Mütərəqqi romantizm,
sosializm realizmi
Oxşar və fərqli
özəlliklər
Bu iki ədəbi metodun fərqli və oxşar özəlliklərini təhlil etməzdən öncə qeyd edim ki, çağdaş ədəbi prosesləri izləmək çox çətindir. Bu, bir yandan informasiya bolluğu ilə bağlıdır. Yüzlərlə internet portallarını və bir o qədər də qəzet və jurnalları oxuyub kimin pis, kimin yaxşı və kimin daha yaxşı yazdığını ayırd etmək həqiqi mənada müəyyən problemlər yaradır. Buna müəyyən zaman lazımdır ki, böyük Sabir demiş “nehrə kimi çalxalansın, yağı ayrandan” pisi yaxşıdan ayırsın. Bir yandan da bugünkü ədəbi proseslər sanki, tənqidçılərimz tərəfindən izlənilmir. 80-cı illərə qədər ədəbi proseslərin təhlili haqqında yazılan bol-bol tənqidi yazılar ədəbiyyatımızda demək olar ki, bu gün yazılmır. Ona görə də nəyəsə istinad edib bugünki ədəbi proseslər haqqında ortaya sanballı bir yazı qoymaq mümkün olmur. Və bir də ki, bu gün Azərbaycan ədəbiyyatında romantizmdən və realizmdən başqa bir cərəyana aid ədəbi nümunələr yoxdur. “Tək-tək nümunələr də öz səviyyəsinə görə Avropanı təqliddən uzağa gedə bilmir”. (Nizaməddin Şəmsizadə).
Bu gün bizim dünya xalqları ilə
əlaqəmiz genişlənir. Realizmi, romantizmi inkar edən modernizm, postmodernizm kimi ədəbi cərəyanlar ədəbiyyatımıza
axışır. Sosializm realizmində bu axının qarşısı ciddi cəhdlə alınırdı.
Hər bir xalqın ruhunu oxşayan ədəbi janrlar,
əsərlər vardır. Hər hansı bir
xalqın tarixi, gündəlik məişət
qayğıları, geniş quruculuq işlərindən bəhs etməyən
əsərlər oxunmur. H.Cavid
yazırdı: “Ədəbiyyat bir millətin
əhval-ruhiyyəsinin inikasıdır”. Məsələn, böyük qayğıları olmayan Amerika xalqları daha çox vurub yıxıb dağıdan, dedektiv və real cəmiyyətdən
kənarda baş verən fantastik
əsərlərdən daha çox xoşlanırlar. Azərbaycan oxucusunun zövqü isə
tamam başqadır. O,
şerdə xəyalpərvərlikdən daha
çox real həyatın
təsvirini (məsələn köhnəliyə qarşı
mübarizə, ayrı-ayrı din xadimlərinin
ifşasını daha çox
bəyənir. Xalqımızda tarixi
qəhrəmanlığa meyl güclüdür. Ona
görə də romantizmdən çox realizm metodunda yazılan əsərlər
daha çox sevilir. Görkəmli ədəbiyyat tənqidçisi
Kamal Talıbzadə yazır: “Hər
xalqın bədii irsi onun
tarixini, dünyagörüşünü,
mənəvi aləmini əks etdirir. Buna görə də o, bütün dövrlərdə daim bədii və mənəvi qida mənbəyidir”.
Mütərəqqi romantizmin müəyyən mənada
tamamladığı sosializm realizmi ilə müəyyən oxşar və fərqli cəhətləri
vardır. Tənqidçi alim M.Cəfərov
yazırdı: “XX əsr Azərbaycan romantizmi ilə realizm
arasında fərq bir Çin
səddi qədər olmamışdır. Əksinə, dövrün ən qabaqcıl ədəbi cərəyanı
olan realist üslubdan müsbət mənada təsirlənə-təsirlənə
inkişaf etmişdir”.
