“Hollandiyadakı
diaspor təşkilatları
arasında heç bir problem yoxdur”
Elxan Mirhəşimli:" Milli
məsələlərlə bağlı tədbirlərdə
hamı bir yerdə olur"
Bu gün Azərbaycan
diasporunun aktiv olduğu Avropa ölkələrindən biri
də Niderland Krallığıdır. Hazırda bu
ölkədə onlarla
Azərbaycan diaspor təşkilatı, cəmiyyət
və mərkəzləri
fəaliyyət göstərir
ki, onların əsas fəaliyyət istiqamətləri Azərbaycan
həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılması,
zəngin tarixi-mədəni
irsimizin təbliğ edilməsidir. Bir müddət
əvvəl təsis edilən Hollandiya Azərbaycan Evi də fəaliyyətini məhz qeyd edilən istiqamətlərdə
qurub. Qısa zaman ərzində
fəaliyyət göstərməsinə
baxmayaraq bir sıra uğurlu addımlar atan, işlər görən Hollandiya Azərbaycan Evinin gələcək planları da diqqətçəkicidir. Hollandiya Azərbaycan Evinin qarşısında duran vəzifələr, təşkilatın
gələcək planları
barədə qurumun sədri Elxan Mirhəşimli ilə söhbətləşdik. “OLAYLAR”-a
verdiyi müsahibədə
Elxan Mirhəşimli Hollandiyadakı Azərbaycan
diasporunun vəziyyətindən
də danışıb.
-Elxan bəy, Hollandiya Azərbaycan Evinin təşkilatlanma prosesi necə gedir və təşkilatın
qarşısında duran
vəzifələr nədən
ibarətdir?
-Hollandiya Azərbaycan
Evi Təşkilatının
məqsədi Azərbaycan
mədəniyyətini təbliğ
etmək, ölkəmizin
bir nömrəli problemi olan Dağlıq
Qarabağ problemini holland ictimaiyyətinə çatdırmaqdır. Təşkilat olaraq qarşıdakı müddətdə də qeyd edilən istiqamətlərdə fəaliyyətimizi
davam etdirəcəyik.
-Bəs holland ictimaiyyətini ölkəmizin həqiqətləri,
Dağlıq Qarabağ
probleminin əsl mahiyyəti, Ermənistanın
təcavüzkar siyasəti
barədə məlumatlandıra
bilirsinizmi?
-Əvvəla onu
qeyd edim ki, Hollandiya ictimaiyyəti Qarabağ problemi haqqında daha çox birtərəfli qaydada maarifləndirilib. Hələ Azərbaycan diasporu bu ölkədə fəaliyyətdə olmadığı
zamanda Hollandiyadakı
erməni diasporu bu istiqamətdə çox ciddi iş aparıb. Ermənilər bu ölkədə
elə bir təbliğat aparıblar
ki, sanki Qarabağ doğurdan da onlarındır. Ona görə də hollandlarla işləmək
bir qədər çətindir. Digər tərəfdən
burada xristian faktoru da nəzərə
alınmalıdır. Ermənilər əsasən kilsə
təşkilatları, humanitar
mərkəzlərlə işləyirlər.
Bəzi hollandlar isə belə fikir ortaya qoyurlar ki, bu sırf
xristian-müsəlman problemidir.
Hətta
iddia edirlər ki, siz xristianları
öldürürsünüz və bu səbəbdən
də onlar özlərini müdafiə
edirlər. Təbii ki,
bu cür mövqenin formalaşması
da yalançı erməni təbliğatından
irəli gəlir.
Ancaq biz də öz növbəmizdə çalışırıq
ki, haqq-ədaləti hollandlara çatdıraq və onları başa salaq ki, real vəziyyət ermənilərin anlatdıqları
kimi deyil. Bir sözlə ermənilərin
təcavüzkar siyasətini
hollandlara çatdırmaq
üçün əlimizdən
gələni əsirgəmirik.
Hollandların diqqətinə çatdırırıq
ki, hazırda da Bakıda 5 minə yaxın rusdilli əhali yaşayır. Həmçinin Qubada yəhudilərin məskunlaşdığı qəsəbə
mövcuddur. Eyni zamanda
Azərbaycanda məscidlərlə
yanaşı kilsələr,
sineqoqlar da fəaliyyət göstərir
və həmin dini məkanlarda onlar normal qaydada öz ibadətlərini edirlər. Bütün bunları biz hollandların
diqqətinə çatdırırıq.
Çətin də olsa holland ictimaiyyətini maarifləndirməyə çalışırıq.
