Milli Həmrəylik Günü diasporanın

formalaşmasında mühüm yer tutur

 

Azərbaycanlılar minilliklər boyu özlərinin tarixi torpağı olan Azərbaycan ərazisində yaşayaraq, bəşər sivilizasiyasına böyük töhfələr veriblər. Lakin amansız müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanıb, azərbaycanlıların bir qismi yurd-yuvalarından didərgin salınıb, deportasiyalara məruz qalıb. Nəticədə iş həmvətnlərimiz iş tapmaq, təhsil almaq məqsədi ilə doğma Vətəni tərk edərək başqa ölkələrdə məskunlaşıblar. Hazırda dünyanın hər yerində azərbaycanlılar yaşayırlar. Nəticədə Rusiyada, Ukraynada, Müstəqil Dövlətlər Birliyinin digər ölkələrində, Baltikyanı ölkələrdə, Avropada, Amerikada, Şərq ölkələrində iri Azərbaycan icmaları yaranmışdır.

Amma o da faktdır ki, uzun bir dövr ərzində Vətəndə yaşayan azərbaycanlılar başqa ölkələrdə məskunlaşmış həmvətənliləri ilə görüşmək, əlaqələr yaratmaq imkanından məhrum olublar. Sovet dövlətinin qadağaları qardaşın qardaşla görüşməyinə imkan verməyib. Məhz Sovet rejiminin zəifləməyə başladığı 1980-ci illərin sonlarında Azərbaycan xalqı öz həmvətənləri ilə əlaqələr yaratmaq üçün səylərini artırdı. SSRİ-nin süqutunun son günlərində Azərbaycan milləti Arazın hər iki sahilində sərhəd yürüşü təşkil edərək dəmir tikanlı məftilləri qırmağa nail oldu. İki totalitar dövlətin ciddi təzyiqlərinə baxmayaraq, özünü suya vuran millət öz doğma qardaş-bacısına qovuşa bildi. Beləliklə, Azərbaycanlıların vahid bir millət olduğu dünyaya sübut olundu. Məlumdur ki, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyulub. O vaxt Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu zaman İstanbulda türkdilli xalqların Konfransı keçirilirdi. Konfrans da dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verdi. Beləliklə 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Bununla 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməyə başladı. Artıq 23 ildir ki, her il dekabr ayinin 31-də böyük fəxarətlə butun Dünya Azərbaycanlilarinin Milli Həmrəylik Gunu kimi yad edilir. Məlum olduğu kimi hazırda dunyada bir necə on milyonlarla azərbaycanlilar yaşayir. Onlar yalniz oz Vətənində- Azərbaycan Respublikasinda deyil, hətta Turkiyə, Almaniya, Fransa, Boyuk Britaniya, Skandinav ölkələrində, ABŞ-da, Yaxin Sərq ölkələrinin ictimai-siyasi həyatında fəallıq nümayiş etdirilər. Belə bir şəraitdə müstəqil Azərbaycan Respublikasinin yaranmasi, Milli Həmrəylik Gününün təyin edilməsi azərbaycanlilarin oz mövqeyinin və süurunun artmasina böyük təkan verdi. Milli dirçəliş, milli əlaqələrin güclənməsi tələbi daha da artdi. Buna cavab olaraq, 1993-cu ildə Azərbaycan Respublikasi Prezidentinin fərmanı ilə 31 dekabr-dünya azerbaycanlıların həmrəylik günü elan edildi. İndi həmin gün dünyanın bir çox ölkələrində Azərbaycan içtimaiyyəti tərəfindən qeyd olunur.

   Sirr deyil ki, uzun müddət xaricə səpələnmiş soydaşlarımız yaşadıqları ölkələrin adət-ənənələrinə uyğun olaraq Yeni il bayramını təntənəli şəkildə qeyd ediblər. Məhz 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü çoxmilyonluq Azərbaycan diasporunun əziz bayramlarından biri olaraq müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların birlik rəmzinə çevrildi. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilən bu şərəfli ənənə gündən- günə daha geniş vüsət alır və Azərbaycançılıq ideologiyasının həyata keçirilməsində əvəzsiz rol oynayır. Son illərdə xüsusilə təşəkkül tapan və fəaliyyətini xeyli gücləndirən Azərbaycan diasporu yeni bir inkişaf mərhələsindədir. Xarici ölkələrdə yaşayan soydaşlarımızın hər biri vətəndən uzaqlarda Azərbaycanın nüfuzunu qorumaq, onun yüksəlməsi istiqamətində və diaspor işinin inkişafında əlindən gələni əsirgəmir. Azərbaycan dövlətinin, eləcə də Diasporla İş üzrə Dövlət Komitəsinin qayğısı, diqqəti və işgüzar dəstəyi Azərbaycan diasporunun işini daha da səmərəli edir. Çünki dərk edilir ki, qüdrətli Azərbaycanın daha da çiçəklənməsinə gedən yol məhz bütün azərbaycanlıların milli birliyindən keçir. Bu işdə milli birliyimizin rəmzi olan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü müstəsna rol oynayır.

Onu da qeyd edək ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü - Azərbaycan millətinin birlik rəmzinə çevrilib. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib.

