“Diaspor üzvlərinin
yenilənməsi gənclərsiz mümkün
deyil”
İlahə
Ələkbərova: “Ümumrusiya Azərbaycanlıları
Konqresinın yarandığı gündən ən əsas məqsədlərindən
biri gənclərlə işləmək olub”
Azərbaycan həqiqətləri, Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasətinin dünya ictimaiyyətinə çatdırılmasında müxtəlif ölkələrdə təhsil alan və ya çalışan gənclərimizin də mühüm rolu var. Xüsusilə, fərqli-fərqli ölkələrdə mətbuat sahəsində çalışan gənclərimiz var ki, həmin insanlar diasporamızla sıx əlaqəli şəkildə işləyərək ölkəmizi yaşadığı dövlətdə layiqli təmsil edir, çalışdığı KİV-də onun təbliğatını aparır. Belə dəyərli insanlardan biri də İlahə Ələkbərovadır ki, o, diaspor jurnalisti olaraq Rusiya Federasiyasında Azərbaycanın haqq səsinin yayılması istiqamətində uğurlu iş aparır. Moskva Dövlət İncəsənət və Mədəniyyət Universitetinin Beynəlxalq jurnalistika fakültəsində tələbəsi olan İlahə Ələkbərova eyni zamanda Ümumrusiya Azərbaycan Konqresində jurnalist kimi də çalışır. İlahə Ələkbərova Rusiya Federasiyasındakı gənclərimizin ictimai-siyasi aktivliyi barədə danışarkən deyib ki, şimal qonşumuzda yaşayan gənclərimiz buranın cəmiyyətinə, mədəniyyətinə, təhsilinə tamamilə inteqrasiya ediblər. Həmyerlimizin sözlərinə görə, bu prosesdə Leyla Əliyevanın sədri olduğu Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (AMOR) böyük rol oynayır: “Məsələn, 10 il bundan əvvəl buradakı gənclərimiz indiki kimi sıx əlaqədə olmurdular. Lakin indi bayramlarımızda, tədbirlərdə biz birlikdə oluruq. Ruslar demiş “qəmgin gündə də, şən gündə də birlikdə”. Öz mədəniyyətimizi ruslara tanıtmaqdan başqa, gənclər buranın ictimaiyyətində də aktiv fəaliyyət göstərirlər. Bunun sübutu, onların yerli müsabiqələrdə, festivallarda iştirak etmələridir. Onu da qeyd etməliyəm ki, burada yaşamaq heç də asan deyil. Azərbaycanda yaşayanların əksəriyyəti elə bilirlər ki, buradakı həyat Azərbaycandan yaxşıdır, amma yox, elə deyil. Kənardan elə görünə bilər. Bəli, burada oxumağımız üçün çox gözəl şərait yaradılıb, amma Azərbaycanda bu şərait iki qat üstündür. Mənim heç vaxt yerli vətəndaşlarla millətimə görə problemim yaranmayıb. Mənim rus dostlarım da var və onlar həmişə çox böyük maraqla bizim ölkəmiz haqda biliklərini bölüşürlər. Baxmayaraq ki, həyatımın çoxunu burada yaşamışam, amma Moskva mənim üçün doğma şəhər ola bilmədi. Mən hələ də burada özümü qonaq kimi hiss edirəm. Hər səhər Vətənə birdəfəlik qayıtmaq arzusu ilə yuxudan oyanıram. Çox təəssüf ki, bu arzum həyata keçmir. Bəlkə də nəsə dəyişər, amma yaxın zamanda olduğuna inanmıram. Amma bir gün mən qayıdacağam, özü də birdəfəlik”. İlahə Ələkbərova Ümumrusiya Azərbaycanlıları Konqresinin gənclərin ictimai-siyasi aktivliyi istiqamətində gördüyü işlərdən də danışıb. Bildirib ki, Ümumrusiya Azərbaycanlıları Konqresinın yarandığı gündən ən əsas məqsədlərindən biri gənclərlə işləmək olub: “.