Qaradağ rayonunun sosial-iqtisadi inkişafı:

real vəziyyət və perspektivlər

 

Bakı şəhəri gündən-günə nəzərəçarpacaq dərəcədə gözəlləşir, çiçəklənir, sosial-iqtisadi baxımdan inkişaf edir. Bu gün şəhərimizdə gözoxşayan tikililər, paytaxtımızın mövcüd sanitar vəziyyəti, insanların rahat istirahətini təmin etmək üçün yaradılan parklar və müasir tipli yaşayış kompleksləri, beynəlxalq standartlara uyğun müxtəlif təyinatlı sosial obyektlərin yaradılması, yol infrastrukturunun dünya səviyyəsinə uyğunlaşdırılması ölkəmizin necə sürətlə inkişaf etdiyinin göstəricisidir. Bu tərəqqi təkcə paytaxtımızı deyil, respublikamızın bütün bölgələrini əhatə edir. Elə buna görə də dünyanın bütün ölkələrindən respublikamızın bir çox bölgələrinə turist axını ildən ilə artmaqdadır. Bakı şəhəri bu gün dünyanın ən gözəl və iqtisadi baxımdan öndə gedən şəhərləri sırasındadır. Sözsüz ki, şəhərimizin sosial-iqtisadi inkişafında 12 rayonun hər birinin öz payı vardır. 91 illik tarixi olan Qaradağ rayonu da bu baxımdan çox böyük əhəmiyyətə malikdir. Iqtisadiyyatın əsas sahəsini təşkil edən nef və qaz sənayesi müəssisələrinin məhz burada yerləşdiyini nəzərə alsaq Qaradağ rayonunun tam bir sənaye rayonu olduğunu söyləyə bilərik. Qaradağ rayonun tarixi keçmişinə kiçik bir ekskursiya edək: rayon inzibati ərazi vahidi kimi Puta-Şubanı mədəninin kəşfi ilə əlaqədar yaradılmışdır. 1923-cu ilin mayın 7-də Puta qəsəbəsindəki klubda ilk partiya konfransı kecirilmiş və rayonun əsası qoyulmuşdur. Rayon 1937-ci ilədək Mikoyan rayonu, 1956-cı ilədək Molotov rayonu, 1956-63-cu illərdə Qaradağ rayonu, 1963-66-cı illərdə Əzizbəyov rayonu, 1966-cı ildən isə yenidən Qaradağ rayonu adlandırılmışdır. Rayonun adı Zaqafqaziyada ilk dəmiryol stansiyalarından olan Qaradağ stansiyasının adı ilə bağlıdır. Hazırda Qaradağ rayonunun inzibati ərazi vahidliyinə 11 qəsəbə daxildir (Lökbatan, Sahil, Qobustan, Səngəçal, Ələt, Puta, Korgöz, Qızıldaş, Müşfiqabad, Ümid, Çeyildağ).

 

Paytaxtın sənaye mərkəzi

 

Ümumiləşdirərək vurğulaya bilərik ki, son illər ərzində rayon bir çox uğurlara imza atmışdır. Rayonda inkişafın təməli Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdən qoyulmuşdur. Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu, “3A” MMC-yə məxsus təhlükəsizlik sədləri və qalvanikləşdirmə və “Azərinşaatservis” MMC-nin şpal zavodları, “İnter Qlass” ASC-nin şüşə məmulatları zavodu, “Səngəçal” elektrik stansiyası, “Qaradağ Sement” ASC müəssisəsi, Bakı gəmiqayırma zavodu, “Akkord” qranit-mərmər zavodu, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksi, “AAC” Müasir Tikinti Materialları zavodu, “Holcim-Azərbaycan” ASC-nin yeni sement və Qaradağ metal konstruksiyalar zavodları, "Norm" sement zavodu, Qaz Emalı zavodu, "Gilan-Holdinq" Qaradağ Kərpic zavodu, Ə.Əmirov adına Neft-Qaz Çıxartma İdarəsi, N.Nərimanov adına Neft-Qaz Çıxartma İdarəsi, "Metanol CO", "Azərkarqo" MMC, "Maşınqayırma" ASC və sair müəssisələr yalnız rayonun deyil ümumilikdə bütün ölkənin sosial-iqtisadi sahələrdə inkişafını təmin edir. Eyni zamanda bu qədər sənaye obyektlərinin bir rayonda fəaliyyət göstərməsi, əhalinin məşğullunun artırılmasına,

ehtiyacı olan işsiz vətəndaşların ixtisasına uyğun işlə təmin edilməsinə çox böyük dəstəkdir. Yuxarıda qeyd etdiyim sənaye müəssisələrinin fəaliyyətinin statistik nəticələrinə baxsaq ötən illə müqayisədə bu ilin yekunlarının daha da ürəkaçan olduğunun şahidi oluruq. Bütün bunları real rəqəmlərlə vurğulamalı olsaq qeyd etməliyik ki, ötən doqquz ayın yekunlarına əsasən rayon üzrə sənaye məhsulunun ümumi həcmi 447,0 milyon manat, nəqliyyat sektorunda xidmətlərin həcmi 8,7 milyon manat olmuşdur, iqtisadiyyatın aparıcı sahəsini təşkil edən neft və qaz sənayesi müəssisələrində 430,0 min ton xam neft və 653,3 milyon kub metr təbii qaz hasil olunmuşdur, rayon üzrə 1,4 milyon ton sement, 97,2 min ton mişar daşı istehsal edilmişdir.

