“Dünyanın ən yaxşı günü hələ yaşanmayıb…”
Ayaqqabım yoxdu deyə fikir edənlərdən
deyil, ayağım var
deyə şükür edənlərdənəm.
Müsahibimiz AYB-nin Muğan
Bölməsinin sədri, şair-publisist Namiq Hacıheydərlidir.
- Namiq müəllim, bəllidir ki, şair hər şeydən daha artıq dərəcədə ovqat adamıdır. “Ovqatınız necədir? Özünüzü necə hiss edirsiniz?”
- Ovqatım elə qələm adamı ovqatı kimidi: narahat, qayğılı, inamlı…
- İlk şeirinizi nə zaman yazmağınız barədə yəqin ki, daha öncələr də sizə sual verilib. Maraqlıdır, həmin ilk şeirin mövzusu nə, oxucusu kim, təəssüratı necə olub?
- İlk qələm təcrübələrim – 1990-cı ildə orta məktəbdə oxuyarkən Salyanda çıxan «Qələbə» qəzetində yayımlanıb. İlk yazı örnəklərim daha çox bayatılar olurdu. 90-cı illərdə yazılarımı çox gec-gec çapa verirdim. Əsasən 2000-ci ildən sonra ardıcıl olaraq mətbuatda müxtəlif yazılarla çıxış etməyə başlamışam. Bu baxımdan özümü 90-cılar deyil, 2000-cilər ədəbi nəslinin nümayəndəsi hesab edirəm.
- Gəlin Sizin Bakıya gəldiyiniz illərə bir könül gəzintisi edək… O illəri necə xatırlayırsınız? Böyük şəhərə gələn Namiq Hacıheydərli ən çox kiminlə dostluq edir, kimlərlə münasibət qururdu? Və o şəxslərdən hazırda da görüşdüyünüz, görüşmək istədikləriniz varmı?
- Bakıya səkkiz il öncə köçdüm. Burada dostluq etdiyim insanların çoxu elə Bakıya gəlməzdən öncə tanıdığım və dostluq etdiyim insanlardı. Bakıya gələndə artıq 30 yaşım vardı. Otuz yaşdan sonra insanın kiminləsə dostlaşması asan deyil. Ümumiyyətlə insanın həyata baxışı, dünyagörüşü, zövqləri 35-40 yaşa qədər tam formalaşır. Bu yaşdan sonra insana təsir edə bilərsən, ancaq onu dəyişə bilməzsən. Eləcə də bu yaşdan sonra dostların sayının çoxalması deyil, ələnməsi söhbət mövzusu ola bilər. Qaldı ki, görüşmək istədiyim dostlara, təbii ki, zaman olduqca görüşürük. Ancaq elə dostlarım var ki, artıq onlarla bu dünyada görüşmək istəyim mümkünsüzdür. İtirdiyim dostlarım var. 20 yaşım olanda dostlarım arasında 50-55 yaşlarında olanlar da vardı. Əski türklərin düşüncəsi ilə desəm; indi onların ruhları uca və sonsuz səmalarda süzür…
– İlk yaradıcılıq örnəkləriniz dövri mətbuatda tənqid olunurdumu?
- Daha öncəki sualda dediyim kimi gənclikdə dostlarımın arasında özümdən 25-30 yaş böyük olanlar vardı. Yazılarımı onlara göstərəndə amansızlıqla tənqid edirdilər. Salyanda Məhəmməd Rza Xəlilbəyli vardı. Xəlil Rza Ulutürkün kiçik qardaşıydı. Orta məktəbi Bakıda bitirmişdi və Xəlil Rzanın evində qalmışdı. Dosta qarşı çox sayğılı və qayğılı, tənqiddə bir o qədər də amansız idi. 3 bəndlik şeirimin hər misrası üzərində az qala bir neçə dəqiqə danışırdı, qüsurları deyirdi, örnəklər gətirirdi. Bu xüsusiyyətlər ona illərlə damla-damla Ulutürkdən keçmişdi.
- Şairlərin əksəriyyəti payızı sevir. Yəqin ki, payız da elə şairləri sevir ki, bir çox şairlər bu fəsildə daha təsirli şeirlər yazmağı bacarır. Şairlə payız arasındakı bu bağlılığın sirri nədədir?