Sosializm realizminin əsas
prinsiplərini V. İ. Lenin 1905-ci ildə “Partiya təşkilatı
və partiya ədəbiyyatı” məqaləsində
nəzəri şəkildə necə əsaslandırmışdısa
sosializm cəmiyyətinin mövcud
olduğu bütün
müddət ərzində bu prinsiplərə
sadiq qalındı. Sosializm
realizmi ideologiyaya toxunmamaq şərti ilə romantizm
kimi hər şeyin tənqidinə
icazə verirdi. Romantiklər ideal cəmiyyətin varlığına
kor-koranə inandıqları kimi sosializm realizmini də kommunizm quruculuğuna
kor-koranə, romantik bir
inam bəsləyirdi.
Sosializm realizminin bir xüsusiyyəti də (mən deyərdim ki, müsbət xüsusiyyəti) vardı ki, o, klassik
ədəbiyyatı ələyir, öz
prinsiplərinə uyğun əsərləri,
yazıçıları qəbul edirdi. Məsələn, bu cərəyan Nizaminin romantik ədalətli cəmiyyət qurmaq ideyalarını qəti şəkildə
rədd etsə də dövrünün bir sıra haqsızlıqlarına
qarşı mübarizəsini, əməkçi insanın tərənnümü
kimi humanist hissləri
alqışlayırdı. Sosializm realizmi Nizamini ideallaşdırıb
az qala bir
peyğəmbər səviyyəsinə
qaldırmışdı.
Keçən
yazılarımın birində qeyd etdiyim kimi Füzuli
sosializm realizmi üçün bir o qədər də maraqlı deyildi.
Lakin onun da
yaradıcılığında sosializm
realizminə uyğun gələn prinsiplər
vardı. Dövrünün feodal hakimlərinin rüşvətxorluğuna,
süründürməçiliyinə, qadın hüquqsuzluğuna qarşı mübarizəsi,
azad məhəbbəti tərənnümü
kimi hissləri yüksək qiymətləndirilirdi.
Bəzi kiçik nöqsanlara
göz yummaqla bu şair və
yazıçıları özününküləşdirmək
sosializm realizminin əsas
xüsusiyyəti idi. Sosializm
dövrünün böyük
yazıçılarından olan C.
Cabbarlı yazırdı: “Füzuli öz dühası ilə Azərbaycana parlaq klassik bir ədəbiyyat verdi. Lakin eyni zamanda onun
dühası ağır bir yük kimi Azərbaycan ədəbiyyatının
inkişafı üzərinə düşüb
onu öz
ağırlığı altında əzməyə
başladı. Füzuli elə bir tilsim idi
ki, ədəbiyyatımız uzun müddət başqa
şəklə keçmirdi. Birinci dəfə bu qəzəl
və qəsidə tilsimini qıran M.F.Axundov olmuşdur”. Bax, sosializm realizminin Füzuliyə münasibəti məhz
belə idi. Və mən
düşünürəm ki, böyük ədibimiz haqlıdır. Çünki, Azərbaycan qəzəlçiliyi
bu gün də Füzulinin təsirindən qurtula
bilmir.
XVIII yüzilin
ən qüdrətli nümayəndəsi olan
Vaqifi sosializm realizmi qeyd-şərtsiz qəbul edirdi. Bunun isə görünən və görünməyən
tərəfləri vardı. Bilindiyi kimi Vaqif Azərbaycanın
şimalında ən böyük siyasi qüvvə olan Qarabağ xanlığının baş vəziri idi və
ruspərəst siyasəti ilə məşhurdu (bu siyasətinə görə II Yekaterina ona qızıl əsa bağışlamışdı). Və
bir də ki, ömrünün sonlarında
yazdığı dövrünün bir sıra eybəcərliklərini ifşa edən şerləri sosializm
realizminin prinsiplərinə tam uyğun gəlirdi. Buna görə də onun
yaradıcılığının böyük
bir hissəsini təşkil edən və
bu sosialist metodunda qətiyyən xoşa
gəlməyən gözəllərin tərənnümünün
üstünə xətt çəkirdi.
