Milli həmrəylik diasporamızın təməl prinsipinə çevrilib

 

Ayrı-ayrı millətlər, o cümlədən əzilmiş və tarixin səhifəsindən silinməyə məruz qalan xalqlar, yenidən millət kimi formalaşmalarını diasporanın yaranmasına borcludurlar. Əsasən 19-cı əsrin sonunda yaranan bu dini və etnik qurumu, yad ölkələrdə yaşayan dağınıq millətləri, vahid kültür və adət-ənənə malik olan millətləri öz ətrafına toplayaraq tam məhv olmağa məruz qalan xalqın dirçəlməsinə şərait yaratmışdır. Tarix baxımdan öz gəncliyi ilə fərqlənən Azərbaycan diasporası günü-gündən güclənir və inkişaf edir. Artlq mütəşəkkil təşkilatlanma nəticəsində Azərbaycan diasporunun beynəlxalq aləmdə söz sahibinə çevrilməsi inkaredilməz fakta çevrilib. Məsələ orasındadır ki, Azərbaycan diasporunun belə bir mərhələyə yüksəlməsi heç də asan başa gəlməyib. İlk növbədə qeyd etməliyik ki, bu yüksəliş Azərbaycan dövlətinin artan nüfuzu, ölkənin iqtisadi inkişafda əldə etdiyi uğurlar və ən nəhayət dövlət başçısı İlham Əliyevin apardığı ardıcıl, və məqsədyönlü siyasət nəticəsində mümkün olub. Ancaq o da faktdır ki, dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın vahid ideologiya altında birləşdirilməsi elə də asan məsələ deyil. Nəzərə almaq lazımdır ki, həmin soydaşlarımız tamamilə fərqli, bəzən də bir-birinə zidd ideologiya formalaşmış ölkələrdə yaşayırlar. Belə bir şəraitdə onların bir araya gəlməsi, ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən diaspora təşkilatlarının kordinasiyası elə də asan məsələ deyil. Lakin etiraf edilməlidir ki, Azərbaycan dövlətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev diaspor təşkilatlarının fəaliyyətini də vacib amillərdən hesab edib. Qürbətdə yaşayan soydaşlarımızın Vətənə bağlılığını təmin edən ideologiyanın yaradıcısı olan ümummilli lider Heydər Əliyev diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi ilə bağlı ideologiyanın əsasını qoyub. Taixə nəzər saldıqda məlum olur ki, Azərbaycan milləti 50 milyonluq bir millət olmasına baxmayaraq coğrafiya baxımdan neçə yerə bölünmüş və millətimiz yad dövlətlərin tərkibində təzyiqlərə məruz qalıb, assimilasiya olmuş, ya da kütləvi şəkildə öz ata yurdlarından köçməyə məcbur qalmış və tarixi torpaqlarını itirməyə məcbur olmuşdur. Məhz bu prosesin nəticəsində torpaqlarımızı itirmə prosesi keçən əsrin əvvəllərindən başlayaraq indi də davam etməkdədir. Qarşısında Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin ərazi bütövlüyünün bərpası, Dağlıq Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi kimi şərəfli bir vəzifə qoyan diaspor təşkilatlarımız Ermənistan-Azərbaycan cəbhəsində baş verən son olaylarla bağlı mövqelərini ortaya qoydular. Məsələn, Türkiyə Azərbaycan Dərnəkləri Fedarasiyası bəyanat yaydığı bəyanatda bildirilir ki, Ermənistan 22 ildir ki, Azərbaycanın 20 faiz torpaqlarını işğal altında saxlayır. İşğal olunmuş torpaqların qeyd-şərtsiz azad olunması ilə bağlı BMT TŞ-nın 4 məlum qətnaməsi icra olunmamış qalır. İşğalın davam etdiyi şəraitdə Rusiya və İran kimi dövlətlər hələ də Ermənistana iqtisadı və hərbi yardım göstərməkdə davam edirlər. Türkiyə və Azərbaycandan başqa heç bir ölkə Ermənistanın işğalçı siyasətinin qarşısını alacaq addım atmayıb: “Atəşkəsin elan olduğu 1994-cü ildən bəri Ermənistan dövləti heç bir vaxt bu anlaşmaya hörmətlə yanaşmayıb. Mütəmadi