Laqeydlərdən qorxan ziyalı…

 

Ömür insana bir dəfə verilir. Allahın iradəsi ilə dünyaya gəlsək də, “alın yazısı” ifadəsi inam dünyamızda özünə yer etsə də, Yaradan bizə seçim etməyə imkan verib. Bunu ilahiyyat alimləri də vurğulayır.  İnsan öz seçimləri, düşüncəsi, həyata baxışı və özünütərbiyə yolu ilə inkişaf edir.  Yaxşı insan, xalqına faydalı mütəxəssis, cəmiyyətə işıq tutan ziyalı… Bu cür insan olmaq hər kəsə qismət olmur. Asan yol da deyil.  Onlar Allaha daha çox inanan və xidmət edənlərdir, doğru yolu göstərməklə.

 

Müsahibimiz görkəmli jurnalist,  alim və ictimai xadim, professor Qulu Məhərrəmli də, toplumun önündə maarif işığı aparan insanlardandır. Çətin, amma şərəfli yoldur. 60 yaşını haqlayan Qulu müəllimlə söhbətimizdə ziyalı düşüncəsindən danışmağa, keçənlərə işıq tutmağa çalışdıq.

 

-Qulu müəllim bu gün ötən illərə nəzər salanda, vaxt bir göz qırpımında ötüb, yoxsa kifayət qədər uzun bir yol gəlmişəm, deyəmi düşünür?

-Mən yubileyi bir az hesabat kmi qəbul edirəm. Çünki istər-istəməz düşünürsən ki, ötən illərdə nə etmişəm? Əlbəttə ki, geri baxanda hər şey razılıq doğurmur. Amma təsəlli verəcək nüanslar da var, bunlar bizim vaxtilə televiziyada hazırladığımız verilişlər, çəkdiyimiz sənədli film, pis-yaxşı apardığımız elmi araşdırmalar, yazdığımız kitablar, dərsliklər, ortaya qoyduğumuz izahlı lüğətlərdir. Bunların hamısını gözdən keçirəndə müəyyən qədər təsəlli tapırsan. Amma düşünürsən ki, bəlkə daha çox şey etmək olardı.  Bəlkə bir istiqamətin üzərində diqqəti daha çox cəmləyib, enerjini ona daha çox sərf etmək olardı. Amma bir şey də var ki, mən həmişə ehtiyacı nəzərə almağa, məşğul olduğum sahələrin problemləri ilə məşğul olmağa çalışmişam. Bütün hallarda adam yubileydə qarışıq hisslər keçirir, önəmli odur ki, ömrün hədər getmədiyini düşünəndə insan bir az yüngülləşir.

-Özünüz haqqında söz demək istəsəniz, ilk ağlınıza gələn hansı fikirlər olardı?

- Bir az çətinlik çəkirəm. Bilmirəm səciyyələndirmək, yoxsa xarakteristikanı müəyyənləşdirmək mənasında soruşursunuz… Tutaq ki, səciyyələndirmək baxımından yanaşsaq,  düşünürəm ki, bir az işgüzar, boş dayanmayan, daim hər hansı bir işlə məşğul olan, vaxtı dəyərləndirməyə çalışan biriyəm.  Bəzən olur ki, lap dostlarla  oturanda-konsertdə, teatrda, kinoda olanda da, yenə beyində nəsə fikirlər, ideyalar yaranır. Başlayırsan onları reallaşdırmaq haqqında düşünməyə. Özümə deyərdim ki, bəzi şeylərə bu qədər enerji sərf etməsən də olar. Təbii ki, elmi araşdırmaların müəyyən istiqamətini nəzərdə tuturam ki, bunlarla bağlı həddən artıq dərinliklərə getmişik. Elə şeylər var ki, daha çox bu gün üçün aktualdır. Amma məqamlar da var ki, onlar 5-10 ildən sonra daha aktual görünə bilər. O məsələləri sonraya saxlamaq olardı. Amma sonranı da vaxt gözləmir…

-Sizi gənclik ruhunda saxlayan, stimul verən və bir də  müəyyən yaşda dünyanı dərk edən bir insan (ağsaqqal) kimi  düşündürən nələrdir?