Çünki heç kimə sirr deyil ki, gənclər gələcəyimiz deməkdir. Bunu başa düşərək Ümumrusiya Azərbaycanlıları Konqresi çalışır ki, bütün işlərinə gəncləri cəlb etsin. Gələcəyimizdə diaspor üzvlərinin yenilənməsi gənclərsiz mümkün deyil. Ona görə bu gün biz əlimizdən gələni etməliyik ki, hər bir gənc uzaqda da olsa, Vətənimizin uğuru üçün işləsin və mədəniyyətimizi qoruyub başqalarına çatdırsın. Ümumrusiya Azərbaycanlıları Konqresi Azərbaycan Təhsil Nazirliyi ilə birlikdə Rusiyada yaşayan gənclərimizin burada pulsuz oxumaları üçün bütün şəraiti yaradır. Hər il təxminən 50 tələbə Rusiyanın ən nüfuzlu universitetlərinə daxil olurlar. Hər bir universitetdə də Azərbaycan gənclər birliyi yaranır. Biz hər belə birliklə sıx əlaqə saxlayırıq və hər cəhətdən də onları dəstəkləyirik. Onu da qeyd etmək istərdim ki, bu ildən bizim sahəmizdə (dərslər altıncı və bazar günlər olur) məktəb açılıb, orada peşəkar müəllimlər dərs deyir. Azərbaycan dili, tarixi və ədəbiyyatı, ingilis və rus dilləri, Azərbaycan milli musiqisi və rəqsi - bunlar hamısı pulsuzdur, yəni hər bir gənc problemsiz bu dərslərə qatıla bilər. Bu məktəblə birgə virtual dərslər də var. Həvəsi olanlar “Skype” vasitəsi ilə istədiyi fənləri öyrənə bilər”. Həmyerlimiz Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı ilə birgə görülən işlərdən də danışıb: “Məsələn, keçən il Moskvada Tofiq Bəhramov adına futbol turniri keçirdik. Çox böyük uğurla keçən yarışmada 100-dən artıq gənc iştirak etdi, bu da gənclərimizin irəli addım atmalarına bir köməkdir. Demək olar hər gün Ümumrusiya Azərbaycanlıları Konqresinə bizim gənclərimiz təhsil və digər. məsələlərlə bağlı müraciət edirlər. Bunun üçün hüquqşünaslarımız hər bir kömək etməyə hazırdırlar. ÜAK mədəniyyət, təhsil, idmana da çox böyük yer ayırır. Yəni bu mövzu ilə bağlı saatlarla danışsaq da qurtarmaz. Sadəcə onu demək istəyirəm ki, Vətəndən uzaqda olan gənclərimiz, burada özlərini tək hiss etmirlər, onların sərbəst və təhlükəsizlik yaşamalarında Ümumrusiya Azərbaycanlıları Konqresinin çox böyük rolu var. İlahə Ələkbərova Azərbaycandan kənarda milli-mənəvi dəyərlərimizin təbliği, onun yaşadılmasını istiqamətində atılması vacib olan addımlardan da söhbət açıb: “Baxmayaraq ki, rusların ətrafında böyümüşəm, mən doğma mədəniyyətimi, adətlərimizi unutmamışam. Universitetdə və şəhərdə rus dilində danışsam da, evdə yalnız öz dilimizdən istifadə edirəm. Bu mənim prinsipimdir. Öz mədəniyyətimizi qoruyub tanışlarıma çatdırıram. Hər il keçirilən Beynəlxalq Gənc Jurnalistlər festivalında iştirak edirəm, amma bu il mən iştirakçı kimi yox, jüri kimi dəvət olunmuşdum və bundan istifadə edərək “Dağlıq Qarabağ münaqişəsi haqda nə bilirəm?” adlı nominasiya elan etdim. Nəzərinizə çatdırmaq istərdim ki, bu mövzuda ruslar yazırdı. Sonda Ümumrusiya Azərbaycanlıları Konqresinin adından üç qalibə hədiyyə verdik, onların məqalələri bizim qəzetdə və saytda çap olundu. Mən, bunu ən azından rus aləminə çatdırmaq məqsədi ilə etdim. Yəni bu indiyə kimi etdiyim ən böyük layihələrdən biridir. Bundan başqa universitetimizdə tez-tez bayramlar keçiririk. Keçən il Xalq şairi Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş bir tədbir keçirdik. Orada rusların tələbələri də bir neçə şeir söylədilər. Mən imkan daxilində bizim mədəniyyətimizi, tariximizi, ədəbiyyatımızı tək Rusiyada yox, bütün dünyada tanıdacağam”. Həmyerlimiz jurnalistikaya olan marağı barədə də danışıb: “10 yaşımdan jurnalistika ilə məşğulam. Hər şey məktəb qəzetindən başladı və nəticədə marağım artdı. O zaman dəqiq bilirdim ki, mən gələcəkdə jurnalist olacağam. 