olaraq Dağlıq Qarabağ və digər ərazilərdən Azərbaycanın mövqeyini atəşə məruz qoyublar. Avqust ayının ilk günlərində Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində 15 Azərbaycan əsgəri şəhid olub. Türkiyə Azərbaycan Dərnəkləri Fedarasiyası olaraq Ermənistan tərəfindən törədilən bu çirkin oyunu pisləyirik”. Türkiyədəki Azərbaycan diaspor təşkilatlarının birgə yaydıqları bəyanatda isə bildirilir ki, bu günlərdə cəbhə xəttində yaşanan dəhşətli hadisələr bir daha deməyə əsas verir ki, Ermənistanın işğalçı siyasəti pislənməlidir: “Bu işğalçı qurum bilməlidir ki, yeni "Xocalı"lar yaşanmayacaq. 1990-cı illərdə işğal etdikləri torpaqlar əsla daimi onlarda qalmayacaq. Azərbaycan dövləti güclü, suveren bir dövlətdir. Özünü müdafiə edəcək hərbi qüvvələrə malikdir. Azərbaycan əsgəri döyüşü keçmişində aldığı əxlaqi dəyərlərlə edər, əsla sadə vətəndaşları hədəf almaz və uşaqlara qarşı silah istifadə etməz”. Həmçinin qeyd edilir ki, sülhü təmin etmək bir yana, atəşkəsi təmin etmək iqtidarında olmayan, müharibəni, qətliamı dəstəkləyən bir rəhbərlik heç zaman sərhədlərin açılmasını tələb edə bilməz. Hər zaman olduğu kimi erməni xalqına da deyirik ki, sizi sonu görünməyən bir tunelin içinə sürükləyən bu faşist, irqçi, daşnak rəhbərliyindən xilas olmağa çağırırıq. Çünki Qafqazda sülhün qarşısında ən böyük maneə bu daşnak rəhbərliyidir. Bəyanat Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının üzvləri - İstanbul Azərbaycanla Həmrəylik Dərnəyi, Ankara Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi, Muğla Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi, Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi, Yalova Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi, Qars Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi, Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəkləri, İğdır Azərbaycan Evi Dərnəyi, Beynəlxalq Azərbaycan Mədəniyyət Dil-Tarix Araşdırma Mərkəzi və Kuşadası Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi tərəfindən imzalanmışdır. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi (BUAK) öz növbəsində beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Ukraynada yaşayan azərbaycanlılar son günlər Azərbaycanın işğal olunmuş torpaqlarındakı təmas xəttində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribatdan ciddi narahat olduqlarını bildiriblər. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyevin imzası ilə beynəlxalq təşkilatlara müraciət ünvanlanıb. Müraciətdə Ukraynada yaşayan azərbaycanlılar beynəlxalq təşkilatlardan Ermənistanın silahlı qüvvələrinin təmas xəttində insan tələfatına səbəb olan təxribatları ilə əlaqədar ciddi ölçü götürülməsinin vacibliyi qeyd olunub. Müraciətdə həmçinin deyilir ki, son günlər baş verən hadisələr xüsusilə də, Ermənistan tərəfindən 1994-cü ildə əldə olunmuş atəşkəs razılığının pozulması insan tələfatına, xüsusilə dinc sakinlərin öldürülməsinə səbəb olmaqdadır. Ukrayna azərbaycanlıları münaqişənin artıq davam etməsinin yolverilməz olduğunu bildirərək, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsində də göstərildiyi kimi Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün beynəlxalq ictimaiyyəti təxirəsalınmaz tədbirlər görməyə, təcavüzkara qarşı sanksiyalar tətbiq etməyə çağırır. