Azərbaycan diasporu təşkilatlanma prosesini
davam etdirir
Xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların cəmiyyətə inteqrasiyası və milli maraqlarımızın müdafiəsinə cəlb olunması, müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, soydaşlarımızın ictimai-siyasi həyatda iştirak səviyyəsinin artırılması, onlar arasında birliyin və həmrəyliyin təmin olunması istiqamətində tədbirlər nəzərdə tutulan xətt üzrə davam edir. Məhz həyata keçirilən uğurlu işlərin nəticəsidir ki, ildən ilə yeni yaradılan diaspor təşkilatları, cəmiyyət və mərkəzlərin sayı artır. Təkcə keçən il ərzində xarici ölkələrdə yaşayan soydaşlarımız tərəfindən 13 diaspor təşkilatı yaradılıb və beləliklə də dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının sayı 446-ya çatıb. Sevindirici hal ondan ibarətdir ki, bu ilin altı ayı ərzində yaradılan diaspor təşkilatları və cəmiyyətlərinin sayı keçən ildəki göstərici ilə demək olar ki, eyni olub. Belə ki, cari ilin fevral ayında Niderland Krallığının şimal hissəsində “Hollandiya Azərbaycan Evi” adlı daha bir Azərbaycan diaspor təşkilatı fəaliyyətə başlayıb. Təşkilatın yaradılmasında əsas məqsəd Niderland-Azərbaycan arasında dostluq körpüsü yaratmaq, bu bölgədə yaşayan soydaşlarımızın təşkilatlanması, onların cəmiyyətə inteqrasiyasını təmin etməkdir. Bundan başqa Azərbaycan həqiqətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə çatdırılması da mühüm vəzifələrdəndir. Bu ölkədəki digər Azərbaycan diaspor təşkilatları kimi yeni yaranmış Hollandiya Azərbaycan Evi də ermənilərin işğalçılıq siyasəti, hazırda 20 faizə yaxın ərazilərimizin erməni işğalı altında olması və Xocalı soyqırımının beynəlxalq miqyasda tanıdılması istiqamətində müvafiq tədbirlər keçirməyi planlaşdırır. Mart ayında isə Ümumrusiya Azərbaycan Konqresinin regional bölmələrinə daha biri əlavə olunub. Təşkilatın Moskva vilayətinin Dolqoprudnıy şəhərində yeni regional bölməsi fəaliyyətə başlayıb. Ümumrusiya Azərbaycan Konqresinin mərkəzi ofisində təşkilatın icraçı direktoru İlqar Hacıyev yeni regional bölmənin rəhbəri Namus Nağıyevlə görüşərək ÜAK-ın məqsəd və məramlarından danışıb. Ümumilikdə təşkilatın və regional bölmənin planları, prioritetlərini müzakirə edib. Öz növbəsində fəaliyyət göstərdiyi şəhərdə yaşayan azərbaycanlılar haqqında İlqar Hacıyevə məlumat ÜAK-ın Dolqoprudnıy şəhərindəki yeni bölməsinin rəhbəri Namus Nağıyev də burada belə bir təşkilatın yaranmasının vacibliyini qeyd edib. O, bildirib ki, bundan sonra bölgədə yaşayan azərbaycanlılara daha çox diqqət ayrılacaq və soydaşlarımızın problemləri vaxtında həllini tapacaq. Daha sonra konqresin içracı direktoru İlqar Hacıyev yeni bölmənin rəhbərinə ÜAK-ın vəsiqəsini və döş nişanı təqdim edib. Qeyd edək ki, ÜAK Rusiya Federasiyasında ən böyük diaspor təşkilatı olmaqla yanaşı, bu ölkədə fəaliyyət göstərən digər ictimai təşkilatlar üçün də birləşdirici və əlaqələndirici rolu oynayır. ÜAK hazırda, demək olarki bütün Rusiyanı əhatə edib. Belə ki, təşkilatın 83 regional bölməsi fəaliyyət göstərməkdədir. Aprel ayında Niderland və Belçika Krallığının hər bir əyalətində Azərbaycan təşkilatlarının yaradılması prosesinə start verən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) tərkibinə daha iki