Diaspora təşkilatlarımız təsirli
qüvvəyə çevrilib
Dünya ölkələri
Azərbaycan diasporası ilə hesablaşır
Azərbaycan diasporasının son
vaxtlar sürətlə inkişaf
etməsi heç kimə sirr
deyil. Çox vacib və təqdirəlayiq haldır ki, artıq diaporamız yaşadıqları
ölkələrin içtimai-siyasi həyatına
nüfuz edə biliblər. Ancaq bu xəttin davan etdirilməsi ölkəmiz üçün olduqca vacib məsələdir.
Nəzərə almaq lazımdır ki, bu
gün Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə
çatdırılması, beynəlxalq aləmdə Azərbaycanın
müsbət imicinin formalaşdırılması istiqamətində
fəaliyyət göstərmək hər bir Azərbaycan vətəndaşının,
o cümlədən diaspor təşkilatlarının əsas
vəzifələrindəndir. Mübaliğəsiz
demək olar ki, son illərdə bu sahədə
ciddi irəliləyişlər əldə
edilib. Artıq Azərbaycanın xarici ölkələrdəki diaspora
təşkilatları qarşılarına ciddi
məqsəd qoyub. Amma,
bu o demək deyil ki, Azərbaycanın diaspora təşkilatları bununla
kifayətlənməlidir. Azərbaycanın diaspora
təşkilatları daha böyük
nailiyyətlər əldə etməli, Azərbaycanın
başına gətirilən müsibətləri bütün dünya
ictimaiyyətinə tanıtdırmalıdır. Etiraf edilməldir ki, bu istiqamətdə fəaliyyət qurmaq üçün diaspora təşkilatlarımızın kifayət
qədər potensialı mövcuddur. Bu baxımdan Azərbaycan diasporasının bu sahədə gördüyü
iş zəruridir, vacibdir.
Yəni bu işin
yüksək səviyyədə həyata keçirilməsi üçün çalışmaq və həmin
nəticəni əldə etmək lazımdır. Azərbaycan
diaspora təşkilatlarının bütün dünyada
yüksək təbliğat aparmağa və
istədiyi nəticəni əldə etməyə yetərli gücü var. Bu güçdən səmərəli şəkildə
istifadə edilməlidir ki, diasporamız
Azərbaycanla bağlı qərarlar çıxarılanda
yaşadıqları ölkələrin dövlət
qurumlarına nüfuz edə bilsinlər. Odur ki, diaspora
təşkilatlarımız təkcə mədəni-kütləvi
tədbirlərlə kifayətlənməməlidir. Onlar yaşadıqları ölkələrin ictimai və siyasi həyatına
nüfuz etməlidir. Yalnız bu halda Azərbaycan barədə
həqiqətləri dünya ictimaiyyətinə
çatdırmaq mümkün olar.
Ukrayna diaspora strukturunun nümayəndələri Azərbaycan
diasporunun ölkə ərazisində ən
fəal diasporlardan biri
olduğunu bildiriblər. Birləşmiş
Ukrayna Azərbaycanlıları Konqresi (BUAK) Dnepropetrovsk
vilayəti təşkilatının sədri Qüdrət
Hacıyev deyib ki,
Ukraynanın bütün fəaliyyət
sahələrində azərbaycanlılar fəal iştirak edir: "Azərbaycan
diasporu hər zaman
Ukraynanın ictimai-siyasi həyatının
bütün sahələrində fəal olub. Maydandakı hadisələrdən əvvəl
bizim Ukraynanın hökumət nümayəndələri
ilə sıx əlaqələrimiz var idi, lakin bu
gün biz həmin əlaqələri
yenidən bərpa etmək məcburiyyətindəyik". Onun sözlərinə görə, BUAK hər
zaman Dnepropetrovsk, Xarkov və Ukraynanın digər
regionlarında Azərbaycan diasporunun digər
strukturları arasında lokomotiv rolunda çıxış edib:
"Azərbaycan diasporu yəhudi diasporu istisna olmaqla, Dnepropetrovskda ən
fəaldır. Açıq danışsaq, orada
çox az qurum bizimlə rəqabətə girə bilər,
ermənilər haqqında heç
danışmağa da dəyməz".