Artıq Azərbaycanlıların yaşayıb, fəaliyyət göstərdikləri və çoxluq təşkil etdikləri Avropada bu tendensiya özünü yüksək səviyyədə göstərir. Bu da ondan irəli gəlir ki, Avropadakı Azərbaycan diaspor təşkilatları öz qüvvələrini səfərbər etməkdə ardıcıldırlar və bu ayrı-ayrı cəmiyyət üzvüləri üçün bir araya gəlmək, cəmiyyət və qurumlar halında birləşmək, baxımından dünyanın sivil nöqtələrindən biri olan Avropada mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib, Həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər.

Qədim tarixə malik xalqımız artıq Dünya Azərbaycanlılarının Həmrəylik Gününü uzun illərdən bəri yaranmış, qorunub saxlanılmış ənənələrinə, mədəniyyətinə, tarixi köklərinə xas olan ən xoş amal və duyğularla keçirir. Bu bayram ildən-ilə daha geniş vüsət taparaq ürəklərdə vətən eşqi, milli və mənəvi birlik, həmrəylik hissləri bəsləyən hər bir soydaşımız tərəfindən güclü dəstək alır. İyirmi üç il öncə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə elan edilmiş milli-mənəvi birliyə çağırış günü ümumxalq mənafelərimizin həyata keçirilməsi naminə soydaşlarımızın azərbaycançılıq ideyası əsasında sıx birləşməsi prosesi bu gün də davam etməkdədir. Məlumdur ki, Azərbaycançılıq ideyası bitkin ideologiya kimi məhz müstəqillik dövründə Heydər Əliyev tərəfindən formalaşdırılmışdır. Ulu öndərin hakimiyyətə tarixi qayıdışı bütün sahələrdə olduğu kimi, diaspor quruculuğu və dünya azərbaycanlılarının həmrəyliyi istiqamətində də yeni vəzifələrin meydana gəlməsinə və yeni ideyaların başlanmasına rəvac verdi. Dahi rəhbər böyük inamla dünya azərbaycanlılarının bir amal və bir məslək uğrunda fəal mübarizə aparması işinə başladı və bu çətin problemi öz möhkəm siyasu iradəsi nəticəsində həyata keçirdi. Konkret olaraq dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması milli diasporun formalaşmasında, xarici ölkələrdə Azərbaycan lobbisinin inkişafında başlıca məqamlardan biri oldu. Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra ölkədə davamlı sabitlik və iqtisadi tərəqqinin əsası qoyulmaqla yanaşı, milli birliyə nail olundu, azərbaycançılıq anlayışı milli təfəkkür tərzinə çevrildi, Azərbaycan dünyanın ayrı-ayrı ölkələrində məskunlaşmış soydaşlarımız üçün milli iftixar, mənəvi dayaq və güvənc yeri oldu. Ona görə ən yeni tariximizdə dünya azərbaycanlıların milli həmrəyliyinə nail olunması ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən biridir.

Bu gün xalqımızın söz, əqidə və əməl birliyinə nail olmaq üçün Azərbaycan dövləti tərəfindən görülən işlərin miqyası ildən-ilə genişlənir. Dünyanın dörd bir yanına səpələnmiş on milyonlarca azərbaycanlı gücün birlikdə olması həqiqətini getdikcə daha aydın dərk edir. Azərbaycan diasporları və icmaları arasında bağlar möhkəmlənir, soydaşlarımız milli hüquqların müdafiəsi işində bir-birinə dayaq durur, tarixi Vətənlə əlaqələrini gücləndirirlər. Onlar yaxşı başa düşürlər ki, milli-mənəvi bütövlüyün möhkəm təməli üzərində qurulan Azərbaycan bütün soydaşlarımızın və həmvətənlilərimizin güvənc yeri olan qüdrətli bir dövlətə çevrilib. Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının doğma ata-baba yurdudur. Odur ki, Asiyada, Avropada, Amerikada və digər qitələrdə məskən salmış soydaşlarımız Vətəndə baş verən ictimai-siyasi prosesləri diqqətlə izləyir, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi heyrətamiz uğurlarla fəxr edirlər. Müstəqil Azərbaycan Respublikası tarix baxımından çox qısa bir dövr ərzində qərinələrə bərabər inkişaf yolu keçmişdir. Bu gün Azərbaycanımız dünyanın iqtisadi cəhətdən ən dinamik inkişaf edən ölkələri sırasındadır. Hüquqi, demokratik dövlət quruculuğu, vətəndaş cəmiyyəti yaradılması, bazar iqtisadiyyatının bərqərar edilməsi məqsədi ilə genişmiqyaslı islahatlar davam etdirilir. İnsan hüquqları və azadlıqları etibarlı surətdə təmin edilir, Azərbaycanın Avropa xalqları ailəsində nüfuzu artır. Elmi əsaslar üzərində qurulmuş xarici siyasət xətti ölkəmizin beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsini təmin edir. Azərbaycanın haqq səsinin dünya birliyinə çatdırılması üçün həyata keçirilən düşünülmüş tədbirlər müsbət nəticələr verir. Xalqımızın ağrılı yeri olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında ərazi bütövlüyü prinsipi beynəlxalq təşkilatlar və xarici ölkələr tərəfindən təməl prinsip kimi qəbul olunur. Bir sözlə, Azərbaycan Prezidenti İlham Əliyevin dünya azərbaycanlılarının birləşməsi sahəsində gördüyü prinsipial işlər xalqımız və bütün dünya azərbaycanlıları tərəfindən yüksək qiymətləndirilir. Məhz bu mənəvi birlik və milli həmrəylik dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsinə və bu yolda yeni uğurlar qazanılmasına xidmət edir.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına

Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 23 dekabr.- S.3.