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin müraciətində bildirilir ki, bütün beynəlxalq təşkilatlar- BMT, Avropa İttifaqı, Avropa Şurası, xüsusən də ATƏT işğal olunmuş Dağlıq Qarabağın və ətraf rayonların azad olunması barədə qəbul edilmiş qətnamələrinin yerinə yetirilməsi üçün konkret addımlar atmalıdır. “Ukrayna azərbaycanlıları Azərbaycan dövlətinin regionda sülhün təmin olunmasına yönəlmiş siyasətini dəstəkləyir, münaqişənin dinc yolla həll olunmasının, yüksək səviyyədə razılığın əldə edilməsinin tərəfdarıdır”. ABŞ Azərbaycanlıları Şəbəkəsi (USAN) isə Ermənistanın kəşfiyyat-təxribat qrupunun müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlara basqını ilə əlaqədar xüsusi kampaniyaya başlayıb. ABŞ Azərbaycanlıları şəbəkəsindən SİA-ya verilən məlumata görə kampaniyanın məqsədi ABŞ ictimaiyyətini baş verən hadisələr və ümumiyyətlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti barədə daha obyektiv məlumatlandırmaqdır. Təşkilatın kampaniya ilə bağlı açıqlamasında bildirilir ki, Ermənistan rəhbərliyi 1994-cü ildən atəşkəs haqqında müqavilə imzalamasına baxmayaraq müharibə oyadan siyasətini davam etdirir. ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin atəşkəs rejiminə riayət etməyin zəruriliyi barədə çağırışını xatırladan Şəbəkə Ermənistanın bu cür çağırışlara heç bir əhəmiyyət vermədiyini vurğulayıb. Açıqlamada qeyd olunur ki, Ermənistan 1994-cü ildən Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf rayonları işğal altında saxlamaqda davam edir. "BMT-nin Təhlükəsizlik Şurası erməni qüvvələrinin işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını və azərbaycanlı qaçqınların qaytarılmasını tələb edən dörd qətnamə (822, 853, 874, 884) qəbul etmişdir. Ermənistan tərəfi isə bu qətnamələri yerinə yetirməkdən imtina edir".ABŞ Azərbaycanlıları Şəbəkəsi (USAN) Ermənistanın təcavüzkarlıq və separatizm xarakteri daşıyan siyasətinə görə beynəlxalq ictimaiyyət tərəfindən ittiham olunmasının zərurliyini bildirərək, Ermənistan hökumətinin anneksiya siyasətini dayandırması üçün təcili tədbirlər görülməli olduğunu vurğulayıb. USAN-ın açıqlamasında daha sonra ABŞ hökumətini Ermənistan hökumətinə təzyiq göstərməyə, onun hərbi işğalını pisləməyə və Ermənistana hərbi maliyyə yardımını kəsməyə çağırıq qeyd olunur. Qeyd edək ki, təşkilat bu kampaniyanı genişləndirməyi və bir sıra beynəlxalq təşkilatlara müraciət ünvanlamağı planlaşdırır.  Təkcə bu faktlar deməyə əsas verir ki, dünyanın digər inkişaf etməkdə olan ölkələrində olduğu kimi diaspor fəaliyyətimız sivil forma alaraq beynəlxalq hüquq normaları çərçivəsinə düşüb. Artıq demək olar ki, müxtəlif ölkələrə səpələnmiş azərbaycanlıların öz milli mənsubiyyətlərini qorumaqla mədəni-siyasi həmrəyliyi müstəqil Azərbaycan Respublikasının dövlət maraqlarına uyğun gəlir və onun strateji məqsədlərindən biridir. Bununla yanaşı, müstəqilliyin və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, beynəlxalq aləmdə Azərbaycanın mövqelərinin gücləndirilməsi, erməni təcavüzünə məruz qalmış xalqın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması, Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində ədalətli həllinə nail olunması xarici ölkələrdə diaspor fəaliyyəti ilə məşğul olan təşkilatların vahid mərkəz ətrafında birləşməsini zəruri edib.

 

Olaylar.- 2014.- 6 avqust.- S.7.