“Demokratiyadan diktaturaya”

 

(1917-ci il 3 mart-26 oktyabr)

 

Rusiyanı 300 ildən artıq müddətdə idarə edən Romanovlar sülaləsi devrildikdən sonra yaradılmış  Müvəqqəti Hökumət imperiyada kəskinləşən sosial-iqtisadi, hərbi-siyasi böhranın qarşısını almağa cəhddə olsa da, həyata keçirilən tədbirlər gözlənilən nəticəni vermirdi. Sənayenin ümumi istehsal həcmi 1916-cı ildəkinə  nisbətən  36,5%  azalmışdı. Bir çox müəssisə sahibləri istehsalı dayandırıb fəhlələri küçələrə atırdılar. 1917-ci ilin mart  ayından noyabr  ayınadək 800-dən çox  müəssisə bağlanmış və 170 min  fəhlə işdən çıxarılmışdı. Fəhlələrin real əmək haqqı 1913-cü ildəkinə  nisbətən  iki  dəfə aşağı düşmüşdü.  Möhtəkirlik genişlənirdi. Gündəlik tələbat məhsullarının qiyməti may- avqust ayılarında iki  dəfə artmışdı. Petroqradın, Moskvanın və digər  şəhərlərin  çörək və digər  ərzaq  malları  ilə təchizatında qıtlıq kəskinləşmişdi.  Ərzaq çətinlikləri, nəqliyyatdakı pozğunluq  hər bir  fəhlə ailəsini aclıq  təhlükəsi qarşısında  qoymuşdu.

 

Rusiyanın xarici ölkələrdən asılılığı artırdı. Xarici dövlətlərə  borclar  16 milyard  manata çatdı.  İmperiya labüd  fəlakət  qarşısında idi. Müvəqqəti hökumət demokratik  tədbirlər  həyata keçirmək  yolunu tutmuşdu. Ölkədəki bütün  siyasi partiyalar sərbəst fəaliyyət imkanı əldə etmiş, Müəssisələr Məclisinə nümayəndələrin seçilməsi başa  çatmışdı. Yaxın  gələcəkdə Müəssisələr Məclisinin  çağırılması və Müvəqqəti Hökumətin hakimiyyəti ona təhvil verməsi gözlənilirdi. İqtisadi sahədə yeridilən siyasət  azad rəqabəti təmin etmək məqsədi güdürdü. Aqrar islahatlar keçirmək məqsədilə müxtəlif partiyaların nümayəndələrindən  ibarət aqrar islahatlar Cəmiyyəti yaradılmışdı. Əkilməyən, becərilməyən  torpaqların kəndlilər arasında paylanması, gələcək aqrar strukturun kəndli  kooperativləri əsasında təşkili, taxıl ehtiyatı olan kəndlilərin və mülkədarların  dövlətə hər hansı miqdarda və möhkəm qiymətlərlə taxılını satmaqda  sərbəstliyinin təmin olunması və s. nəzərdə tutulurdu. Ölkənin müharibədən çıxarmaq məqsədilə Stokholm şəhərində Almaniya  nümayəndələri ilə danışıqlar aparılırdı. Məhz, Almaniya Qərbi Ukrayna və Qərbi Belorusiya ərazilərini tələb  etdikdən sonra, Müvəqqəti Hökumət müharibəni qələbəyə kimi davam etdirmək xətti götürdü. Bu xətt fikrimizcə düz və ədalətli idi. Çünki Rusiyanın bütövlüyünə, digər tərəfdən Almaniyada hakimiyyətin siyasətinə qarşı  mübarizə aparan  qüvvələrin mənafeyinə uyğun idi. Müharibənin davam etdirilməsi ilə Almaniyada və döyüşən digər dövlətlərdə də iqtisadi-siyasi böhranı dərinləşdirər,  mövcud  rejimlərin  devrilməsi üçün şərait yaranardı. Beləliklə, sovet tarixşünaslığında göstərildiyi kimi Müvəqqəti Hökumət heç də səbatsız deyil və antidemokratik siyasət kursu götürməmişdi. Hətta bolşevik partiyasının rəhbəri V.İ.Lenin də bu demokratikliyi  təsdiq  edərək yazırdı: “Fevral inqilabından sonra  vuruşan dövlətlər  içərisində  ən azad ölkə Rusiyadır”.