 

Mənzil-kommunal təsərrüfatı

sahəsindəki vəziyyətin təhlili

 

Mənzil-kommunal təsərrüfatı sahəsindəki vəziyyəti təhlil edərkən qarşılaşdığımız durumu qənaətbəxş hesab edə bilərik. Cari ildə rayonun elektrik enerjisinin təchizatının yaxşılaşdırılması istiqamətində 6 ədəd yeni kompleks transformator məntəqəsi quraşdırılmış, 144 ədəd transformator məntəqəsində profilaktik təmir işləri aparılmış, 61,2 min metr müxtəlif diametrli kabel və hava xətləri çəkilmişdir. Hal-hazırda rayonun Lökbatan və digər qəsəbələrində elektrik yarımstansiyalarının tikintisi davam etdirilir.

2014-2015-cü illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar tədbirlər planı işlənib hazırlanmışdır. Rayon ərazisində istehlakçıların fasiləsiz və normal təbii qaz yanacağı ilə təmin olunması məqsədilə uzun müddət istismar olunaraq yararsız vəziyyətə düşmüş qaz tənzimləyicilər və siyirtmələr yeniləri ilə əvəz edilmişdir. Yaşayış evlərinin qaz təchizatının yaxşılaşdırılması, həmçinin yol verilən itkilərin qarşısının alınması məqsədilə, mexaniki sayğacların yeni smart-kart tipli sayğaclarla əvəz edilməsi üçün müxtəlif diametrli küçə qaz xətləri çəkilmişdir. Bu ildə də qaz təsərrüfatının təhlükəsiz istismarının təmin edilməsi məqsədi ilə müxtəlif diametrli 16,7 min p/metr mövcud qaz xətti yenisi ilə əvəz edilmişdir. Xəttin çəkilməsi işləri hal-hazırda davam etdirilir.

Qış ayında olduğumuzdan sakinləri narahat edən əsas kommunal məsələlərdən biri də - yaşayış binalarının istiliklə təmin olunmasıdır. Belə ki, ötən illə müqayisədə bu il rayonun istilik təchizatı sahəsində xeyli irəliləyişlər olmuşdur: hazırkı qış mövsümündə rayon üzrə «Azəristiliktəchizat» ASC tərəfindən 96 bina, 10 orta məktəb, 4 uşaq bağçası və 3 səhiyyə obyekti istiliklə təchiz olunmuşdur. Proqram üzrə Lökbatan, Sahil, Ələt qəsəbələrinin bütün yaşayış binaları istiliklə təmin olunması nəzərdə tutulur.

Qaradağ rayonun bir hissəsi fasiləsiz içməli su ilə təmin olunur, bu təminat hər il daha da geniş əraziləri əhatə edir. Bunun üçün bir sıra işlər görülmüşdür. Belə ki, ötən dövr ərzində Qaradağ Sukanal İdarəsi tərəfindən 45 min p/metr yeni su xətti çəkilmiş, 4 min p/metr müxtəlif diametrli su xətti dəyişdirilmişdir, yeni sayğaclar quraşdırılmışdır.

 

Qaradağ rayonun sakinləri alternative

enerji mənbələrindən yararlanacaq

 

Alternativ və bərpa olunan enerji mənbələri üzrə Dövlət agentliyinin və xarici mütəxəsislərin apardığı araşdırmalara əsasən məlum olmuşdur ki, Qaradağ rayonu alternativ enerji mənbələrinin yaradılması üçün çox münbit ərazidir. Elə bu səbəbdən də 2014-cü ilin ortalarından inşasına başlanılmış Qaradağ rayonun Sahil qəsəbəsi yaxınlığındakı Günəş elektrik stansiyasında artıq 2000-ə yaxın günəş paneli quraşdırılmışdır. Təxminən 6 ha ərazini əhatə edəcək gücü 3 MVt olacaq bu stansiyanının tikintisinin 2015-ci ilin ortalarında başa çatdırılaraq istifadəyə verilməsi planlaşdırılır. Müasir avadanlıqlarla təchiz olunması nəzərdə tutulan bu stansiyada elektrik enerjisinin istehlakçıya itkisiz çatdırılması üçün bütün imkanlar yaradılacaqdır. Stansyanın tikintisində əsas məqsəd ətraf ərazinin yol-nəqliyyat sisteminin elektrik enerjisi ilə təmin olunmasıdır ki, bu da 30 km yolun alternativ enerji sayəsində işıqlandırılmasını mümkün edə bilər.