- Bahar təbiətin gənclik dönəmisə, payız təbiətin yetkinləşmiş, müdrikləşmiş çağıdı. Payıza sevgi bəlkə də şairlərin içindəki yetkinliyə canatma duyğusundan qaynaqlanır. Payız sanki, bir gün açanın bir gün də solacağı gerçəyini şairlərin qulağına pıçıldayır hər il təkrar-təkrar. Payız həm də ərköyünlüyün, çılğınlığın sona vararaq öz yerini hər gün ömür ağacından bir yarpaq düşən müdrikliyə verdiyi çağdı. Bütün bunlar şair olan kəsi düşündürməyə bilməz.
- Şeirlərinizdə daha çox Tanrıya sevgi, insanın daxilindəki mənəvi tələbatlar, türklük məfkurəsindən doğan arzular əksini tapır. Hətta bəzi şeirlərinizdə dərdli insan təsiri bağışlayırsınız. Nikbin insan olmaqdan kədərli, dərdli insan kimi düşünməyə doğru bu ziddiyyətli keçidi necə izah edərdiniz?
- Şeirlərimdə Tanrı sevgisinin və türklük düşüncəsinin boy verib görünməsi çox doğaldı. Dünyaya ispan, alman, ingilis… olaraq da gələ bilərdim. Tanrım məni türk olaraq dünyaya gətirdisə nə mutlu mənə. Türk dünyada tək Tanrıya inancın yaradıcısıdı. Həm də peyğəmbərsiz. Bəlkə də bu üzdən Tanrı türkə peyğəmbər göndərmədi. 40 min il öncə Yaradılışın qüsursuz bir yaradıcısı olduğunu dərk edən bir millətə peyğəmbər göndərməyə gərək qalmadığı üçün. Tanrı sevgisi 40 min illik genetik yaddaşımdı, türklük isə taleyimdi. Nikbin və bədbin olmaq məsələsinə gəlincə deyim ki, – hərdən şəxsi həyatımda və ətrafımda baş verənlərdən dolayı bədbin anlar yaşasam da – yaradılışca nikbin adamam. Yəni qasnağın altında yaranı görənlərdən yox, yaranın üstündə qasnağı görənlərdənəm. Ayaqqabım yoxdu deyə fikir edənlərdən deyil, ayağım var deyə şükür edənlərdənəm.
- Sözüm sizə qəribə gəlməsin – belə bir fikir var ki, şair xoşbəxt olanda yaxşı şeir yaza bilməz. Siz necə düşünürsünüz?
- Şairlər xoşbəxt olmaq üçün doğulmur. Ümumiyyətlə xoşbəxt şair olmur. Xoşbəxt taleli şairlər ola bilir. Böyük şairimiz Bəxtiyar Vahabzadə deyirdi ki,
Əgər olmasaydı dəryaca dərdim,
Dərdin yoxluğunu mən dərd edərdim.
Şairin dərdi yoxdusa, şair ətrafında baş verənlərə biganəsə, şair şəhərin mərkəzində acından ağlayan bir çocuğun ağrısını, kəndlərimizdə kişi yükü çəkən qadınların acısını öz içində hiss etmirsə onun şairliyinə şübhə var. Və bir də insanlığın xoşbəxt olduğu zaman şairlik bitmiş olacaq. Dünyanın ən böyük dərdi sonuncu şairin payına düşəcək.
- Hər bir şair təbii ki, vətəndaş şair olmalıdır. Siz də bu prinsipə əməl edərək, vətəndaşlıq prinsipinizi ortaya qoymusunuz. Və buna çoxlu zaman sərf etmisiniz. Namiq Hacıheydərlinin bu gün ötüb- keçən zamanədən şikayəti nədir?
- Şikayət etməyi sevmirəm. Ancaq, bu məni üzən
şeylərin olmadığı anlamına gəlməz. Məni ən çox üzən
şey xeyir qüvvələrin
şər qüvvələr qədər birləşə
bilməməsi, yaxşıların bir arada olmamasıdı. Hələ ki, dünyada gedən savaşlar şərin açıq üstünlüyü şəraitində davam etməkdədir. Dünya yeni bir sistemə,
yeni bir inanca, yeni bir
dinə möhtacdı. Minillik təcrübələr göstərdi
ki, nə dinlər nə də ənənəvi siyasətlər bəşəri
xilas edə bilmədi və edə bilməyəcək…
Ancaq, bütün çıxış
yolları tükəndi
– dediyində mütləq
bir çıxış
yolunun qaldığı
inancındayam. «Hər şey yaxşı olacaq»- fəlsəfəsi ilə
gözləmə mövqeyində
duraraq passiv ömür sürməyin
də əleyhinəyəm.
