"Ədalət"in vaxtı: Yunus Oğuzla
"Zaman mənim ömrümü-günümü yamaq-yamaq edib"
Bir fransız filosofu deyir ki, "İnsan zamanın içində deyil, zaman insanın içində yaşayır”. Zamana filosofların gözü ilə baxanda, hansının hansına sahiblik, hakimlik etdiyi, bəlkə də sıravi şüurları daha dərin müəmmalara aparır. Amma bir həqiqət var ki zaman və insan vəhdətdir. Elə "Ədalət”in vaxtı”nın budəfəki qonağı demiş: "Zaman həddindən artıq mürəkkəb və qəribə anlayışdır”. Elə isə zamanın dərinliyə baş vurmazdan öncə qonağımızı daha yaxından tanıyaq:
Yazıçı-publisist
Yunus Oğuz (Yunus İsaxan oğlu Əliyev) — 1960-cı ildə Şirvan şəhərində anadan olub. 1988-ci ildə Rostov Dövlət Universitetinin
fəlsəfə fakultəsini bitirib. Ali təhsilini
bitirdikdən sonra Azərbaycan SSR Elmlər
Akademiyasının Fəlsəfə və hüquq
institutunda kiçik elmi işçi vəzifəsində
çalışıb. 1988-ci ildən Milli
Azadlıq hərəkatına aktiv qoşulub. 1989-cu ildən 1991-ci ilədək
"Azad söz” qəzetinə
rəhbərlik edib.
1991-1992-cı illərdə
"Ordu” qəzetinin baş
redaktoru vəzifəsində
çalışıb. 1994-cü ildən bu
günə qədər "Olaylar” informasiya Agentliyinin baş direktoru və
eyniadlı qəzetin baş redaktoru vəzifəsində
çalışır. Yüzlərlə elmi
və publisistik məqalələrin
müəllifidir. "Türkün tarixinə yeni
bir baxış”, "Nadir
Şah”, "Türkün
gizli tarixi”,
"Əmir Teymur zirvəyə doğru”, "Əmir Teymur
dünyanın hakimi” və s. kitabları ilə oxucularının
görüşünə gəlib.
...Və Yunus Oğuzun zaman anlayışı:
"Gedən bizik – zaman öz
yerində durur”
- Zaman nədir və sizin üçün nə əhəmiyyət kəsb edir?
- Zaman
insanın məkan daxilində yerləşdiyi bir
məfhumdur. Zaman insanın içində
də yerləşir ki, buna
subyektiv idealizm deyilir. Yəni, insan öz vaxtını guya özü müəyyənləşdirir. Bir də var obyektiv idealizm – kənarda başqa zaman var, amma insan
onu bilmir. Yaxud fəzada bizim dərk
etmədiyimiz bir zaman var. Odur ki,
zaman həddindən artıq mürəkkəb
və qəribə anlayışdır. Bunun
həm dini, həm də fəlsəfi
anlamı var. Şəxsən mənim üçün zaman yoxdur. Yəni, biz tuneldə
- zaman və məkanın içində gedirik. Elə bilirik ki, zamanın içindəyik, zaman
gedir. Amma gedən bizik – zaman öz
yerində durur.
- Onda siz başqa dövrlərə səyahət edən "Zaman yolçuları”na da inanırsınız...
- Bəli, mən buna inanıram. Başqa zamana transfer edilirlər. Bu çox
normal bir şeydir.
Bir dəfə mən başqasına belə bir sual verdim
ki, insanın vücudu zamandan asılıdır, yoxsa ruhu? Suala cavab verə bilmədi...
- Bəs özünüz necə cavablandırardınız
bu sualı?
- Zamandan asılı
olan vücuddur, ruh zamandan tamamilə
kənardadır. İnsan bir
saniyəlik gözünü
yumanda, uşaqlığından
bu günə qədər bütün dövr gözünün önünə gələcək.