Lakin  Müvəqqəti Hökumətin demokratik cəmiyyət qurmaq  istiqamətində  siyasəti real həyatda gözlənilən nəticəni vermirdi. Ölkədə böhran daha da dərinləşir, xalqın həyat səviyyəsi durmadan aşağı düşürdü. Rublun  kursu müharibədən  əvvəlkindən 7 dəfə  infilasiyaya  uğramışdı. Rusiyanın  sərvəti xarici şirkətlər  tərəfindən  sovrulurdu. Ölkədə çinayətkarlıq  durmadan  artırdı. Yaranan obyektiv şəraitin təsiri altında  xalqın bəzi təbəqələri arasında  diktaturaya  meyilli çağırışlar da  səslənməyə başlamışdı. Təsadüfi deyil ki,  1917-ci ilin avqustunda  Kadet partiyasının lideri Milyakov deyirdi ki, Rusiyanın  xilası monarxiyaya  qayıtmaqdadır,  xalq  azadlığı qəbul etmək iqtidarında deyil .

Böhranlı dövrün  təhlili istər-istəməz  belə bir  məntiqi sual ortaya  çıxarır: Müvəqqəti hökumətin  demokratik  ruhlu islahatları nə üçün ölkənin  böhrandan  çıxarılmasını təmin  etmirdi. Axı bu gün bütün geriliklərin səbəbkarı kimi təbliğ etdiyimiz  sosializm həll ortada yox idi. Mövcud  iqtisadi-siyasi böhrranın əsas səbəbi  hökumət  siyasəti deyil, Rusiyanın  sosial-iqtisadi və siyasi  inkişafının tarixi kökündə, Rusiyaya məxsus tipindədir.

Ümumiyyətlə, dünyada  kapitalizmin  inkişafının üç əsas tipi məlumdur. Təbii-tarixi, “müstəmləkə kapitalizmi  “çatıb etmək” və ya “äîãîíÿþùèé êàïèòàëèçì» tipi. Birinci tipə görə yüngül sənayedən  başlayaraq ağır sənayeyə doğru inkişaf baş verir. Zaman və məkan etibarı ilə tədricən təkamül yolu keçən belə  inkişaf tipində daxili ziddiyyətlər getdikcə demokratiya mexanizmi ilə tənzim  olunur. ABŞ, Qərbi Avropa  ölkələri bu yolla  inkişaf etmişlər. İkinci tip üzrə inkişafda isə müstəmləkəçi kapitalist dövləti öz iqtisadi ekspansiyası ilə müstəmləkədəki milli ukladları sıxır və öz mənafeyinə uyğun kapitalist evolyusiyasına nail olur. Asiyanın, Latın Amerikasının, Afrikanın böyük bir hissəsi bu yolla inkişaf tapıb.

Üçüncü tip üzrə inkişaf prosesi isə  xarici ölkələrin inkişafının təsiri altında baş verir. Bu zaman geriliyini hiss edən dövlət  inkişafın tələblərinə  cavab verən  islahatlarla qabaqcıl dövlətlərə çatmaq  və onları ötüb keçmək yolunu tutur. Əlbəttə, bu zaman tətbiq  olunan islahatların  xarakteri, ardıcıllığı inkişafın  əsas şərtləri kimi mühüm əhəmiyyətə malikdir. Bu tip üzrə inkişaf edən ölkələrə Rusiyanı misal göstərmək olar.  Krım müharibəsindəki məğlubiyyətdən  sonra xarici ölkələrdən inkişaf səviyyəsinə görə öz geriliyini yəqin edən çarizm islahatlar keçirilməsini qərara aldı.  İslahatları azad rəqabət olmadan yarımçıq tətbiq etməklə,  dövlətin yalnız vacib hesab etdiyi sahələrdə kapitalizmin “marqinal”-“haşiyəli” inkişaf yolunu tutdu. Torpaq kəndliyə verilmədi. İqtisadiyyat bütün sahələrdə təbii-tarixi mərhələlərdən keçmədi. Yalnız  I Pyotr dövründə bünövrəsi qoyulan hərbi sənaye sovet dövründə, eləcə də müasir dövrdə təkamüllü tərəqqi tapdı.  Bu təkamülün nəticəsi idi ki, həm çarizm, həm də sovet dövründə iqtisadi cəhətdən zəif olan Rusiya, hərbi cəhətdən dünyaya meydan oxuyurdu. Marginal inkişaf, azad rəqabətin olmadığı şəraitdə sosial gərginlik artır, rifah səviyyəsi durmadan aşağı düşür.  Hakim təbəqələrin idarəçilik imkanları gündən-günə çürüyür.  Hakimiyyət  real inkişaf arzulasa da, bu istiqamətdə heç bir  tədbir  görə bilmir.

