Mediadiaspor

      

Ulu öndərin elə bir xarici səfəri ola bilməzdi ki, getdiyi ölkədəki

soydaşlarımızla görüşməsin, onları Azərbaycana dəvət etməsin

 

Ümummilli lider Heydər Əliyevin siyasi uzaqgörənliyinin və müdrikliyinin əsas göstəricilərindən biri də dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan dövlətinin ətrafında birləşdirilməsinə nail olması idi. Ümummilli liderimiz 1993-cü ilin yayında xalqın israrlı tələbi və davamlı xahişləri ilə ölkədə siyasi hakimiyyətə qayıtdıqdan sonra bu məsələni daim diqqət mərkəzində saxlayırdı. Ulu öndərin elə bir xarici səfəri ola bilməzdi ki, getdiyi ölkədəki soydaşlarımızla görüşməsin, onları Azərbaycana dəvət etməsin. Məhz həmin səbəbdən də dünyanın bütün ölkələrindəki diaspor təşkilatlarının rəhbərləri öz fəaliyyətləri barədə söz açarkən “bizim qurumun  bu şəkildə təşkilatlanmasının əsas səbəbi ulu öndər Heydər Əliyevin çağırışları olmuşdur” deyirlər.

Azərbaycan diaspor təşkilatlarının bir mərama qulluq etməsi, müstəqil dövlətimizin ətrafında birləşmək  istəyi çox qısa bir zamanda soydaşlarımızı bir araya gətirdi. Bu, bir tərəfdən bizim əsrlərdən bəri milli dövlətçilikdən məhrum edilməyimizlə bağlı idisə, digər tərəfdən də diaspor quruculuğunun beşiyi başında Heydər Əliyev kimi siyasət dahisinin dayanması ilə bağlı idi. Xalqımızın xoşbəxtliyidir ki, ulu öndər Heydər Əliyevin birləşdirib bir araya gətirdiyi Azərbaycan diasporunun fəaliyyətini  Prezident İlham Əliyev beynəlxalq aləmdəki türk diasporu ilə əlaqələndirməyi bacardı. Prezidentimiz bu istiqamətdə olan ilk addımları hələ Azərbaycan parlamentinin Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri olarkən atdıb.  Məhz onun təşəbbüsü ilə AŞPA-dakı Azərbaycan və Türkiyə parlamentariləri eyni məqsədə xidmət edən qərarlar qəbul etmiş, sonra bu addım Avropadakı  Azərbaycan və türk diaspor təşkilatları tərəfindən yaradıcılıqla davam etdirilib. Cənab İlham Əliyev 2003-cü ilin payızında ölkəmizdə dövlət başçısı seçildikdən sonra isə bu məsələni daim diqqət mərkəzində saxlamış, beynəlxalq aləmdəki diaspor təşkilatlarının hamısı üçün nümunə olacaq bir əməkdaşlıq formulunun ərsəyə gəlməsinə nail olub. İlham Əliyevin sərəncamı ilə yaradılmış Diasporla İş üzrə Dövlət Komitəsinin  fəaliyyəti nəticəsində dünyanın hər yerində yaşayan soydaşlarımızla müstəqil Azərbaycan dövlətinin əlaqələri yaradılmış, bütün soydaşlarımızın  suveren Azərbaycan Respublikasının ətrafında birləşdirilməsi üçün daha müasir yollar seçilmiş, daha çevik layihələr reallaşdırılıb. Bu gün hamıya məlumdur ki,  sayı  təxminən 50 milyon nəfər olan dünya azərbaycanlılarının 10 milyondan çoxu hazırda mühacirətdə yaşayır. Azərbaycan diasporu mövzusunun aktuallığı azərbaycanlıların yayılma coğrafiyasının araşdırılmasını  və soydaşlarımızın sayının dəqiqləşdirilməsini zərurətə çevirib. Azərbaycanlılar hər zaman öz milli mənsubiyyətini, adət-ənənələrini, mənəvi-əxlaqi dəyərlərini qayğı ilə qoruyub saxlamış, tarixi Vətənlə əlaqələrini itirməmişlər. Bu gün dünyanın müxtəlif ölkələrində diasporumuzun mövcudluğu da məhz bu amillə bağlıdır. Azərbaycanlılar Amerika qitəsinin Şimal, Mərkəzi və Cənub hissəsində daha çox məskunlaşıblar. Onların sayı Birləşmiş Ştatlarda 1 milyona, Argentinada 12 minə, Braziliyada 75 minə, Kanadada 170 minə, Meksikada isə 27 minə çatır. 1970-ci ildən etibarən Turkiyədən, 1991-ci ildən isə Azərbaycandan çoxsaylı  soydaşımızın  bu qitəyə  axını diasporumuzun tərkibinə və sosial-iqtisadi fəaliyyətinə öz təsirini göstərib.