Q.Hacıyev xüsusilə
qeyd edib ki, BUAK bir çox
diasporlarla sıx, dostluq
əlaqələri qurub: "Biz hər zaman hər kəsdən
öndə gedirik, bütün
diasporlarla bütün
şəhər və ya dövlət tədbirlərində
birgə iştirak edirik".
BUAK-ın regional nümayəndəliyinin
sədri vurğulayıb ki, hazırda Dnepropetrovskda 15 minə yaxın azərbaycanlı
yaşayır: "Ukraynada azərbaycanlıların
kiçik və orta biznesi üçün bütün şərait yaradılıb. Dnepropetrovskinin mərkəzində azərbaycanlılar
bir sıra obyektlər - restoranlar,
mağazalar, supermarketlər və s. açıblar". O, həmçinin
Ukraynanın qərbində diaspor
strukturlarının olmaması ilə əlaqədar təəssüfləndiyini
bildirib: "Hazırda ölkənin qərbində
bu istiqamətdə işlər görülür. Orada az sayda azərbaycanlı
yaşayır, lakin istənilən halda biz azərbaycanlıların
birləşməsi üçün bütün səyləri əsirgəmirik".
BUAK Xmelnitsk vilayəti təşkilatının
rəhbəri Ceyhun Qasımov isə deyib ki, azərbaycanlılar
hər zaman Ukraynanın ərazi bütövlüyü və müstəqilliyini
dəstəkləyiblər: "Bununla
yanaşı, azərbaycanlılar, əsasən da Azərbaycanın işğal
olunmuş ərazilərindən olan qaçqınlar Maydan
iştirakçılarını dəstəkləyiblər".
C.Qasımov həmçinin qeyd edib ki, oğlu
Ukrayna ordusuna könüllü əsgər yazılıb və
hərbi əməliyyatlarda iştirak edir, qardaşı oğlu
isə desant qoşunlarında müqavilə
əsasında qulluq edir.
O vurğulayıb ki, bu
yaxınlarda BUAK "Qarabağ"
adlı futbol komandası təşkil edib: "Bu da erməni diasporu
nümayəndələrinin narazılığına səbəb
olub. Rövşən Tağıyevin dəstəyi
sayəsində biz komandamızı həmin
adla qeydiyyatdan
keçirə bildik və hətta Ukrayna milli azlıqları
arasında keçirilən futbol
çempionatında ermənilərə qalib
gəldik". C.Qasımov bildirib ki, təşkilat Ukraynada yaşayan azərbaycanlılara da
dəstək və yardım göstərir: "Təşkilat
sistemli şəkildə milli
bayramları (Novruz), o
cümlədən dini bayramları (Ramazan və Qurban) və s. qeyd edir.
Bizim təşkilat Azərbaycan
xalqının mədəni dəyərləri və
mirasının təbliğatı ilə məşğul olur".
Ukrayna Yəhudi
Fondunun rəhbəri, Ukrayna
Millətlər Assambleyasının üzvü
Aleksandr Monastırski isə deyib ki, Maydan
hadisələri zamanı azərbaycanlılara ən böyük diqqəti BUAK sədri Rövşən
Tağıyev göstərib: "Həyat yoldaşı ilə
birgə həmin hadisələrdə zərər çəkmiş
insanlara humanitar və
maliyyə yardımı göstərib. Hadisələr
zamanı BUAK və Ukrayna Millətlər
Assambleyası bir sıra "dəyirmi masa"lar keçirib,
"qaynar nöqtələr"də
ictimaiyyətlə görüşlər təşkil edib. Aprelin ortalarında
"dəyirmi masa" keçirmək üçün Kiyevdən Donetskə gələn
yeganə azərbaycanlı Rövşən Tağıyev olub. Bu, böyük
cəsarətdir və bunu Ukrayna
cəmiyyətində yüksək qiymətləndirirlər".