Q.B.Zakir şerlərində daha çox mənsub olduğu
hakim sinfin mənafeyindən
çıxış etsə də, hökumət idarələrinə
qarşı hər hansı bir üsyana qarşı çıxsa də (məsələn
hökuməti bu kəndli
çıxışlarını yatırmağa
çağırmaq) onun rus
çarizminin komendant
qaydasına qarşı, eləcə
də ruhanilərə qarşı açıq, cəsarətli
çıxışı sosializmi realizminin bəyəndiyi prinsiplər idi.
M.F.Axundovun ölməz komediyaları sovet dövrü ədəbiyyatı
üçün bir o qədər də maraqlı olmaya
bilərdi. Lakin onun orta əsrlər
feodal monarxiyasını ifşa
edən “Aldanmış kəvakib”i, dövrünün
eybəcərliklərini böyük cəsarətlə
qamçılayan “Kəmalüddövlə məktubları” sovet cəmiyyətində
alqışlanırdı. Burada onun ruspərəst olması da
müəyyən qədər rol oynayırdı.
Bolşevik dövründən qabaq
yazıb yaradan yazıçılardan C.
Cabbarlı sosializm realizminə uyğun gəlməyən, yəni, sovet adamının həyatını əks
etdirməyən əsərləri ciddi senzur edildikdən sonra qəbul
edildi. Onu Azərbaycan
sovet dramaturgiyasının banisi
elan etdilər. Bu
dövrə qədər yazdığı “Trablis
mühasirəsi”, “Ədirnənin fəthi” əsərləri
repertuardan çıxarıldı.
Müstəqillik dövrünə qədər biz heç o əsərlərin adlarını belə
bilmədik. C.Cabbarlı sovet dövlətinin
ən əziz bir adamı kimi
dəfn edildi, tabutu
önündə komissarlar keşik
çəkdilər.
Lakin sosializm realizminin yaxşı tərəfləri kifayət
qədər idi. O zaman
dünya ədəbiyyatında dəbdə
olan (elə bu gün də) “sənət sənət üçündür”, “sənət xalq həyatını əks etdirməyə börclu deyil”,
“yazıçı ictimai həyatdan
asılı deyil” və. nəzəriyyəsini
inkar edirdi. Bu, mütərəqqi romantizmdə də belə
idi. Onlar belə fikirləşirdilər;
necə ola bilər ki,
insan cəmiyyətdə yaşasın, amma onun işlərindən
kənarda qalsın. Bir şair
üçün, bir
yazıçı üçün bundan daha böyük
qəbahət ola bilməz.
Göründüyü kimi dərindən təhlil
ediləndə romantizmin mütərəqqi
qolu ilə sosializm realizmi arasında demək olar
ki, elə bir köklü fərq görmürük.
Bu iki ədəbi cərəyanı
birləşdirən çox umumi cəhətlər var.
Qadın azadlığı, çadradan imtina, azad məhəbbət,
zülmə, zülmkarlığa nifrət, çoxluğun
azlıq üzərində hakimiyyətini dəstəkləmək
və s. Amma fərq
burasındaır ki, sosialist
realistlərindən fərqli olaraq
romantiklər cəmiyyətin azad olma yollarını bilmirdilər. Onların bəziləri
inqilabı, azadlığı alqışlasalar da bu inqilabın kütlələrə
hansı dərəcədə azadlıq verəcəyinin fərqinə
varmırdılar. Xalqı azadlıq mübarizəsinə
çağıran romantiklərin dünya
görüşü uzaqbaşı
konstitusiyalı monarxiya tərəfdarı
olmaq qədər idi.
Romantiklər də realistlər kimi “sənət
və ədəbiyyat xalqa xidmət etməlidir”
fikrinin tərəfdarı idilər. Amma romantizm insan idrakından kənarda olan
hadisələri təsvir edə bilmələri sosializm realizminə əsla
sığmırdı.