- Bugün çağdaş
Azərbaycan ədəbiyyatının
ümumi durumu sizi qane edirmi?
- Qətiyyən qane etmir. Bu, mənim ədəbiyyatdan daha çox şey gözləməyimdən daha
artıq, mövcud ədəbi görüntünün
az qala
yazıq durumda olmasından qaynaqlanır.
Sovet rejimi 1937-ci ildə Azərbaycana bütün müstəvilərdə yüz
illərlə sağalması
mümkün olmayan yara vurdu. Bu günki ədəbiyyatımız
hələ də Hüseyn Cavidə, musiqimiz Üzeyir bəyə, ziyalılığımız
Əli bəy Turana, Əhməd Ağaoğluna, siyasətimiz Fətəli xan Xoyluya, Rəsulzadəyə,
hərbimiz Əliağa
Şıxlıya, Səməd
bəy Mehmandarova doğru yol getməkdədir. Yəqin ki,
bunun üçün
hələ on illərlə
yol getməli olacağıq. Sovet rejimi
sözlə təsviri
mümkün olmayan bir Azərbaycan türk sivilizasiyasını
yer üzündən sildi. Yüz il əvvəlki
Azərbaycan ictimai, siyasi, ədəbi həyatını günümüzün
eyni sahələri ilə müqayisə edin, fərqi görəcəksiz. O zaman
gerçəkdən Azərbaycan
Böyüklər yurdu
idi. Azərbaycanda bütün sferalarda
bir intellekt inqilabı baş vermişdi. Bütün sahələrdə Böyük Kişilər
öndə idi. Ancaq, bütün günahları
37-ci ilin üzərinə
yıxmaq da doğru olmaz. İndi həm də böyük söz adamı ola biləcək
kimsələr məişətə
sıxışdırılıb. Onları məişət
qayğılarından azad
etmək, genişlik, nəfəs vermək lazımdı ki, şanslarını osmanlı demiş dənəyə bilsinlər.
Ehtimalları bir qırağa
qoyub ortada olanı, gerçəyi ifadə etməli olsam, mənzərə budur; Bu gün Azərbaycanda adının
qarşısına ürəklə
Böyük sözünü
yaza biləcəyimiz şair yoxdur. Digər sahələri – yüz il
öncəni göz önünə gətirərək
dəyərləndirməyi – oxucuların müqayisəsinə
və ixtiyarına buraxaq.
– Artıq bir neçə ildir ki, fəaliyyət göstərən və məhz sizin təşəbbüsünüzlə yaranan AYB-nin Muğan Bölməsinin sədrisiniz. Bu gün
Muğan ədəbi mühtində istedadlı
yazarlar yetişirmi?
Onların hansının gələcəyi
haqqında daha ümidlisiniz?
- AYB Muğan Bölməsinin yaradılması ilə bağlı çalışmalara
əsasən 2004-cü ildən
başlasam da təsis konfransı 2008-ci
il iyulin
11-də keçirildi. Salyanda keçirilən
təsis konfransında
AYB sədri, xalq yazıçısı Anar
müəllimin təklifi
ilə Bölmənin
sədri seçildim.
Muğan
Bölməsinin yaradılmasında
əsas məqsəd bu bölgədə yazıb yaradan insanların səsini daha geniş mühitə çatdırmaq,
istedadlı gənclərə
dayaq olmaq, küskünləşmiş, ədəbiyyatdan
uzaqlaşmış istedadların
yenidən ədəbi
mühitinə dönüşünə
yardımçı olmaq
idi. Düşünürəm ki, bu sahədə xeyli uğurlarımız oldu.
2010-cu ildə Bölmənin «Muğanın
səsi» adlı toplusunu ədəbi ictimaiyyətin ixtiyarına
verdik. Bu topluda Muğan bölgəsində yaşayan
60 şairin yaradıcılığından
örnəklər yer
aldı. Topluda geniş
oxucu kütləsinə
adı bəlli olmayan klassik yazarlarla bərabər ilk dəfə təqdim olunan gənclər də vardı. Muğanda yaşayan yaradıcı insanların yaradıcılıq
örnəklərinin ayrı-ayrı
qəzet, dərgi və sayt vasitəsilə
vaxtaşırı olaraq
oxucu diqqətinə çatdırılması yönündə
fəaliyyətimiz bu gün də davam etməkdədir.
