“Almaniyada fəaliyyəti
hərtərəfli koordinasiya edilən Azərbaycan
diasporu var”
Etibar Qəniyev: “Bu
Diasporla İş
üzrə Dövlət Komitəsinin fəaliyyətinin və
Azərbaycanın hüdudlarından kənarda yaşayan
həmvətənlərimizin gərgin əməyinin nəticəsidir”
Almaniyadakı
"Xəzər" Alman-Azərbaycan Cəmiyyətinin sədri,
Hannover şəhəri Bothfeld-Vahrenheide
rayonun Ydeputatı və inteqrasiya
şurasının üzvü Etibar Qəniyevin “OLAYLAR” -a
müsahibəsi
-Etibar
bəy, Almaniyada
Azərbaycan diasporunun vəziyyətini necə
qiymətləndirərdiniz? Diasporumuzun fəaliyyətindən
razısınızmı?
-Səmimi şəkildə deyərdim ki, Almaniyada fəaliyyəti hərtərəfli koordinasiya edilən Azərbaycan diasporu fəaliyyət göstərir. Bu ilk növbədə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinin və Azərbaycanın hüdudlarından kənarda yaşayan həmvətənlərimizin gərgin əməyinin nəticəsidir. Son illərdə Almaniyada bir sıra yeni cəmiyyətlər yaradılıb, birliklər təsis edilib. Müxtəlif məqsədləri, əsasən Azərbaycanın Almaniyada təbliğ və tərənnüm edilməsini, öz qarşılarına məqsəd kimi qoymuş bu ittifaqların fəaliyyəti Almaniyada Azərbaycanlıların Koordinasiya Mərkəzi tərəfindən dəstəklənir. Cəmiyyətlər arasında informasiya mübadiləsinin tənzimlənməsi, müxtəlif tədbirlər və layihələr haqqında məlumatların zamanında çatdırılması, vətəndaşlara lazımi hüquqi dəstəyin göstərilməsi baxımından bu qurumun rolu böyükdür. Şübhəsiz ki, mən soydaşlarımızın fəallığından razıyam. Lakin bu bizə rahatlıq gətirməməlidir. Çünkü qarşıya qoyulan məqsədlərə çatmaq üçün bu proses daha da gücləndirilməli, yeni fəaliyyət imkanları və vasitələri araşdırılmalıdır. Bu gün əldə olunan kiçik bir uğur qarşılığında gələcəkdə böyük və yeni nailiyyətlər əldə etməyimiz zəruridir. Ancaq bu yolla biz - Azərbaycan diasporu - doğma vətənimizin xaricdə yüksək səviyyədə mütəmadi şəkildə təmsil edilməsi üçün öz töhfəmizi vermiş olarıq. Üzümü xaricdə yaşayan hər bir həmvətənimə tutaraq demək istəyirəm: təşkilatlanın, yerli partiyalara daxil olun, yaşadığınız ölkənin dilini və tarixini öyrənin, heç bir vaxt "bir mənimlə nə olacaq" fikri ilə yaşamayın! Hazırda Almaniyanın iki federal əyalətində doğma dilimizin tədrisi təşkil edilib. Bu proqram genişləndirilməli, Almaniyanın digər federal əyalətlərini də əhatə etməlidir. Bu sahədə diaspor təşkilatlarının Azərbaycan Təhsil Nazirliyi ilə də əməkdaşlıq etməsinə ehtiyac var. Çünki hər bir diaspor qürumu öz gücünə və öz hesabına belə kursları təşkil etmək iqtidarında deyil. Dil kurslarına tələbat isə çox böyükdür. Çox vaxtlarını məktəbdə, dostları ilə keçirən gənc nəslimizin bəzi nümayəndələri nadir hallarda öz fikirlərini Azərbaycan dilində tam ifadə edə bilirlər. Evdə olduqları vaxtda da bir-birləri ilə ancaq alman dilində əlaqə saxlayan balalarımız bir müddətdən sonra Azərbaycan dilində malik olduqları ibtidai bilikləri də unudacaqlar. Öz dilini bilməyən şəxs isə öz soy-kökünü, tarixini, mədəniyyətini unutmuş olur. Gəlin bu faciəyə yol verməyək və birgə atacağımız addımlarla bunun qarşısını ala bilək. İndi ailələrdə böyüyən, məktəbdə təhsil alan övladlar, gənclər gələcəyin valideynləridir. Bizim üzərimizə düşən isə vəzifə gözəl ana dilimizi onlara tam şəkildə ötürmək, bu dilin incəliklərinin qavranılması üçün əlimizdən gələni əsirgəməməkdir. Bu məqsədlə, Azərbaycan Respublikasının xarici işlər və təhsil nazirliklərinə müraciət etmək istərdim. Qoy onlar ana dili kurslarının xarici ölkələrdə təşkil olunması və davamlı şəkildə aparılması üçün diaspor təşkilatlarına yardımçı olsunlar.
