Mərkəzi Asiya Respublikalarında

Azərbaycan diasporunun təşəkkülü

 

Zəminə Əsgərova: “Azərbaycanlılar Özbəkistan tarixində və mədəni incəsənət həyatında tarixən mühüm izlər qoyublar

 

AMEA Tarix İnstitutunun Azərbaycan diasporu şöbəsinin elmi işçisi Zəminə Əsgərova Mərkəzi Asiya və Qazaxıstanda yaşayan azərbaycanlıların etnik birliklərinin nə vaxt yarandığını və onun yaranmasına təsir edən amilləri aydınlaşdırmaq üçün tarixə nəzər salıb. Onun yazdıqlarına görə orta əsrlərdə Azərbaycana  monqol-tatar hücumları, saysız-hesabsız yürüşlər minlərlə azərbaycanlı ailəsinin Mərkəzi Asiyaya aparılmalarına və qürbət diyarlarda həmvətənlərimizin toplum halında məskunlaşmalarına səbəb olub. Sonrakı əsrlərdə də bu proses davam edib. İstər tarixi araşdırmalarda, istərsə də Azərbaycan folklorunda bununla bağlı xeyli faktlar mövcuddur: “Bu gün Mərkəzi Asiya və Qazaxıstanda məskunlaşan on minlərlə həmvətənimizin bir çoxunun ulu babaları məhz göstərilən tarixi dövrlərdə vətəndən dərbədər olublar. Bu gün Cambul, Çu, Mərkə, Qurday, Luqavoy kimi şəhərlərdə və Qazaxıstanın digər yaşayış məskənlərində   talelərinə ömürlük qürbət yazılan minlərlə yurddaşımız məskunlaşıb.

16-17-ci əsrlərdə Azərbaycanın ictimai-siyasi və iqtisadi həyatı əsasən əlverişsiz olan şəraitdə inkişaf edib. Bu isə öz təsirini mədəni proseslərlə göstərməyə bilməzdi. Bir çox şair, rəssam, xətat, alim, dekorativ sənət xadimləri əlverişli olmayan ictimai-siyasiideoloji şərait ucbatından İrana, Osmanlı Türkiyəsinə, Hindistana, Mərkəzi Asiyaya mühacirət edib, həmin ölkələrə fəaliyyət göstəriblər. Çağdaş Azərbaycan memarı və tədqiqatçısı, memarlıq doktoru Cəfər Qiyasinin apardığı araşdırmalar orta yüzilliklər Azərbaycan diasporu tərkibində bu peşə sahiblərinin də geniş yer tutduğundan xəbər verir. Tədqiqatçının verdiyi məlumata görə, Qədim Xarəzmin X əsr tikililərindən olan Beleuli yolüstü karvansara binası da öz yonma daş materialları ilə burada yüz illər boyu tikilmiş başqa binalardan seçilir. Özbəkistan araşdırıcıları diqqətli axtarışlardan sonra bu abidənin Şirvan ustalarının əl işi olduğunu aşkara çıxarıblar”.

Müəllif bildirir ki, XlV əsr Türkmənistanın köhnə Urgənc şəhərində Türəbək xanım abidəsindəki bəzəyin azərbaycanlı ustalar tərəfindən vurulması elm aləmində sübut olunub. Mənbələr Şirvan ustalarının bu zaman Səmərqəndə göndərilməsindən soraq verir. Sayı və çoxunun adı bizə bəlli olmayan azərbaycanlı memar, nəqqaş, rəssam və xəttatlar mühüm şəhərsalma və memarlıq işlərinin yerinə yetirilməsində iştirak ediblər.

Hələ Əmir Teymurun dövründən Səmərqəndə azərbaycanlılar yaşayıblar. Tarixdən məlumdur ki, Əmir Teymur yürüş etdiyi bütün ölkələri ya zor, ya da danışıqlar yolu ilə özünə tabe edib. Şirvanşah İbrahimxəlilin müdrikliyi sayəsində Azərbaycana zor tətbiq etməyən Əmir Teymur bu ölkədən ən mahir memar və ustaları Səmərqəndə aparıb. Bəzi mənbələrə görə, Əmir Teymurun Azərbaycandan Səmərqəndə apardığı memarların və ustaların sayı 500-ə qədər olub. Böyük bir imperiyanın yaradıcısı, bir çox elmlərin bilicisi, xüsusən də Səmərqənddəki nəhəng tikintilərə şəxsən nəzarət edən Əmir Teymurun azərbaycanlı sənətkarları əvvəl tək-tək, Təbrizi tutduqdan sonra isə kütləvi şəkildə memar, usta nəqqaş kimi işə cəlb etməsi  XlV-əsrin ll yarısı, XV əsrin əvvəllərində azərbaycanlıların Mərkəzi Asiya ərazisində məskunlaşmalarından xəbər verir: “Tədqiqatçı Cəfər Qiyasi “Yaxın uzaq –ellərdə” əsərində göstərir ki, Əmir Teymurun doğma şəhəri Şəhri-Səbzdə  1380-cı ildə tikilən Ağsaray kompleksinin müəllifi də azərbaycanlı memar Məhəmməd Yusif Təbrizi idi. XlV-XV əsrlərdə Səmərqənddə ki Şahizində türbə kompleksi də Fəxsar Zeynəddin Şəms Təbrizi tərəfindən tikilib. Orta əsr Azərbaycan şəhərlərindən Naxçıvandan, Bakıdan, Şamaxı və Təbrizdən çıxmış sənət ustaları nəinki öz vətənlərində tikilən böyük binalarda iştirak edirdilər, onlar hətta Mərkəzi Asiya və Yaxın Şərqdə də nadir tikilililərə dəvət olunurdular.