-Əsas stimul odur ki, sən haradasa çox lazımsan. Hətta səni görməzliyə vursalar belə, hiss edirsən ki, sən orada lazımsan və bu işi görə bilərsən. Mən televiziyada olanda, dərs deyəndə, hansısa layihənin reallaşmasında çalışarkən bunu hiss etmişəm. Elmi tədqiqat işlərində nəzəriyyə ilə təcrübəni birləşdirmək zərurəti ortaya çıxanda bunu hər zaman, elə indi də duyuram. Bu dəqiqə geniş bir sahə açılıb, lüğət işi ilə məşğuluq. Frazeologiya lüğəti üzərində işi tamamlayırıq, etimoloji lüğəti yekunlaşdırırıq,  jurnalistika terminlərinin izahlı lüğətinə girişmək istəyirik. Sən müəyyən vacib işləri görmək lazım olduğunu hiss edəndə, stimul yaranır. Hətta dostların arasında oturanda da bir tədbirdə, ictimai-kütləvi tədbirdə olanda da hiss edirsən ki, burada sənin yerin var.  İnsanlar səni axtarır, dəyərləndirir. Bundan gözəl stimul yoxdur. Bəlkə bu, hər kəs üçün deyil, amma mənim üçün belədir. Bilirsiniz, biz indi toplum, xalq olaraq elə bir vəziyyətdəyik ki, həddən artıq çox şeylər ortaya qoymağa ehtiyacımız var. İstər elm, istər bədii düşüncə, istərsə də publisistika sahəsində. Yəni bunların olması istər-istəməz adamı dinc oturmağa qoymur. Səni daim düşünməyə və özünü hansısa bir formada ifadə etməyə vadar edir.

O ki qaldı ağsaqqallıq məsələsinə. Bu məsələ 15 il bundan qabaq gündəmə gəlib… Elə bir toplantıda idik ki, mən ordakılardan yaş etibarilə bir qədər  böyük idim. Həm də jurnalist tayfasının ağzını bir yerə yığmaq çətindir axı. Onlara sözlərinə qulaq asacaqları bir adam lazım idi və iş elə gətirdi ki, məni ağsaqqal kimi müəyyənləşdirdilər. O vaxtdan bu günə kimi mənə ağsaqqal deyirlər. İdeyanın müəllifi Rəşad Məciddir, digər dostlar da ona qoşulub yeri gəldi-gəlmədi ağsaqqal  deyirlər. Mən də bu missiyanı yarıkönüllü, yarıməcburi öz üzərimə götürmüşəm…

-Xalq şairimiz Bəxtiyar Vahabzadə sizi milli dəyərlərə sadiq bir insan kimi xarakterizə edib. Bu dəyərlərə sadiqlik həyatınızda, fəaliyyətinizdə özünü hansı formada göstərir?

-Milli dəyərə sadiqlik şüar deyil. Amma elə situasiya var ki, məsələn, böhran anında dəyərlərə nə dərəcədə sadiq olduğun görünür. Söhbət adi davranışdan tutmuş ictimai əxlaqın çalarlarını ifadə etməyə qədər olan hər şeydən gedir.  Mən uşaqlıqda internat məktəbdə oxumuşam. Bizi çox yaxşı tərbiyə ediblər. Xüsusən, dəyərlərə münasibət, milli ruh və ictimai əxlaq baxımından. Hiss edirəm ki, bu məsələdə, hətta adi davranışda başqalarında olmayan bəzi cəhətlər məndə var. Bu, uşaqlıqdan gəlmədir, sonralar da çox dəyərli  insanlarla ünsiyyətdə olub, onlardan  çox  şeylər götürmüşük… Məsələn, əxlaqla bağlı kiçik bir detal: məncə, insan özünün ilk müəllimini, ustadını, ona yol göstərmiş adamı heç vaxt unutmalı deyil. Hər zaman onların qoruduğu prinsiplərə sədaqət göstərməlisən. Bu baxımdan böyük müstəvidə Vətən duyğusu, Qarabağ düşüncəsi, milli təəssübkeşlik, ictimai əxlaq, həqiqətə sədaqət ciddi məsələlərdir. Bunların hamısı istər-istəməz insanın xarakterində özünü göstərir. İdeal olmasam da, sevnirəm ki, bu məsələlərdə mən az səhvlər etmişəm. Bütün davranışlarımda özümü daim böyüklərimin-anamın, müəllimlərimin, ağsaqqlarımın, nəsil-nəcabətimin, bütün vicdanlı insanların baxışları altında hiss etmişəm.

-Bugünkü gəncliyin müsbət və mənfi anlamda sahib olduqlarından nələrə baxanda  köks ötürürsünüz?