12 yaşımda Beynəlxalq Gənc Jurnalistlər festivalında qələbəni əldə edəndən sonra bu peşədə mənə yol açıldı. Öncə “Pionerskaya Pravda” qəzetində çalışdım. Mən həmişə istəmişəm ki, ən azından işim Azərbaycanla bağlı olsun. Gec-tez arzum yerinə yetdi. İndi mənim işim sırf həmyerlilərimizlə bağlıdır. Mən bizim həmvətənləri Rusiya cəmiyyətinə tanıtmaq üzərində çalışıram” Rusiyada jurnalist işləməyin hansısa özəlliyinin olub-olmamasına gəlincə isə onu deyə bilərəm ki, mən jurnalist yolumu burada başlamışam deyə, bu suala cavab verməkdə bir az çətinlik çəkirəm: “Lakin onu qeyd etmək olar ki, Rusiyada Azərbaycan diasporu böyükdür, hər gün nəsə baş verir. Rusiyanın hər bölgəsində bizim ziyalılarımız, istedadlı gənclərimiz, tanınmış müğənnilərimiz, rəssamlarımız var. Bunlardan yazmaqdan mən böyük zövq alıram. Demək olar hər gün mən yeni insanlarla tanış oluram, onların həyatlarının maraqlı anlarını öyrənirəm və bunun da təbii ki, özəlliyi var. Hər yeni iş günüm dünənki günə bənzəmir. Mənim işim mənim üçün sadəcə iş deyil, işim mənim həyat tərzimdir”. Xaricdəki azərbaycanlı və əcnəbi jurnalistlərlə əməkdaşlığa gəlincə İlahə Ələkbərova deyib ki, xaricdəki jurnalistlərlə çox az əlaqədə olur: “Tez-tez əlaqədə olduğum jurnalistlər Azərbaycan mediasının buradakı nümayəndələridir. Onlarla demək olar bütün tədbirlərdə birlikdə oluruq, bir-birimizə çox böyük dəstək göstəririk. Başqa əməkdaşlıq etdiyim jurnalistlər Rusiyanın TV və qəzetlərinin əməkdaşlarıdır. Çox vaxt yerli qəzetlərdə Azərbaycan haqda məqalələrim çap olunur. Baxmayaraq ki, Rusiyada yaşayıram, mənim 80 faiz dostlarım Azərbaycanda yaşayan gənclərimizdir. Bir neçə il öncə mən Azərbaycan dilində çox zəif danışırdım, nəsə demək istəyəndə öncə çox fikirləşirdim ki, necə deyim mənə gülməsinlər. Amma indi ədəbi dilimizdə danışa bilməsəm də, sərbəst fikrimi çatdıra bilirəm. Bu uğurumda mənə Azərbaycanda yaşayan dostlarım kömək etdi. Mən onlarla yalnız öz dilimizdə danışırdım, onlar mənə maraqlı kitablar tövsiyyə edirdilər. Bakıya gələndə bir neçə universitetlərin leksiyalarında iştirak etdim, bunlar həqiqətən mənim inkişafımda çox böyük kömək oldu. İndi mən mədəniyyətimizi, incəsənətimizi, musiqimizi, ədəbiyyatımızı çox yaxşı bilirəm. Onu demək istəyirəm ki, bu nəticə mənim oradakı gənclərlə sıx əlaqədə olmağımın əməyidir. Onu da qeyd edim ki, qohumlarımın çoxu Azərbaycanda yaşayır. Onların həyatındakı ən böyük dəyişikliklərdən xəbərim olur. Burada yaşadığıma baxmayaraq ən azından mən də bəzi hadisələrdə iştirak edirəm., Vətənlə olan əlaqəm çox sıxdır və getdikcə də bu əlaqə daha da möhkəmlənir. Hər dəfə Azərbaycana gələndə sözlə deyiləsi mümkün olmayan hisslər keçirirəm, həqiqətən Vətənimi çox sevirəm”.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə
dəstəyilə çap edilmişdir
Olaylar.-2014.-14 avqust.-S.7.