Böyük türkçü, maarifçi ziyalı
Əli bəy Hüseynzadənin Salyan rayonunun mərkəzində ucaldılan heykəlinin qarşısındayam. Ruhuna dualar oxuduqdan sonra ona ürəyimdən keçən bu sözləri deyirəm: “Ey böyük insan, sən nə salyanlısan, nə də azərbaycanlı. Sən Türkçüsən, Turançısan, Türk ideyalarının yayıcısı, Türk oğlu Türksən.”
Ali məktəbdə XX əsr Azərbaycan
ədəbiyyat fənnindən imtahan verirdim. Biletin birinci sualı Cəlil Məmmədquluzadə
yaradıcılığı ilə bağlı idi. Danışdım. Müəllimin
üzündəki razılıq ifadəsindən bildim ki, cavabım onu qane edir.
(İmtahan götürən müəllim
elmi dərəcəsi olan
tanınmış bir şəxs idi.) İkinci sualım belə
idi: “XX əsrin əvvəllərində
mürtəce ədəbiyyat.” Mən də
yaradıcılıqlarını Azərbaycan sovet
ədəbiyyatından öyrəndiyim, çox
az məlumatım olan
Əli bəy Hüseynzadədən, Məhəmməd Hadidən,
Abdulla Surdan və s. danışmalı idim.
Gözlərimi döyüb müəllimə
baxırdım. Müəllim: “Dinləyirəm, danış,
mürtəce ədəbiyyat dedikdə nə başa
düşürsən?” Başa düşdüyüm tərzdə: “Ədəbiyyatı
geri aparan, nöqsanlı ədəbiyyat”. “Nümunə
söylə”,-dedi müəllim. Mən “Füyuzat”
jurnalının adını çəkdim. Birdən: “Mən
bu jurnalı mürtəce ədəbiyyata
nümunə hesab etmirəm, necə ola bilər ki, mətbuat
tarixindən adını silə bilmədiyimiz jurnal
mürtəce ədəbi nümunələrə sahiblik edib?”
Nə isə... “Bir qanadı qırılmış əzik-üzük
kafi qiymət” aldım. Bir
neçə il Əli bəy Hüseynzadə
haqqında məlumat toplamağa
başladım. Onunla bağlı öyrəndiklərim
məndə suallar doğururdu : “Nədəndir şüurlu
həyatını Türk xalqlarının
kimliyini dünyaya
çatdırmaqda görən bu şəxs
unudulub, Sovet
imperiyasının qara siyahısına düşüb”.
Kimdir Əli bəy Hüseynzadə? Artıq onunla bağlı məlumat əldə etmək
çətin deyil. Mənbələr çoxdur. Onun həyat və
fəaliyyəti böyük əsərlərdə
də əks oluna bilər, indi təqdim edəcəyim kiçik
xronologiyaya da
sığa bilər.
1. 1864-cü il fevralın 24-ündə Salyanda
anadan olub.
2. 1875-1885-ci illərdə Tiflis gimnaziyasında təhsil alıb.
3. 1885-1990-cı illərdə Sankt Peterburq Universitetinin fizika-riyaziyyat fakültəsində
təhsil alıb.
4. 1890-1895-ci illərdə İstanbul Darülfununun dermatoloq ixtisasını Tibb Yüzbaşı rütbəsi ilə bitirib.
5. 1890-cı ildə “İttihad” və “Tərəqqi” firqəsinin
əsasını qoyanlardan
və ən fəal xadimlərindən
biri olub.
6. 1897-1900-cü illərdə Türk-Yunan müharibəsində
Qırmızı Aypara
heyətinin tərkibində
İtaliyada hərbi həkim kimi çalışıb.
7. 1900-cü ildə İstanbul
Darülfununun Hərbi
Tibb fakültəsində
professor köməkçisi seçilib.
8. 1905-1906-cı illərdə Bakıda nəşr olunan “Həyat” və “Füyuzat” qəzetlərində redaktorluq
edib.