Müvəqqəti Hökumətin böhranı da başlıca olaraq bununla  şərtlənirdi.  Mövcud  istehsal strukturundan  imtina, torpağın kəndliyə verilməsi günün vacib məsələsinə çevrilmişdi. Hökumət istifadədə olan torpaqlara toxunmadan, torpaq sahiblərini istehsal prosesindən kənarda qoymadan torpaq islahatı hazırlayırdı. Çünki  istifadədə olan torpaqların müsadirəsi, kəndlilərə istər əvəzsiz, istərsə də əvəzi ödənilməklə verilməsi  istehsalda  ciddi  durğunluq, aclıq və siyasi partlayışa səbəb olardı. Yeni istehsal strukturunun yaradılması üçünsə  keçid dövrü qaçılmazdır. Keçid dövründə  demokratiya yolu tutan hakimiyyət  isə “bığ və saqqal” arasında qalaraq idarəetmə müvazinatını itirir, iflic vəziyyətinə salınır. Müxalifət köhnə istehsal strukturunu dağıtmayan iqtidarı köhnə siyasəti davam etdirməkdə günahlandırır. Köhnənin sıçrayışla inkarı isə yeni strukturun hələ formalaşmaması üzündən  iqtisadi böhran kəskinləşdirir və iqtidarın iflası gerçəkləşir. Böhranlı vəziyyətdən çıxmaq siyasətinin fəlsəfəsi isə təkamül yolunu  tələb edir. Yəni köhnəni tədricən yıxmaq və yenini qurmaq. Bu yol isə hakimiyyət uğrunda siyasi mübarizənin tüğyan etdiyi şəraitdə mümkün deyildi. Demokratik yol ilə həyata keçirilməsi nəzərdə tutulan islahatlar nəticə vermirdi. Bu baxımdan  Müvəqqəti Hökumət  sosial-iqtisadi, xarici siyasətində demokratik olsa da  reallıqla üz-üzə qalmışdı.  Bu reallıq isə  xalqlar həbsxanası olan Rusiya  kimi bir ölkədə diktaturanın  zəruriliyini tələb edirdi.