-İndi gəncliyin özünü ifadə edə bilməsi üçün çox böyük imkanlar var. Bizim vaxtımızda belə imkanlar yox idi.  Kommunikasiya kanallarının genişlənməsini nəzərdə tuturam. Bu gün Azərbaycanda istənilən gənc yaradıcı fəaliyyətdə, eləcə də,  biznez və s. sahələrdə özünü çox rahat ifadə edə bilər. Həm də bizim vaxtımızda hər şey müəyyən ideoloji çərçivədəydi və çox ciddi yasaqlar var idi. Bu qadağaları keçmək də, iş tapmaq da çətin idi. Amma bu gün orta səviyyədə bacarığın varsa, istənilən yerdə iş qurub nəsə yarada bilirsən.

   Əlbəttə, indiki gəncliklə bağlı   köks ötürməli məqamlar da var. Bizim gənclərimiz bəzi məsələlərə adamı heyrətləndirək dərəcədə laqeyddirlər. Özlərini çox aktiv ifadə edə bilmirlər. Belə təsəvvür yaranır ki, bunlarınkı yalnız telefondur, planşetdir, mesaj yazıb, musiqiyə qulaq asmaqdır.  Bunları görəndə bir az qarışıq hisslər keçirib düşünürəm ki, görəsən niyə bunlar şəraiti dəyərləndirə, imkanlardan yaxşı itifadə edə bilmirlər? Sanki kimsə bunların əlindən tutub irəli aparmalıdır. Halbuki bizim gənclik daha çox özünə yol açan gənclik idi.

    Mən universitetdə dərs deyirəm, auditoriyada çox süst, passiv, düşüncəsi bir az kütləşmiş laqeyd tələbələri görəndə dərin təəssüf hissi keçirəm.  Müstəqil dövlətin gələcəyini təmsil edən nəsil yetişməlidir. O cür gənclərimiz var, amma laqeydlər də az deyil və belə laqeydlərin sayca çoxalması insanı qorxudur. Bax buna görə mən köksümü ötürürəm.

-TV-də kifayət qədər verilişlər hazırlamısınız, bir aparıcı kimi həm də fikirlərinizi tamaşaçılara səlis, aydın şəkildə çatdırmaqla yadda qalmısınız. Sizcə, niyə bu gün televiziyalarımızın vəziyyəti ürəkaçan deyil?

-Bazar şəraiti televiziyaları reytinq arxasınca qaçmağa vadar edir və hazırda bu məsələdən doğan narahatlıqlar var. Bizdə televiziyalar, sanki cəmiyyət qarşısında məsuliyyət hissini lazımınca dərk etmir.  Teleformaları və publisistikanı inkişaf etdirmək baxımından yaradıcılıq axtarışları demək olar ki, getmir. Məzmunun itməsi qorxusu ilə üzləşmişik, hər şey şoulaşıb, teatrlaşıb.  Anlayıram ki, televiziya oyunları fərdi qığılcımlar deyil, bizim sosial mahiyyətimizin davamıdır. Amma bunun qorxulu cəhətləri nədir? İnsanlar bütün həyatı, davranışı yalnız şou və oyun kimi qəbul edir. Balans pozulduğuna görə tamaşaçılar, xüsusilə də ağlı o qədər yerində olmayan tamaşaçılar, həyatın yalnız oyundan, əyləncədən ibarət olduğunu düşünürlər və bunun üzərində köklənirlər. Ona görə də ciddi bir sınaq qarşısında qalanda özlərini itirir, çıxış yolu tapmırlar.

     Televiziyaların maarifçilik platformasından geri çəkilməsinə çox heyrət edirəm. Halbuki maarifləndirmə ciddi bir missiyadır. Mən maarifçilik deyəndə yazı lövhəsinin qarşısında dayanıb adamlara dərs keçməyi nəzərdə tutmuram. Söhbət dünyagörüşü formalaşdırmaqdan, dil öyrətməkdən, texnologiyları anlatmaqdan, dünyanı dərk etməkdən gedir. Biz yalnız öyrəndikcə, biliklərə sahib olduqca zamanla ayaqlaşa bilirik. Belə olmayanda bizim televiziyalar əyalət səviyyəsində qalır. Bu baxımdan kommersiya televiziyalarının bir problemi var, büdcədən maliyyələşən televiziyaların başqa. Arzu edərdim ki, bizim televiziyalar daha çox maarifçi yöndə proqramlar hazırlasınlar. Çünki gənclərin, uşaqların buna çox ehtiyacı var. Əlbəttə, ekranda seriallar, filmlər, əyləncə verilişləri olsun, amma bu gun bizə ictimai əxlaqı formalaşdıran, vətəndaş yetişməsinə stimul verən verilişlər daha çox lazımdır. Bu mənada bizim televiziyalarda peşəkarlıq sarıdan xeyli geriləmə var.

