“Azərbaycanlılar psixoloji
baxımdan öz vətənlərindən
kənarda yaşamağa üstünlük
verməyiblər”
Məryəm
Seyidbəyli: “Azərbaycanlıların yaşadıqları
ölkələrdə beynəlxalq elmi əlaqələri
gücləndirən dövlət proqramı hazırlayıb
qəbul etmək lazımdır”
İndi dünyanın demək olar ki, hər yerində azərbaycanlıya rast gəlmək mümkündür. Onların arasında sadəcə öz işləri işləri ilə məşğul olanlarla yanaşı, diaspora fəaliyyəti göstərənlər də var.
Həmvətənlərimiz qədim yurdumuz olan Azərbaycanla yanaşı, dünyanın müxtəlif ölkələrində yaşayır və fəaliyyət göstərirlər. Onların yaşadıqları xarici ölkələrdə bir araya gəlməsi, fəaliyyətlərinin daha da geniş yer ala bilməsi üçün birgə işləmələri mühüm şərtdir. Bəs onlar diaspora fəaliyyəti ilə istənilən səviyyədə məşğul ola bilirlərmi? Ümumiyyətlə, Azərbaycan diasporunun inkişafı ilə bağlı nələri demək olar? Bu mövzuda söhbətimizi AMEA A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycan diasporu” şöbəsinin rəhbəri Məryəm Seyidbəyli ilə davam etdirdik.
-Məryəm
xanım, müəyyən bir yol keçmiş Azərbaycan
diasporunun inkişaf mərhələləri
haqqında məlumat verərdiniz. Əslində diasporun tarixi hansı illərdən
başlayır?
-Azərbaycan diasporu barədə danışarkən qeyd etmək istərdik ki, o uzun tarixi proseslərin nəticəsi kimi meydana gəlib. Asiya ilə Avropanın qovşağında yerləşən Azərbaycan önəmli coğrafi mövqeyi sayəsində dövlətlərin diqqətini cəlb edib. Azərbaycan icmaları özlərinin etno-tarixi ərazisinin hüdudlarından kənarda yalnız erkən orta əsrlərdə xarici və daxili proseslər, hərbi-siyasi və sosial-iqtisadi faktorların nəticəsində meydana gəlmişdir.
Azərbaycanlılar özlərinin məlum üçminillik dövlətçilik tarixi ərzində öz torpaqlarında möhtəşəm dövlətlər yaradıblar. Mansı padşahlığından (e.ə. IX əsr) bugünkü Azərbaycan Respublikasınadək olan dövr şərəfli bir dövrdür. Doğrudur, bu dövlətlər tarixin dövrlərində müxtəlif dünya imperiyalarının: Əhəmənilər, Parfiya, Makedoniyalı İskəndər, Sasanilər, Səlcuqlar, Osmanlı, Rusiya imperiyalarının tərkibinə daxil olublar.
Xarici təcavüzlər avtoxton yerli əhalinin bir hissəsini dinc və əminamanlıq şəraitində yaşamaq üçün öz ana torpağını tərk etməyə məcbur etmişdir ki, bu da qürbətdə tədricən əvvəlcə azərbaycanlılar icmasının, sonradan isə diasporun yaranmasına zəmin yaratmışdır. Beləliklə, orta əsrlərdə Azərbaycana edilən soyğunçu hücumlar yerli avtoxton əhalinin bir hissəsinin miqrasiyasına səbəb olmuşdur.
Hazırda mütəşəkkil Azərbaycan diasporu barədə əsl mənada, 1991-ci ildə SSRİ-nin dağılmasından və Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından sonra danışmaq olar. Bununla bağlı olaraq keçmiş Sovet İttifaqında yaşayan azərbaycanlılar avtomatik olaraq öz dövlətlərinin hüdudlarından kənarda diaspor xalqı statusu ilə qalmalı oldular. XX-XXI əsrin əvvəli həm də dünyada yeni miqrasiya dalğası ilə əlamətdardır. Bu, birincisi, 1988-1994-cü illər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olmuşdur. Təcavüzkar Ermənistan Respublikası Dağlıq Qarabağı işğal etdikdən sonra bu hadisələr genişmiqyaslı xarakter kəsb etmiş və kütləvi miqrasiyanın sosial-siyasi səbəbini şərtləndirmişdir. Azərbaycan¬lılar Rusiya Federasiyası, Türkiyə, İrana, Qərbi Avropa ölkələrinə, ABŞ və Kanadaya miqrasiya etməyə məcbur olmuşlar.
Azərbaycanlıların xaricə miqrasiya prosesi uzun tarixə malik olsa da Azərbaycan diasporunun özünü təşkilatlandırması və formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Daha dəqiq deyilsə, diasporun dövlət tərəfindən məqsədyönlü dəstək¬lənməsi siyasəti ümummilli lider Heydər Əliyevdir. O, hesab edirdi ki, Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarını birləşdirən mərkəz olmalıdır. Azərbaycançılıq ideyasını məhz ümummilli lider formalaş¬dırmışdır.
-50 milyonluq millətimizin 10 milyondan
çoxu tarixi
torpaqlarından kənarda mühacirətdə yaşayır. Bu böyük qüvvənin
Azərbaycan naminə daha faydalı
işlər görə bilməsi üçün
hansı addımlar atılmalıdır?
