Əli bəy Hüseynzadə və Türk Dünyası
Əli bəyin
turançılıq ideologiyası təkcə Ural-Altay xalqlarının yox,
bütün türk
birliyinə xidmət edirdi
Şair, yazıçı, ictimai xadim Əli bəy Hüseynzadə Azərbaycan və bütün türk dünyası türkçülük və turançılığının ilk müdafiəçisi və mütəfkkirlərindəndir. Türkçülüyün geniş çərçivədə fikir ölçüsünün yayğınlaşmasında əhəmiyyətli işləri olub. Müasiri olan və yeni türkoloqlarının fikirləri üzərində böyük təsirləri var. Yaşadığı dövrdə türkçülük ideologiyası yeni mütəşəkklik tapdığı üçün sahə ilə əlaqədar apardığı araşdırma və əsərlərində fikirlər tamamilə orijinaldır.
İlk turançı
Dövrünün nəşrləri Əli bəyin türkçülük təbliğatı üçün əsas vasitələrdən biri idi. O, bu məqsədlər 1904-cü ildə Qahirədə çıxan “Türk” qəzetinə Akçuranın “Üç tərzi siyasət” adlı məqaləsinə cavab kimi “Məktubi Mahsus” adlı yazı göndərir. Məqalə qəzetin 56-cı sayında “A.Turan ” imzası ilə nəşr olunur. Əli bəy yazısında tatar adlı bir xalq və millətin olmadığını bildirərək, “krımlı”, osmanlı”, “kazanlı”, “orenbruqlu” və s. adlandırılan millətin əsil adının türk olduğunu Qərb və rus imperializminin diqqətinə çatdırır: “Əgər onlara hansı qövmdən olduğunu öz dillərində soruşsanız, “Türkük” deyə cavab verəcəklər. Bu millətə səhvən tatar adı verilib. Türklər hər harada olursa olsunlar, istər Osmanlı, istər Türküstan, istər Baykal, ya da Qaraqorum ətrafında olsunlar biri digərini tanıyacaq, sevəcək, sünnilik, şiəlik və başqa məzhəb, təriqət bilmədən “Qurani-Kərim”dən danışacaqlar”. Əli bəy bu məqaləsilə Akçuranın “Üç tərzi siyasət” müzakirələrinə qoşulur. Həmçinin türklərə “tatar” adı verənlərin tezis və anti-tezislərini birləşdirir. Bu məqaləsinin sonuna bir şeirini də əlavə edir ki, bu da onun yalnız türklərin deyil, eyni zamanda bütün turanlıların birləşməsinin vacib olduğunu diqqətə çatdırır. Bu şeirinə görə Akçura Əli bəyi ilk panturanist adlandırır. Akçura şeir barədə yazırdı: “Turan adındakı mənzuməsi pan-turanizm məfkusərinin ilk təcəlləsidir”:
“Sizlərsiniz ey qövmi macar,
bizlərə ixvan,
Əcdadımızın
müştərək mənşəyi Turan!
Bir dindəyiz, hamımız haqpərəstan,
Mümkünmü ayırsın bizi
İncil ilə Quran?
Cengizi titrətdi bu
afaq sərasər,
Timurları hökm şahənşahlara yeksər
Fatehlərinə
keçdi bütün
kişvəri kaysər”.
