365 gün davam edən anım günü
Öz
aramızdır, onu nəvaxt unutduq ki, bir gün xatırlayaq?
Onun barəsində rəsmən
çox danışılıb, çox yazılıb,
çox göstərilib. Hər söhbətdən,
hər yazıdan, hər filmdən sonra hələ deyilməmiş,
yazılmamış, göstərilməmiş çox
şeylərin qaldığı hiss olunur. Ən çox sadə
insanların öz xatirəsi, öz münasibəti, öz
mövqeyidir qalan. Öz aramızdır, ən radikal bir kimsənin
də Heydər Əliyev barədə etməyə
çox etirafları var. Hamının qəbul etdiyi
bir etiraf öndədir: “O bir fenomen idi!”
Daxili etirafların dilə gətirilməsi cəmiyyətdə
səmimiyyət və şükranlıq yaradar.
Heydər
Əliyevin ölümündən artıq düz 11 il keçir. 2003-cü il
dekabrın 12-i Azərbaycan tarixinə öz
möhürünü qara rəngdə vurub. Öz
aramızdır, adam onun həyatda
olmadığına heç inana bilmir. Çünki hər
yanda onun dühası, onun ideyalarının təntənəsi,
onun qoyduğu bünövrələrin nəticəsi, onun əkdiyi
toxumların meyvəsi
görünür. Bəzi şəxslər
onun ölümündən sonra ölkənin dərin
boşluğa düşəcəyini, yenidən vətəndaş
qarşıdurması, xaos yaranacağını, qurduğu hər
şeyin alt-üst olacağını düşünür və
bədbinliyə qapılırdı. Amma
bunların heç biri olmadı. Əksinə,
ondan sonra hər şey elə onun istədiyi, onun
arzuladığı və təməlini qoyduğu kimi
çox uğurla davam etdi və etməkdədir. Çünki bu aqibətin arxasında əməli-saleh
bir insanın dühası dayanır. Rus
publisisti Karaulov onu “hakimiyyət ustası”
adlandırmışdı. Yaşlı bir kişinin
qarışıq zamanda, müharibə aparan və xaos
yaşayan bir ölkədə sıfırdan və həm də
mükəmməl bir dövlət qurması, öz
aramızdır, hər kişinin işi deyil! Karaulovu da valeh edən bu oldu. İndi
Azərbaycana gələn xarici ölkə
başçıları burada çox ustalıqla
hazırlanan və yüksək səviyyədə həyata
keçirilən adi protokol xidmətinə nəzarən
heç də kiçik bir dövlətə gəlmədiklərinə
əmin olurlar. Hətta oturuşmuş,
minilliklərə söykənən dövlətlərin bir
çoxunda idarəetmə mexanizmində boşluqlar
özünü göstərməkdədir. Azərbaycanda keçirilən hər hansı bir
qurultayda, konfrans, müsabiqə, yarış, festival və turnirdə
hamı birinci növbətə təşkilati işin səviyyəsindən
razılıq edir. Yüksək təşkilatçılıq
məharəti onun irsidir. Hər bir xalq özünün seçdiklərinə,
xüsusən də öz dövlət
başçısına layiqdir. Azərbaycan xalqı
yaxın-uzaq keçmişdə Heydər Əliyev qüdrətində
çox az şəxsiyyət yetişdirdi. Bunda
həm də Allahın lütfü şəksizdir.
Elə bilirsiniz hər dövlət
başçısına müqəddəs Kəbə evinin
içərisinə daxil olmaq nəsib olur? Heç bir faizinə də
nəsib olmur!
Öz
aramızdır, hər general da 40 il general
mundirini daşıya bilmir. İctimai –siyasi həyatı dərk
etməyə başladığımız uzaq 1969-cu il sanki dünən idi. 7-ci sinifdə
oxuyurduq. Lənkəran şəhərinin 3 saylı orta
məktəbi o
vaxt indi üçün
köhnə bir binada yerləşirdi. Bu binada
zaman-zaman nələr yerləşməmişdi? Son təyinatı orta
məktəb idi. Məktəb binası birmərtəbəli
olsa da, həcmcə çox böyük və əhatəli
görünürdü. Məktəbin dəhlizi
siniflər qədər enli amma yüz metrdən daha uzun idi.
Məktəb həyəti daha böyük olsa da tənəffüslərdə
şagirdlər həyətdən
daha çox dəhlizə meyl göstərirdilər.
