Şirməmməd
Hüseynov zirvəsi
Onun haqqında danışanda adının önündə
çoxsaylı epitetlər qoymağa
çalışırlar. “Böyük alim”, “görkəmli tədqiqatçı”,
“jurnalistikamızın patriarxı”, “jurnalistika elmimizin
korifeyi”, “qeyrətli vətəndaş”, “fədakar insan”,
“mehriban ailə başçısı” və s. Beləcə,
ildən-ilə pərəstişkarları onun kimliyini, şəxsiyyətini
layiqincə xarakterizə edə biləcək daha nadir, daha bəlağətli,
daha sanballı ifadələr axtarıb tapmağa və sanki
bununla ona olan, lakin özünün iddiasında
bulunmadığı bir mənəvi borcun öhdəsindən
gəlməyə, əvəzini verməyə
çalışırlar. Son günlərdə eşitdiyim
“millətin mühəndisi”, “müasir milli düşüncəmizin
arxitektoru”, “millətin müəllimi” kimi fəxri adlar da
Şirməmməd Hüseynova xalq sevgisinin, ziyalı rəğbətinin,
tələbə məhəbbətinin doğurduğu ən səmimi
duyğulardan qaynaqlanır. Bəxtiyar Vahabzadə isə
Şirməmməd Hüseynov haqqında ən səmimi
duyğularını belə ifadə etmişdi:
Şirməmməd
- əxlaqın, haqqın öz səsi / Ləyaqət, dəyanət
mücəssəməsi!
Bəli, özünün ürək dostu, qəlb
sirdaşı, vicdan və məslək qardaşı Şirməmməd
Hüseynov haqqında bu heyrətamiz misraları poetik
düşüncənin ən mükəmməl ifadə tərzində
yalnız və yalnız dahi söz ustadımız Bəxtiyar
Vahabzadə deyə bilərdi.
Çoxları onun haqqında çox dəyərli
fikirlər söyləyir. Şirməmməd
Hüseynova dahi kimi baxırlar, onun zəkasına həsəd
aparırlar. Doğrudan da, bir insanın on
minlərlə insanı bir peşənin vurğununa və fədaisinə
çevirməyi bacarması böyük düha tələb
edir. Bu gün jurnalist peşəsini
özünun həyat tərzinə çevirmiş,
özünü bütövlükdə bu peşəyə həsr
etmiş, öz varlığını bu peşə fəaliyyətindən
kənarda təsəvvür etməyən minlərlə tələbəsi
bu dühanın cəmiyətimizdəki görüntüləri,
cəmiyyətin yoluna işıq saçan
qığılcımlarıdır.
Ona “bənzəri olmayan natiq” də deyirlər. Həqiqətən,
minlərlə insanın nəfəs dərmədən,
zamanı hiss etmədən, yorulmadan, usanmadan qulaq asmağa
hazır olduğu bir natiqə tarixdə çox nadir hallarda
rast gəlinir. O əsil natiqdir. İnamlı
duruşu ilə, ona qulaq kəsilənlərin gözlərinə
zillənən iti baxışları ilə dediyi sözləri
dinləyənlərin zehnlərinə birdəfəlik həkk
etməyi bacaran bir natiq. Şirməmməd
Hüseynov sadə bir natiq deyil. O bəzən söylədiyi
fikirlərin arxasında gizlətdiyi ən vacib məna və
mahiyyət çalarlarını dinləyicisinə səsinin
ahəngi ilə, üzünün ifadəsi ilə
asanlıqla anlatmaq kimi qeyri-adi bir məharətə sahib olan
natiqdir. Elə bir natiq ki, söyədiyi hər
bir cümlə, hər bir fikir, hər bir mülahizə təkzib
olunması mümkün olmayan bir aksiomdur.
Ona “fədakar araşdırmaçı” deyirlər. Çox tədqiqatçılar
illərlə kitabxana rəflərində qalıb toz
basmış ədəbiyyatla çalışmaqdan, indiyədək
elmi dövriyyəyə çıxmamış bilgiləri
öyrənib bu bilgilər əsasında yeni bir elmi əsər
ortaya qoymaqdan zövq alır və haqlı olaraq bununla fəxr
edirlər. Şirməmməd Hüseynov
isə adi tədqiqatçı deyil. O sadəcə əsər
yazmır, o milli düşüncəmizin keçmişində
bu günümüzü və gələcəyimizi
araşdırır. O dahi Mirzə Fətəlinin, Həsən
bəy Zərdabinin, Əli bəy Hüseynzadənin, Əhməd
Ağaoğlunun, Ömər Faiq Nemanzadənin, Məmməd
Əmin Rəsulzadənin, Üzeyir bəyin bu
günümüzə gəlib çatmış
saralmış arxiv sənədlərinin hər sətrində
bu millət fədailərinin düşüncələrini,
arzu və istəklərini , sonsuz vətən eşqini
aşkar edir. Bütün bu bilgiləri öz qəlbinin
genişliyindən, öz dərrakəsinin süzgəcindən
və öz ruhunun vətənpərvərliyindən
keçirib bu günümüzə gətirir və bizimkiləşdirir.
O özünün elmi tapıntılarını yalnız
alimlərin oxuyacağı elmi əsərə yox, aydın və
məntiqli şərhləri ilə millətini sevən hər
bir vətəndaşın həyat amalına və fəaliyyət
proqramına çevirə bilir. Belə idrak,
belə peşəkarlıq, millətin gələcəyi
qarşısında belə bir məsuliyyət hissi və nəhayət,
belə bir vətənnsevərlik bütün tədqiqatçılara
xas olan bir keyfiyyət deyil.