-Son vaxtlar cəbhə xəttində
baş verən olaylar Hollandiyada yaşayan azərbaycanlılar
tərəfindən necə
qarşılanır və
Ali Baş Komandan, prezident İlham Əliyev müharibə əmri versə Hollandiyada yaşayan azərbaycanlılar döyüşə
hazır olacaqlarmı?
-Mən hər zaman buna hazıram.
Məlumat üçün bildirim ki, hazırda
Azərbaycandayam və
Ali Baş Komandan, cənab prezident İlham Əliyev müharibəyə başlamaq
barədə əmr versə mən də oğlumu götürüb Azərbaycana
gəlib öz vətəndaşlıq borcumu
verərəm. Hesab edirəm
ki, xaricdə yaşayan hər bir soydaşımız eyni mövqedə olar. Ümumiyyətlə, bu hər bir Azərbaycan vətəndaşının borcudur
ki, Azərbaycan üçün əlindən
gələni əsirgəməsin.
Bütün dünya ictimaiyyətinə
bəllidir ki, Azərbaycan hər zaman sülh tərəfdarı olub.
Biz çalışmışıq
ki, problem sülh yolu ilə həllini
tapsın. Ancaq müharibə
variantı da hər zaman mövcuddur. Azərbaycan tərəfinin
mövqeyi ondan ibarətdir ki, Dağlıq Qarabağ problemi danışıqlar
yolu ilə həll edilsin, insan tələfatı baş verməsin. Müharibə hər zaman
çox böyük fəlakətlərə yol
açır. Dünyada gedən
proseslərə nəzər
saldıqda da bunu açıq şəkildə görmək
mümkündür. Ərəb baharından
başlayaraq Liviya, Misir, Suriya, İraqda davam edən qarşıdurmalar
nəticəsində hər
gün yüzlərlə
insan həlak olub. Ona görə də müharibə arzuedilməzdir.
Bir daha qeyd edim
ki, ən yaxşı variant sülh,
danışıqlar yoludur. Heç şübhəsiz ki, bu zaman
da Azərbaycanın ərazi bütövlüyünün
bərpası, işğal
altında olan ərazilərimizin geri qaytarılması əsas götürülməlidir. Yalnız bu halda biz sülh
sazişinə imza ata bilərik. Yox əgər danışıqlar
nəticə verməsə,
təbii ki, biz digər vasitələrdən
istifadə etməklə
ərazi bütövlüyümüzü
bərpa etməliyik. Bu bizim
qədərimizdir ki, ermənilər də Qarabağda yaşayıb.
Tarix elə gətirib ki, zamanında erməniləri Qarabağa
gətirərək orada
məskunlaşdırıblar.
-Hollandiya
Azərbaycan Evi Təşkilatının bu
ölkədə fəaliyyət
göstərən digər
diaspor təşkilatları,
mərkəzlər və
cəmiyyətlərlə əlaqələriniz
hansı səviyyədədir?
-Azərbaycanın milli məsələlərində Hollandiyada
fəaliyyət göstərən
diaspor təşkilatları
arasında heç bir problem yoxdur. Qarabağ, Xocalı, 20 Yanvarla bağlı tədbirlərdə hamı
bir yerdə olur. Ancaq ola bilər ki, hər hansı
məsələdə biri
digərindən küssün,
incisin. Bu onların
şəxsi işləridir.
Hollandiya
Azərbaycan Evi Təşkilatının sədri
kimi hər zaman çalışıram
ki, işimizi şəxsi mənafelərimizə
gətirib çıxarmayaq.
İstəyimiz odur ki, soydaşlarımızı bir
yerə yığaq və ümummilli məsələlərdə birliyimiz,
həmrəylimiz olsun.
-Bəs təşkilatınızın bu
istiqamətdə hansısa
planları varmı?
-Hazırda bu istiqamətdə iş gedir. Tətildən sonra bizim bəzi planlarımız
var. Belə ki, Hollandiyada fəaliyyət göstərən digər
diaspor təşkilatları
ilə birlikdə Hollandiyada Azərbaycan Federasiyası yaratmaq istəyirik. Bununla bağlı
bir sıra şəxslərlə məsləhətləşmələrimiz
olub. Mümkündür ki, əlavə
yeni bir təşkilatlar da təsis edilsin. Açılacaq yeni təşkilatlar
da daxil olmaqla 10-a yaxın təşkilatın Azərbaycan
Federasiyasında təmsil
olunması nəzərdə
tutulur. Federasiyada təmsil olunacaq
bütün təşkilatlar
müstəqil şəkildə
də öz fəaliyyətlərini davam
etdirəcəklər. Sadəcə
burada məqsəd ümummilli məsələlərdə
həmrəylik nümayiş
etdirməkdir, mərkəzləşdirilmiş
şəkildə fəaliyət
göstərməkdir. Onu da qeyd edim ki, federasiyaya
sədrlik məsələsi
də növbəli prinsiplə həyata keçiriləcək. Bu prosedur heç kimdə narazılıq da yaratmaz. Təssüf hissi ilə
qeyd etmək istəyirəm ancaq Benilüks Azərbaycanlıları
Konqresi qəti şəkildə heç
kimlə işləmək
istəmir. Onların məqsədinin
nə olduğunu bilmirik.