Teymurləng Mərkəzi Asiyada yerləşən Əhməd Yəsəvi xanəgahının tikinti ölçüsünü özü verib. Doğrudan da binanın texniki təhlili göstərdi ki, onun hissələri proporsiyalaşdırma sisteminə əsaslanıb. Teymurləng “Avtobioqrafiya” adlı məşhur kitabda Səmərqənddə tikdirdiyi bir saray kompleksi haqqında belə yazıb: “Mən mübarək şahlığımda saray memarları və inşaatçıların” gətirilməsinə əmr verdim. Onlar birlikdə hovuz və xiyabanların planlarını hazırladılar, bağın divarları və bağın ortasında ucaldılmasını əmr etdiyim çox yüksək sarayın tikintisi ilə məşğul oldular”.

Bu məlumatdan göründüyü kimi gəlmə sənətkarların Teymur tikililərində ən məsul işçilərini götürürdülər. Səmərqənddə Azərbaycan memar və ustaların əli ilə onlarla abidələr-Bibixanım məscidi, Tuman Əkə türbəsi, Uluqbəy mədrəsəsi, Şahzində kompleksi yaranıb. Şahı zində ansamblı və bütövlükdə Səmərqənd üçün tipik olmayan belə formanın yaranması Özbəkistan alimlərinin fikrincə “hər şeydən əvvəl hələ Teymur vaxtından Səmərqəndə gətirilmiş azərbaycanlı ustalara borcludur”. Səmərqənddə “Şahi-Zində” orta əsrlərə aid nadir memarlıq abidə kompleksinə daxil olan Sadi Mülk əkə türbəsinin tikilməsində XIV əsr azərbaycan ustası Zeynəddin Şəms Təbrizinin adı çəkilir. Azərbaycan memarlarının Orta Asiyada yaradıcı fəaliyyəti Əmir Teymurunonun sülaləsinin hakimiyyəti illərində geniş miqyas alıb. Beləliklə, məlum olduğu kimi ayrı-ayrı dövrlərdə istər zor gücünə, istərsə də könüllü surətdə Azərbaycandan aparılmış yüksək istedada malik sənətkarların yaratdıqları təkrarsız əsərləri, zəngin irsi əsrlər boyu Şərq memarxalq ustaları üçün tükənməz ilahi örnək mənbəyi olmuş və sənət inciləri yaratmağa ruhlandırmışdır”.

Z.Əsgərovanın sözlərinə görə, XVll əsrdə təkcə Azərbaycan memarları deyil həmçinin başqa sənət adamları, Azərbaycan rəssamlarının çoxusu Osmanlı, Orta Asiya, İran ərazilərində yaranmış miniatür mərkəzlərində çalışırdı. Təbriz miniatür məktəbi İranda, Türkiyədə, Orta Asiyada Milli miniatür mərkəzləri yaranmasında həlledici rol oynamaqla yanaşı, həmin mərkəzlərin təşəkkülü və inkişafı prosesini də təmin etmişdir.

Özbəkistanda orta əsr tikililərində, xüsusilə Səmərqənd abidələrinin tikintisində və bəzək işlərində azərbaycanlı miniatür rəssamlar Əvəz Məhəmməd, Molla Behzad, Məhəmməd bukim iştirak ediblər. XVll əsrin Azərbaycan maarif xadimləri yalnız vətəndə fəaliyyət göstərməklə məhdudlaşmırdılar. Belə maarifçilərdən Yusif Məhəmmədcan oğlu Qarabaği Osmanlı işğalı dövründə ölkəni tərk edib, Mərkəzi Asiyada məskən salmışdı. Filosof hüquqşünas olan Yusif Qarabaği Səmərqənd və Buxara şəhərlərində yaşamış, ərəb və fars dillərində bir neçə mühüm əsər yazmışdı. Onun əsərlərindən bəziləri uzun müddət ərzində Mərkəzi Asiya mədrəsələrində vacib tədris vəsaiti kimi istifadə edilirdi.