-Bəs soydaşlarımızın
alman cəmiyyətinə inteqrasiyası
necə gedir?
- İnteqrasiya çoxşaxəli, müxtəlif istiqamətlərdə cərəyan edən bir prosesdir. O, öz başlanğıcını alman dilinin öyrənilməsi mərhələsindən götürür və əcnəbilərin alman cəmiyyətinə inteqrasiyasını əsas məqsəd kimi nəzərdə tutur. Orta, ixtisas və ya ali təhsil, alman dilini öyrənmək və əmək fəaliyyəti ilə məşğul olmaq, həmçinin əcnəbinin və ya miqrant kökənli vətəndaşın Almaniyanın siyasi, ictimai həyatında yaxından iştirak etməsi, bələdiyyə və ya əyalət seçkilərinə qatılması, müxtəlif xeyriyyə cəmiyyətlərində könüllü şəkildə çalışması bu prosesin həlledici tərkib hissələridir. Alman cəmiyyətinə inteqrasiyanın ən mühüm açarlarından biri də idman klublarının tərkibində Almaniyanın idman həyatında fəal iştirak etməkdir. Onu da qeyd edim ki, həmvətənlərimiz bu prosesdə uğurla iştirak edirlər. Bir neçə il öncə Xristian-Demokratik Birliyi (CDU) Partiyasının təşəbbüsü ilə xaricdə təhsil alan şəxslərin ixtisaslarının tanınması və təsdiq edilməsi üzrə dövlət proqramı müəyyən edilib. Ölkənin müxtəlif sahələrində mütəxəssislərə tələbatın olduğunu və yüksək ixtisaslı işçi qüvvəsinin çatışmadığını nəzərə alaraq xarici vətəndaşların Almaniyada təhsil alması və çalışması istiqamətində qanunvericilikdə yüngülləşdirici dəyişikliklər aparılıb. Bu yenilikdən çoxlu sayda soydaşımız yararlanıb, yüksək ixtisaslı mütəxəssislər kimi əmək fəaliyyətinə başlayıblar. Ali təhsil almaq arzusunda olanlar alman dilində müvafiq bilikləri əldə etdikdən sonra Almaniyanın bir sıra qabaqcıl ali təhsil müəssisələrinə qəbul olunublar. Bu imkanlar həmyerlilərimizin inteqrasiyasını daha da gücləndirir və onların alman cəmiyyətində yerli sakinlər kimi bərabər şəkildə iştirakını mümkün edir. Həmvətənlərimizin AFR-də təhsil almaq istəkləri Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Alman Akademik Mübadilə Xidməti (DAAD) arasında imzalanan sazişə görə tənzimlənir və nizamlanır. Əgər 20-30 il öncə Azərbaycan ancaq Almaniyanın ticarət sektorunda çalışan əcnəbilərin Vətəni kimi tanınırdısa, indi ölkəmiz həm də öz savadlı həkimləri, bacarıqlı mühəndisləri, siyasətçi və tarixçiləri, alimləri ilə Almaniyada səs salıb. Həmyerlilərimiz AFR-in aparıcı partiyalarına daxil olaraq ölkənin siyasi həyatında da öz sözünü deyə bilirlər. Bundan əlavə Diasporla İş Üzrə Dövlət Komitəsinin fəaliyyəti nəticəsində AFR-də cəmiyyət, birlik, dərnək və digər diaspora qürumlarının sayı durmadan artıb, həmyerlilərimizin təşkilatlanması geniş vüsət alıb, diaspora fəaliyyəti yeni mərhələyə daxil olub. Diaspor quruculuğu işi dayanmadan davam edir və bu daim hərəkətdə olan bir prosesdir. Bu da soydaşlarımızın, həmvətənlərimizin alman