Başqa
sözlə, həmin
zamana transfer olunacaq.
Hətta
gələcəyə də
beləcə səyahət
etmək olar. İnsan ruhu 1 saniyədə 100 milyard yol qət
edə bilər.
Bəs onda zaman hardadır?!
Amma vücud zamanın içindədir, yəni bizim zaman hesab
etdiyimizə tabedir.
"İnsan gərək özünü zamana hazırlasın”
- Bəzi insanlar özlərini yaşadıqları
zamana aid etmirlər. Ya təəssüflənirlər, ya xəyal edirlər
ki, "başqa zamanda doğulmalıydı”.
Niyə insan öz zamanı
ilə ayaqlaşa bilmir?
- Belə düşünən
insanlar zəif iradəli insanlardır. Hər kəsin öz zamanında doğulması
üçün Allah ona
ömür biçir.
"Zamanında doğulmamışam” – fikri
bir insanın öz yaşadığı
dövrlə ayaqlaşmaması,
fərasətsizliyidir, burda
heç nə edə bilmir, amma günahı uyğun olmayan zamanın üstünə
atır. Əslində
isə, öz dövründə əlindən
heç nə gəlmir, bunun da sosial, şəxsi
– müxtəlif səbəbləri
var. Ya özü
səhlənkarlıq edib,
həyatını düz
qura bilməyib, ya başqalarına güvənib, sonra da ortada çarəsiz
qalıb. İnsan gərək özünü
zamana hazırlasın,
dövrünə uyğunlaşsın.
Uşaq vaxtı tarixi romanlar oxuyanda adam
fikirləşir ki, kaş ki o zamanda
yaşayaydım, inqilablarda
iştirak edəydim. Amma zaman elə gətirdi ki, elə özümüz də inqilab etdik, tarixi romanlar
yazdıq. Deməli, vaxtında
- elə öz zamanımızda doğulmuşuq.
- Bəs özünüz, zamanla ayaqlaşan insanlardansınız?
- Mənəvi cəhətdən götürsək, yox! İnsanlarımız, xüsusən gənc
nəsil mənəvi
dəyərlərimizi yadlaşdırıblar.
Ailə məsələləri,
kişi sözü və. s – bunları o qədər
adiləşdiriblər ki!..
Deyilən sözün məsuliyyəti
qalmayıb. Burdan
söz verib, ordan "sözdür də dedim”, - deyərək hər şeyi dəyərdən
salıblar. Bax, sizin dediyiniz
o zaman dəyərləri
dəyişdirib.
- Onda, zaman pisləşib,
ya insanlar?
- Təbii ki insanlar!
- Bəs insanları pisləşdirən həmin
zamanın gətirdikləri
deyil?
- Zaman vücudları
dəyişir. Mənəviyyat,
dəyər vücuda
aid deyil ki!.. Bunlar ruha,
şüura aiddir... İnsanların ruhları korlanıb.
- Zamanın sizdən aldıqları çox olub, ya sizin
zamana verdikləriniz?
- Zaman mənim ömrümü-günümü yamaq-yamaq edib. Təbii ki, aldıqları çoxdur. Əslində, onu
zaman almır, həyat alır. Yaşadığımız həyat
tərzi, çevrəmizdəki
insanlar alır!..
"Ən böyük dahinin də keçmişində
təəssüfləndiyi məqamları
olur”
- Yəni, hər kəsin anladığı
zamanı götürsək,
keçmişdə nələr
qalıb ki, ona təəssüflənəsiniz?
- Mən o keçmişə
ruhən, fikrən qayıda bilirəm, amma bir şey
edə, dəyişə
bilmirəm. Təəssüfləndiyim məqamlarım çox
olub, bunu dansam yalan olar.
Amma bunları sadalasam, bəlkə də 6-7 roman
yazmaq mümkündür.
Səmimi olmalıyıq, hər
bir insanın, hətta ən böyük dahinin də keçmişində
təəssüfləndiyi məqamları olur.