Əli bəyin turançılıq ideologiyası təkcə Ural-Altay xalqlarının yox, bütün türk birliyinə xidmət edirdi. O, Macarıstan turançılığını da diqqətdə saxlayırdı. Zaman-zaman dövrü mətbuatda məsələyə yazılı münasibətini bildirirdi. Əli bəy Hüseynzadə 1917-ci ildə Macarıstanda nəşr olunan “Turan” jurnalında ilk macar turançılarından Arminius Vamberiyə ithaf etdiyi 5 şeirində bu ölkənin digər türk millətlərilə Turan qardaşlığını müdafiə edir. “Turan” şeiri türk birliyinə ilk çağrışdır. Bununla o türklük tarixinə adını ilk turançı kimi yazdırır. Əli bəy Turan idealogiyası üçün ortaq ədəbi dilin yaradılmasının vacibliyini irəli sürmüş və Mirzə Fətəli Axundovdan fərqli olaraq türk dilinin Avropa və rus sözlərlə zənginləşdirilməsi əvəzinə tarixi yaxınlıqları olan ərəb və fars dillərinə müraciət olunmasını qabardıb: “Dilimizi digər xarici sözlərlə doldurmaq, yoxsa dilimizdəki əskikləri tamamlamaq üçün bu dillə tarixi, dini və ədəbi bağlılığı olan ərəb və fars dillərinə müraciət etmək yaxşıdır?”. Əli bəyin bu fikirlərini 6-7 ildən sonra türkoloq Ziya Gökalp tərəfindən dəyişdirilir. Gökalp türk dili üçün elmi terminlərin “Qurani-Kərim”dən alınması təklifini irəli sürür və Əli bəyin “Qəzetimizin dili haqqında” məqaləsindən istifadə edərək “Türkcələşmiş türkcədir” (“Həyat” N:7, 1905) təklifini irəli sürür.
Bakıdan Səlanikə
“Məktubi Mahsus”adan sonra Əli bəy məşhur “Türklər kimdir və kimlərdən ibarətdir?” adlı silsilə yazılarını 1905-ci ildən “Həyat” qəzetində nəşrinə başlayır. “İçimizdə özbək, qırğız, başqırdların türk olduqlarını bilməyənlər var” deyərək anti-türkçülük hərəkatını başlayanlara qarşı etiraz edən Əli bəy Hüseynzadə yazı seriyası ilə pantürkizm təbliğatının əsasını qoyur. “Həyat” 1905-ci ildə Əli bəyin Hacı Zeynalabdin Tağıyev, Əlimərdan bəy Topçubaşov və Əhməd Ağaoğlu ilə birlikdə Çar Rusiyasında nəşr etdirdiyi ilk gündəlik türkdilli qəzetdir. Nəşrdə “Türklər kimdir və kimlərdən ibarətdirlər”, “Qəzetimizin dili haqqında” kimi silsilə məqalələrlə çıxış edən mütəfkkir türklərin mənşəyi, boy, irq və dil xüsusiyyətlərini izah edir. 1910-cu ilin 4 dekabrında Bakıdan İstanbula gələn Əli bəy Hüseynzadə burada da türkçülüyün təbliğatını davam etdirərək, Türk Dərnəyinin sıralarına qoşulur. Dərnək həmin dövrdə türk millətlərinin tanıdılması üçün kitab, braşür nəşr etdirir, müxtəlif ölkələrdə seminarlar təşkil edirdi. Əli bəy Türk Dərnəyinin bütün fəaliyyətlərində aktiv iştirak edirdi. Lakin qurumun fəaliyyəti uzun çəkmir, bağlanır. 1911-ci ildə Əli bəy Hüseynzadə Türk Yurdu Cəmiyyətinin qurucuları arasında olur. Cəmiyyətin türklərin mədəni səviyyəsinin yüksəldilməsi nizamnaməsinə uyğun olaraq qəzet nəşr etdirməyə başlayır. Həmin ildə TYC-ın jurnalı çıxır. Jurnal “Dildə, fikirdə, işdə birlik” şüarını özünə rəhbər tutur. Azərbaycanlı mütəfəkkir burada da ampluasına uyğun olaraq işini davam etdirir. Əli bəy Hüseynzadə İttihad və Tərəqqi Cəmiyyətinin 1911-ci ildə keçirilən konqresində Tələt bəyin təklifi ilə qurumun Mərkəzi-ümumi azası təyin edilir və Səlanikdə silsilə şəklində türkçülük konfranslarının keçirilməsinə başlayır. Səlanik konfransları türkçülük və turançılıq ideologiyalarının yayğınlaşması üçün stimulyator rolunu oynayır.