 

Medianın diaspor fəaliyyətindəki rolu

 

Azərbaycan diaspor fəaliyyətinin güclənməsində medianın rolu danılmazdır. Diaspor mətbuatının formalaşması tarixinə nəzər salsaq görərik ki, bu proses ötən əsrin təxminən 20-ci illərinə gedib çıxır. Bu mətbuatın tarixi 1923-cü ildə “Yeni Qafqaziya” jurnalı ilə başlayıb. Sonralar “Azəri-türk”, “Odlar yurdu” və digər adlar altında fəaliyyətini davam etdirib. Əvvəllər bu mətbu orqanların mövzusu milli azadlıq uğrunda mübarizə idisə, 90-cı illərdən sonra müstəqil Azərbaycanın yaranması ilə diasporda da mövzu dəyişdi. Müasir dövrdə diaspora mətbuatının əsas mövzusu Azərbayan həqiqətlərinin dünyada tanıdılması və ölkənin təbliğidir. Yerli mətbuat diasporun fəaliyyətini işıqlandırmağa maraqlıdır. Diasporumuz da mediadan silah kimi istifadə etməli, yararlanmalıdır. Diasporla İş üzrə Dövlət Komitəsi də xarici ölkələrdəki KİV ilə əlaqələrə xüsusi diqqət yetirir. Son illərdə bu sahəyə diqqət isə xüsusən artıb. Ötən 2013-cü il ərzində təkcə Amerika Birləşmiş Ştatlarında Azərbaycan haqqında yalnız bir təşkilat tərəfindən dərc edilən məqalələrin sayı yüzdən çox olub. Mətbuatımız diasporun fəaliyyətinə həmişə həssas yanaşıb. Biz yerli mətbuatdan dəstəyi hər zaman hiss etmişik. Təsadüfi deyil ki, bu gün əksər kütləvi informasiya vasitələrimizin sırf diaspor fəaliyyətindən yazan jurnalistləri var. Çox həssas məqamlardan biri də informasiyanı düzgün çatdırılmasıdır. Media bunu xüsusi olaraq diqqətdə saxlamalıdır. Azərbaycanın keçdiyi uğurlu inkişaf tarixi həm yerli, həm də xarici mətbuatda kifayət qədər uğurlu formada işıqlandırırlır. Bu sahədə görülən işlər göz qabağındadır. Bunu Azərbaycandan kənarda yaşayan insanlar daha yaxşı hiss edirlər. Azərbaycan Dövlət Diaspor Komitəsinin xarici ölkələrdə diaspora təşkilatıları ilə olan sıx əlaqələrinin müsbət nəticələri çoxdur. Azərbaycanın milli maraqlarını təbliğ tək diaspor nümayəndələrinin yox, hər birimizin borcu olmalıdır. Diaspor fəaliyyətinin media tərəfindən işıqlandırılması mövzusuna gəlincə, jurnalistlər və yazarlar bu işdə diqqətli olmalıdırlar. Baş verən proseslər içərisində media vasitələrinin əsas iştirakı olduğu bir dönəmdə KİV diaspor işində daha aktiv rol oynamalıdırlar. İstənilən halda KİV ictimai cəhətdən fəal olmalı, ölkənin maraqlarını daha çox qorumalıdır. Eyni zamanda fəaliyyətdə olduğu müddətdə Azərbaycanın təmsilçisi olduğunu bilməlidir. Ən əsası Azərbaycanla bağlı məlumatları dəqiq bilməlidirlər. Media bilməlidir ki, Azərbaycan diasporunun məqsəd və vəzifələrinin əsas hədəfi əlbəttə ki, ilk növbədə Qarabağ münaqişəsinə və azərbaycanlıların tarix boyunca erməni təcavüzünə uğramasına ədalətli beynəlxalq qiymətin verilməsinə hesablanıb. Hədəflərimizə çatmaq üçün isə ardıcıl olaraq ermənilərin Qarabağ müharibəsində törətdiyi vəhşiliklərin, xüsusən Xocalı soyqırımının və əsrlərdir erməni millətçilərinin apardığı etnik təmizləmə siyasətinin mahiyyətini dünya ictimaiyyətinə çatdırmağa çalışırıq. Bu istiqamətdə Diasporla İş üzrə Dövlət Komitəsi, eləcə də digər dövlət qurumlarının dəstəyi ilə xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarımız ildən-ilə təbliğat işini daha da gücləndirir. Bunun nəticəsi olaraq Xocalı soyqırımını tanıyan ölkələrin, nüfuzlu beynəlxalq təşkilatların sayı da artır. Artıq ABŞ-ın 12 ştatı Xocalıda baş verənləri soyqırım kimi qəbul edir. Ötən il Evin rəsmi saytında petisiyanın yerləşdirilməsi, qısa müddətdə 125 mindən çox imza toplanması Azərbaycan diasporunun fəaliyyətinin nəticəsi idi.  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlayan “Xocalıya ədalət!” kampaniyası bu sahədə görülən işləri daha da sürətləndirib, səmərəsini artırıb. Bundan başqa, diaspor təşkilatlarımız hər il dünyanın bir çox ölkəsində Xocalı soyqrımı ilə bağlı müxtəlif aksiya və tədbirlərlə yerli ictimaiyyətin diqqətini bu hadisəyə yönəltməyə çalışırlar. Medianın diaspor məsələsinə önəm verməsinin əsas səbəblərindən biri Azərbaycan dövlətinin bu mövzunu gündəmdə saxlamasıdır. Xüsusilə Prezident İlham Əliyevin diasporaya göstərdiyi diqqət göz qabağındadır. Zaman-zaman bu sahədə fəaliyyət göstərənlərin İlham Əliyev tərəfindən lazımi şəkildə qiymətləndirilməsi vacibdir. Prezident İlham Əliyevin Azərbaycan diaspor nümayəndələrinin bir qrupuna fəxri adların verilməsi haqqında sərəncam imzalaması bu yöndədir. Elm, mədəniyyət, incəsənət, jurnalistika, bədən tərbiyəsi və idman sahəsindəki nailiyyətlərinə, Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə bir çox şəslərə fəxri adlar verildi. Bu bir daha dövlətimizin Azərbaycanın milli maraqlarına xidmət edən, onu müdafiə və təbliğ edənlərə qarşı verdiyi qiymətin göstəricisidir.

