Heydər Əliyev-O ele bir zirvə ki...

 

Həyat sonsuz mübarizədən ibarətdir. Hər bir canlı özünəməxsus şəkildə mübarizə aparır. İnsanlar da həmçinin. Fərq yalnız mübarizənin nələrin uğrunda aparılmasındadır. Biri yaxşı yaşamaq, özünə yaxşı ev tikmək, maşına almaq, dəbli paltarlar geyə bilməyi özünə amal seçir və bu yolda çalışır. Başqa biri yaxşı təhsil almaq, karyera qurmaq arzusu ilə yaşayır.

Layiqli övladlar böyütmək, qollu-budaqlı ailə sahibi olmaq istəyənlər, dünyanı gəzmək, möcüzələri açmaq arzusunda olanlar var. Bunların hamısının arasında ən çətin yolu tutanlar yalnız özü üçün deyil, xalqı, millətiin inkişafı, varlığı üçün yaşayanlar, bu uğurda mübarzə aparanlardır. Onlara bu yolu Allah bəxş edir. Hansı bəndəsinə bu ağır missiyanı verəcəyini seçir. Dünyada bir kiçik ailənin yükünü çəkməyin çətinliyi varkən, belə insanlar Vətənin yükünü çiyinlərinə alır. Azərbaycan xalqının ümumilli lider adını verdiyi Heydər Əliyev kimi. Onun həyatı asan olmayıb. Millətin lideri adını bir göz qırpımında deyil, illərin sınağından çıxmış zəhmətilə qazanıb. Damla-damla, pillə-pillə bu ada yüksəlib. Xalqın Heydər Əliyevi necə böyük coşquyla sevməsinin canlı şahidi olmuşdum. Naxçıvandan Bakıya qayıdacağı yollara çıxan insanlar sifətlərində heyranlıq qarışıq bir gülümsəmə ilə gözlərini ondan çəkmirdilər. Bu təsadüf deyildi...

Heydər Əliyev... Onu sadə və mürəkkəb xarakterin birləşdiyi bir insan kimi xarakterizə etmək olar.

Xalqın arasına gəlir, öz adətlərinə, milli nemətlərinə nə qədər bağlı olmaqla yanaşı, nə dərəcədə sevdiyini də göstərir. Bir parça qəndini armudu stəkandakı kəklikotu ilə dəmlənmiş çayına batırıb içir, alçanı duza batırıb yeyir, təndirdən çıxan isti çörəyə böyük sevgi ilə toxunur. Xalqla həddən artıq səmimi söhbət edir. Onun bu sadəliyi arasında olduğu insanları riqqətə gətirir. Bu səhnələri izləyən xalq dahi şəxsiyyət haqqında heç bir kitab oxumasa da,  Azərbaycan üçün hansı işləri görməsindən xəbərsiz olsa da ona sevgi bəsləməyə başlayır. Ümummilli liderin bu sevgisini onların qəlbindən heç bir kənar fikir çıxara bilmir, çünki lider ora sevgi adlı məfhumun sayəsində daxil olub. Biri daha var... Dünyanın sayıb, hörmət etdiyi dahi şəxsiyyət, siyasətçi, inanılmaz layihələrə imza atan, ölkəsinin taleyini dəyişmək iqtidarına sahib peşəkar siyasətçi-Heydər Əliyev. Burada  insanlar geniş dünyagörüşü, hərtərəfli bilgi, millətinin tarixinə sonsuz dərəcədə bağlı bir insanla qarşılaşır. O insanda sadəlik və bir o qədər mürəkkəb bir xarakter birləşirdi.   Ulu öndər müstəqil Azərbaycanın sosial-iqtisadi və siyasi əsaslarının möhkəmləndirilməsində, dünyanın aparıcı dövlətlərinin etibarlı tərəfdaşına çevrilməsi istiqamətində mübarizə apardı və qələbəyə nail oldu. Heydər Əliyev millətini bütün bəlalardan hifz edərək qoruyub, respublikada ictimai-siyasi sabitliyi təmin etdi, vətəndaş qarşıdurmasını aradan qaldırıb, ölkənin parçalanmasının qarşısını almaqla milli qurtuluşu təmin etdi. Qəlbində azərbaycançılıq ideyalarını yaşadan ulu öndər üçün Azərbaycan  müqəddəs yer idi. Və bu müqəddəs məkanı qorumaq, tarix səhifəsində saxlamaq üçün bütün gücünü səfərbər etdi. Millət ona güvənirdi.  Bu güvən boşuna yaranmamışdı.

1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün edilən təhdid və təzyiqlərə baxmayaraq Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edən Heydər Əliyev xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etdi. Vətəninə olan bağlılığı və sevgi, xalqın ona bəslədiyi güvən və etimaddan güc alaraq güclü bir dövlətə qarşı gəlməyi bacardı, qorxmadı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi dövlətçiliyimizin atributu olan himn, üçrəncli bayraq və gerbimizin bərpasını vətəndaşlıq borcu kimi yerinə yetirdi.

Heydər Əliyev öz parlaq zəkası, siyasi hazırlığı sayəsində yeni Azərbaycanı, onun bu günkü gerçəkliklərinin təməlini qoydu. Azərbaycanın müstəqil dövlət quruculuğuna yolu məhz onun hakimiyyətə gəlişindən sonra başladı.  Milli özünüdərkin, milli özünə qayıdış təfəkkürünün formalaşması istiqamətində gördüyü işlər əvəzsizdir. İqtisadiyyatı bütövlükdə dərin böhran içərisində olan respublikanı yaranmış ağır vəziyyətdən qurtarmaq üçün çıxış yolunu xalqla birlik və həmrəylikdə görən, iqtisadi inkişafın prinsipial, konseptual yanaşma yollarını müəyyənləşdirən Heydər Əliyev əmin idi ki, millətin siyasi müstəqilliyinin özülünü onun iqtisadi cəhətdən azadlığı şərtləndirir. O illərdə milli ideyanın qıtlığı üzündən baş alıb gedən, həm iqtisadi, həm mədəni tənəzzülə aparan mənfi hallar Heydər Əliyevin hakimiyyətə gəlişi ilə aradan qaldırıldı. Azərbaycan daxilində yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək, 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin  təzahürüdür. Və təbii ki, H.Əliyev dayanmadı. Bundan sonra Azərbaycanın hərtərəfli inkişafı üçün ömrünün sonuna qədər yorulmadan mübarizə apardı. “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub” –deyən ümummilli lider Allahın ona verdiyi missiyanı layiqli şəkildə yerinə yetirə bildi. Öz ideyaları ilə əbədi olaraq xalqın yaddaşına köçdü. Millətin sevgi dünyasında daimilik qazandı.

 

Aygün İbrahim

 

Olaylar.- 2014.- 12 dekabr.- S.3.