Qərb müstəmləkəsinə
açıq etiraz
Birinci Dünya Müharibəsi əsnasında,
1917-ci ildə Çar Rusiyasının
dağılmasını gözləyənlərin sayı
artırdı. Bu çərçivədə
Rusiya türklərinin muxtariyyət, hüquq bərabərliyi əldə etmələri
məqsədilə Rusiya müsəlmanları
tərəfindən Müsəlman Türk-Tatar
Millətlərinin Hüquqlarının Müdafiəsi Komitəsi
yaradılır. Komitə 1915-ci ildə Əli bəy
Hüseynzadə, Yusuf Akçura,
Çələbizadə Mehmet Esat, Mükimeddin Beğcandan ibarət “Turan
heyəti”ni yuxarıdakı məsələlərlə əlaqədar
Avropaya göndərilir. Əli bəy və
Yusuf Akçura tərəfindən
Budapeştdə alman dilində nəşr
edilən “Rusiya Müsəlman Türk -Tatar Millətlərinin
Hüquqlarının Qorunması Komitəsinin Memorandumu”
adlı broşürdə Rusiyada yaşayan türklərə edilən təzyiqlər
Avropa ölkələrinin diqqətinə
çatdırılır. Bundan sonra Əli bəy Hüseynzadə Berlində Türk Millətlərinin Konqresində məsələ
ilə əlaqədar yeni müraciətini
təqdim edir. O, müraciətində
növbəti dəfə Rusiya türklərinin
milli, iqtisadi, mədəni
mövqe və çətinliklərindən
bəhs edir. 1916-cı ildə
“Rusiyanın Məzlum Millətləri Cəmiyyəti”nin bəyannaməsi
Əli bəy, Akçura, Əhməd Ağaoğlu, Qazi Əbdürrəşid
İbrahimin imzaları ilə ABŞ
prezidenti Vilsona
göndərilir. Bəyannamə
“İmdadımıza çatınız və bizi
yox olmaqdan qurtarın”
cümləsilə başa
çatırdı. Əli bəy Hüseynzadə 1917-ci ildə
Stokholmda keçirilən Millətlərarası
Sosialist Konfransına Aqil
Muxtar və Nəsim Masliyuhla
birlikdə türk fəhlə sinfini təmsil edirlər. Konfransda Əli bəy Hüseynzadə ilə Rossanoff arasında onun
“Milliyyət və Əksəriyyət” adlı
çıxışı üzərində mübahisə
yaranır. O, Avropa ölkələri
və ABŞ-ın Osmanlı ərazisindəki etnik millətlərə müstəqillik
verilməsi istiqamətindəki səylərini imperializm adlandırır. Əli bəy konfransda həmçinin Qərbin Afrikadakı
koloniya və müstəmləkələrinin
ləğv edilməsini tələb edir.
İlk Osmanlı
xalqçılığı
Dövründə türklərin mədəni, təhsil və praktiki problemlərə toxunan bir jurnalın nəşr olunması əsas məsələlərdən biri idi. “Xalqa Doğru” adlı jurnal bu məqsədlə nəşrinə başlayır. Xalqa Doğru Hərəkatının mənşəyində milli şüurun başında yalnız ziyalıların, məmurların yer alması yox, bu şüurun kəndlilərə qədər çatdırılmasının vacib olması yatırdı. Milləti, xalqı uclatmaq müdafiəsi düstur kimi bu, hərəkata işıq tutan düşüncəni və başlanğıcından etibarən xalqçılıqla türk millətçiliyi arasındakı orqanik bağların ana xəttlərini unikal ifadə edirdi. Osmanlıda xalqçılıq hərəkatının mənşəyi mübahisəli olduğu üçün belə bir hərəkata ehtiyac vardı. Mixailovski və F.Georgyan kimi populistlərə görə, Osmanlıda xalqçılıq Rusiyadan gələn immiqrantların hesabına formalaşmışdı. Ziya Gökalp isə faktlarla Osmanlıya Xalqa Doğru prinsipini Əli bəyin gətirdiyini sübut etdi. 1912-ci ildə “Xalqa Doğru” jurnalının təsisçilərindən biri də məhz Əli bəy Hüseynzadə idi.