Doğmaları onu “mehriban ata”, “qayğıkeş həyat
yoldaşı”, “məsuliyyətli ailə
başçısı” adlandırılar. Lakin o sadə
bir ailə başçısı deyil. O, həm də həyatının
hər gününü sevdiyi peşəni başqalarına
sevdirməyə həsr edən, bilik və
bacarığını əsirgəmədən
bölüşən bir müəllimdir. Şirməmməd
müəllim onu sevən on minlərlə tələbənin,
bir ölkədə bir peşə fəaliyyətində
çalışan bütün insanların mənəvi
atasıdır. Onu prinsippial, mübariz,
usyankar kimi də sevirlər. Çünki
o gördüyü işin doğruluğuna inanan və həm
də inandıran, fədakar və mübariz ruhlu siyasi-ictimai
xadimdir. Adətən belə insanlar
haqqında deyirlər ki, onlar özləri üçün
yaşamır. Şirməmməd
Hüseynov da bu qəbildən olan, lakin adi bir ictimai-siyasi xadim
qəlibində olmayan bir şəxsiyyətdir.
İçərisində bulunduğu cəmiyyətin
çatışmazlıqlarına dözməyən və qəzəblənən,
eyni zamanda yeri gəldikcə sözü və əməlləri
ilə başqalarını qəzəbləndirən,
heç bir təzyiq qarşısında, heç zaman,
heç bir halda öz inamından dönməyən
üsyankar birisinin evin kandarından içəridə - ailə
ocağında mərhəmətli bir insana, güzəştli
və sevimli bir ataya, qayğıkeş bir həyat
yoldaşına çevrilməsi, doğrudan da inanılmaz bir
iradə, qibtə olunacaq bir dözüm və nəhayət,
nəcabət dəyərlərinə əsaslanan yüksək
əxlaq tələb edir. Bu mənada Şirməmməd
Hüseynovun ailə məhəbbəti, doğma ocaq sədaqəti
əsrlərin təcrübəsindən yoğrulmuş milli əxlaq
mərtəbəsinə yüksəlir və onun etalonunu
özündə əks etdirir.
Milli fikir
və milli inkişaf tariximizdə, milli istiqlal mücadiləmizdə
və milli əxlaq xəzinəmizdə millət
başını ucaldan, milli qürur gətirən, zaman-zaman
fəth olunmuş şöhrət zirvələrimiz var. Bu
zirvələrdə Nizami, Nəsimi, Mirzə Fətəli, Həsən
bəy Zərdabi, Əli bəy Hüseynzadə, Məmməd
Əmin Rəsulzadə, Üzeyir bəy Hacıbəyli kimi
mütəfəkkirlərimiz dayanır. Öz həyatı,
mübarizəsi, ictimai fikir cərəyanı ilə bu
sırada qərarlaşan və öz varlığı ilə
milli sərvət xəzinəmizi daha da zənginləşdirən
şöhrət zirvələrimizdən biri də Şirməmməd
Hüseynov zirvəsidir. Bu elə bir
möhtəşəm zirvədir ki, bu günkü və gələcək
ziyalı nəsillərimiz üçün belə bir
yüksəkliyi bir daha fəth etmək olumsuz
görünür. Ona görə də bu
zirvələrdə dayananlar ölümsüzlərdir.
Bütün bunlara baxmayaraq, Şirməmməd
Hüseynov özü haqqında danışmağı
xoşlamır. Jurnalistlər nə qədər
çalışsalar da tərifdən və onun şəxsiyyətinə
səmimi pərəstişdən xoşhal olduğunu sezmək,
verəcəyi cavabların başında onun dilindən “mən”
sözünü eşitmək mümkün deyil. Onun
haqqında yazılmış çoxsaylı məqalələrdə,
dəyərli ziyalılarımızn
çıxışlarında “istiqlal aşiqi”, “qeyrət
simvolu”, “haqq-ədalət carçısı”
adlandırılan bu böyük İnsanın ətrafında
baş verən və onun şəxsiyyətinə sevgidən
doğan pərəstiş həyəcanlarına reaksiyası
təəccüb doğuracaq dərəcədə sadədir.
Buradan da onun portretinə yeni bir cizgi,
adının önünə isə yeni bir epitet yaranır – Təmənnasız
İnsan. Şirməmməd Hüseynova “təmənna”
anlayışı yaddır. O “təmənna” adlı
hissiyatdan çox uzaqlarda və çox yüksəklərdə
dayanan bir İnsandır. Bu günkü
ziyalılarımız arasında yaşından asılı
olmayaraq elə bir insan tapmaq çətindir ki, nədə isə
Şirməmməd Hüseynova oxşamaq arzusunu ürəyindən
keçirməsin. Amma bir məsələdə
nə bu sətirlərin müəllifi, nə də Şirməmməd
Hüseynovu sevən on minlərlə insanlar nə qədər
çalışsaq da ona oxşaya bilməyəcəyik.
Bu da elə təmənna məsələsidir.
Şirməmməd Hüseynovdan
danışırkən, onun haqqında düşünürkən
təmənnasız olmaq mümkün olmur. Təmənnamız
isə ondan ibarətdir ki, ana Təbiət Şirməmməd
Hüseynova uzun ömür, möhkəm can sağlığı
bəxş etsin, bu böyük ustada hələ uzun illər
yazıb-yaratmaq xoşbəxtliyi və ən müqəddəs
arzularına qovuşmağı nəsib etsin.
Millətin
şərəfini uca tutmağı özünün şərəf
işi hesab edən, “Şərəf”li millət müəllimimiz
Şirməmməd Hüseynova 90 illik yubileyi münasibətilə
ən səmimi arzularımla...
Cavanşir Feyziyev
Olaylar.- 2014.- 20-22
dekabr.- S.4.