Heydər Əliyevin diasporun
inkişafında xidmətləri
Bu
günlərdə vəfatının növbəti
ildönümünü qeyd etdiyimiz ümummilli lider Heydər
Əliyev hər bir sahə kimi diaspora sahəsinin də
inkişaf etməsi, dünyanın müxtəlif ölkələrində
yaşayan soydaşlarımızın həmrəy olması
istiqamətində misilsiz xidmətlər göstərib. Təsadüfi
deyil ki, bu gün Azərbaycan diasporu dedikdə Heydər Əliyev və onun bu sahədəki xidmətləri
yada düşür.
Ümummilli lider istər Sovet hakimiyyəti illərində,
istərsə də, müstəqillik dövründə daim
bu sahəni diqqətdə saxlayırdı. 1969-cu il,
iyul ayının 14-də Azərbaycan rəhbəri
seçilən Heydər Əliyev sonrakı 34 illik
fəaliyyəti dövründə Azərbaycan xalqının
və millətinin şanı, şöhrətini, qürurunu və iftixarını bütün dünyaya
tanıdıb və dünyanın ən böyük
azərbaycanlısı,
dünya azərbaycanlılarının ümummilli lideri adını
qazandı. Təkcə azərbaycanlı gənclərin keçmiş SSRİ-nin ali məktəblərinə seçilib
göndərilməsi (hər il 800-900-a qədər
ən savadlı, qabiliyyətli azərbaycanlı gənclər
yola salınırdı) siyasətilə onun azərbaycançılığa etdiyi xidməti heç nə
ilə ölçmək olmaz. Bu gün həmin gənclər həm müstəqil
Azərbaycan Respublikasının dövlət quruculuğunda,
həm də bütün dünyaya
səpələnərək bir çox sahələrdə böyük
fəaliyyət göstərirlər. Azərbaycanlı
neftçi ailələrin Qərbi Sibirə,
Tümen və keçmiş
SSRİ-nin digər müxtəlif regionlarına
göndərilməsi də arxasında böyük
siyasət dayanırdı. Bu gün Vahid Ələkbərov,
İsgəndər Xəlilov, Fərman Salmanov
kimi məşhur neftçi
alimlərin və iş
adamlarının Rusiyada necə mühüm simalar
olmasını izah etmək
artıqdır. Bu siyasət
öz-özlüyündə dünyada Azərbaycan
diasporunun yaranmasında və
formalaşmasında mühüm rol oynayıb. Heydər
Əliyevin azərbaycançılıq ideologiyası
qarşısında xidmətlərindən biri
də keçmiş SSRİ-nin
Moskva, Sankt-Peterburq, Ulyanovsk, Rostov, Taqanrok kimi şəhər
və vilayətlərində Azərbaycanla bağlı abidələr
qoyulması, elm və incəsənət
xadimlərinin yubileylərinin keçirilməsi, Azərbaycanın
görkəmli şəxsiyyətlərinin adlarına
heykəllərin ucaldılması, onların adlarının
küçə və meydanlara verilməsi
sahəsində göstərdiyi xidmətlərdir. SSRİ Nazirlər Soveti sədrinin
birinci müavini və
Sovet İttifaqı Kommunist
Partiyası Mərkəzi Komitəsinin Siyasi
Bürosunun üzvü
kimi Moskvada fəaliyyət
göstərərkən Nizami Gəncəvinin
“Xəmsə”sinin Moskvada çap
edilməsi, Qara Qarayevin
SSRİ Bəstəkarlar İttifaqının katibi,
Tahir Salahovun SSRİ Rəssamlar
İttifaqının birinci
katibi kimi fəaliyyətinin