-Siz  dilimizin qorunması istiqamətində işlər aparırsınız.  Hazırda televziyalarda dilimizin işlənməsi ilə bağlı vəziyyət necədir?

-Bir neçə aydır AMEA Dilçilik İnstitutunda Monitorinq şöbəsinə rəhbərlik edirəm. Şöbə Azərbaycan prezidentinin imzaladığı sərəncamla qəbul edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın icrasını izləmək məqsədilə yaradılıb.

  Dil hər yerdə normativ olmalı, onun qaydalarına əməl edilməlidir. O cümlədən də, televiziya və radioda, küçə reklamları və afişalarda. Biz bu yaxınlarda televiziya və radio verilişlərinin dili üzərində monitorinq apardıq. Müəyyən qədər kədərli mənzərə ortaya çıxdı. Bizim reportyor və aparıcılarımız dilə bir qədər biganə yanaşır, dilin qaydalarına tabe olmaq istəmirlər. Xüsusilə xəbər aparıcıları və şoumenlər bu məsələyə diqqət yetirməlidirlər. Şounun dili xəbərin dili deyil. Efirin dilinin normaları var və buna əməl etmək lazımdır. Nəzərə almaq lazımdır ki, efir dili məişət səviyyəsi deyil, nizamlanmış qaydaları olan dildir. Ona görə də düzgün, normalara uyğun  danışmaq lazımdır.  Nəzərə almaq lazımdır ki, televiziya müəyyən mənada dəbdir. İnsanlar bəzən danışığı televiziyadan öyrənirlər . Şifahi dil olduğu üçün tələffüz qaydalarına, intonasiyalara dəqiq əməl edilməlidir.

     Hər kəs bilməlidir ki, Azərbaycan dili sahibsiz deyil. Bu dilin arxasında Azərbaycan dövləti,  böyük bir xalq dayanır. Ona görə də dilin daşıyıcıları olan televiziya əməkdaşları  ümumi sərvətimiz  olan dildən sui-istifadə etməməlidirlər. Dilin qızıl qaydalarını qorumalıdırlar.

-Doğulduğunuz yer, təhsil aldığınız şəhər işğal altında qalıb. Özəl günlərinizdə, doğum tarixinizdə doğma yerlər üçün darıxırsınızmı?

-Yalnız doğum günündə deyi, hər zaman bu yerlər yaddaşımdadir. Ümumiyyətlə, insan psixologiyasına uyğun bir şeydir ki, yaşlandıqca doğma yerləri daha tez-tez xatırlayırsan. Uşaqlığımın keçdiyi o gözəl yerlər heç mənim yadımdan çıxmır. Hər gecə yuxuya getməzdən öncə özüm üçün bir televiziya mənzərəsi yaradıram. Doğulduğum Zəngilanı,  kəndimizi, Həkəri-Bərgüşad çaylarını, Şuşanın dolama yollarını, dağlarını, oxuduğum məktəbi göz önündən keçirirəm. Doğulduğun yerlərə əli çatmamaq , sənin üçün simvol olan, uşaqlıqda ayaq basdığın torpaqlara ayaq basa bilməmək insanı sıxan böyük dərddir.   Bu dərdi aradan qaldırmaq üçün dövlətimiz, millətimiz daha da güclənməlidir. Bu gün Azərbaycanda hər kəs bilməlidir ki, müharibə aparan dövlətlərdə yalnız ordular döyüşmür. Mədəniyyətlər, düşüncələr, ideologiyalar döyüşür. Bu döyüşü udmaq üçün yaxşı gənclik yetişməlidir. Müasir düşüncəsi olan, texnologiyalardan başı çıxan, informasiya müharibəsini qalibiyyətlə apara bilən qüdrətli gəncliyimiz olmalıdr. Ona görə də biz, ilk növbədə elmin, təhsilin   mədəniyyətin ciddi inkişafına nail olmalıyıq. Biz kamil insanlar yetişdirməliyik.

 

Aygün Aydilək

 

Olaylar.- 2014.- 16 dekabr.- S.4.