-Müxtəlif ölkələrdə yaşayan Azərbaycan diasporasının, həmin ölkənin ictimai, iqtisadi və siyasi həyatında aktiv iştirak etməsini təşkil etmək, tarixi vətənlərinin siyasi maraqların, lobbiçiliklə təmin etmək, Dünya azərbaycanlılarını birləşdirmək üçün azərbaycançılıq ideyasını daha da inkişaf etdirmək vacibdir. Dağlıq Qarabağ probleminin Azərbaycanın sərhədəlri çərçivəsində həlli, bütün dünya azərbaycanlılarını birləşdirən bir ideologiya olmalıdır.
-20-30-cu illər əvvəlki dövrlərlə
müqayisə etdikdə bu gün həmvətənlərimiz yaşamaq üçün
hansı ölkələrə daha çox üstünlük
verirlər?
-Azərbaycanlılar psixoloji baxımdan öz vətənlərindən kənarda yaşamağa heç vaxt üstünlük verməyiblər və bu indi də belədir. Lakin XIX-XX əsrlərdə baş verən siyasi proseslər onların böyük bir hissəsini öz vətənlərini tərk etmək məcburiyyətində qoymuşdur. Hazırda azərbaycanlılar dünyanın əksər yerlərində yaşayırlar, öz vətənləri ilə sıx əlaqə saxlayırlar. Mütəxəssislərin rəyinə görə hazırda azərbaycanlılar daha çox Türkiyə, Avropa və Şimali Amerika ölkələrində yaşamağa üstünlük verirlər. Bu da bir sıra obyektiv və subyektiv səbəblərlə bağlıdır. Belə ki, hazırda Ukraynada və Rusiya Federasiyasında baş verən hadisələr və digər səbəblər daha çox adlarını çəkdiyim ölkələri görmək məcburiyyətində qoyur.
-Azərbaycan Diasporunun daha güclü inkişaf etdiyi hansı ölkələrin
adlarını çəkmək olar və
Sizcə bunun səbəbləri nədir?
-Azərbaycan diasporu Rusiya, Türkiyə və ABŞ-da daha güclü şəkildə formalaşmışdır. İlk növbədə belə bir faktı qeyd etmək istəyirəm ki, bu ölkələrdə həm say etibarı ilə və siyasi fəallıq cəhətdən burada yaşayan azərbaycanlılar həmin ölkələrin siyasi dairələrinə artıq müəyyən dərəcədə təsir göstərə bilirlər. Digər tərəfdən isə onlar bu ölkələrin iqtisadi həyatında güclü mövqelərə malikdirlər və bu da mühüm əhəmiyyət kəsb edən amillərdən biridir.
-Rusiyada
güclü Azərbaycan diasporu
fəaliyyət göstərir. Bu ölkədəki
diaspor fəaliyyəti haqqında nələri
deyə bilərsiniz?
-Azərbaycan diasporu Rusiya Federasiyasın doğrudan da daha güclüdür. Bu ölkədə Azərbaycan diasporunun təşkilatlanma prosesi daha sürətlə inkişaf edir. Hal-hazırda bu
ölkədə ən
güclü ictimai təşkilatlardan biri Ümumrusiya Azərbaycan konqresidir. Həmin təşkilat 15 ildən artıqdır ki, fəaliyyət göstərir. Onun fəaliyyətini
əks etdirən həftəlik qəzet, vebsayt, Azərbaycan dilini öyrənmək üçün xüsusi
məktəb fəaliyyət
göstərir. Həmvətənlərimizin hüquqi mənafeyini
müdafiə etmək
üçün bu ölkədə xüsusi
mərkəz fəaliyyət
göstərir. ÜAK azərbaycanlıların Rusiya
Federasiyasında ali təhsil almalarına da böyük köməklik
göstərir. İkinci böyük
təşkilat AMOR adlanır.
Bu da çox
nüfuzlu bir cəmiyyətdir. Həmin təşkilat
Azərbaycanın təbliği
ilə əlaqədar
bir sıra proyektləri həyata keçirmişdir. Ölkəni dünyada tanıtmaq üçün xeyli işlər görür.
-Sizcə bu gün Azərbaycan
diasporunun problemləri
arasında daha çox nələri vurğulamaq olar?
-Hazırda dünya ölkələrində yaşayan
azərbaycanlıların daha
sıx birgə fəaliyyət göstərmələri
ilə bərabər,
həm də onların yaşadıqları
ölkələrin iqtisadi
və siyasi həyatlarına inteqrasiya
etmələrinə və
bu ölkələrdə
Azərbaycan Respublikasının
mənafelərinə cavab
verən qərarların
qəbul edilməsinə
nail olması üçün
öz lobbiçilik fəaliyyətlərini daha
da gücləndirməlidirlər.
Bu işləri daha yaxından koordinasiya etmək üçün azərbaycanlıların
yaşadıqları ölkələrdə
beynəlxalq elmi əlaqələri gücləndirən
dövlət proqramı
hazırlayıb qəbul
etmək lazımdır.
Olaylar.-2014.-21 avqust.-S.3.