cəmiyyətinə inteqrasiyasının indikatoru kimi qəbul edilə bilər. Lakin təəssüflə qeyd etmək lazımdır ki, Almaniyada paralel cəmiyyətlərin yaranmasına gətirib çıxaran amillər yenə də mövcuddur və bu soydaşlarımızdan da yan keçməyib. Alman dilini öyrənməmək, evdə ancaq öz ana dilində verilişləri izləmək, yalnız azərbaycanlı dost və tanışları ilə əlaqə saxlamaq, yaşadıqları şəhərin cəmiyyət və dərnəklərində iştirak etməmək və bu kimi amillər çoxsaylı xarici vətəndaşlar kimi bəzilərimizi də passivləşdirir. 40-50 il burada yaşayan bir əcnəbinin öz nəvəsinin köməyilə rəsmi idarəyə müraciət etməsi çox, həddən artıq çox acınacaqlı bir haldır. Mən bir AFR vətəndaşı, Almaniyanın CDU partiyasının üzvü, Hannover şəhəri Bothfeld-Vahrenhayde rayonunun deputatı, Hannover şəhəri inteqrasiya şurasının üzvü, xalq iclasçısı və digər bu kimi funksiyaları daşıyan azərbaycanlı kimi Almaniyaya emiqrasiya edən bütün əcnəbiləri, o cümlədən həmvətənlərimizi Almaniyanın ictimai-siyasi həyatında fəallıq göstərməyə dəvət edirəm. Çünki müxtəlif səviyyələrdə həyata keçirilən inteqrasiya layihələri, AFR-in qanunvericiliyinin miqrant kökənli şəxslər üçün yaratmış olduğu imkanlar, o cümlədən, ölkənin tarixi və alman dilinin öyrənilməsinə yönəlmiş pulsuz 6 aylıq inteqrasiya kursları, "Xoş gəlmisiniz" şüarı altında Almaniyaya gələn əcnəbilərə dövlət qayğısını ifadə edən müxtəlif proqramlar və bu kimi tədbirlər buna gözəl zəmin yaradır. Mən əminəm ki, burada öz işi, elmi, savadı ilə nailiyyətlər qazanan çoxsaylı həmvətənlərimizin sırası genişlənəcək, azərbaycanlılar daima Almaniyada öz sözlərini demək iqtidarında olacaqlar. İnteqrasiyanın uğurlu açarlarından biri də idman fəaliyyəti və yaşadığın ölkənin idman klublarında fəal iştirakdır. "İdman vasitəsilə inteqrasiya" devizi altında indiyə qədər AFR-də çox tədbirlər keçirilib, layihələr gerçəkləşib və dovlət proqramı çərçivəsində maliyyələşdirilib. Buna misal olaraq 13 iyul 2014-cü il tarixdə Hannover şəhərində həvəskar oyunçular arasında keçirilmiş beynəlxalq futbol turnirini göstərmək olar. 2013-cü il iyunun 15-də, Azərbaycan xalqının Milli Qurtuluş Günündə, Hannover şəhərində Heydər Əliyev adına idman klubu təsis edilib. Hannover şəhər məhkəməsinin qərarı ilə ulu öndərimizin adını daşıyan TUS Hannover "Heydar Aliyev" e. V. idman klubu rəsmən dövlət qeydiyyatından keçib. İdman klubunun əsas məqsədi Azərbaycan idmanının Almaniyada təbliği, həmyerlilərimizin və eləcə də digər həvəskar atletlərin idman klubunda fəal iştirakı, müxtəlif idman növləri üzrə Almaniyada müxtəlif yaş hədlərində keçiriləcək beynəlxalq yarışlara qatılması və bu istiqamətdə onların alman cəmiyyətinə inteqrasiyasının gücləndirilməsindən ibarətdir.