Onun sözlərinə görə, Azərbaycan
diasporu Ukraynanın ictimai-siyasi
həyatında yaxından iştirak edir. À.Monastırski qeyd edib ki, ölkədə
hazırkı vəziyyətə nəzərə alsaq, Ukraynanın müxtəlif diaspor strukturları birləşməyə can atır: "Biz
insanları ayırmağa deyil, birləşdirməyə
çalışırıq". Avropa Azərbaycanlıları
Konqresi (AAK) Avropa Parlamentinin İnsan
Hüquqları komissarı Nils Muiznieksə
müraciət ünvanlayıb. Diasporla iş üzrə Dövlət
Komitəsindən verilən məlumata görə, 10 dekabr - Beynəlxalq İnsan
hüquqları günü ilə əlaqədar
edilmiş müraciətdə
Dağlıq Qarabağda girov
götürülən və barələrində qondarma məhkəmə prosesi
aparılan soydaşlarımız Şahbaz
Quliyev və Dilqəm Əsgərov
barədə məlumat verilib. Müraciətdə
Ermənistanın Azərbaycanın 20 faiz
torpağını işğal etməsi,
Azərbaycan torpaqlarının azad edilməsinə
dair BMT-nin qəbul etdiyi qətnamələr
xatırladılıb. Daha sonra 2014-cü il
iyulun 12-də doğulduqları torpaqlarda əzizlərinin məzarını
ziyarət etməyə gedərkən Ermənistan Silahlı
Qüvvələri tərəfindən Şahbaz
Quliyev və Dilqəm Əsgərovun girov götürülməsi, Həsən Həsənovun
isə öldürülməsi, qondarma rejimin bu insanlarla
bağlı “məhkəmə” prosesinə
başlamasının qanunsuz olması da qeyd olunub.
Avropa Azərbaycanlıları Konqresi Avropa ictimaiyyətini
insan hüquqlarının norma
və prinsiplərinin pozulmasına biganə qalmamağa
çağırıb. Azərbaycanlı girovların həyatının
hər an təhlükədə olduğu vurğulanan
müraciətdə təşkilat Şahbaz
Quliyev və Dilqəm Əsgərovun pozulmuş hüquqlarının bərpası
istiqamətində yardım göstərilməsini tələb
edib. “Biz
dünya ictimaiyyətini beynəlxalq hüquq normaları çərçivəsində
və ikili standartlara yol vermədən Ermənistanın işğal siyasətinə münasibət
bildirməyə, insanların pozulmuş
hüquqlarının müdafiəsi və bərpası üçün birlik və
obyektiv mövqe nümayiş etdirməyə
çağırırıq” – AAK-ın Avropa
Parlamentinin İnsan
Hüquqları komissarı Nils Muiznieksə
müraciətində belə deyilir. Bu günlərdə
isə Ukraynada yaşayan
azərbaycanlılar və digər azsaylı xalqlar
siyasi qərarların qəbulu zamanı, o cümlədən yeni
layihələrdə ölkədə yaşayan
milli azlıqların təkliflərinin nəzərə
alınması və hüquqlarının təmin olunması
ilə bağlı prezident Petro Poroşenko, Ali Rada və Nazirlər
Kabinetinə müraciət ediblər. Birləşmiş
Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) məlumatına örə,
müraciət Ukraynada yaşayan
milli və dini
azlıqları təmsil edən bir
sıra təşkilat rəhbərləri, eləcə də
deputatlar, hüquq
müdafiəçilərinin iştirakı ilə
keçirilən toplantıda qəbul edilib.
