“Getdikcə daha güclü
diasporumuz formalaşacaq”
Vüqar Abbasov: “Azərbayandan kənarda yaşayan hər kəs özünə bir diaspor təşkilatı yaratmalı deyil”
Bu gün özünün inkişaf dövrünü keçən Azərbaycan diasporuna müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın da dəstəyi böyükdür. Hansısa cəmiyyət və ya təşkilatda təmsil olunmamalarına baxmayaraq bir diaspor təşkilatı qədər aktiv olan bu kimi soydaşlarımız yaşadıqları ölkənin kütləvi informasiya vasitələri ilə də yaxından əlaqələr quraraq müntəzəm olaraq Azərbaycanın problemlərini həmin media qurumlarında işıqlandırırlar. Belə dəyərli insanlardan biri də uzun illərdir ki, Niderland Krallığında yaşayan soydaşımız Vüqar Abbasovdur. “OLAYLAR”-a verdiyi müsahibədə soydaşımız fərdi qaydada apardığı mübarizə, Niderland mətbuatı ilə qurduğu əlaqələr barədə danışıb.
-Vüqar bəy, müntəzəm olaraq xarici mətbuatda məqalələr, yazılarla çıxış edir, Azərbaycanı təbliğ edirsiniz. Bu kimi addımlar, təbliğat üsulu Azərbaycanın dünyada tanıdılmasına nə kimi müsbət təsirini göstərir?
-Xarici mətbuat deyəndə ki,
Niderland mətbuatı artıq mənim üçün xarici hesab olunmur. Sizə
maraqlı bir məqamı deyim
ki, bəzi niderlandlı dostlarım arada Azərbayan mətbuatı üçün
yazdıqlarımın Niderland dillində
qısa xülasəsini istəyir, yaxud internet üzərindən pis-yaxşı tərcümə
edərək oxumağa
çalışırlar. Hərdən də mənə zarafatla deyirlər ki,
Niderlandı Azərbaycana təbliğ edirsən. Doğrudur,
Niderlandın buna bir o qədər ehtiyacı yoxdur
və bəlkə bunun heç
marağında da deyillər. Ancaq Azərbaycan haqqında bunu
demək olmaz. Bizim bəzi,
bizə məlum olan həqiqətlərimiz
var ki, bu
həqiqətləri dünyaya, həmçinin
Niderland siyasilərinə,
niderlandlılara çatdırmaq lazımdır. Heç kimə də sirr
deyil ki, bu işdə mətbuatın rolu
danılmazdır. Təvazökarlıqdan uzaq
səslənsə də, deməliyəm ki,
mənim fürsət düşdükcə Niderland
mətbuatına yazdığım yazılar dediyiniz
məsələdə az da
olsa rol oynayır. Ancaq təkrar edirəm ki,
bunlar hələ damlalardır. Böyük işlər görmək üçün geniş imkanlar lazımdır. Bəzi məsələlərlə
bağlı müəyyən düşüncələrim var, hələlik bu barədə
danışmaq istəmirəm. Alınarsa təbii ki, bu barədə mətbuata
məlumat verilməsi mümkün olan qədər veriləcək. Sadəcə onu deyə bilərəm ki,
siyasi partiyaların birindən olan dostlarla bu barədə məsləhətləşmələr
aparıram. Gələcəkdə daha fərqli
mənzərəni görəcəyimizə ümid
edirəm.
-Fəal diaspor nümayəndəsi kimi deyə bilərsinizmi ki, diaspor nümayəndələrimiz xarici KİV-lərə çıxmağa nə dərəcədə maraqlıdırlar və həmin mətbu orqanlarla Azərbaycan diasporu səmərəli əməkdaşlıq edirmi?
-Bu sual diaspor təşkilatlarına ünvanlansa daha yaxşı olar, deyə düşünürəm. Ancaq diaspor təşkilatlarımızın Azərbaycan mətbuatına olan marağını nəzərə alsaq, deyə bilərəm ki, Niderland mətbuatına da biğanə olmazlar (gülümsəyir). Ən azından bu, növbəti dəfə Azərbaycan mətbuatına çıxmağa əsas verər və bunu da təbii görürəm. Mənim də yerli mətbuatda bir yazım gedən kimi Azərbaycandakı sizin kimi jurnalist dostlarımızın marağına səbəb olur və bu da öz növbəsində başa düşüləndir. Mən də bir başqası tərəfindən ölkəm haqqında yazılan bir yazını görsəm sevinər və bunu mətbuata çıxarmağa çalışaram. Necə ki, buradakı təşkilatların ən balaca işlərini belə imkanım qədər mətbuata xəbər kimi verməyə çalışıram. Yerli, sırf Niderland mətbuatının təşkilatlarımızla münasibətlərinə gəlincə, deyim ki, bu, doğrudan asan məsələ deyil. Bilirsiz, bu gün çıxıb Azərbaycan əleyhinə, iqtidarın əleyhinə istənilən qədər yazılar verdirmək olar. Siz də jurnalistsiniz. Razılaşarsız ki, jurnalistlər bir çox halda intriqa, tənqid və.s. axtarır və oxucu üçün bunun maraqlı olacağını düşünürlər. Niderland mətbuatı barədə də bunları demək mümkündür. Bəlkə də ümumilikdə deyil, çoxluq belədir.