 

Yüksələn xətt üzrə inkişaf tendensiyası

 

Dünyanın müxtəlif ölkələrində yaşayan tanınmış siyasət adamları, ictimai xadimlər, ziyalılarla əlaqələrin inkişaf etdirilməsi hər zaman Azərbaycan diasporubu sahəyə məsul olan dövlət strukturlarının diqqət mərkəzində saxlanılıb. Zaman-zaman Azərbaycana dost münasibət bəsləyən insanlarla əməkdaşlığın genişləndirilməsi, nəticə etibarilə güclü Azərbaycan lobbisinin formalaşdırılması istiqamətində də bir sıra tədbirlər həyata keçirilib. Ötən müddət ərzində ayrı-ayrı ölkələrdə Azərbaycan diaspor nümayəndələrinin keçirdiyi görüşlər bu istiqamətdə mühüm əhəmiyyət kəsb edib. Sevindrici hal ondan ibarətdir ki, bu əlaqələr hər il yüksələn xətlə inkişaf edir və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyur. Azərbaycan diasporunun inkişafına dövlət qayğısı bu gün daha da güclənmişdir. Ulu Öndərimizin bu sahədə tövsiyyələri, qarşıya qoyduğu mühüm vəzifələr və tapşırıqlar, dövlətin siyasi xətti İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 4 dekabr.- S.3.