Diaspor təşkilatları xarici ölkələrdə Azərbayvan dilinin təbliğində fəal rol oynayır
Bu gün dünyanın dörd bir tərəfində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, işğalçı ölkənin zaman-zaman xalqımıza qarşı həyata keçirdikləri soyqırımlar, eləcə də Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması ilə yanaşı yaşadıqları ölkədə zəngin tarixi-mədəni irsimizin, ana dilimizin qorunub saxlanılması istiqamətində də fəaliyyət göstərirlər. Müxtəlif ölkələrdə yaradılan həftə sonu məktəbləri və ya təhsil ocaqlarında Azərbaycan dili ilə bağlı keçirilən tədbirlər xarici ölkələrdə böyüməkdə olan gənc nəslin öz ana dilinə bağlılığını artırır. Azərbaycan diaspor təşkilatları tərəfindən demək olar ki, müntəzəm şəkildə bu cür tədbirlər həyata keçirilir. Ana dilimizin təbliği, onun qorunması istiqamətində keçirilən tədbirlərin mütəşəkilliyi Almaniyada daha çox nəzərə çarpır. Belə ki, Almaniyanın paytaxtı Berlin şəhərində isə Ana Dili Gününə həsr edilmiş tədbir keçirilib. Tədbir Berlində fəaliyyət göstərən Azərbaycan Kültür Ocağında Beynəlxalq Ana Dili Günü çərçivəsində “Uşaqların və gənclərin sevimli yazıçısı” mövzusu ətrafında baş tutub. Tədbir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, maarifçi pedaqoq və milli dirçəliş tərəfdarı Abdulla Şaiqin anadan olmasının 130 illiyinə həsr edilib. Kültür Ocağının üzvləri, xanım Reyhan Qasımova və Naibə Hantelin birgə hazırladıqları məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Reyhan Qasımova yazıçı-şairin həyatı və yaradıcılığı haqqında geniş məlumat verib, Abdulla Şaiqin fəaliyyətini və ailə həyatını əks etdirən foto-şəkillər iştirakçıların diqqətinə çatdırılıb. Abdulla Şaiqin uşaqların ifasında səslənən şerləri alqışlarla qarşılanıb. Daha sonra şairin əsəri əsasında çəkilmiş “Tülkü həccə gedir” cizgi filmi nümayiş etdirilib. Tədbirin ikinci hissəsində türkoloq alim Süleymanoğlu “Türk dili tarixinə qısa bir baxış” adlı məruzə ilə çıxış edib. O, çıxışında türk dilinin inkişafı mərhələlərini təhlil edib, müxtəlif cərəyanların zaman-zaman ona təsirindən danışıb. Sonda məruzəçilər tədbir iştirakçılarının suallarını cavablandırıb və hər iki məruzə ətrafında fikir mübadiləsi aparılıb.
***
Gənc
nəsil tərəfindən Azərbaycan dilinin qorunub
saxlanılmasına xidmət edən tədbirlərdən biri
Almaniyanın Frankfurt şəhərində keçirilən
Dünya Azərbaycanlı Gənclərin I Konqresi çərçivəsində
baş tutub. Belə ki, Dünya Azərbaycanlı Gənclərin I Konqresi çərçivəsində “Virtual həftə sonu məktəbi»nin
təqdimatı olub. Təqdimat mərasimi
konqresin ikinci günü baş tutub. Bu yeni
layihə barədə iştirakçılara və qonaqlara Azərbaycan Milli
Elmlər Akademiyasının İnformasiya
İnstitutunun direktoru,
Azərbaycan Milli Elmlər
Akademiyasının müxbir üzvü Rasim
Əliquliyev məlumat verib. Bildirilib ki, layihənin məqsədi xarici
ölkələrdə yaşayan azərbaycanlı
uşaqlara və gənclərə müasir informasiya
texnologiyaları vasitəsilə ana dili, Azərbaycan tarixi, mədəniyyəti
və coğrafiyasının tədris edilməsi,
soydaşlarımızın milli ruhda tərbiyə olunmasına xidmət etməkdir.
