə gəlmək olur. Şair Avropa ölkələrinin elmi texniki tərəqqinin bütün  nailiyyətləri ilə tanış idi və bu yeniliklərin öz xalqına da tətbiq olunmasını arzulayırdı, bu işə mane olanları isə öldürücü satira atəşinə tutmaqdan çəkinmirdi və “Biz də edərik aləmi röyadə tərəqqi”- deyərək dərindən təəssüflənirdi. Böyük maarifpərvər ziyalı olan şairin öz xalqını, millətini dünyanın qabaqcıl millətləri sırasında görmək ən böyük arzusu idi. M.F.Axundovdan sonra bu yolda  ən çox təhqirlərə məruz qalan  da məhz Sabir idi. Lakin, o, bu yolda dirənişi bir an da olsa dayandırmırdı. Xalqın hər bir uğuruna qəlbən sevinirdi. ”Əkinçi”nin nəşrinin Sabiri necə sevindirməsini xatırlamaq yetərlidir.

Sabir vətənpərvər şair idi. Öz xalqına, millətinə ürəkdən bağlı bir şair idi. Xalqının bu günü, gələcəyi deyil, keçmişi də onu dərindən maraqlandırırdı. “Gülüstan” müqaviləsi sonucunda vətənimizin ikiyə bölünməsini “Sən deyən olmayıb hələ” şerində ürək ağrısı ilə təsvir edirdi.  O, sadə, yoxsul xalqı bəylərdən, xanlardan mərhəmət ummamağa, öz güzəranlarını təmin etmək üçün özlərinə çalışmalarını məsləhət görürdü:

Mənəm-mənəm deyənlərin inanma çox da qövlünə,

Gərəkli gündə onların qıçındakı fərarı gör.

M.Ə.Sabirin yaradıcılığında “Öz qövmümüzün başına əngəl kələfiz biz” şeiri xüsusi yer tutur. Tariximizin müxtəlif dövrlərinə aid olduqca maraqlı faktlarla zəngin olan bu şeirdə şair zaman-zaman xalqımızın başına gətirilən müsibətlərdən söz açır.

Sabiri ən çox narahat edən məsələlərdən biri də islamın iki qola-sünni və şiə qollarına ayrılması idi. Məhz bu amil yüzillərdən bəri minlərlə müsəlman qanının tökülməsinə səbəb olmuş, onun mədəni dirçəlişinə mane olmuşdur. Özünü “köhnə müsəlman” adlandıran Sabir bu məsələyə qarşı kəskin mübarizə aparırdı. Tarix boyu müsəlmanların düşmənləri onları parçalayıb zəiflətmək üçün məhz bundan bacarıqla istifadə etmişlər. I Pyotrun bu barədə vəsiyyətlərini xatırlamaq yetərlidir. Səfəvilər dövlətinin xarabalıqları üzərində yeni bir imperiya quran Nadir şah Əfşar görünür bu parçalanmanın fəsadlarını dərk etmiş, sünniliyi və şiəliyi birləşdirib bir din yaratmaq fikrinə düşmüşdür. Lakin onun suiqəsd sonucunda ölümü necə bir din yaradacağını bizimçün qaranlıq qoydu.

Azərbaycanda monqol hakimiyyətinin Qazan xana qədərki dövrdə həyatda olduğu kimi dini həyatda da böyük hərci-mərclik mövcud idi. Monqol yürüşləri zamanı məscidlərin dağıdılması, bütpərəst məbədləri ilə əvəz olunmasını

Məscidləri, məktəbləri yıxdıq yerə təkrar...

-deyərək dərin təəssüfləndiyini bildirirdi. Abbas Səhhət bu şeir haqqında yazırdı: “Qədim zamanlardan bəri islam və türk əqvamının arasında vuqu bulan iftiraq və nifaqı səlcuqi Məlikşah Cəlaləddin tərəfindən başlayaraq hal-hazıra qədər bir dövreyi-tarix”dir. Yusif Vəzir Çəmənzəminli yazırdı: “Sabir ruhən şərqlidir, təmayülən Avropa mədəniyyətinin ifadəsidir”.  Sabir fövqəladə istedada malik olan bir insan idi. Öz xalqının, ümumən türk dünyasının tarixinə dərindən bələd idi. Bu isə onun böyük vətənpərvər şair olmasından xəbər verirdi. Abbas Səhhət Sabiri “türk qövmünün istedadını inkaredilməz bir tərzdə isbat edən” bir şair kimi xarakterizə edirdi.

İctimai həyatın elə bir sahəsi çətin tapılar ki, Sabir ona  münasibət bildirməsin. O, insana yalnız layiq olduğu ləqəbi daşımağı məsləhət görürdü:

Ləqəb iş görməz, əfəndim, kişinin,

Adı ya Samü Nəriman oldu.

Kişidən istənilən işdir iş,

Kim ki, iş yapdı, o zişan oldu.

Sabir daha çox tənqidi realizmə meyl etsə də xalq savadlanmayınca tərəqqinin mümkün olmayacağına inanırdı. Onun yaradıcılığında elmi, məktəbi təbliğ edən onlarla şer nümunələrinə rast gəlmək olur. Bu cəhəti onu maarifçi realizmlə birləşdirirdi. Lakin o, intelligentliyi şərab içməkdə və qumar oynamaqda görənləri də qamçılamaqdan çəkinmirdi.

Bu intelligentlərin sözün gətirmə heç aralığa,

Onları görmək istəsən şərabı gör, qumarı gör.

Azərbaycan ədəbiyyatında milli demokratiya onun adı ilə bərqərar oldu. “O, tənqidi realizmi klassik ənənəyə çatdırdı” (Yaşar Qarayev).

Sabirin yazdıqları təkcə öz dövrü üçün deyil, bu günümüz üçün də güncəl, aktualdı. Təsadüfi deyil ki, müasir dövrümüzdə də satira yazan şairlərin əksəriyyətinin yaradıcılığında Sabir realizminin izlərini görürük.

Sabir o şairlərimizdəndir ki, öz sağlığında özünə ölməzlik abidəsi ucaltdı. Xalqımız var olunca o da var olacaq, əbədi xatırlanacaq. Hələ Sabirin sağlığında şair dostu Abbas Səhhət onun haqqında yazırdı;

Az çəkər heykəl yaparlar namına.

Bu gün biz Sabirin adına hansı fəxri titullar əlavə etsək də butün bunların başında bir söz dayanır. O, öz millətinin təəssübünü çəkən əsil azərbaycanlı idi.

 

Yeqzar Cəfərli

 

Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyətin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan ədəbiyyatında müasir yaradıcılıq cərəyanlarının izlənməsi və təhlilinə dair təşəbbüslər” layihəsi çərçivəsində çap olunur.

 

Olaylar.- 2014.- 17 aprel.- S.10.