Çünki bu dəhliz boyu divarlar çox maraqlı,
baxımlı, rəngarəng panolar, foto-stendlər, guşələr,
deyimlər, portretlər, divar qəzetləri, sərgilər və
naxışlarla zəngin idi. Dəhlizin bir
üzündən o biri başına kimi yüyürək
gedib gələnə kimi tənəffüs bitirdi. Divar qarşısında hər zaman dəstə-dəstə
şagird yığışıb nəyəsə tamaşa
edirdi. Ən çox
tamaşaçının toplandığı yerdə bu dəstə
dəhlizin yarısına qədərini tuturdu. Orada divara Azərbaycanlı generalların fotosu
vurulmuşdu. Sağ olan yeganə
general Heydər Əlirza oğlu Əliyev idi. O həm də
respublikanın hakim Kommunist Partiyasının yenicə birinci
katibi seçilmişdi. Əksəriyyətimizin əlçatmaz
hesab olunan iki arzumuz vardı: kosmonavt və general olmaq. Öz
aramızdır, general olmaq istəyənlərin hamısı
inşa müsabiqəsində özünə yalnız bir nəfəri
ideal götürür, ona oxşamaq istəyirdi: Heydər
Əliyevə!
Adamlar partiya-sovet funksionerləri barədə çox
danışmaz, ehtiyat edərdilər. Amma birdən –birə
Heydər Əliyev barəsində söz-söhbətlər
yayılmağa başladı. Dedilər ki, dəmiryolu fəhləsinin
oğlu öz savadı, zəkası və bacarığı
hesabına DTK-nın sədri, general, indi isə
respublikanın yeni birinci katibi ola bilib! Sonralar danışırdılar ki, o öz
libasını dəyişib, tək-tənha ölkəni gəzməyə
çıxır; qəflətən “JEK”-də
görünür, şikayətçilərdən biri kimi
rüşvətxor müdiri ifşa edir. Tarlada
pambıq yığan kolxozçu, tütün sərən
tütünçü, çayçı, əkinçi,
beton qarışdıran tikinti fəhləsi, neftçi, milis
işçisi qəflətən yanında onu görür,
onunla ünsiyyətdən qürurlanır, sonra xarüqələr
yaradırdı. Eşidirdik ki, o vaxt sovxoz direktorları,
idarə rəisləri, müəssisə direktorları,
şöbə müdirləri onu tanımadan qəbul edir, əslində
kim olduqlarının hesabatını
vermiş olurdular. Çox rüşvətxorun,
bürokratın, süründürməçinin yerindəcə
ifşa olunması barəsində rəngarəng şayiələr
dolaşırdı. Hətta avtobus
sürücüləri də özünü
yığışdırmağa başlamışdılar.
Ölkədə bir şüar insanların xoş sabaha
inamını artırmışdı: “Qoy ədalət zəfər
çalsın!”
Əski Sovetlər Birliyinin rəhbərliyi
müsəlman, türk xalqlarına ən kiçik fərdi nəaliyyəti də
çox görürdülər. Hətta
böyük filmlərimiz də yalnız “Mosfilm”lə birlikdə
çəkilməli, onun senzurasının altında
yaradılmalı idi. Ünlü alimlərimiz
Moskvaya cəlb olunur, doktorluq dissertasiyalarının əksəriyyəti
Moskvada müdafiə edilirdi.
Əksər zavod və fabrikimiz öz məhsulunu
sıfırdan sonacan istehsal edə bilmirdi. İstehsal müəssisələrimiz digər
respublikalardan asılı idi. Öz aramızdır, məhz
Heydər Əliyev
bir çox sahələr üzrə elmi müdafiə
səlahiyyətlərini də ölkəyə gətirdi. O
vaxt biz anlamırdıq ki, kənd təsərrüfatında
nə üçün pambıq, üzüm, tərəvəz
əsas prioritet məhsula çevrilib. Biz sonradan başa düşdük ki,
bu məhsullar üzrə sıfırdan sonacan istehsal Azərbaycana
aid olur, ona Rusiyanın hər yerində ehtiyac yaradılır.
Beləcə, uzaq Moskva və Leninqradla yanaşı
Vladivastokda, Murmanskda, Arxangelskdə, Kamçatkada da Azərbaycan
istehsalı olan portfeynlər, “Ağdam” şərabı,
tomatlar, konservlər, cemlər, kələm, pomidor, quru
çay, sitrus məhsulları məşhurlaşmağa
başlamışdı. Qafqaz dedikdə
yalnız gürcülər, ermənilər
xatırlanardı. Artıq Qafqazda Azərbaycan
populyarlaşmışdı. 1988-ci ildə
Moskvanın mərkəzində böyük bir ticarət Mərkəzində
əvvəl növbə tutub, sonra nə satılması ilə
maraqlandıq. Adamlar Lənkəran pomidoru
üçün növbəyə durmuşdular.