-Almaniyada
Azərbaycanın daha yaxşı
tanıdılması üçün
hansı addımları atmaq
lazımdır?
-Müxtəlif elmi konfransların, Azərbaycanın mədəniyyətinin, incəsənətinin, mətbəxinin tanıdılmasına yönəlmiş sərgilərin, gecələrin, konsertlərin, "Azərbaycan Şərqin dünyaya açılan qapısı" kimi silsilə tədbirlərin təşkili və keçirilməsi buna yardımçı ola bilər. Lakin arzu olunur ki, belə tədbirlər əsas etibarı ilə təkcə Berlində deyil, Almaniyanın digər federal əyalətlərində, mərkəzi şəhərlərində də keçirilsin. Düşünürəm ki, Azərbaycanın Almaniyadakı səfirliyinin iştirakı ilə federal əyalətlərdə fəaliyyət göstərən diaspor qurumları ilə Azərbaycan Respublikasının əlaqədar nazirlikləri, xüsusilə də mədəniyyət və turizm, gənclər və idman nazirlikləri arasında tədbirlər proqramı hazırlamaqla ölkəmizin Almaniyada daha yaxşı tanıdılmasına nail olmaq olar. Bunun üçün hər bir əyalətdə yaşayan həmyerlilərimizin potensialı var, desəm yanılmaram. Şübhəsiz ki, dövlətimizin adını daşıyan bu kimi tədbirlər yüksək səviyyədə təşkil olunmalıdır. Bunun üçün isə maddi dəstək çox vacibdir. Turzim sahəsində fəaliyyət proqramını genişləndirmək mümkündür. Azərbaycana getmək istəyən turistlər üçün vizanın sadələşdirilməsi ilə "Odlar Yurdu"nu gəzmək istəyən saysız əcnəbilərin istəklərinə cavab vermək olar. Bir çox əcnəbiləri narahat edən bir hal da Azərbaycana gələn zaman orada üç gün ərzində qeydiyyata düşmə məsələsidir. Ölkəyə şəxsi dəvətlə və ya turist kimi gələn hər bir xarici vətəndaş viza almaq üçün öncədən doldurduğu anketdə Azərbaycanda olduğu müddətdə qalacağı ünvan haqqında da məlumat verir. Zənnimcə, Azərbaycan Dövlət Miqrasiya Xidməti tərəfindən tələb olunan qeydiyyat üçün müvafiq anketlərin bildirişlə birlikdə təyyarədə və ya sərhəd məntəqələrində paylanması çox məqsədəuyğundur. Bu halda ölkəyə gələn hər bir şəxs qeydiyyata düşmək barədə öz üzərinə öhdəlik götürür, buna əməl etməyən əcnəbilərə qarşı isə ölkə qanunvericiliyi ilə nəzərdə tutulmuş inzibati cərimələrdən başlayaraq əcnəbinin ölkəyə gəlməsi üçün qadağa müddətinin təyin olunmasına kimi ölçü tədbirlərini müəyyən etmək mümkün olur. Digər tərəfdən alman vətəndaşlığını qəbul etmiş diaspor (cəmiyyət, dərnək və birlik) rəhbərlərinin Azərbaycana səfərinin vizasız rəsmiləşdirilməsinə böyük ehtiyac var. Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin may ayında Frankfurt şəhərində Almaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri ilə keçirdiyi görüşdə də vurğuladım və bununla bağlı komitənin Xarici İşlər Nazirliyinə müvafiq məktub ilə müraciət etməsinə ehtiyac duyulduğunu bildirmişdim.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.-2014.-13 avqust.-S.7.