-Hollandiyada yaşayan soydaşımız olaraq hazırda bu ölkədə Azərbaycan diasporunun durumunu necə xarakterizə edərdiniz?
-Təxmini rəqəmlərə
görə burda hazırda 10 000-ə
yaxın həmyerlimiz yaşayır. Ancaq
bizlər burada kompakt halda yaşamırıq. Bilmirəm bu yaxşı, yoxsa pisdir, sadəcə belədir. Bu
isə təbii ki, aramızdakı
ünsiyyəti bir qədər azaldır.
Niderlandın müxtəlif yerinə səpələnmiş
insanlarımız hər hansı bir tədbirə
gəlməkdə çətinlik çəkirlər. Bizdə
isə şükür ki,
tədbirlər çox olur.
Eyni bir mövzu ilə bağlı bəzən bir neçə təşkilat ard-arda
tədbir keçirdirlər. Lap
ayrı-ayrı mövzular olsun,
ard-arda düşüncə
insanlarımıza çətin olur. Bu, bir ərazidə
yaşamamağımızla bağlıdır. Bundan başqa qeyd etmək istəyirəm. Azərbaycan
adına sevindirici bir
haldır ki, burda
böyüyən və yerli təhsil
ocaqlarında, o cümlədən
universitetlərdə təhsil alan
çoxsaylı gənclərimiz var. Ümid edirəm ki, bir neçə illərdən sonra
artıq buranın dövlət idarələrində həmyerlilərimizi
görə biləcəyik.
-Bu gün yaşadığınız ölkədə çoxsaylı diaspor təşkilatımız fəaliyyət göstərir. Onlar arasında sözün əsl mənasında birlik və həmrəylik varmı?
-Baxın bu sualınıza cavab versəm
intriqa yaratmış olacaqsız ki, bu da
bir az öncə mənim
dediklərimi təsdiq etmiş olacaq (gülümsəyir). Mən də
onların bir olmasını istərdim. “Birlik” deyəndə mən təşkilatların
birləşməsini nəzərdə tutmuram.
Demək istəyirəm ki, dost olmaq şərt
olmadığı kimi, düşmən olmaq da şərt deyil. Bölünə bilməyəcək nə
var axı? Yalandan “həmrəylik
var” deyə bilmərəm. Bu ikiüzlülük,
yalançılıq olar ki,
bu, mənim xarakterimə yaddır. Ümid edirəm ki, gələcəkdə
bunun əksini deyə biləcəyik. Ancaq bir şeyi
qeyd etməsəm haqsızlıq etmiş olaram ki, bəzi təşkilatlarımız var ki, heç
bir intriqalara qoşulmur, sadəcə öz
işləri ilə məşğuldurlar və bunu alqışlamağa dəyər. Bir məsələni də qeyd
etmək istəyirəm. Təşkilatlarımız
arasında mənəm - mənəmliyə son
qoymaq lazımdır. Kiminsə
adının haradasa hallanmasından önəmli
ölkəmizin adının hallanmasıdır. Kimsə məndən
inciməsin, bir tədbir keçirir
bir neçə ay onu müzakirə edirik.
Bir-birindən incimələr və.s. İnanın, tam səmimi deyirəm, bu kimi hallar heç
də xoş deyil və
xüsusi xahiş edirəm
ki, bu müsahibəni
oxuyan dostlarım sonradan
günahkar axtarışına
çıxmasınlar. Hər kəs, özümüz
də həqiqəti bilirik, qalır onu etiraf etməyi bacarmaq.
-Sizcə, bu gün Azərbaycan diasporunda çatışmayan cəhətlər hansılardır və nələri təklif etməklə diaspor işini bir qədər də irəli aparmaq olar?
-Diasporumuzun
gələcəyini indikindən daha parlaq olacağını düşünürəm.