Beləliklə, təhlil göstərir ki, bolşeviklər hakimiyyəti ələ almasaydı da Rusiyada  diktatura  labüd  idi. Müvəqqəti Hökumət də diktaturanın zəruriliyini görürdü. 1917-ci ilin yayında, iyul günlərində mitinqçilərə atılan atəşlər diktaturaya meylliliyin ifadəsi idi. Lakin hökumət bu meylini gerçəkləşdirə bilmədi.  Paytaxt   fəhlələrinin, xırda burjuaziyanın  güclü  etiraz  çıxışları Müvəqqəti hökuməti  diktatura meylli açıq tədbirlərdən çəkindirirdi.  Kütləvi mitinq  dalğasından istifadə edən 12 siyasi partiya isə mərkəzdə istənilən anda  hökumətə qarşı “xalq mitinqi” təşkil edir, hakimiyyətə can atırdı. Daxildə  siyasi qarşıdurmadan, müxalifəti dəstəkləyən kütlə yükündən, xaricdə isə “demokratiya müdaifəçilərindən” ehtiyat  edən Müvəqqəti Hökumət prosesin qarşısını hərblə almaqdan çəkinirdi. Ən başlıcası isə dövlətin arxalandığı silahlı qüvvələr artıq ondan üz döndərməkdə idi. Müvəqqəti Hökumətin aparatında çalışan bolşevik agentlərin verdiyi məlumata  görə “əsgərlərin” vəziyyəti sabitdir, etiraz çıxışlarının  yatırılmasında hökumət onlara arxalana bilməz”. Çünki müharibədən  təngə gəlmiş ordu artıq hökumətin siyasətindən narazı idi. Bu vəziyyəti aydın ifadə edən  zabit  Dubasovun dediyi kimi “əsgərlər daha vuruşmayacaqlar”. Beləliklə, daxili vəziyyət, ordunun üz çevirməsi  müvəqqəti hökumətin diktatura  cəhdini axıra qədər davam etdirməyə imkan vermədi. Müvəqqəti  hökümətin beynəlxalq  dayaqlarının sarsılması da onun diktatura yaratmaq cəhdinin gerçəkləşməməsini şərtləndirən mühüm amildir. ABŞ-ın Rusiyada o zamankı səfiri Fransisin dediyi kimi Amerikada və Qərbdə çarizmin devrilməsindən sonra hakimiyyətə gələn  qüvvələr yeritdikləri siyasət baxımından uğursuz varislər idi. Xüsusilə İngiltərə və Fransa  Müvəqqəti hökumətin Almaniya  ilə sülh danışıqlarından  çox narazı qalmışdılar. Çünki Rusiyanın müharibədən çıxması Almaniyanı iki cəbhədə döyüşdən  azad edər, İngiltərə və Fransaya  qarşı döyüş imkanını artırardı. Maraqlıdır ki,  məhz,  bu dövrdə beynəlxalq  siyasətin  dayaq nöqtələrindən  olan  “Moson” təşkilatının nümayəndələri Rusiyaya  gəlmiş və Kerenskiyə 1912-ci ildə təşkilata  üzv daxil olarkən içdiyi andı-“Böyük Şərq” üzrə müttəfiqlərini və qardaşlarını  tək qoymayacağına vədini  xatırlatmışdılar (9. s. 23). (Qərb tarixşünaslığında “fevral inqilabının”da çevriliş və bu işdə Moson təşkilatının rolunun olduğunu  söyləyən  tarixçilər  az deyil. Fevral inqilabı ilə bağlı məsələ ayrıca bir problem olduğundan üzərində geniş dayanmağı məqsədəuyğun  hesab etmirik). Bir sözlə Qərb Müvəqqəti Hökumətin  siyasətindən  narazı idi. Bu narazılığı dəqiq ifadə edən Şimali-Qərbi Afrikada  İngilis rezidenti Harold Makmillan yazır: “Karenskinin Qərblə komponionluğu müzakirə edlərkən  Böyük Britaniya  çətinlik qarşısında  qaldı. Onun başqası ilə əvəz  olunmağını  üstün tutdu”.

 Beləliklə, imperiya sistemində demokratik siyasətin qeyri-mümkünlüyü, diktaturanın qaçılmazlığı Müvəqqəti Höküməti diktatura rejiminin yaradılmasına təhrik etsə də,  o, daxili və xarici dayaqlarını itirdiyi üçün diktaturaya nail ola bilmədi. 

Ölkədə tətil hərəkatı isə durmadan genişlənir, sosial partlayış üçün zəmin güclənirdi. Həmkarlar ittifaqları tətil mübarizəsinin  təşkilatçıları və rəhbərləri kimi çıxış edirdilər. Bunların  sıralarında  artıq 2  milyondan çox  fəhlə birləşirdi. Sentyabrın  axırında dəmiryolçular  üç  günlük ümumi tətil etdi və öz  tələblərinin qismən  ödənilməsinə nail oldular. Oktyabr ayında Uralda 100 min, İvanovo-Voznevsensk, Şuya, Kineşma, Kovrovo və Mərkəzi-Sənaye  rayonunun  digər  şəhərlərinin  müəssisələrində  300 min toxucu  fəhlə tətil etdi. Fabriklər  felən fəhlələrin nəzarəti altına  keçdi. İstehsal üzərində fəhlə nəzarəti təşkil olundu. Cənubun bir çox  metallurgiya zavodlarında,  Donbas şaxtalarında  fəhlələr istehsalın  idarə edilməsi işlərini öz əllərinə  aldılar.