Azərbaycan
neft sənayesinin patriarxı olmaqla yanaşı, böyük
bir imperiyanın həm
də qida tələbatında hegemonluğu tədricən
öz əlinə alırdı. “Kommunist”, “Bakinski
raboçiy”, “Azərbaycan gəncləri” qəzetlərinin 2,
3 səhifəsi ölkənin təsərrüfat və
iqtisadiyyat xəbərlərini, nəaliyyətləri,
göstəriciləri, əmək adamlarını əhatə
edirdi. Heydər Əliyevin şəkli
bütün təsərrüfat sahələrində əks
olunurdu. O bütün günü ölkəni gəzir,
insanlara stimul verir, əmək sürətini artırır,
iş keyfiyyətini yaxşılaşdırırdı. Bunun nəticəsində insanlar öz əməyinin
qəhrəmanına çevirilirdilər. Hər rayonda
hər il Məhsul bayramları
keçirilirdi. Bu bayramlarda əmək
adamlarına ən qiymətli hədiyyələr, həm də
avtomobil hədiyyə olunurdu. Köhnə
ittifaq üzrə təkcə Azərbaycanda əmək qəhrəmanlarına
şeirlər, oçerklər, mahnılar, rəsmlər,
filmlər həsr edilirdi. Sosialist Əməyi Qəhrəmanı
fəxri adını 1969-cu ildən 1982-ci ilədək keçən cəmi
15 il ərzində alan şəxslərin sayı onun təsis
edildiyi 1938-ci ildən 1969-cu ilə kimi 31 il ərzində almış
şəxslərin sayından bir neçə dəfə
çox idi. Ədəbiyyat və incəsənət
xadimləri onu özlərinin əvəzsiz hamisi hesab edir, ona
güvənir, ona arxalanırdılar. O ədəbiyyat
xadimlərimizdən Nəriman Nərimanovun (1972), Nəsiminin
(1979), Cəfər Cabbarlının (1982), Hüseyn Cavidin
(1993) və digər şair və nasirlərin Bakıda və
rayonlarda abidələrini
qoydurdu, adına küçələr verdirdi. Öz aramızdır, “Kitabi-Dədə Qorqud”
dastanını bütün türk xalqları sevir, qəbul
edirdi. İlk dəfə H.Əliyev onun Azərbaycan
oğuz türklərinə mənsubluğunu və 1300 illik
tarixini bütün dünyaya car çəkdi və təsdiq
etdirdi.
Ona qədər bircə
akademik sənət və ədəbiyyat adamı layiqli qiymətini
almamışdı. Öz aramızdır, Qara Qarayevə,
Rəşid Behbudova, Niyaziyə, Fikrət Əmirova,
Süleyman Rüstəmə, Mirzə İbrahimova, Rəsul
Rzaya və digərlərinə o olmasaydı, kim idi Sosialist
Əməyi Qəhrəmanı fəxri adını verən?
Heydər
Əliyevin özünü isə SSRİ hökuməti əmək
qəhrəmanının qızıl ulduzu ilə iki dəfə
( 1979, 1983) təltif etmişdi. Sovet
Respublikalarının rəhbərləri arasında bu fəxri
ada əksəriyyət heç bir dəfə layiq
görülə bilmirdi.
Sovet
respublikalarının başçıları arasında bu vəzifədə
13 il dayaq gətirib, sonra da nəhəng respublikanın hakim
partiyasının Siyasi Bürosuna seçilmək, Nazirlər
Soveti sədrinin birinci müavini səviyyəsinə qədər
yüksəlmək də hər
başçıya nəsib olmamışdı. Sədrin siyasi işlərlə məşğulluğunu
və digər qayğıları nəzərə alsaq, 1-ci
müavin Nazirlər Sovetinin əsas siması demək idi.
Bu, artıq Sovet hökumətinin de-fakto başçısı
sayılırdı. Müsəlman türk xalqları
arasında təkcə Qazaxstan KP MK-nın birinci katibi Dinmühammed
Kunayev Siyasi Büro üzvü vəzifəsinə yüksəlmiş
və bu zaman Qazaxstanın ərazi baxımından ölkənin
2-ci böyük respublikası olması daha çox nəzərə
alınmışdı. Amma o da hökumət
üzvü və ya müavin deyildi.
