Cümhuriyyətimizn 100 illiyini görməyincə bu

dünyadan köçməyəcəyəm-Şirməmməd Hüseynov

 

Mətbuat Şurası görkəmli pedaqoq, mətbuatımızın əvəzedilməz tədqiqatçısı, publisist, professor Şirməmməd Hüseynovun 90 illik yubileyinə həsr olunmuş tədbir keçirib. Tədbirdə elm adamları, millət vəkilləri, media nümayəndələri iştirak edib. Mərasimdə əvvəlcə ideya müəllifi millət vəkili Cavanşir Feyziyev olan Şirməmməd Hüseynova həsr olunmuş film nümayiş olunub. Filmdə yubilyarın həyat və fəaliyyəti geniş şəkildə əks olunub. Mətbuat Şurasının sədri Əflatun Amaşov Ş.Hüseynovu “Şərəf” ordeni alması münasibətilə təbrik edib. Onun əməyinin Azərbaycan xalqı və dövlət tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Bildirib ki, Ş.Hüseynov hər birimizin müəllimidir:

“Şirməmməd müəllim Azərbaycan jurnalistikasının canlı salnaməsidir, vicdanıdır. İnsanlar var ki, onlar barəsində yalnız keçmiş zamanda danışmaq mümkündür. Ancaq Şirməmməd müəllim haqqında həm keçmiş zamanda, həm indiki, eyni zamanda gələcək zamanda da danışmaq olar”.

Tədbirdə çıxış edən millət vəkili Bəxtiyar Sadıqov Ş.Hüseynovun siyasi icmalçı kimi Azərbaycan televiziyası vasitəsilə bütün respublikaya dərs dediyini bildirib: “Çıxışlarında çox mətləblərdən danışıb, çox sətiraltı sözlər deyib. O dövrün sətiraltı sözü indinin açıq, birbaşa deyilən sözlərindən daha güclü, daha təsirli idi”. Şirməmməd Hüseynov çıxışında bildirib ki, XX əsr milliyyət əsri olub.  Yubilyar onu da vurğulayıb ki, diriləri ölülər yaşadır. “Mən ölülərlə ünsiyyət qururam”-deyən, böyük müəllim  cümhuriyyətimizin 100 illiyini görməyincə, bu dünyadan köçməyəcəyinə söz verib. Millət vəkili Rəfael Hüseynov isə bildirib ki, Ş.Hüseynovun ən böyük xidmətlərindən biri  istiqlal bayrağını insanların içində dalğalandırmaqdan ibarətdir:  “Onun buraxdığı kitabları ola bilsin ki, bu gün balaca bir zümrə oxuyub. Amma mütləq bir gün oxuyacaq. Ona qayıdacaqlar”. Millət vəkili Ş.Hüseynovun millətin mühəndisi olduğunu bildirib.

 

Aygün

 

Olaylar.- 2014.- 18 dekabr.- S.4.