Özbəkistanda Azərbaycan diasporunun görkəmli nümayəndələrindən Səid Rza Əlizadənin adını fəxrlə çəkmək olar. Səid Rza hələ uşaq ikən ailəsi ilə birlikdə Səmərqəndə köçüb, ömrünün sonuna qədər burada yaşamışdır. Səid Rzanın təhsil almasında Səmərqənddə  hörmət sahibi olan Şeyx Əbdülqasimin xidmətləri böyük olub. Təhsilini başa vurduqdan sonra “Səmərqənd” qəzetinin mətbəəsində yığıcı şagird işləyir. Səid Əlizadənin dünyagörüşünün formalaşmasında 1905-1907-ci illərdə “Səmərqənd” qəzetinin redaktoru M.V.Morzovun böyük təsiri olub. Birinci rus inqilabı 18 yaşlı gəncin şüurunda dərin iz buraxıb. O, artıq Səmərqəndə yeni tipli məktəblərin sayının çoxaldılmasının təşəbbüsçüsü kimi çıxış etməyə başlamışdır. Elə bu vaxtlarda da (1904-1906) bir neçə dərslik, dərs vəsaiti çap etdirməyə müvəffəq olub. Türkmənistanda xalq təhsilinin reformator təbliğatçısı kimi çıxış edən Səid Rza Azərbaycanda, Krımda, Buxarada, Daşkənddə, Səmərqənddə nəşr olunan qəzet və yurnallarda maarifçiliklə bağlı çoxlu məqalələr dərc etirmişdir. Səid Əlizadənin publisistik, yazıçılıq və təşkilatçılıq bacarığı “İnqilabın şəfəqləri” jurnalına rəhbərlik etdiyi vaxtda özünü daha bariz şəkildə biruzə verib. O siyasisatirik yazılarında 15 təxəllüs və gizli imzadan istifadə edib. On iki dil bilən Səid Əlizadə özbək və tacik dillərində yazılmış ilk əlifbanın müəllifidir. O bu illərdə ilk qrammatikaoxu kitablarının  müəllifi kimi də tarixə düşüb. Tacik və özbək dillərində “Əlifba”, tacik dilinin morfologiyası və sintaksisis. kimi qiymətli dərsliklər çap etdirən Səid Əlizadə rusxarici dillərdən də bir sıra dərsliklər və dərs vəsaitləri tərcümə edib. Səid Əlizadə 1924-cü ildə “Zarafşan” nəşriyyatının rəhbəri təyin edilir. Eyni zamanda o, Özbəkistan KP MK-da nəşriyyat məsələləri üzrə səlahiyyətli nümayəndə olur. S.Əlizadənin həyatının ən parlaq səhifələrindən birini də Səmərqənd şəhərində Özbəkistan Dövlət Universitetində müəllimlik fəaliyyəti təşkil edir. Yazdığı məqalə və monoqrafiyaların əksəriyyətində ingilis imperialistlərinin işğalçılıq siyasətini kəskin şəkildə tənqid atəşinə tutan Səid Əlizadə 1937-ci ildə ingilislərə satqınlıqda günahlandırılaraq həbs olunub. Bir neçə il həbsxanada qalan Səid 24 dekabr, 1945-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edib. Vəfatından sonra onun günahsız olduğu təsdiqlənərək bəraət verilib.

Böyük maarifçi S.Əlizadənin 100 illik yubileyi 1987-ci ildə Səmərqənddə keçirilib. Onun Azərbaycan, özbək, rusdünya pedaqoqikalarının reallıqlarının qarşılıqlı əlaqələri, müəllimlik metodları, təhsilin məzmunu, tərbiyənin məqsədi və mahiyyəti, prinsip və metodları haqqında əsərləri indi də aktuallığını itirməyib. Beləliklə tarixi faktlar göstərir ki, müxtəlif dövrlərdə azərbaycanlı sənətkarlar dövrün ictimai-siyasi hadisələri ilə bağlı doğma vətənlərindən kənarda məskunlaşmaq məcburiyyətində qalıblar. Özbəkistanın ən qədim şəhəri Səmərqənddə, Buxarada ən qədim vaxtlardan Azərbaycan icması formalaşmağa başlayıb. Rəsmi məlumata görə, Özbəkistanda 60 min, qeyri-rəsmi məlumata görə 100 minə qədər azərbaycanlı yaşayır. Azərbaycanlılar Özbəkistan tarixində və mədəni incəsənət həyatında tarixən mühüm izlər qoyublar.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

(ardı var...)

 

Olaylar.- 2014.- 18 dekabr.- S.3.