"Virtual həftə sonu məktəbi"
xarici ölkələrdə yaşayan və Azərbaycan haqqında yetərli
bilgisi olmayan hər bir azərbaycanlı gəncə virtual məkanın imkanlarından istifadə
edərək ana dilini
öyrənmək, doğma Vətənin
tarixini, coğrafiyasını, ədəbiyyatını
və mədəniyyətini mənimsəmək
imkanı yaradır. Burada bir
neçə istiqamət üzrə məlumat əldə etmək
mümkündür. “Ana
dili” bölməsində Azərbaycan dilinin qramatikası, fonetika,
leksika, morfologiya,
köməkçi nitq hissələri, sintaksis dərsləri yerləşdirilib. Burada Azərbaycan dilinin
qanunauyğunluqları barədə ətraflı məlumat əldə
etmək olar. Bölmədə hər bir mövzu ayrıca dərs
kimi yerləşdirilib. “Azərbaycan
coğrafiyası” bölməsində Azərbaycanın fiziki və iqtisadi
coğrafiyası barədə məlumatlar öz
əksini tapıb. Burada Azərbaycanın relyefi, flora və faunası, iqlimi
barədə ətraflı məlumat verilir.
İqtisadi coğrafiya
alt bölməsində Azərbaycanın iqtisadi regionları, onların ölkənin iqtisadi sistemində yeri və
rolu, ölkəmizin təbii sərvətləri,
sənaye və kənd təsərrüfatının inkişaf tempi barədə
informasiyalar yer
alıb. “Azərbaycan tarixi” bölməsi
Azərbaycanın ən qədim dövrlərdən müasir günümüzə qədər olan tarixini əhatə edir. Bu bölmədə tarixi proseslər barədə xronoloji
ardıcıllıqla məlumat verilib. “Azərbaycan
tarixi” bölməsindən, həmçinin
Azərbaycan ərazisində yaranmış dövlətlər,
onların taleyi, xalqımızın
görkəmli tarixi şəxsiyyətləri
haqqında zəruri məlumatları əldə etmək mümkündür. Qeyd edək
ki, bu bölmə digər
bölmələrdən daha genişdir və burada əyani
vəsaitlərdən daha çox
istifadə edilib. Azərbaycan
ədəbiyyatı bölməsində Azərbaycanın
yazılı və şifahi ədəbiyyatı,
xalqımızın əsrarəngiz ədəbi nümunələri,
dünya miqyasında şöhrət
qazanmış görkəmli şair və
yazıçılarının əsərləri, klassik ədəbiyyatımızın korifeyləri,
onların həyat və yaradıcılığı
barədə məlumat yerləşdirilib. Bu
bölmədə, həmçinin şifahi
xalq ədəbiyyatının ən
sanballı nümunələri ilə də tanış olmaq mümkündür.
***
Qeyd edək ki, bu ideya ilk dəfə olaraq, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2007-ci ilin noyabrın 17-19-da Bakıda keçirilmiş Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayında irəli sürülüb. 2008-ci il dekabrın 18-19-da Bakı şəhərində keçirilən Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının toplantısında Azərbaycan həqiqətlərinin təbliği, lobbi quruculuğu, soydaşlarımızın yaşadıqları ölkələrdə cəmiyyətə inteqrasiyası, ictimai-siyasi proseslərdə daha fəal iştirakının təmin olunması ilə bağlı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Toplantı çərçivəsində rəy və təkliflər nəzərə alınmaqla əsas kimi qəbul olunan «Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası» layihəsinin 12.15.-ci bəndində xarici ölkələrdə yaşayan azərbaycanlı uşaqlara və gənclərə müasir informasiya texnologiyaları vasitəsilə ana dilini, Azərbaycan tarixini, mədəniyyətini, coğrafiyasını tədris etmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutu ilə birlikdə "Virtual həftə sonu məktəbi"nin yaradılması nəzərdə tutulub.