daha da genişləndirilməsi,
Fikrət Əmirovun “Min bir
gecə” baletinin bütün
ittifaq televiziyası ilə göstərilməsi,
“Nizami”, “Dədə Qorqud”,
“Babək”, “Nəsimi” və digər milli ruhlu tarixi bədii filmlərin
SSRİ-nin televiziya
ekranlarına çıxması, xarici
ölkələrə səfərlər zamanı azərbaycanlıların
da nümayəndə heyətlərinin tərkibinə
daxil edilməsi Heydər Əliyevin bu ideologiya sahəsində
göstərdiyi xidmətlər sırasındadır. Məşhur müğənnilərimiz Müslüm Maqomayevin
“Anamın anasısan Azərbaycan”, Rəşid Behbudovun “Səni tərənnüm edirəm doğma Azərbaycan” mahnıları ən böyük salonlarda səslənərək
bütün dünya
xalqlarının dilinin əzbəri oldu. Heydər Əliyevin uzun müddət dövlət idarəçiliyi
sistemində fəaliyyət göstərən bir
tarixi şəxsiyyət kimi
əldə etdiyi nailiyyətlər bütün dünyada “Azərbaycan”
və “azərbaycanlı” sözlərinin mahiyyətini, dəyərini
və tutumunu xeyli
artırdı. Heydər Əliyev azərbaycançılıq
ideologiyasının elmi-nəzəri
bazasının müasir dövrün
tələbləri əsasında formalaşmasında da mühüm rol oynadı. Ümummilli lider müstəqil Azərbaycana rəhbərlik
etdiyi 1993-2003-cü illərdə də azərbaycançılıq
ideologiyasının inkişaf etdirilməsi
və diaspor işi
sahəsində müvafiq
addımlar atdı. Müstəqillik dövründə Azərbaycana
rəhbərlik edərkən Heydər Əliyevin təşkilatçılığı
ilə Bakıda Məhəmməd Füzulinin
500 illiyinin, “Dədə Qorqud”
dastanının 1300 illiyinin dünya səviyyəsində qeyd
olunması, dünya şöhrətli musiqiçi M.Rasrtropoviçin Azərbaycana
gətirilib dəfələrlə konsertlərinin təşkil
edilməsi, xarici səfərlərdə
dünyanın Vaşinqton, Paris, London, Tokio, Roma, Moskva
və s. kimi böyük şəhərlərində neft müqavilələri imzalamaqla
dünyanın diqqətini Azərbaycana yönəltməsi, onun azərbaycançılıq ideologiyasına verdiyi layiqli xidmət nümunələridir. Ümummilli lider Heydər
Əliyevin Azərbaycan xalqı və dövləti, eləcə
də azərbaycançılıq ideologiyası
qarşısında göstərdiyi çox
mühüm əhəmiyyətli məsələlərdən
biri də Azərbaycan diasporunun
inkişaf etdirilməsi və təkmilləşdirilməsi
olub. Heydər Əliyevin hakimiyyəti
dövründə dünya azərbaycanlılarının
təşkilatlanması, onlarla Azərbaycan
arasında əlaqələrin qurulması istiqamətində xeyli işlər görüldü.
1993-cü
ildə xalqın təkidli tələbi ilə hakimiyyətə
gələn ümummilli lider
Heydər Əliyev sözügedən istiqamətdə ciddi addımlar atmağa
başladı. Məhz Heydər Əliyevin bu
sahədə həyata keçirdiyi uğurlu siyasət sahəsində xarici ölkələrdə yaşayan
azərbaycanlıların
vahdi ideya ətrafında
birləşməsi prosesi başlandı.