Sənəddə ölkə rəhbərliyindən və Ali Radadan bütün
sahələrdə qəbul edilən siyasi
qərarlarda milli azlıqların
hüquqlarının daim nəzərə
alınması tələb olunub. Qeyd edək ki, Birləşmiş Ukrayna
Azərbaycanlıları Konqresinin sədri
Rövşən Tağıyevin sədrliyi ilə keçirilən
toplantıda Ukrayna Nazirlər Kabinetinin etnik siyasət və
dini azlıqlarla iş
şöbəsinin müdiri Yuri Reşetnikov, Ukrayna Yəhudi Forumunun prezidenti Arkadi Monastirski, deputat Oles Doniy, Ukrayna
Tatar Mədəniyyət Mərkəzinin sədri Peter Şerafetdinov, Ukrayna Yunan Katolik Kilsəsinin rəhbəri
Ata İqor Şaban və qaqauzları, rusları,
moldovanları, Orta Asiya
xalqlarını təmsil edən bir
sıra təşkilat rəhbərləri, alimlər və hüquq müdafiəçiləri iştirak ediblər.
Qeyd edək ki, hazırda dünya ölkələrinin parlamentlərində nəinki regional, hətta coğrafi əraziyə aidiyyati olmayan dövlətlər barədə qərarlar qəbul edilir. Xüsusən, dünyanın inkişaf etmiş ölkələrinin qanunverici orqanları bu məsələdə fəallıq nümayiş etdirilər. Məqsəd isə bəllidir, həmin dövlətlərə siyasi təzyiqlərin edilməsi hazırda dünya siyasətinin əsas istiqamətlərindən hesab olunur. Məhz bu məsələdə Azərbaycan dövlətinin maraqlarını müdafiə etmək təkcə Azərbaycan Respublikası vətəndaşlarından deyil, həm də bütün dünyaya səpələnmiş soydaşlarımızın təşəbbüskarlığından, səyindən və fəaliyyətindən asılıdır. İndi diaspora öz əvvəlki mənasından fərqli olaraq, daha konkret məna daşıyır. Belə ki, diaspora-tarixi torpaqlarından bu və ya digər səbəblərdən dolayı emiqrasiya etmiş əhalinin mərkəz, yəni doğma ata-baba yurdu ilə əlaqələndirilməsidir. O da faktdır ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra diaspor təşkilatlarımızın fəaliyyəti xeyli genişlənib və təkmilləşib. Dünyanın digər inkişaf etməkdə olan ölkələrində olduğu kimi diaspor fəaliyyəti sivil forma alaraq beynəlxalq hüquq normaları çərçivəsinə düşüb. Artıq demək olar ki, müxtəlif ölkələrə səpələnmiş azərbaycanlıların öz milli mənsubiyyətlərini qorumaqla mədəni-siyasi həmrəyliyi müstəqil Azərbaycan Respublikasının dövlət maraqlarına uyğun gəlir və onun strateji məqsədlərindən biridir. Bununla yanaşı, müstəqilliyin və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, beynəlxalq aləmdə Azərbaycanın mövqelərinin gücləndirilməsi, erməni təcavüzünə məruz qalmış xalqın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması, Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində ədalətli həllinə nail olunması xarici ölkələrdə diaspor fəaliyyəti ilə məşğul olan təşkilatların vahid mərkəz ətrafında birləşməsini zəruri edir. Dünya azərbaycanlılarının yaşadığı ölkələrdə monolit qüvvə kimi çıxış etmələri onların milli və vətəndaş hüquqlarının qorunmasına da əhəmiyyətli təsir göstərir. Son illər fəaliyyət göstərdikləri ölkələrin ictimai-siyasi və mədəni həyatında Azərbaycan cəmiyyətlərinin fəal iştirak etmələri diaspor quruculuğu işinin ən mühüm istiqamətlərindən birinə çevrilib.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.-
2014.- 17 dekabr.- S.3.