Almaniya ilə yanaşı
Avropanın digər ölkələrində də yetişməkdə
olan gənc nəsldə dilimizə olan marağın artırılması, Ana dilinin qorunub
saxlanılması istiqamətində müntəzəm olaraq tədbirlər həyata keçirilir.
Bu istiqamətdə Litvada
fəaliyyət göstərən Azərbaycan diaspor
təşkilatları da aktiv
işlər görür. Belə
tədbirlərdən biri Vilnüsün
M.K.Çürlyönis adına Milli incəsənət məktəbinin konsert zalında Litva məktəbliləri
arasında keçirilmiş “Azərbaycan
mənim gözlərimlə” beynəlxalq müsabiqəsinin yekun mərasimi olub. Yekun mərasimində
Azərbaycan Respublikasının Litvadakı fövqəladə
və səlahiyyətli səfiri Nairə Şahtaxtinskaya,
Türkiyənin Litvadakı Səfirliyinin 1-ci katibi
Şayda Hanbay, Litva Respublikasının təhsil və elm naziri Gintaras
Stəponaviçyus, Litva Seyminin
İqtisadiyyat komitəsinin sədri, millət
vəkili Daynyus Budris,
Litva Mədəniyyət nazirinin müavini
Deyvidas Staponkus, Azərbaycan
Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin
şöbə müdiri Surəddin
Hümbətov, Litva Seyminin
Sədri İrena Degutinenin
müşaviri və xüsusi
nümayəndəsi Laurinas Kasçyunas, Litva mədəniyyət
nazirinin müşaviri
İmantas Melyanas,
Estoniya–Azərbaycan Mədəniyyət Mərkəzinin
sədri Niyazi Hacıyev, Latviya
azərbaycanlılarının “Ocaq” cəmiyyətinin
sədri Roman Əliyev, eləcə də
digər rəsmilər, ölkənin tanınmış elm, mədəniyyət, incəsənət və
siyasət xadimləri, bir sıra nüfuzlu ictimai təşkilatların
rəhbərləri, milli azlıq
qurumlarının nümayəndələri və
başqaları iştirak ediblər.
Müsabiqəni Litva azərbaycanlıları
cəmiyyəti bu ölkənin Təhsil
və Elm Nazirliyi, Litva Milli İcmalar
Evi və Litva gənclərinin
turizm mərkəzi ilə birgə təşkil
edib. Layihəyə maliyyə dəstəyini
isə Azərbaycan Respublikasının Diasporla
iş üzrə Dövlət Komitəsi
göstərib. Litva Respublikasının Təhsil və Elm
naziri sözügedən müsabiqənin
təşkili barədə Cəmiyyətin təşəbbüsü
ilə bu ilin iyul ayında öncədən xüsusi
sərəncam imzalayıb, müsabiqənin Əsasnaməsini
və eləcə də bu layihə ilə
əlaqədar digər sənədləri
təsdiq edib. Əsasnamədə göstərilib
ki, müsabiqə Litva-Azərbaycan mədəniyyətlərarası
bilgilərinin genişləndirilməsinə həsr edilir və onu keçirməkdən
məqsəd şagirdlərdə Azərbaycanın qədim
keçmişinə və dövlətçilik tarixinə,
mədəni irsinə, coğrafiyasına, təbiətinə
və s. maraq oyatmaq, informasiya
texnologiyalarından istifadə etməklə onlara
Azərbaycanla bağlı fikir və
düşüncələrini yaradıcı surətdə təqdim
etmək üçün imkan
yaratmaqdır. Müsabiqə Litva-Azərbaycan mədəniyyətlərarası
dialoqu layihəsi çərçivəsində
bu ölkənin ümumtəhsil məktəblərinin
7-12-ci siniflərində oxuyan şagirdləri
arasında keçirilib. Qonşu
Gürcüstanda da dilimizin qorunub
saxlanılması, Azəbaycan dilli məktəblərin
sayının artırılması hər zaman
diqqət mərkəzindədir. Bu məqsədlə
müntəzəm olaraq
Gürcüstandakı Azərbaycan məktəbləri üçün kurslar təşkil
olunur. Belə ki, Gürcüstanın Qardabani
rayonunun Qaratəhlə açıq məktəbində
Qaratəhlə və Ağtəhlə məktəblərində
Azərbaycanlıların Mədəniyyət Mərkəzinin
təşkil etdiyi gürcü
dili kurslarının müəllimlərinin
təşkil etdiyi tədbir keçirilib. Tədbirdə
Qaratəhlə məktəbinin direktoru Elza Həsənova,
Ağtəhlə məktəbinin direktoru
Ketevan Koçiaşvili,
hər iki məktəbdə fəaliyyət
göstərən gürcü dili kurslarının müəllimləri Zaira Allahyarova və Sofio Koberidze, Azərbaycanlıların
Mədəniyyət Mərkəzinin əməkdaşları
Əbülhəsən Əzizov, Abbas Məmmədov
və pedaqoji kollektivin
nümayəndələri iştirak etdilər.