H.Əliyevin Nazirlər Sovetində 5
illik səmərəli fəaliyyətini nəzərə
alaraq sonralar ruslar Sov.İKP.MK-nın Baş katibi vəzifəsinə
Heydər Əliyevi gətirmədiklərinə görə peşman
olmuşdular. O, nəinki SSRİ-ni dağılmağa
qoymazdı, onu dünya lideri səviyyəsinə qaldırar və
bütün dünyanı sosialist düşərgəsinə
çevirərdi.
Dünyanı idarə edən qüvvələr Azərbaycanı
Rusiyanın bir vilayəti səviyyəsində görmək,
ölkəmizi parçalayıb paylaşdırmaq niyyətində
idilər.
Etnik separatizmlə Azərbaycanın parçalanmasına start
verilmişdi. 1993-cü ildə o gəldi və hamını
mat vəziyyətinə qoyaraq, son anda ölkəni və
xalqı xilas elədi. Bunu bacara biləcək
başqa bir şəxsiyyət yox idi. O nəinki, ölkəni
xilas etdi, həm də onu bütün beynəlxalq tribunalarda ləyaqətlə
təmsil edə bildi. Xəzər sahillərində 5 ölkə
yerləşsə də, 1994-cü ildə bütün
dünya nəhənglərini Azərbaycana cəlb etməyi,
ölkəni neft nəhəngi və Xəzər neftinin sahibi
kimi təqdim etməyi, xristian Qərbin əl-ayağını
əsrin neft müqaviləsilə bağlamağı məhz
o bacardı. Xristian təəssübkeşliyi
ilə Ermənistanı müdafiə edən ölkələr
bir həmlə (bir müqavilə) ilə Azərbaycana xidmətə
məhkum edildilər.
Öz
aramızdır, düşmən Ermənistanın ən
güclü zamanında öz havadarları ilə Azərbaycan torpaqlarını
büsbütün işğal etməsi ərəfəsində
birdən-birə “Atəşkəs” sazişinə məcbur
edilməsi ermənilər tərəfindən hələ də
dərk olunmur. Ötən dövr ərzində
isə Azərbaycan həm siyasi, ictimai, iqtisadi, həm də hərbi
cəhətdən xeyli gücləndi. Məhz
onun 10 illik prezidentliyi dövründə ölkəmiz yenidən
dirçəldi, çiçəkləndi. Heydər Əliyevin qurduğu Azərbaycan indi həm
işğal altında olan, həm də tarixi torpaqları azad
etmək iqtidarındadır. Silahlı
qüvvələrimizin düşmənə verdiyi hər
tutarlı cavabdan sonra xarici havadarlar indi Azərbaycanın
qapısına yalmanmağa gəlir.
Öz aramızdır, məhz Heydər Əliyevin öz
ailəsindən ona ən layiqli davamçı çıxa
bilərdi. Varisi İlham Əliyev
atasının qoyduğu kursla ölkəni irəli aparmaqdadır!
Öz aramızdır, 2009-cu ildən etibarən
bütün dünya ölkələri iqtisadi böhran
içərisində çabalayır. Amma
H.Əliyevin şah əsəri olan Azərbaycan dövləti
nəinki bu böhranı yaxına buraxmır, üstəlik
2012-ci ildə “Evroviziya” mahnı müsabiqəsini
keçirdir. Olimpiyanın vətəni
sayılan Qərbi Avropa bircə dəfə və ayrıca
Avropa olimpiya oyunlarını keçirə bilmədiyi halda Azərbaycan
2015-ci ildə 1-ci Avropa Olimpiyadasını keçirəcəkdir.
Sovet
Ordusu sıralarında “Günəşli Azərbaycan”dan
olduğumuzu eşidən hər kəs birinci olaraq Heydər Əliyevin adını
çəkirdi. Ölkənin adına bərabər
nüfuz qazanan şəxs əlbəttə ki, o xalqın ən
böyük övladı, ulu öndər və ümummilli
lider sayılmalı idi. Öz aramızdır, bütün digər
mərhumlar ildə bir dəfə yad edilə bildiyi halda təkcə Heydər
Əliyev bütün il boyu anılır, yad edilir, ondan iqtibas
olunur və ölkə hər gün onun çəkdiyi yol xəritəsilə
gələcəyə gedir. Öz
aramızdır, Heydər Əliyev barəsində yenə də
çox şey deyə bilmədik.
Hafiz Mirzə
www.hafizmirza.com
Olaylar.- 2014.- 23 dekabr.- S.4.