Bu iki ədəbi cərəyan
arasında fərq bir də bunda idi ki,
romantiklər realistlər kimi xalqa sıx bağlı deyildilər. Onlar zəhmətkeşlərin halına ancaq acılamaqla kifayətlənirdilər.
Bu qaranlıqları saçan
bayquş,
Ruhumu pəncəsi ilə cırmaqlar,
Ürəyim həsrət
atəşi ilə yanar.
Romantiklər öz ideyaları uğrundakı mübarizə
yollarında yalnız bu qədər irəliləyə
bilirdilər.
Romantiklərin
panislamizmə, pantürkizmə
münasibəti demək
olar ki, socialist realistləri ilə eyni idi. Bu ideyaları osmanlı
sultanları dağılmaqda
olan imperiyanı xilas etmək üçün ortaya atmışdılar.
Abbas Səhhət yazırdı:
Türklük, islamlıq
iddiasilə,
Öz
dilini bilmək istəyən yoxdur.
Əcnəbi ruhunun
havasilə,
Vətənin,
millətin sevən yoxdur.
Qeyd etdik ki,
Azərbaycan oxucusu şerdə xəyalpərvərlikdən
daha çox real həyatın tərənnümünü,
ürafata (qoyunçuluğa),
din xadimlərinə qarşı
mübarizəni sevir.
Ona görə də ədəbiyyatımızda
romantizmə nisbətən
realizmə daha çox meyl var. Fikir verək, romantik şairlərdən
hansıları 1905-ci il inqilabını alqışladılar, onlar
tezliklə məşhurlaşdılar.
İnqilabdan sonra onlar yeni bir ruh
yüksəkliyi ilə
xalqı yeni cəmiyyət qurmağa səslədilər və
beləliklə realizmin
ən yüksək səviyyəsinə yüksəldilər.
Bu isə artıq
sosializm realizmi idi.
Romantiklərin
erməni müsəlman
məsələsinə münasibəti
eynən sosialist realizminin münasibəti kimi idi. Hadi yazırdı:
Erməni-rus vətəndaşımız,
Şu məişət
yolunda yoldaşımız,
“Olaylar” qəzetinin QHTB ilə bağlı təşkil etdiyi lahiyəyə bir də ona
görə minnətdaram
ki, mən, gənc bir araşdırmaçı
olaraq mənim üçün indiyə
qədər qaranlıq
olan bir sıra məsələlərə
aydınlıq gətirdi. Bütün ədəbi tənqidçilər
romantizmin yaranmasını
1905-il inqilabı nəticəsində
Asiyanın oyanması
ilə, realizmin yaranmasını isə Vaqifdən başlayaraq qəbul edirlər. Belə olduğu halda bəs Vaqifdən qabaqkı ədəbiyyat hansı ədəbi metodda yazılmışdı?
Belə düşünürəm ki,
realizm romantizmdən geç yarana bilməz. Çünki, realizm məhz
romantizmi tənqid edərək də formalaşmışdı. “Əkinçi” qəzeti bu sahədə az rol oynamamışdı. H.B.Zərdabi mürtəce romantik şairləri tənqid edərək onları bülbülü və gülü tərif etməkdən, bir-birini həcv etməkdən əl çəkib, elmi təhsil etməyin mənfəətindən
və xalqa edilən zülmlərdən
yazmağa” çağırırdı.
Romantiklər realizmə meyl
etdikcə xalqa, canlı xalq dilinə daha da yaxınlaşır, dilləri sadələşirdi.
Bu məsələ ədəbiyyatımızda boşdur
və öz həllini gözləyir.
Yeqzar
Cəfərli
Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyətin
Azərbaycan Respublikasının
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi
Şurasının maliyyə
dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan ədəbiyyatında
müasir yaradıcılıq
cərəyanlarının izlənməsi və təhlilinə dair təşəbbüslər” layihəsi
çərçivəsində çap olunur.
Olaylar.- 2014.- 23 aprel.-
S.12.