1917-ci ilin payızında  Rusiyanın Avropa  hissəsindəki qəzaların hər onundan  doqquzunu kəndli hərəkatı bürümüşdü. May ayında  152,  sentyabr ayında  isə  958 mülkədar  malikanəsi  tar-mar edilmişdi. Kəndli çıxışları artıb  mülkədarlara,  müvəqqəti hökumətin yerli hakimiyyət orqanlarına qarşı üsyanlara çevrilirdi.

Əsgər və matrosların əhval-ruhiyyəsində də əsaslı dönüş var idi. Müharibədən yorulmuş  əsgər  və matroslar daha  vuruşmaq  istəmirdilər. Orduda  fərarilik artırdı. Əsgər və matroslar general və zabitlərə  nifrət  edirdilər. Çünki  general  və zabitlərin  çoxu  hakimiyyət  uğrunda  mübarizədə  Kornilov qiyamında  iştirak  etdiklərinə  görə özlərini tamamilə  ifşa  etmişdilər.

Tarixi faktların təhlili göstərir ki, bolşeviklərin hakimiyyəti xalq inqilabı, demokratik inqilab ilə  ələ alması üçün obyektiv tarixi şəraitin mövcudluğu haqqında sovet dövrü tarixşünaslığında irəli sürülən iddia tamamilə əsassızdır.  Belə ki, ictimai inqilab üçün yaranan şəraitlə bir qrupun hakimiyyəti qəsd yolu ilə ələ keçirməsi üçün yetişən məqamı bir-biri ilə qarışdırmaq olmaz.

 Əvvəla, qeyd edək ki, ümumiyyətlə sosialist inqilabı nəzəriyyəsi kökündən puç  qeyri-mümkün idi. İnqilab vasitəsilə azadlıq və demokratiya  əldə etməyin mümkünlüyü haqqında marksist-leninçi nəzəriyyə ziddiyyətli idi. M.Bakuninin dediyi  kimi marksizm azadlığa məqsəd kimi baxır və mübarizənin  gedişində isə onun mühüm vasitə kimi rolunu nəzərə almırdı. Daha doğrusu o, sabahkı azadlıq uğrunda mübarizə apara-apara, bu gün onun boğulmasını qanunauyğun sayırdı. Proletariat diktaturası cəmiyyətin bir qütbünün digər  qütb üzərində hakimiyyəti,  ictimai azadlığın inkarından başqa bir gələcək vəd etmir. Bu nəzəriyyə  proletariat diktaturasını keçid dövrünün dövləti hesab etsə də, tarix göstərir ki, heç bir  diktatura özünün əbədiliyini təmin etmək məqsədindən  vaz  keçməyib, əksinə həmişə öz ömrünü uzatmağa çalışıb. Diktatorlar məhz, diktatura lokomativinin hər zaman güclü  sükançıya ehtiyacından doğduğu kimi, proletar diktaturası da hökmən bura gətirib çıxaracaqdır. M.Bakuninin uzaqgörənliklə dediyi bu fikirlər bolşeviklərin papulist sosialist inqilabı şüarları irəli sürməklə, xalqların  ictimai azadlığa  çatacağı  barədə verdikləri bəyanatlarının xülya  olduğunu, hakimiyyətə çan atan qüvvələrin  siyasi oyunbazlığını sübut edir.

 

Oqtay Sultanov,

 

tarix elmləri doktoru,

professor, ADPU-nun  tarix fakültəsinin dekanı

 

Ardı var...

 

Olaylar.- 2014.- 23 aprel.- S.10.