9. 1910-cu ildən Türkiyədə
siyasi fəaliyyətini
davam etdirib.
10. 1926-cı ildə İstanbul Darülfununun tibb professoru seçilib.
11. 1940-cı il
mart ayının 17-də İstanbul
şəhərində vəfat
edib.
Mən
isə Əli bəy Hüseynzadənin həyat və yaradıcılığı ilə
bağlı bəzi maraqlı məqamlara toxunmaq istəyirəm. Kiçik yaşlarından atasını
itirən balaca Əlini babasının yanına, Tiflisə gətirirlər. Baba Axund Əhməd Səlyani Şeyxülislam
idi. Babasının
köməyi ilə mükəmməl dini təhsil alan
oğlan ərəb-fars
dillərini öyrənir.
Quranın incəliklərini əxs edir. İlk təhsildən sonra gənc Əli təhsilinin növbəti
mərhələsi üçün
qərar verir. Rusiyada oxumaq. Burada maraqlı olan
nədir? Bu qərara Axund Əhməd razılıq
verir, nəvəsini İranda və ya digər Şərq
ölkələrində oxumağa
təhrik etmir. Peterburqda fizika-riyaziyyat elmi üzrə təhsil alan
Əli bəy, rəssamlıq təhsili də alır.
Yenə
də maraqlı məqam. Əli bəy Rusiyadan
Avropaya da gedə bilərdi, amma o, Türkiyəni seçir. Bu nə ilə əlaqəli idi? Gənc Əli bəy artıq öz fikir və düşüncələrini
sahmana salaraq Rus imperializminin Türk xalqlarına qarşı qərəzli
siyasətini dərk edirdi.
Türkiyədə həkimlik təhsili alan Əli
bəy 1905-ci ildə Bakıya dönür. Rus müstəmləkəçiliyinin bir hissəsi olan Bakı “xalqlar həbsxanası” idi. Azadlıq ideyası insanlara
dərman kimi lazım idi.
Əli bəy
Hüseynzadənin “Hali-Vətən”
şeirində deyildiyi
kimi:
Ucundadır dilimin həqiqətin
böyüyü
Nə qoydular deyəlim, nə kəsdilər dilimi.
Bilirmisən cühala nə etdilər Vətənə?
Nə qoydular uyuya, nə qoydular oyana
Böyük
başlar – Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu Bakıda birləşdilər
və “Həyat” dərgisi ərsəyə
gəldi. O dərgi
ki, Əli bəy özünün “Həyat və meyli Füyuzat” adlı məqaləsində
bu barədə açıqlama verir.
Əli bəy
Hüseynzadənin məqalələri
və elmi əsərlərinin təkcə
adları çox mətləbləri anladır:
“Türklər kimdir, kimlərdən ibarətdir”,
“Nicat məhəbbətdədir”,
“ Siyasəti firusət” və.s
Əli
bəyin istəyi nə idi? Türkün
böyüklüyünü xatırlatmaq və onun keçmiş şöhrətini özünə
qaytarmaq.
İndi müstəqil
Azərbaycanın başı
üzərində dalğalanan
bayrağın üç
rəngi Əli bəy Hüseynzadə arzularının ideyalarının
rəmzidir: “Bizə fədai lazımdır! Türk hissiyyatlı, islam etiqadlı, Avropa qiyafəli fədai”.
Bəli, dahi mütəfəkkir müstəqil,
müasir Azərbaycanın
gələcək inkişafını
hələ XX əsrin
əvvəllərində müəyyən
etmişdir və “bayrağa rənglərini
verən mütəfəkkir”
kimi tarixdə haqq qazanmışdır. Əli bəy rus imperializminin
milli ayrıseçkilik
siyasətini dərk edir və əsərlərində
bu məsələyə
kəskin münasibət
bəsləyirdi. O “Siyasət
və fürusət” adlı elmi-fəlsəfi əsərində rus imperializminin tərkib hissəsi olan inqilab və qırmızı qanı qəbul etmir, bu cür güc
tətbiq etməni inkar və ifşa
edirdi. Onun aforizmə çevrilən
kəlamlarından nümunələr
fikrimi təsdiqləyir:
“Hürriyyət! O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları,
bəşərin bütün
sülh və mənəviyyatını sövq
ediyor”.