Səbəbi çox sadədir. Bizlərin
Avropaya gəlişi çox
da uzaq illərə gedib çıxmır. Türkiyədən gələrək
burada yaşayan və
onların qurduqları təşkilatlarla Azərbaycanı təmsil
edən təşkilatların arasında fərq böyükdür. Bunların başlıca səbəblərindən
biri də dil məsələsidir.
Yerli dili mükəmməl
bilməyin üstünlükləri təbii ki,
çoxdur. Belə ki,
bu yerli insanlar, siyasilər, mətbuat, iş
adamları ilə ünsiyyət qurmaqda
yardımçı ola bilər. Bir az öncə də qeyd etdim ki,
hazırda mənim tanıdığım bir
neçə gənc burada yüksək təhsil
alır. Təbii ki, mənim
tanımadığım yetərincə gənclərimiz var ki, təhsillərinə
üstünlük verirlər. Bir neçə ildən sonra
bizlər burda tam
formalaşmış olacağıq. Həmin gənclərə
dəstək verilməsini istərdim. Ümid
edirəm ki, getdikcə daha
güclü diasporumuz
formalaşacaq. Fürsətdən istifadə
edib bir məqamı
sizlərlə bölüşmək istəyirəm. Bir az öncə məni
Macarıstanda yaşayan dostum
Ramiz Əmirli aramışdı və sevindirici bir xəbər verdi. Onun oğlu
Rüstəm Əmirovun Macarıstanda şerlər kitabı çap olunub və həmin
ölkənin ən gənc şairi
adını qazanıb. Digər oğlu Davud isə yerli
partiyaların birində olduqca aktiv fəaliyyətdədir və gələcəkdə
oranın parlamentində təmsil olunmağı
qarşısına məqsəd kimi qoyub. Təbii ki, bunun bir başa
mənim hazırda yaşadığım ölkəyə heç bir aidiyyatı yoxdur. Ancaq hər hansı
bir həmyerlimiz dünyanın istənilən
ölkəsində hansısa uğur
qazanıbsa, buna sevinməliyik.
-Hollandiyadakı Azərbaycan diasporu digər ölkələrə nisbətən bir sıra uğurlara imza atıb. Belə ki, bu ölkədə Xocalı soyqırımı ilə bağlı abidə qoyulub və s. Bütün bunlar Hollandiyadakı erməni diasporunu narahat edirmi və Azərbaycan diasporunun fəaliyyətinə mane olmaq üçün hansısa cəhdlərə əl atırlarmı?
-Düzdür,
Niderlandın Den Haaq
şəhərində Azərbaycan Türk
Kültür Dərnəyinin təşkilatçılığı
ilə Xocalı soyqrımına abidə qoyulub.
Həm həmin təşkilatın rəhbərliyindən, həm
də abidənin qoyulması zamanı burada
olan digər həmyerlilərimizdən
eşitdiyimə görə o ərəfədə
ermənilər həmin abidənin qoyulmasından ciddi narahat olublar.
Bu barədə daha ətraflı
sözü gedən insanlar
danışsa daha yaxşı olar. İndiki durumda kiminsə bizim fəaliyyətimizdən
narahatçılıq keçirtdiyini
görmürəm. Bəlkə ayrı-ayrı təşkilatlar
bunu görür, hiss edirlər, deyə bilmərəm. Ancaq ümumilikdə deyə bilərəm ki, bizlərin hər bir hərəkətinin
erməniləri narahat etdiyini
düşünürəm. Sadəcə hələlik
açıq hərəkət etmirlər.
-Uzun illərdir ki, Azərbaycandan kənardasınız. Nə üçün özünüz diaspor təşkilatı təsis etməmisiniz?
-Azərbayandan
kənarda yaşayan hər kəs
özünə bir diaspor
təşkilatı yaratmalı deyil
axı. Onda gərək hazırda burada yuxarıda dedyim qədər
təşkilat olardı. Gündəmi zəbt edə biləcək
qədər təşkilatımız var
(gülümsəyir). Hesab etmirəm ki, buna ehtiyac var.
Məni bir neçə təşkilat bərabər
fəaliyyət göstərməyə dəvət edib. Sonuncu dəfə dəvəti
“Hollandiyada Azərbaycan Evi”
təşkilatından aldım. Mən özümü
jurnalist kimi daha çox xeyir verə biləcək biri
kimi görürəm. Təşkilat işi o qədər də
asan deyil. Hər bir halda bu
günə qədər buna ehtiyac görməmişəm. Gələckdə
nə olacaq, indidən bir
söz deyə bilmərəm.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.-
2014.- 22 aprel.- S.15.