Rayonun ərazisi alternativ enerji mənbələrinin yaradılması baxımından perspektivli olduğundan anoloji stansiyanın Səngəçal qəsəbəsi yaxınlığında tikilməsi planlaşdırılır. Layihəyə əsasən, günəş elektrik obyektinin gücü 9 MVt təşkil edəcək. Yol qovşağı və rayon tipli olacaq bu stansiyanın istifadəyə verilməsi 2015-ci ildə nəzərdə tutulur. Alternativ enerji mənbələrinin daha bir növünün - külək elektrik enerji stansiyasının rayonun Lökbatan qəsəbəsində yaradılması nəzərdə tutulur. Artıq bu layihənin reallaşmasına Almaniya bankı maliyyə vəsaiti ayırıb. Çox böyük ehtimalla külək qurğularının quraşdırılması 2015-ci ildə gözlənilir. Lökbatanda yaradılan bu mənbə yalnız yerləşdiyi qəsəbəni deyil, elecə də yanaşı olaraq rayonun bir sıra qəsəbələrini alternativ enerji ilə təmin edəcək.

 

Sosial, iqtisadi və ekoloji sahələrdəki yeniliklər

 

Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət proqramı çərçivəsində Qaradağ rayonunda təhsil, səhiyyə, mədəniyyət və idman sahələri üzrə genişmiqyaslı işlər həyata keçirilmişdir. Belə ki, rayonda cari ildə 2 məktəb üçün əlavə tədris korpusunun və eləcə də Sahil qəsəbəsində “Gənclər” evininin tikintisinin başa çatdırılması, 8 uşaq bağçasının tikintisinin başa çatdırılması, Müşfiqabad və Qobustan qəsəbələrində körpələr evi-uşaq bağçalarının əsaslı təmirinin nəzərdə tutulması, Lökbatan qəsəbəsində 9 nömrəli musiqi məktəbi üçün yeni binanın inşasının başa çatdırılaraq istifadəyə verilməsi, Qızıldaş qəsəbəsində mədəniyyət mərkəzinin tikintisi, səhiyyə obyektlərinin əsaslı təmiri və tikintisi, Ələt, Qobustan, Puta və Səngəçal qəsəbələrində idman komplekslərinin tikintisinin davam etdirilməsi bu sahələrdə həyata keçirilən uğurlu işlərin göstəricilərindəndir. Bu il bütün bu tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi üçün 312,3 milyon manatdan artıq vəsait sərf olunmuşdur.

Qaradağ rayonu sənaye rayonu olduğundan burada kiçik və orta sahibkarlığın inkişafına dövlət tərəfindən xüsusi dəstək verilir. Hazırki Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət proqramı üzrə Qızıldaş və Qobustan qəsəbələrində müasir texnologiyanın tətbiqi ilə tikinti materialları müəssisələrinin yaradılması, rayon ərazisində müasir çörək istehsalı, ət kəsimi və emalı müəssisələrinin yaradılması, müxtəlif təyinatlı sənaye məhsulları isehsalı müssisələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanılması və topdan satışı üzrə logistika mərkəzinin tikintisi nəzərdə tutulur.

Rayonun ekoloji durumunun yaxşılaşdırılması istiqamətində də mühüm addımlar atılmışdır. Ümummilikdə, cari ildə rayonda çox böyük ərazini əhatə etmiş ot və yaşıllıq sahələri salınmış, minlərlə gül, müxtəlif növ ağac və bəzək kolları əkilmişdir. Ekoloji sabitliyin qorunması üçün Lökbatan və Qaradağ göllərinin sanitar vəziyyətinin yaxşılaşdırılması, məişət tullantılarının daşınması və utilizasiyası məqsədilə çeşidli və yükləmə-boşaltma məntəqəsinin yaradılması nəzərdə tutulub.

P.S. Məqalədən də məlum olur ki, son illər ərzində rayon icra hakimiyyəti rayonda çox müsbətyönümlü dəyişikliklərə imza atmışdır və öncəki illərlə müqayisədə rayon çox daha inkişaf etmişdir. Sözsüz ki, bu son deyil, görüləsi işlər hələ qabaqdadır və bu işlər uğurla davam etdirilir. Rayonda müasir sənaye obyektlərinin artırılması, iri ticarət mərkəzlərinin fəaliyyət göstərməsi, əhalinin həyat səviyyəsinin və mənzil-kommunal şəraitinin günü-gündən yaxşılaşdırılması, alternativ enerji mənbələrinin yaradılmasına təkan verilməsi və bu kimi sadalamağla bitməyən nailiyyətləri gördükdə əminliklə deyə bilərik ki, yaxın gələcəkdə Qaradağ rayonu şəhərimizin sənaye və iqtisadi baxımdan çox inkişaf etmiş rayonlarından birinə çevriləcəkdir.

 

Seymur Məmmədov

 

Qaradağ Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə təqdim etmək üçün.

 

Olaylar.- 2014.- 24 dekabr.- S.3.