Nadir Şah Avşar ailəsinin varislərindən olaraq

Yunus Oğuza xüsusi təşəkkür edirəm-Qənirə Paşayeva

 

Yazıçı-publisist Yunus Oğuzun “Nadir Şah” romanı bir neçə gündən sonra tamaşa şəklində Azərbaycan ictimaiyyətinə təqdim olunacaq.

Oxucuların ixtiyarına verildiyi gündən böyük maraqla qarşılanan əsərin əsasında tamaşanın hazırlanması tarixi roman sevənlər, tarixi şəxsiyyətlərimiz, hökmdarlarımız haqqında doğru-düzgün məlumatın çatdırılmasının vacibliyini vurğulayanlar tərəfindən müsbət qarşılanıb. Adı keçən əsər əsasında tamaşanın hazırlanmasından sevinc hissi keçirən insanlardan biri də, tariximizin, Azərbaycan həqiqətlərinin bugünki nəslə çatdırılmasında, dünyanın müxtəlif ölkələrində təbliğ olunmasında böyük səy nümayiş etdirən millət vəkili Qənirə Paşayevadır. Xanım millət vəkili “Nadir Şah” romanı, yeni hazırlanan tamaşanın əhəmiyyəti haqqında fikirlərini bizimlə bölüşdü. Öncə müəllifi təbrik edən  Q.Paşayeva tariximizlə bağlı doğru araşdırmaların aparılmasının çətin olduğu illəri də xatırlatdı: “Yunus Oğuzu  tariximiz, tarixi böyük şəxsiyyətlərimizlə bağlı bu cür romanlar yazması münasibətilə bir daha təbrik edirəm.. Gənclərimizə tariximizin,  liderlər və qəhrəmanlarımızın daha yaxından tanıdılması üçün bu cür romanların çox böyük əhəmiyyəti var. Sovet hakimiyyəti illərində uzun illər tariximiz, böyük şəxsiyyətlərimiz, qəhrəmanlarımızla bağlı  doğru məlumatlar üzərində araşdırmalar aparmaq, yazmaq çox çətin məsələ idi. Amma artıq müstəqilliyimizi əldə etdikdən sonra bu cür araşdırmalara çox böyük bir ehtiyac var idi. Bu baxımdan da tariximizlə  bağlı həqiqətlərin müxtəlif əsərlər, romanlar şəklində yazılması, səhnələşdirilməsi, tamaşalar qoyulması, hətta filmlər çəkilməsi vacibdir. Mən çox istəyərdim ki, bu əsərlər filmlər şəklində də çəkilsin. Bu da çox önəmlidir. Bu gün görsəlliyin, filmlərin insanlara çox böyük təsiri var.  Ona görə də Yunus Oğuzun “Nadir Şah” əsərinin səhnələşdirilməsinə çox sevinirik”.

Millət vəkili bildirdi ki, Nadir şah Azərbaycanın -Türk dünyasının tarixində mövcud olan böyük şəxsiyyətlərdən, liderlərdən biri olub. “Təəssüfləndirici məqam odur ki,  onun haqqında sovet imperiyası daxilində yaşadığımız  dövrdə lazımi, doğru məlumatlar yox idi”-deyən millət vəkili  Nadir şahın böyük bir şəxsiyyət olduğunu, onun dövrünün  tariximizdə  çox önəmli bir səhifə tutduğunu vurğuladı: “Nadir şahı-Türk dünyası üçün böyük işlər görmüş lideri yetəri qədər nə Azərbaycan, nə də dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan gəncləri  tanımırdılar. Eləcə də, Türk dünyası bu şəxsiyyəti o qədər də yaxşı tanımırdı. Bir azərbaycanlı, Türk millətinin  mənsubu olaraq belə əsərlər görəndə çox sevinirəm. Amma mənim öz ailəm, ailəmin yarısı   Nadir şah Avşarın ailəsinin davamı olduğuna görə onun haqqında yazılması, tamaşa hazırlanması  mənim üçün daha böyük sevincdir. Mən bir Azərbaycan türkü olmaqla bərabər, Nadir şah  Avşar ailəsinin varislərindən olaraq hər zaman Yunus Oğuza xüsusi təşəkkür edirəm ki, onun haqqında belə gözəl araşdırmalar aparır”.

Q. Paşayeva onu da bildirdi ki, həyata keçirdikləri “Qarabağdan Anadoluya könül körpüsü” layihəsi çərçivəsində Türkiyədən 8 nəfərlik heyət Azərbaycana gələcək. Onların içində araşdırmaçılar, tədqiqatçı və jurnalistlərin olduğunu deyən millət vəkili “Nadir Şah” tamaşasının premyerasına qonaqları ilə birlikdə gələcəyini bildirdi. Onun sözlərinə görə, Türkiyədən olan qonaqlarımızın  tamaşanı görməsi, qardaş Türkiyədə daha da yayılmasında dəstək göstərmələri  çox önəmlidir: “Yunus Oğuzun buna qədər də  Türk dünyasının bir neçə böyük tarixi şəxsiyyətləri haqqında kitabları olub. Nə qədər tarixi şəxsiyyətlər haqqında kitablar yazılarsa, tamaşalar qoyularsa, filmlər çəkilərsə, bu, gəncliyimizə tariximizi daha yaxşı öyrətmək, gələcəyə daha güclü şəkildə getməsinə imkan yaratmaqla bərabər, dünyaya da tariximiz, böyük şəxsiyyətlərimizi   duyurmamız üçün çox önəmlidir. Biz Nadir şah hakimiyyətinin, şəxsiyyətinin izlərini səfərlərdə olduğumuz zaman Pakistan və Əfqanıstana qədər geniş bir coğrafiyada görə bilirik.  Yunus bəylə yanaşı,  bu əsəri səhnələşdirən heyətə də təşəkkür edirəm. İnanıram ki, tamaşaçılar üçün böyük məna daşıyacaq bir işdir”.

 

Aygün

 

Olaylar.- 2014.- 20-22 dekabr.- S.4.