“Vətəndən kənarda yaşayan soydaşlarımızın

üzərinə böyük məsuliyyət düşür”

 

Müsahibimiz AMEA Tarix İnstitutu “Azərbaycan diasporu” şöbəsinin elmi işçisi Zəminə Əsgərovadır.

“Bu gün Azərbaycan diasporunun ən geniş və intensiv fəaliyyət göstərdiyi ölkə Rusiya Federasiyasıdır. Rusiyada Azərbaycan diasporunu təmsil edən işgüzar, güclü fəaliyyət mexanizminə malik bir qurum –Ümumrusiya Azərbaycanlıları Konqresi tarixi bir zərurətdən yaranıb və önəmli vəzifələri yerinə yetirməkdədir”.

-Zəminə xanım, bu gün ermənilər dünyanın müxtəlif ölkələrində ölkəmizə qarşı qərəzli təbliğat aparır. Bu baxımdan vətəndən kənarda yaşayan soydaşlarımızın üzərinə hansı vəzifələr düşür?

-Bu gün Azərbaycana qarşı, dünyanın demək olar hər yerində ermənilər tərəfindən aparılan qərəzli təbliğatın vaxtında ifşa edilməsi üçün vətənimizin hüdudlarından kənarda yaşayan soydaşlarımızın üzərinə böyük məsuliyyət düşür. Bu məqsədlə Fransada Azərbaycanın ərazisi, əhalisi, inkişaf səviyyəsi  ilə bağlı dəyərli məlumatlar verən “Qafqazın məlumatlı coğrafi-siyasi atlası” çapdan çıxıb. Ölkəmizə geniş yer ayrılmış bu nəşrdə Dağlıq Qarabağ Azərbaycanın ərazisi, ayrılmaz tərkib hissəsi hesab edən müəlliflər onu işğal olunmuş ərazi kimi xüsusi işarələrlə təqdim ediblər. Burada Xocalı faciəsi barədə məlumat verilib, ermənilərin törətdikləri vəhşiliklər diqqətə çatdırılıb, qətlə yetirilən, yaralanan, itgin düşən soydaşlarımızın sayı göstərilib. Atlas Qafqaz. Xüsusilə Cənubi Qafqazda yerləşən dövlətlər barədə fransız oxucularında geniş təsəvvür yaratmaq baxımından böyük əhəmiyyət kəsb edir.

-Daha hansı nəşrlərdə Azərbaycanla bağlı məlumatlar yer alıb?

-Avstriyanın “Editson KAPPA Mədəniyyət və ünsiyyət” nəşriyyatı tərəfindən çap edilmiş “Gümüş açarla bağlanmış” antologiyası ədəbiyyatımızın dünya miqyasında təmsil olunmasına layiqli bir töfhədir. Antologiyada Azərbaycan ədəbiyyatına həsr olunmuş hissə klassik şairimiz İmadəddin Nəsimin şeiri ilə başlayır. Kitaba Əhməd Şmidlinin tərcüməsində “Kitabi-Dədə Qorqud” dastanından “Basatın Təpəgözü öldürməsi” boyu da daxil edilib. Antologiya vasitəsilə XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri-Səməd Vurğun, Rəsul Rza, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Əli Kərim, Fikrət Qoca  və Vaqif Səmədoğlunun müxtəlif illərdə alman dilində nəşr olunmuş və yeni tərcümə edilmiş şeirləri avstriyalı oxuculara təqdim edilib.

-Dünyanın müxtəlif şəhərlərində fəaliyyət göstərən mədəniyyət evləri barəsində nə deyə bilərsiniz?