təşkilat əlavə olunub. Bunlar Hollandiyanın Brabant Əyaləti Azərbaycanlılar Məclisi və Şimali Hollandiya Əyaləti Azərbaycanlılar İttifaqıdır. Hər iki təşkilatın təqdimat mərasimi Rotterdam şəhərində baş tutub. Mərasimdə Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov yeni təşkilatları iştirakçılara təqdim edib, onların rəhbərlərini və üzvlərini təbrik edərək, diaspor fəaliyyətində uğurlar arzuladıqdan sonra tədbirdə Disaporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun təbrik məktubu oxunub. Təqdimat mərasimində hər iki yeni qurumun rəhbəri Ofeliya Babayeva və Sima Cəfərova təşkilatlar barədə məlumat verərək, məqsəd və planlarını açıqlayıblar, İdarə Heyəti üzvlərini təqdim ediblər. Haaqadakı Azərbaycan səfirliyinin nümayəndəsi Elxan Ələsgərov, BAK-ın I vitse-prezidenti Elsevər Məmmədov, Hollandiya Türk Federasiyasının sədri Murat Gedik və digər ölkələrin diaspor təşkilatlarının təmsilçiləri çıxış edərək, yeni yaradılmış cəmiyyətə uğurlar arzulayıb, gələcək əməkdaşlıqlarından danışıblar. Yeni yaradılmış diaspor təşkilatlarının təqdimat mərasimi rəsmi hissədən sonra konsert proqramı ilə davam edib. Konsertdə Azərbaycanın incəsənət ustaları, o cümlədən, xalq artisti Flora Kərimova soydaşlarımız qarşısında çıxış edib. Aprel ayının 16-da Ukraynanın ən böyük özəl ali məktəblərinin birində - “Avropa Universiteti”ndə Azərbaycan Mədəniyyət Mərkəzinin təntənəli açılış mərasimi keçirilib. Tədbir “Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu”nun, Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatının və Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə baş tutub. Azərbaycan Respublikasının Ukraynadakı səfiri Eynulla Mədətli və "Avropa Universiteti"nin rektoru İvan Timoşenko tədbir iştirakçılarını salamlayaraq, yeni mərkəzə gələcək fəaliyyətində uğurlar arzulayıblar. Daha sonra tədbirdə “Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu"nun sədri Hikmət Cavadov, Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatının sədr müavini İsgəndər Zamanov elm və təhsil sahəsində Ukrayna və Azərbaycan əlaqələrin möhkəmlənməsində xidmətlərinə görə "Avropa Universitetin"nin fəxri fərmanları ilə tərtif edilib.Kiyev milli aviasiya universitetinin professoru, hüquq elmləri doktoru, Ukraynanın əməkdar təhsil işçisi Arif Quliyev Mədəniyyət Mərkəzinə öz kitablarını hədiyyə edib.çılış mərasimi "Mədəniyyət körpüləri birləşdirir" adlı konsert proqramı ilə davam edib. May ayında Benilüks Azərbaycanlıları Konqresi (BAK) Avropa Birliyinin paytaxtı Brüssel şəhərində yerləşən mənzil qərargahının rəsmi açılışını edib. Təşkilatın mənzil qərargahı Brüsselin məşhur "Qrand Plaza" Meydanı dairəsində yerləşir. Yeni ofisin rəsmi açılışında Brüsseldə akkreditə olunmuş diplomatlar, siyasətçilər, Azərbaycan, Turkiyə, Ukrayna və yəhudi diaspor təşkilatlarının rəhbərləri, mətbuat nümayəndələri iştirak edib. Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov qonaqları salamlayaraq təşkilat üzvlərini BAK-ın Brüsseldəki mənzil qərargahının açılışı münasibətilə təbrik edib. O, təşkiların bundan sonra Belçika və Luksemburqda da aktiv fəaliyyət göstərəcəyini vurğulayıb. Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun təbrik məktubu oxunub. Tədbirdə çıxış edən Azərbaycanın Belçikadakı fövqəladə və səlahiyyətli səfiri Fuad İsgəndərov Benilüks Azərbaycanlıları Konqresini əldə etdiyi nailiyyətlərə görə təbrik edib və təşkilatın lobbiçilik istiqamətində inamla addımladığını xüsusi qeyd edib. Həmin ərəfədə Niderlandın Frisland Əyalətinin Sneek şəhərində "Frisland Azərbaycan Təşkilatı" adlı yeni Azərbaycan diaspor təşkilatı yaradılmışdır. Yeni təşkilat Benilüks Azərbaycanlılar Konqresinə (BAK) üzv olub. Azərbaycan diasporunun fəallarından olan Elçin Məmmədov "Frisland Azərbaycan Təşkilatı"nın sədri seçilib. O, BAK İdarə Heyətinin üzvlərinə təşəkkür etmiş və bildirmişdir ki, ölkənin Şimal əyalətindəki həmyerlilərimizlə birlikdə BAK-ın fəaliyyətinə töhfə vermək üçün səylərini əsirgəməyəcəklər. "Frisland Azərbaycan Təşkilatı"nın üzv qəbul olunması ilə bağlı toplantıda çıxış edən Benilüks Azərbaycanlılar Konqresinin sədri Sahil Qasımov yeni yaranmış təşkilata BAK tərəfindən praktiki və təşkilati dəstək veriləcəyini vurğulayıb. İyun ayının 11-də Danimarkada fəaliyyət göstərən türkdilli xalqların diaspor təşkilatı rəhbərlərinin toplantısı keçirilib. Paytaxt Kopenhagendə fəaliyyət göstərən "Azərbaycan Evində" baş tutmuş görüşdə Azərbaycan “Vətən” Cəmiyyətinin nümayəndələri və sədri Səfər Sadiqi, Cənubi Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri Abbas Seidlər, Skandinaviya Ülku Ocaqları sədri Bahadur Gülər, Türkmən Yardım Cəmiyyətinin başçısı Yurtan Karvancı və başqa cəmiyyət sədrləri iştirak edib. Toplantıda "Vətən" Cəmiyyətinin təşəbbüsü ilə "Türkdilli Cəmiyyətlər Birliyinin" koordinasiya şurasının yaradılması müzakirə olunub. Səfər Sadiqi toplantını açaraq bildirib ki, koordinasiya şurasının yaradılması gələcəkdə tədbirlərin birlikdə, planlı şəkildə təşkilinə və əlaqələrin möhkəmləndirilməsinə xidmət edəcək. Səfər Sadiqinin bu təşəbbüsünü dəstəkləyən türkdilli cəmiyyətlərin rəhbərləri koordinasiya şurasının yaradılmasının zəruri olduğunu bildirib. Sonda növbəti toplantının bu ilin sentyabr ayında Kopenhagen Ülkü Ocaqlarında keçirilməsi qərara alınıb. İyul ayının 18-də isə Umümrusiya Azərbaycan Konqresinin Rusiyanın Volqoqrad vilayətinin Novoaninsk rayonu üzrə yeni şöbəsinin təsis toplantısı keçirilib. Yaxın bölgələrdə yaşayan azərbaycanlıların iştirak etdiyi görüşdə UAK-ın Volqoqrad vilayəti üzrə regional şöbəsinin sədri Teymur Həsənov, onun müavini Rizvan Seyfullayev, həmçinin Füzuli Kazımov və Müşfiq Davudov qatılıb. Toplantıda təşkilatın nizamnaməsi, rayon təşkilatının yaranması, yeni idarə heyətinin seçilməsi və gündəmdə olan digər məsələlər müzakirə olunub, UAK-ın sıralarına yeni qoşulan 60 nəfərə üzvlük vəsiqələri təqdim edilib. Toplantıda çıxış edən Teymur Həsənov UAK-ın Volqoqrad vilayətində diaspor təşkilatının yaradılması istiqamətində görülmüş işlər, qarşıda duran vəzifələr, həmçinin Volqoqrad vilayətində beş regional şöbənin yaranması haqda məlumat verib. Daha sonra UAK-ın Volqoqrad regional şöbəsinin nümayəndəsi Rizvan Seyfullayev çıxış edərək yeni təşkilatın yaradılması münasibətilə qonaqları təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Toplantıda Ellaz Rəhimov UAK-ın Novoaninsk rayon şöbəsinin sədri seçilib. Sonda isə təşkilatın üzvlərinə vəsiqələr təqdim edilib.
Olaylar.-2014.-28 avqust.-S.3.