-Bəs təşkilat olaraq Hollandiyanın siyasi partiyaları ilə əməkdaşlığınız
hansı səviyyədədir?
Ümumiyyətlə, diasporumuz siyasi
partiyalarla əməkdaşlığa
maraq göstərirmi?
-Tətildən sonra belə bir görüş
nəzərdə tutulub.
Hazırda Hollandiyada hamı
tətildədir. Hollandlar Avropada
yeganə millətdirlər
ki, tətili sevirlər. Avqustun sonu, sentyabr
ayının əvvəlində
tətildən qayıdırlar.
-Keçiriləcək
görüşlərin əsas
müzakirə mövzusu
nə olacaq?
-Görüşlərin müzakirə mövzusu əsasən Azərbaycan-Hollandiya münasibətlərinə həsr olunacaq. Digər tərəfdən gələn il Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunlarının xarici ölkələrdə təbliğ olunması ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsindən bizə tövsiyyələr verilib. Həmin tövsiyyələri nəzərə alaraq keçiriləcək görüşlərdə Bakıda təşkil olunacaq Birinci Avropa Oyunları barədə də məlumat verəcəyik. Bundan başqa yaşadığımız ərazinin meri ilə də görüşməyi nəzərdə tutmuşuq. Çalışacağıq ki, oradan olan jurnalistlər və ya təşkilat nümayəndələrini Birinci Avropa Oyunları ərəfəsində Azərbaycana dəvət edək və burada gedən hazırlıq işləri ilə yaxından tanış olsunlar. Eyni zamanda Birinci Avropa Oyunlarını izləyərək onu geniş şəkildə işıqlandırsınlar. Məlum olduğu kimi gələn il ermənilərin qondarma soyqırım tarixlərinin 100 ili tamam olur. Onlar çalışacaqlar ki, Bakıda keçiriləcək Birinci Avropa Oyunlarını kölgəyə salsınlar, onun əhəmiyyətini azaltmağa cəhd etsinlər. Bu səbəbdən biz gərək gələn ilin fevral ayında, həm Hollandiya, həm də ümumilikdə Avropa məkanında, dünya miqyasında Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində elə genişmiqyaslı tədbirlər təşkil edək ki, ermənilərin qondarma soyqırımının 100 illiyi tədbirlərini kölgədə qoyaq. Ona görə də qarşıdan gələn müddətdə bizi çox ağır və məsuliyyətli işlər gözləyir.
-Diasporla
İş üzrə Dövlət Komitəsi
ilə əlaqələriniz hansı səviyyədədir?
-Diasporla İş üzrə Dövlət Komitəsi ilə normal münasibətlərimiz var. Təşkilat olaraq keçirdiyimiz tədbirlər barədə komitənin saytında məlumat dərc olunur.
-Bir müddət əvvəl Ukrayna
səmasında baş verən təyyarə
qəzasında həlak olan hollandlarla bağlı sizin
təşkilat bu ölkədə anım
tədbiri keçirdi və holland xalqına başsağlığı
ünvanladı. Bu addımınız Hollandiya ictimaiyyəti tərəfindən necə
qarşılandı?
-Çox normal qarşılandı. Məlumat üçün qeyd edim ki, tədbirə bizim yaşadığımız ərazinin rəsmi
nümayəndəsi də təşrif buyurmuşdu.
Əvvəlcə Rusiyanın müstəqil respublikalara,
Gürcüstan, Moldova,
Azərbaycana qarşı həyata keçirdiyi
təxribatlar, bu ölkələrin ərazi
bütövlüyünə olan təcavüzlər
barədə danışdım. Sonra isə
Ukraynada baş verən
hadisələr, Krımın işğal
edilməsindən bəhs etdim. Bildirdim ki, vaxtı ilə
Qarabağ da bu cür işğal
edildi. Nəhayət sonda onu da
bildirdim ki, vaxtı ilə
Rusiya bizim üzərimizdən
oynadığı oyunu indi
də sizin üzərinizdən
oynadı..Hazırda Rusiya bu
problemə bütün Avropanı cəlb
etmək istəyir. Əgər Rusiya Ukrayna səmasında
Hollandiyaya məxsus təyyarəni vurursa, deməli bu ölkəyə
də meydan oxuyur.
Olaylar.-2014.-19 avqust.-S.3.