-Avropanın müxtəlif şəhərlərində-Vyanada “Azərbaycan Kültür Cəmiyyəti”, Brüsseldə “Azərbaycan kültür evi”, “Azərbaycan Mədəniyyət və İnformasiya Mərkəzi”,  Kopenhagendə “Azərbaycan kültür cəmiyyəti”, Mançestr şəhərində “Azərbaycan mədəniyyət mərkəzi, o cümlədən İsveçdə, Almaniyada, İspaniyada Azərbaycan mədəniyyətinin geniş təbliği üçün bir çox mədəniyyət mərkəzləri yaradılıb. Həmin mərkəzlər tərəfindən Azərbaycan dilində qəzet və jurnallar nəşr edilir, radio və televiziya proqramlarında Azərbaycan dlinidə verilişlər yayımlanır. Ölkəmizin tarixi, mədəniyyəti ilə bağlı təbliğat xarakterli tədbirlər və imkan düşdükcə Azərbaycanın incəsənət ustaları ilə görüşlər keçirilir. İsveçrədə 30 mindən çox azərbaycanlını birləşdirən “Azərbaycan Federasiyası” fəaliyyət göstərir. Azərbaycan dilində yayımlanan “Savalanın səsi” radiosunda milli mədəniyyətimiz, tariximiz, ana dilimiz haqqında silsilə verilişlər səsləndirilir. “Azərbaycan Federasiyası” ölkəmiz haqqında müxtəlif kitablar və musiqimizlə bağlı kompakt disklər də hazırlayıb yayır. Soydaşlarımız Ukraynada, həmçinin Baltikyanı ölkələrdə də öz milli mədəniyyət mərkəzlərini qura biliblər. Latviyada “Azəri” cəmiyyəti mədəniyyətimizin təbliğ olunması, mədəni-kütləvi tədbirlərin keçirilməsi, həmçinin azərbaycanlı balalarının ana dilini unutmaması üçün “Bazar Günü” məktəbi təşkil ediblər. Hər bazar günü onlarla şagird Azərbaycan dilini öyrənmək üçün buraya toplaşır. Hər ay Latviya radiosunda 35-40 dəqiqəlik vaxt ərzində isə musiqimiz təbliğ olunur.

-Bəs Rusiyada vəziyyət necədir?

-Bu gün Azərbaycan diasporunun ən geniş və intensiv fəaliyyət göstərdiyi ölkə Rusiya Federasiyasıdır. Rusiyada Azərbaycan diasporunu təmsil edən işgüzar, güclü fəaliyyət mexanizminə malik bir qrup –Ümumrusiya Azərbaycanlıları Konkresi tarixi bir zərurətdən yaranıb və önəmli vəzifələri yerinə yetirməkdədir. ÜAK soydaşlarımızın Rusiya Federasiyasının müxtəlif vilayət və şəhərlərində yaratdıqları Azərbaycan cəmiyyət və təşkilatlarını birləşdirir. Konqresin ətrafında vətənimizin intellektual, vətənpərvər övladları, görkəmli ziyalılar toplanıb. Bu qurumun əməkdaşları arasında bəzi dövlət strukturlarında, ali vəzifə kürsülərində fəaliyyət göstərənlər də az deyil. Rusiya Federasiyasında Azərbaycan diasporunun təşəkkül tapmasında, iki ölkə arasında iqtisadi-mədəni əlaqələrin daha da möhkəmləndirilməsində onlar mühüm xidmətlər göstəririr. Konqres vətəndən kənarda ölkəmizi, millətimizi ləyaqətlə təmsil edir. Hər bir diaspor üçün ən ümdə vəzifə ana dilinin qorunmasıdır. Bu məqsədlə Rusiya Federasiyasının bir sıra bölgələrində “Bazar günü” məktəbləri, milli rəqs qrupları Azərbaycan uşaq teatrları təşkil olunur. Həmçinin həmvətənlərimizin mənəvi tələblərinə cavab verə bilən rus və Azərbaycan dilində xüsusi jurnallar, qəzetlər də nəşr olunur.

Rusiyada Azərbaycanın layiqincə təmsil edilməsindən danışırıqsa, Moskvada yaşayan ictimai xadim, Heydər Əliyev Fondunun Rusiya filialının rəhbəri, Moskvada nəşr olunan “Baku” jurnalının baş redaktoru, “Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı”nın sədri, Leyla xanım Əliyevanın xidmətlərini xüsusi vurğulamalıyıq. Leyla xanımın redaktoru olduğu “Bakı” jurnalı 7 ildir rus dilində nəşr edilir və bu  müddət ərzində böyük nüfuz qazanıb.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına

Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 24 dekabr.- S.3.