Dövrü ziyalıları Əli bəy
haqqında
Uriyel Heyd Əli bəy haqqında yazırdı: “Ziya Gökalp da daxil olmaqla gənc ziyalılara təsir edən əsas impuls Əli bəy Hüseynzadədən gəlib. Hüseynzadə Əli yaxın yoldaşları arasında Gökalpın gəncliyində xüsusi həvəslə oxuduğu qiymətli Azərbaycan yazıçısı Mirzə Fətəli Axundovun nəvəsidir”. Amerikalı yazıçı Tadeusz Svietoxlovski isə deyirdi: “Pantürkizmin formalaşması üçün ilk addımı atan azərbaycanlı Əli bəy Hüseynzadə idi. Əli bəyin bir şeirinin başlığı olan “Turan” imzası ilə yazdığı yazılar bir ovuc olsa da bəzi ziyalılara təsiri güclüdür. Məhəmməd Əmin və Gökalp Əli bəyə çox şey borculudurlar”. Hilmi Ziya Ülken, Yusuf Akçura, İ.Çingiz, Ziya Gökalp və s. kimi tanınmış mütəfəkkirlər də Əli bəyin pantürkizmin inkişafı istiqamətində atdığı addımları təqdir ediblər.
Ziya Gökalpı yaratdı
Ömrünü türkçülük və turancılıq fəaliyyələrinə həsr edən Əli bəy Hüseynzadə bu millətin birləşməsi və təbliğatı istiqamətində böyük işlərə imza atıb. Türkiyəyə turançılığı ilk gətirən də Əli bəy olub. Turan mənzuməsi və “Türkləşmək, İslamlaşmaq, Avropalaşmaq” düsturu ilə inkişafa yol açan Əli bəy Akçuranın təbiriylə desək, Ziya Gökalpı yaradır. Gökalpın yaradıcılıq və fəaliyyət mexanizmini yönəldən də Əli bəy idi. O, Əli bəyin fəaliyyət və yaradıcılığındakı təsirləri etiraf edirdi. Əli bəy Hüseynzadə Əbu Turab Axunda cavap kimi yazdığı “Bizə hansı elmlər lazımdır?” adlı məqaləsində türkləşmək, islamlaşmaq, avropalaşmaq prinsipini irəli sürür. O, bununla türklər arasında din, müsəlmanlar arasında məzhəb ayrılığının yaranmasına qarşı çıxır. Əli bəy bu prinsiplə Turanın yaradılmasına inanırdı. Boy ayrı-seçkiliyi salmadan Əli bəy Hüseynzadə Türkiyə, Azərbaycan və digər türk dövlətlərində bir sıra türkoloqların yönəlməsində srimul rolunu oynayıb, bu tendensiya bu gün də davam edir.
Türk olmağın fərqi
Mənsubu olduğu
millətin sevgisini ürəyində
daşıyan insanların hansı coğrafiyada
yaşamağının heç bir əhəmiyyəti yoxdur.
Ümumi millət, yaxud
bir hissəsi çətinlikdədirsə,
millətçi olan dünyanın o biri ucunda
da olsa qalxıb özünü yetirəcək. Əlindən
gəlməyəni bacaracaq. Türk millətinin türkçüsü
– Əli bəy də belə idi. Həmişə
yolda idi, başı rus və Avropa imperializminin edam
kötüyündə idi. Qorxmurdu. Yaşamaq onun sonuncu həvəsi idi. Birlik amalı üçün canını ortaya
qoymuşdu. Həmişə problemlərin
yaxınındaydı. Uzaqdan da nəsə edirdi. Yox, buna da
gücü çatmırdısa, darda olan milli
qardaşları üçün Allaha dua edirdi.
Bax, türkçülük
bu xarakterindən ötrü
fərqlidir.
Mənsur Rəğbətoğlu
Olaylar.- 2014.- 22 aprel.- S. 6.