“Türklər ya ölər, ya hicrət edərlər, fəqət qul olmazlar”.
“Həqiqətin də dadı və ləzzəti var”...
Əli
bəy Hüseynzadədən
yazarkən mənim yadıma onunla bağlı çox maraqlı görüş
düşdü. Səhv
etmirəmsə 1993-cü il idi. Salyan rayon Təhsil
Şöbəsində işləyirdim.
Məlum oldu ki, gələn qonaqların arasında Yazıçılar Birliyinin
Sədri Anar, tanınmış tənqidçi
Yaşar Qarayev, ədəbiyyatşünas, Əli
bəy Hüseynzadə
irsinin fəal təbliğatçısı Ofeliya
Bayramlı və bir çox məşhur şəxslər
var idi. Qonaqlar təqdim olunarkən ağ
saçlı, nurani bir qadın, Əli bəy Hüseynzadə yadigarı
Səidə Feyzəvərə
söz verildi. (Əslində görüşün
məqsədi Səidə
bəyimin görüşü
ilə bağlı idi.) O, çox həyəcanlı idi. Atası haqqında şirin xatirələr danışdı.
Atasının Türkiyədəki fəaliyyəti, Atatürklə
bağlılığı, mətbuat sahəsindəki
işləri qeyd olundu. Çıxışdan
yadımda qalan məqamlardan biri də bu idi:
“Mənim atam var-dövlət dalınca
qaçmadı. Atam dünyasını
dəyişəndə şəxsi
evimiz belə yox idi, kirayələrdə
yaşayırdıq.” Həmin görüşə Əli
bəy Hüseynzadənin
həkimlik sahəsində
tədqiqatçısı, elmi irsinin araşdırıcısı
(təəssüf ki,
ismini unutmuşam) da gəlmişdi. Çıxışında Əli bəyin
elmi nailiyyətlərinə
toxunan alim bu sahədə araşdırmaların gərəkli
olduğunu qeyd etdi.
Demək,
Əli bəy harda olursa olsun,
orada öncül idi. Fəlsəfə elmində təkrarsız filosof, öz ideyaları ilə arxasınca milyonlar apara bilən qəzetçi, istedadlı
rəsssam (Bibiheybət
məscidinin rəsmini
çəkən Əli
bəy özü də fikirləşmədən
sabah üçün
gərəkli bir iş görmüşdü.
Sovetlər dönəmində məscidi uçurdulur.
Müstəqillik illərində onu
bərpa edərkən
Əli bəy Hüseynzadənin rəsmi
köməyə gəlir.
Əli bəy Hüseynzadənin dilinin qəlizliyinə görə çox yamanlayıblar, amma onun dahiliyini inkar edə bilməyiblər. Anlamaq
lazım idi ki, uşaqlıqdan ərəb-farsca təhsil
alan, gəncliyinin
əsas hissəsini Türkiyədə yaşayan
bu şəxs nə qədər Azərbaycanda oldu ki... Amma o, qəlbən, ruhən
insanlığa xidmət
etdi, bəşəri
ideyaları bizlərə
çatdırmağa çalışdı.
“Faust”dan etdiyi tərcümələri ilə,
islamın mənəvi
dəyərlərini xatırlatması
ilə, Türkün böyüklüyünü təkrarlatmaqla...
O, böyük Türkçüdür,
Türk oğlu Türkdür.
Bikəxanım Səlimova
Olaylar.- 2014.- 18 aprel.-
S.12.