“Nadir şah” Azərbaycan səhnəsində

 

Dekabrın sonlarında yazıçı-publisist Yunus Oğuzun “Nadir şah” romanı əsasında səhnələşdirilmiş eyni adlı tamaşanın premyerası keçiriləcək. Quruluşunu rejissor Gümrah Ömərin verdiyi tamaşanın baş rolunu – “Nadir şah”-ı əməkdar artist Məmməd Səfa və xalq artisti Ramiz Novruz  ifa edəcək. Tamaşa Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə səhnələşdirilib.

Yaxşı seçimdir. Çünki “Nadir şah” Azərbaycanın dövlətçilik siyasəti tarixinin təbliği və Nadir şah kimliyinin insanlara düzgün çatdırılması baxımından mükəmməl sənət nümunəsidir. İnsanlar tərəfindən kifayət qədər ziddiyyətli şəxsiyyət kimi tanınan Nadir şah Afşar, eyni zamanda Səfəvilər sülaləsini dağıtmaqda ittiham olunur. Lakin onun kimliyi və Azərbaycan üçün göstərdiyi fəaliyyət romanda tarixi silsilə üzrə əksini tapıb. Əsər Səfəvilər dövlətinin sonuncu hökmdarı barədə olan absurd iddiaları darmadağın edir. “Nadir şah"ı yalnışlıqla hökmdarımızı qınayanlara qarşı yönəlmiş üsyan da adlandırmaq olar.

Elmi tarixi əsərləri oxumağa meylin olmadığı bir vaxtda Nadir şah Afşar şəxsiyyətinin öyrənilməsi üçün roman əla fürsətlər təqdim edir. Bədii təsvir və ifadə vasitələrilə zəngin olan romanın səhnələşdirilməsi bu baxımdan təqdir olunur.

Dünya siyasətində hegemonluğunu sübut etməyə çalışan dövlətlərin öz milli tarixi şüuru ilə hərəkət etdiyinin şahidi oluruq. Biz də unutmamalıyıq. Tarixi yazıb, onu mədəniyyət və şüur qaynağına çevirməyənə qədər təbii sərvət zənginliyi mənasız olacaq. Tarixin böyük bir dövrünə hökmranlıq etsək də onu dövlətçilik mədəniyyətimizin bir hissəsi kimi saxlamaq məsuliyyətli işdir. Tarixdəki yerimizi saxlamaq istəyiriksə, onu doğru yazmalıyıq. “Tarixi yazmaq onu yaratmaq qədər vacibdir. Yazan yaradana sadiq qalmırsa, dəyişməyən həqiqət bəşəriyyəti çaşdıracaq” – deyirdi Atatürk. Ona görə də Nadir şah haqqında nəyin danışılması yox, onun barəsində həqiqətin yazılması önəmlidir. Əsər bu baxımdan Nadir şah Afşar kimliyini göstərən aynadır. Nadir şahın Azərbaycan dövlətçilik siyasəti tarixinin inkişafındakı fəaliyyəti yox, Azərbaycanın dövlətçilik siyasətinin böyük bir dövrü olması ilə səciyyəvidir. O, keçmişimizlə gələcəyə istiqamət verən bələdçidir - əsərdən çıxan nəticə belədir.

Azərbaycan tarixi dövrünün heç bir mərhələsində indiki qədər kənar hücumlara məruz qalmayıb. Keçmişimizi nəsillərimizə qaranlıq göstərməyə çalışan kənar qüvvələr bizə yalan öyrətməyə çalışırlar. Bu mənada Nadir şahın əsl kimliyini bilməyənlər onu təkrar edilən, cansıxısı proseslər silsiləsi içərisində itirməyə çalışanlar var. Belə deyil. O, təkrar deyil. Yeni mərhələdir. Sirr deyil ki, “Şərqin Napoleonu” adlandırılan Nadir şah özündən sonra Azərbaycana göz qamaşdıran dövlətçilik siyasətinin aparılmasını miras saxladı. Yaratdığı mədəniyyət və bəşəriyyətə təqdim etdiyi xidmətlər əsrlərdir yaşayır. Nadiri tarixdən silib atmaq mümkün deyil. Ondan imtina etmək, tarixin böyük bir mərhələsini boşaltmaqdır. Şahımızı qoparılmış sünbül kimi mazi içinə sıxışdırmaq doğru deyil.

Nadir şah keçmişimiz, tarixin səhifələri arasında müstəsna və möhtəşəm bir yeri “işğal” edir. Bu danılmaz faktdır. Onun fəaliyyəti dövründə üzümüzü qızardacaq, bizi utandıracaq heç bir separatçı fəaliyyəti olmayıb. O, bizim öyünc yerimizdir. İndi qalır, bu mirasa sahib çıxmaq. Bunun üçün onu öyrənmək zəruridir.

“Nadir şah” romanının süjet xəttindən çıxan belə bir nəticə, bu gün şahımızın teatr səhnəsində dirildilməsi bizi sevindirməlidir. Səhnənin bizi şah babamızın hüzuruna aparacağına əminik. Siz əsl Nadir şahı tanıyacaq və görəcəksiz.

 

Mənsur Rəğbətoğlu

 

Olaylar.- 2014.- 4 dekabr.- S.4.