Azərbaycan dövlətinin
xilaskarı-Heydər Əliyev
Dekabrın 11-də
Azərbaycan Odlar Yurdu
Universitetində Ümummilli lider Heydər Əliyevin vəfatının
11-ci ildönümü ilə
bağlı anım tədbiri keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli liderin büstü önünə gül çələngi düzüblər. Universitetin rektoru Əhməd Vəliyev qeyd edib ki, mərhum Heydər Əliyev elə bir dahi, elə bir əbədiyaşar şəxsiyyət olub ki, onun adı daim qəlblərdə yaşayacaq. Bildirib ki, mərhum Heydər Əliyev canını Vətən, xalq, millət uğrunda fəda edən şəxslərdən idi. Hər bir azərbaycanlının qəlbində bu dahi şəxsiyyətin xüsusi yeri var. Odur ki, ümummilli liderin adı heç zaman qəlblərdən silinməyəcək: “ Dahilər tarixdə silinməz izlər qoyur. Heydər Əliyevin də Azərbaycan tarixində qoyduğu silinməz izlər əbədidir. Onun Azərbaycanın dövlətçilik tarixində xüsusi xidmətləri olub. Əgər Azərbaycanın müstəqilliyi dövründə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan bir dövlət kimi tarixdən silinəcəkdi. Məhz onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan nəinki yaşayır, hətta dünya dövlətləri arasında qəbul olunur. Tarix göstərir ki, yolunu seçə bilməyən xalqlar, dövlətlər məhvə məhkumdur. Azərbaycan yolu isə Heydər Əliyev yoludur. Heydər Əliyev anlayışından kənarda Azərbaycan anlayışı yoxdur. Çünki onun Azərbaycan xalqı qarşısında xidmətləri misilsizdir”. Onun sözlərinə görə, Heydər Əliyevin Azərbaycan xalqına xidməti hələ 1969-cu ildən başlayıb. Uzaqgörən siyasətçi hələ o dövrdə Azərbaycan xalqının gələcəyi barədə düşünüb: “Bəlkə də 1918-20-ci illərdə Azərbaycan dövlətinin başında Heydər Əliyev kimi uzaqgörən siyasətçi dursaydı, müstəqilliyimizi müəyyən mənada saxlamaq mümkün olardı. Nəzərə almaq lazımdır ki, onun Sovet hakimiyyəti dövründəki siyasi fəaliyyəti məhz bu günə hesablanmışdı. Bunun nəticəsidir ki, indi dünyada qəbul olunan Azərbaycan dövləti qurulub. Dahi siyasətçi, diplomat olan Heydər Əliyev ötən əsrin sonlarındakı xaotik dövrdə çıxış yolunu müəyyən edə bildi, sarsılmaz, əbədi dövlət yaratdı. İndi dövlətimiz Heydər Əliyev modeli adını daşıyır. Biz bu dövlətçilik modelini yaşadıb, davam etdirməliyik. Çünki bu dövləti Heydər Əliyev qurub və bizə etibar edib”. Prezident Administrasiyası İçtimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev qeyd edib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasının qurulmasında xidmətləri danılmazdır. Dünya miqyaslı siyasətçi bununla kifayətlənməyərək türk dünyasının qurulması istiqamətində də əvəzsiz fəaliyyət göstərib: “Heydər Əliyev dünya miqyaslı şəxsiyyət idi. Ona görə də dünya siyasətində mühüm rol oynayırdı. Təsadüfi deyil ki, dünya siyasətinə təsir edəcək iqtisadi layihələr reallaşdırırdı”. Ümummilli liderin Azərbaycan dövləti və xalqı qarşısında xidmətlərindən danışan sektor müdiri qeyd edib ki, Heydər Əliyev müasir Azərbaycan dövlətinin xilaskarı və banisidir: “1991-ci ildə Azərbaycan faktiki olaraq dağılmışdı. Əgər Heydər Əliyev hakimiyyətə gəlməsəydi Azərbaycan ya olmayacaqdı, ya da indiki Suriya və İraq dövlətləri kimi olacaqdı”. Natiq qeyd edib ki, Heydər Əliyev Azərbaycan dövlətinin müstəqilliyinin əsaslarını yaradıb: “Onun ərsəyə gətirdiyi “Əsrin Müqaviləsi” Azərbaycan dövlətinin iqtisadi əsaslarını yaratdı. Dövləti yaratmaq asan, onu qoruyub saxlamaq isə çətindir. Heydər Əliyev isə Azərbaycan dövlətini və onun iqtisadi əsaslarını yaratdı”. Q. Əliyev qeyd edib ki, ümummilli liderin xidmətlərindən biri də öz yerinə siyasi varis kimi prezident İlham Əliyevi tövsiyyə etməsidir: “Düzdür onun siyasətini davam etdirə biləcək şəxsiyyətlər var idi. Amma, heç kim İlham Əliyev kimi Azərbaycanı sürətli inkişaf etdirə bilməzdi”. Tədbirdə çıxış edən digər natiqlər qeyd ediblər ki, Azərbaycanın siyasi və mədəni həyatda əldə etdiyi uğurlar Heydər Əliyevin adı ilə bağlıdır. Çünki, o, müasir Azərbaycanın yaradıcısı və memarıdır. Məhz onun uğurlu siyasəti nəticəsində Azərbaycan dünyada öz sözünü deyə bilən dövlətə çevrilib.
Alim
Olaylar.- 2014.- 12 dekabr.- S.2.