2001-ci il, noyabrın 9-10-u tarixlərində
isə Heydər Əliyevin təşəbbüsü və
bilavasitə iştirakı ilə Bakıda Dünya
Azərbaycanlılarının birinci
qurultayı keçirildi. O dövr üçün xüsusi əhəmiyyətə malik hadisə kimi qiymətləndirilən
Dünya Azərbaycanlılarının birinci qurultayı Azərbaycan diasporunun
tarixində yeni bir mərhələnin
əsasını qoymuş oldu. Qurultay xaricdə yaşayan
soydaşlarımızın qarşısında duran əsas vəzifələri müəyyənləşdirdi,
milli birliyimizin mənəvi-siyasi
formulunu-Azərbaycançılıq ideologiyasını irəli
sürdü. Dünya
Azərbaycanlılarının birinci
qurultayı həm də dövlətin bu
sahəyə göstərdiyi diqqət və
qayğının təzahürü idi. Dünya Azərbaycanlılarının
birinci qurultayından sonra
xaricdə yaşayan azərbaycanlıların
təşkilatlanması prosesi daha sistemli və məqsədyönlü
xarakter aldı. Qəsa zaman
ərzində dünyanın müxtəlif ölkələrində
yeni diaspor təşkilatları
yarandı, Azərbaycan həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılması istiqamətində
mühüm addımlar atıldı, diaspor təşkilatlarının fəaliyyətinin
koordinasiya olunması işi
təkmilləşdirildi. Azərbaycan dövlətinin
diaspora sahəsinə göstərdiyi diqqət
və qayğı yalnız Dünya Azərbaycanlılarının
birinci qurultayının keçirilməsi
ilə yekunlaşmırdı. Çünki
qarşıda Azərbaycan dövləti və onun
diasporunu daha vacib məsələlər gözləyirdi. Bunu əsas götürən ümummilli
lider Heydər Əliyev 2002-ci ildə
imzalamış olduğu müvafiq
sərəncamla diaspora sahəsində
dövlət siyasətini həyata keçirən xüsusi bir qurum-Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi-
yaratdı. Qısa müddət ərzində isə dünyanın müxtəlif ölkələrində
məskunlaşmış soydaşlarımızla əlaqələri
tənzimləyən qanunvericilik bazası
formalaşdırıldı. Azərbaycan dövlət və onun prezidentinin diaspora sahəsinə verdiyi
önəm, bu sahəyə göstərdiyi
diqqət və qayğı ümummilli liderin xarici ölkələrə
həyata keçirdiyi
səfərlər zamanı da özünü təsdiqləmiş olurdu. İstər rəsmi, istərsə də
işgüzar səfərlər zamanı
işinin və keçirdiyi
görüşlərin çox
olmasına baxmayaraq Heydər Əliyev hər
bir ölkədə fəaliyyət
göstərən diaspor təşkilatlarımızla yaxından maraqlanır, onlarla görüşlər keçirir,
soydaşlarımızın yaşadıqları ölkələrdə
üzləşdikləri problemləri öyrənir və həmin
problemlərin həlli istiqamətində lazımi addımlar
atırdı. Keçirilən bu kimi görüşlər
soydaşlarımıza qürur verir, onların arxasında Azərbaycan
dövlətinin qurduğu inamını
yaradırdı. Öz növbəsində
diaspor təşkilatlarmız da bu diqqət və
qayğıdan ruhlanaraq daha
aktiv fəaliyyət göstərir, Azərbaycan
həqiqətlərini dünya ictimaiyyətinə
çatdırmaq istiqamətində fəaliyyətlərini
sürətləndirirdilər.
Müstəqil Azərbaycan
Respublikasının prezidenti olduqdan sonra Heydər
Əliyev xaricdə məskunlaşmış
soydaşlarımızla əlaqələri dövrümüzün
xarici siyasətinin prioritet
istiqamətlərindən birinə çevirdi.
Dünya azərbaycanlılarının əsl
həmrəyliyinin yaradılması yolunda
1997-ci il dekabrın 27-də keçirilən
toplantı bu istiqamətdə atılan əsas
addımlardan biri oldu.
Həmin toplantıda ümummilli liderin etdiyi
çıxışda qeyd edilirdi: “Biz bu torpaqda yaşayan
azərbaycanlılar, başqa ölkələrdə
yaşayan soydaşlarımız
haqqında həmişə düşünürük,
onlarla əlaqə yaratmaq
istəmişik və onlarla həmrəyliyimizi
bildirməyə çalışmışıq. Bugünkü müstəqil Azərbaycan
Respublikası bütün dünya
azərbaycanlılarının dayağıdır və bütün dünya azərbaycanlıları
üçün örnəkdir. Azərbaycan xalqı, Azərbaycan milləti
yaşayıb, yaşayır və yaşayacaqdır” Heydər
Əliyev dünya azərbaycanlılarının
tarixi Vətənlə hərtərəfli
münasibətini, milli özünəməxsusluğunu
qorumağı, diasporlararası əlaqələri genişləndirməyi
və xaricdə yaşayan
soydaşlarımızın hüquqlarının
müdafiəsini çox mühüm
hesab edirdi. Ona görə də ümummilli
lider dünyanın müxtəlif ölkələrində
yaşayan soydaşlarımızın birlik və bərabərliyini daha
da inkişaf etdirmək
istiqamətində düşünür, bu sahədə müəyyən addımlar
atırdı.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.-
2014.- 12 dekabr.- S.3.