Muğan
bölgəsində istedadlı
gənclərin yetişməsi
bu bölgənin ədəbi taleyinin daha uğurlu olacağını söyləməyə
əsas verir.
- İllərin sizdən
aldıqları çox
oldu ya verdikləri?
- Əlbəttə aldıqları. İllər
ən böyük xəzinəmi, ən etibarlı və ən təmənnasız
dostumu – atamı aldı məndən… Qalan nə varsa
Atatürk demiş təfərrüatdı…
– “Ey türk doğulan…” deyən şair üçün türk olmaq çətindirmi?
- Türk olmaq Tanrıya inamaqdı. Türk olmaq əzənin qarşısında, əzilənin
yanında olmaqdı.
Türk olmaq «mənə nə»?- cılızlığı
ilə rahat nəfəs almaq, gün yola vermək
yox, «Məmləkətimdə
baş verən hər şeydən sorumluyam»- düşüncəsi
ilə bir ömür narahat yaşamaqdı. Türk olmaq türk
millətini sevməkdi.
Türk olmaq insanlığı sevməkdi. Tanrı sevgi payımı
bol verdiyi üçün çətin
deyil – deyə bilərdim, ancaq sevgi hələ işin yarısıdı
deyə, türk olmaq çox çətindi- gerçəyini
ifadə etmək zorundayam.
– Kiminə dost, kiminə rəqib, kiminə sevimli şair, kim(lər)inə ata, kim(lər)inə qonşu… Bəs Namiq Hacıheydərli üçün Namiq Hacıheydərli kimdir?
- Qısaca desəm, 300 milyonluq türk dünyasının, 50 milyonluq Azərbaycan dünyasının kiçik bir parçası. Bir az geniş desəm təsadüf deyilən nəsnəyə inanmadığımı, varlıqda hər şeyin bütöv yaradılışın tamamlayıcı bir üzvü olduğunu və hər şeyin arxasında bir var olma nədəninin olduğunu düşündüyümü ifadə etməliyəm. Mənə elə gəlir ki, hardasa bir ağac baltalananda kainatdakı uczuz-bucaqsız harmoniya zədələnmiş olur. Mən kiməm? Niyə yarandım? Əslində bu kimi suallar bir ömür cavablarını aradığımız sorulardı. Nə mutlu yaradılış nədənini zamanında anlayanlara və bu yöndə məqsədyönlü ömür sürənlərə…
- Son zamanlar mətbuatda əski türk tarixi, həyat tərzi, dünyagörüşü ilə bağlı maraqlı araşdırma yazılarla çıxış edirsiz. Bu kimi yazılar hansı ehtiyacdan yarandı?
- Əski tariximizin təkrar və dərindən öyrənilməsinə ciddi gərək var. Özəlliklə islamdanöncəki tariximiz hələ çox öyrənilməlidir. Bu sahədə ciddi boşluq və öyrənilməsinə ciddi ehtiyac var. «İslamdan öncə türk qadını», «Əski türklərin qutsal sayı- doqquz» kimi araşdırma yazılarımın yazılması bu ehtiyacdan qaynaqlandı. Son günlər «Əski türklərin simvolu» adlı geniş bir araşdırmanı tamamladım. Yayımlanmaq üçün dərgilərdən birinə göndərdim. Ümumiyyətlə, islamöncəsi türk yaşam tərzi, dünyagörüşü, törələri, inancı və sairlə bağlı araşdırmaları davam etdirməyi düşünürəm.
- Sonda özünüzün demək istədiyiniz nə isə var, biz onu soruşmadıq…
- Dünyanın ən yaxşı günü hələ yaşanmayıb, ən
yaxşı sözü hələ deyilməyib,
ən yaxşı insanı hələ doğulmayıb, ən
yaxşı quruluşu hələ
yaranmayıb. Dünyanın ən yaxşı gününü
yaşamaq, ən yaxşı sözünü eşitmək, ən
yaxşı insanını görmək və ən
yaxşı quruluşuna tanıq olmaq ümidi ilə hər
kəsə salamlar və sayğılar…
Emil Rasimoğlu
Olaylar.-2014.-19 avqust.-S.3.