- Vaxt itkisi necə,
olubmu? Bilərəkdən vaxt "öldürmüsünüz”?
- Vaxt itkisi insanın özündən
asılıdır. Vaxt "öldürməyim”
isə o qədər olub ki! Fikirləşirsən ki, nəyisə
gözləmək lazımdır,
indi vaxtı deyil. Gözlənti isə fəlsəfi
mənada zamana aiddir. Bu isə
öz növbəsində
vaxt itirməkdir, ya da öz
əlinlə vaxtı
"öldürməkdir”. Yaradıcı insanlara gəldikdə
isə, onlar çox zaman vaxtın içində ilişib qalırlar.
Özləri üçün məşğul olmağa
başqa bir şey tapa bilmirlər,
vaxtı beləcə
itirirlər. Bu da öz növbəsində
psixoloji gərginlik yaradır. İnsan gərək özünü
bir şeyə bağlamasın, çünki
onunla bağlı gözləntiləri olur,
buna vaxtı gedir, amma gözlədiyi
olmayanda ruh düşkünlüyünə qapılır.
- Vaxtınızı ən çox nə alır?
- Mütaliə, bir də
düşünmək...
- Nə barədə düşünürsünüz?
- Hər şey – həyat, yaradıcılıq,
dövlətimizin, millətimizin
gələcəyi, insanların
durumları, psixoloji halları. Cəmiyyətdə müxtəlif sosioloji,
psixoloji durumlar var ki, istər-istəməz
adamı düşündürür.
- Qazandığınız uğurların
təməlində zamanı
düzgün dəyərləndirməyiniz,
vaxtı planlı bölməyiniz dayanırmı?
- Yox. Vaxt - saniyə, dəqiqə, saatlara və s. onsuz da bölünür
və bu insanın şüurundan gələn bir şeydir. Amma, əslində biz bilmirik ki, dəqiqə,
saat var, ya yox. Bunu biz bölmüşük. Kosmosda
tamamilə başqa bir zamandır, burdakı bir il, orda
bəlkə də bir gündür. Ona görə də vaxt bölgüsü də nisbi məfhumdur.
"Yaradıcı adamlar üçün
zaman anlayışı yoxdur”
- Amma ən azından
bir vaxt bölgüsünə riayət
etmək lazımdır...
- İnsan beynində özü üçün bölgülər
aparır. İşə
gəlmək, yemək
və s. Amma bu da həmişə
özünü təsdiqləmir
axı! Bəlkə fəhlə, məmur,
həkim bu bölgüyə əməl
edə bilər, amma yaradıcı adama nə vaxt
bölgüsü?! Tutaq ki,
mən vaxtımı bölüşdürdüm ki,
bu gün yazacam – ilham, təb gəlməyəndən
sonra həmin vaxt çərçivəsində
necə yaza bilərəm?! Qələmi götürürsən, qələm
sözə baxmır.
Yaradıcı adamlar üçün
zaman anlayışı
yoxdur.
Onlar sadəcə, vücudun
zamana tabeliyini dərk edirlər, yəni vaxtı gələndə dünyasını
dəyişəcəklərini bilirlər. Bununla da ruhu cisimdən azad olur. Lermantov 27 yaşında, Mikayıl Müşfiq 29 yaşında dünyasını
dəyişdilər, amma
qısa ömür yolunda başqa bir adamın 90 illik işini gördülər.
- Vaxtla bağlı insanlara nə tövsiyə edərdiniz?
- Vaxtlarını itirə
bilərlər, amma ruhlarını itirməsinlər.
Ruhları azad
qalsın!
Biz də "Ədalətin”
vaxtı”nın qonağına əlahəzrət Vaxtın onunla həmişə ədalətli
davranmasını arzu edirik.
Şəfiqə Şəfa
Olaylar.-
2014.- 12 dekabr.- S.4.