Qaratəhlə məktəbinin
15 siniflik binası BP neft şirkətinin
və yerli əhalinin köməyi ilə tikilib.
Məktəbdə 285 şagird təhsil
alır. 23 nəfərlik pedaqoji kollektiv, kompüter
otağı fəaliyyət göstərir. Məktəbin direktoru Elza Həsənova
şagirdlərdə gürcü dilini öyrənməyə böyük
maraq olduğunu və
bu işdə AMM-in təşkil
etdiyi kursların böyük
əhəmiyyətini qeyd edib.
Qaratəhlə məktəbində fəaliyyət göstərən
gürcü dili
kurslarının müəllimi Zaira Allahyarova 2 ildir ki, kurslarda aparıcı
müəllim kimi işləyir.
Hazırda bu kurslarda
20 şagird gürcü
dilini öyrənir. O qeyd
edib ki, uşaqlarda gürcü dilini öyrənməyə çox
böyük həvəs var
və bu işdə məktəb rəhbərliyi
də öz köməyini əsirgəmir.
Ağtəhlə məktəbində fəaliyyət göstərən
gürcü dili
kurslarına Sofio Koberidze
rəhbərlik edir. Kurslarda
24 şagird gürcü
dilini öyrənir. Bir
ildir fəaliyyət göstərdiklərinə
baxmayaraq böyük uğurlar qazandıqlarını qeyd edən Sofio,
şagirdlərin böyük həvəslə
kurslara gəlməsini, ikinci
bir qrupun
açılmasına ehtiyac olduğunu da bildirib. Məktəbin direktoru
Ketevan Koçiaşvili
qeyd edib ki, buraxılış sinifləri test imtahanlarında gürcü
dili fənnindən 6,5-7 bal göstəricisi
ilə çıxıblar, bu da çox yüksək göstəricidir. O
belə yüksək göstəricilərin əldə
olunmasında AMM-in təşkil etdiyi kursların böyük
rolu olduğunu
vurğulayıb. Sonra Qaratəhlə məktəbinin binasında hər iki məktəbin nəzdində fəaliyyət
göstərən gürcü dili kurslarında oxuyan
şagirdlərin birgə hazırladığı
Gürcüstanın və Azərbaycanın müstəqillik
gününə həsr olunmuş ədəbi-bədii
tədbir keçirilib. Tədbirdə
şagirdlər Azərbaycan və Gürcüstanın
Dövlət Himnlərini, gürcü və
Azərbaycan dilində şerlər oxuyublar.
Tədbirin sonunda Azərbaycanlıların
Mədəniyyət Mərkəzinin əməkdaşı
Əbülhəsən Əzizov bütün
tədbir iştirakçılarını Azərbaycan və
Gürcüstanın milli bayramları
münasibətilə təbrik etmiş, gürcü dili
kurslarının işinin yüksək səviyyədə
təşkilinə görə hər iki
məktəbin rəhbərliyinə
təşəkkürünü bildirib.
Olaylar.
-2014.- 9-11 avqust. S. 7.