“Diaspor təşkilatlarının

maraqlı layihələri var”

 

Mirkazım Seyidov: “Bu layihələr vasitəsi ilə dünya

ictimaiyyətinin diqqətini Azərbaycana yönəldə bilirik”

 

Bu gün Azərbaycan diasporunun ən geniş yayıldığı və mütəşəkkil şəkildə fəaliyyət göstərdiyi ölkələrdən biri də Rusiya Federasiyasıdır. Bu ölkədəki diasporumuzun fəaliyyəti, həyata keçirdiyi layihələrlə bağlı Novosibirskdə fəaliyyət göstərən Heydər Əliyev adına Beynəlxalq Forumunun prezidenti Mirkazım Seyidovla söhbətləşdik

 

-Mirkazım müəllim, qarşıdan 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü gəlir. Bu günün tarixi əhəmiyyəti barədə fikirlərinizi bilmək maraqlı olardı

- Dünya Azərbaycanlılarının Həmrəylik Günü-31 dekabr Azərbaycan millətinin ümumdünya birlik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib. Azərbaycanlıların yaşadıqları, fəaliyyət göstərdikləri və çoxluq təşkil etdikləri Avropa ölkələrində bu tendensiya özünü yüksək səviyyədə göstərir. Bu da ondan irəli gəlir ki, Avropadakı Azərbaycan diaspor təşkilatları öz qüvvələrini səfərbər etməkdə ardıcıldırlar və bu ayrı-ayrı cəmiyyət üzvləri üçün bir araya gəlmək, cəmiyyət və qurumlar halında birləşmək baxımından dünyanın sivil nöqtələrindən biri olan Avropada mühüm əhəmiyyət kəsb edir.

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı dünyanın əksəriyyət ölkəsində azərbaycanlılar tərəfindən yüksək səviyyədə qeyd olunur. Artıq Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib, Yeni il isə ikinci plana keçib. Həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycanəsilli diaspor nümayəndələri də qeyd edirlər.

Onu da qeyd edim ki, Azərbaycanlılar minilliklər boyu özlərinin doğma torpağı olan tarixi Azərbaycan ərazisində yaşayaraq dünya sivilizasiyasına böyük töhfələr veriblər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən müxtəlif ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanmış, azərbaycanlıların bir qismi öz yurd-yuvalarından didərgin salınmış, deportasiyalara məruz qalmış, bir-birindən ayrı düşmüşdür. İş tapmaq, təhsil almaq məqsədilə doğma yurdu tərk edərək başqa ölkələrdə qərar tutub yaşayan azərbaycanlılar da vardır. Beləliklə də, azərbaycanlılar tarixi Azərbaycan torpaqlarından bütün dünyaya yayılmışlar. Hazırda onlar dünyanın bir çox ölkələrində yaşayırlar. Rusiyada, Ukraynada, Müstəqil Dövlətlər Birliyinin digər ölkələrində, Baltikyanı ölkələrdə, Avropada, Amerikada, Şərq ölkələrində iri Azərbaycan icmaları yaranmışdır.

SSRİ-nin son günləri, Azərbaycan millətinin, Arazın hər iki sahilində sərhəd yürüşü, dəmir tikanlı məftilləri qırması, özünü suya vurub öz doğma qardaş bacısına qovuşmaları iki totalitar dövlətin ciddi təzyiqlərinə baxmayaraq, o taylı – bu taylı millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı, azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırdı. Həmrəylik günü bu birləşmək istəyinin simvolik nişanıdır.

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu vaxt İstanbulda türk dilli xalqların konfransı keçirilirdi. Konfrans da dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verdi.

1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayram edilir. Azərbaycanlılar bu gün ilə fəxr edir və onu qürurla qeyd edirlər.

-Artıq  Dünya Azərbaycanlılarının III qurultayından xeyli müddət keçib. Sizcə qurultayda qarşıya qoyulan vəzifələrin öhdəsindən diaspor təşkilatları nə dərəcədə gələ bilib?

-Bu gün Azərbaycan diasporu inkişaf dövrünü keçir. Bu istiqamətdə həyata keçirilən davamlı addımlar nəticəsində artıq demək olar ki, bütün ölkələrdə diaspor təşkilatlarımız mövcuddur. Bu təşkilatlar Azərbaycan həqiqətlərini dünyaya yaymaqla məşğul olurlar. Artıq nəticə də əldə olunub. Nəticə ondan ibarətdir ki, artıq bir sıra ölkələr Azərbaycanın ərazi bötüvlüyünü tanıyır, dəstəkləyir.

Dünya Azərbaycanlılarının III qurultayında qarşıya qoyulan məqsəd və vəzifələrlə bağlı onu deyə bilərəm ki, qurultayda prezident İlham Əliyev öz çıxışında bir sıra məsələlərə toxundu. O, çıxışında bildirdi ki, diaspor təşkilatları müdafiə yox, hücum taktikasına keçməlidir.

Dövlət başçısı qurultayda çıxışı zamanı qeyd etmişdir: “Diaspor təşkilatlarının fəaliyyəti, eyni zamanda, erməni lobbisinin Azərbaycan əleyhinə apardığı çirkin kampaniyaya qarşı tutarlı bir cavabdır. Sirr deyil ki, müstəqilliyimizin ilk illərində bizim nə böyük maliyyə imkanlarımız var idi, xaricdə yaşayan azərbaycanlılar da o vaxt hələ təşkilatlanmamışdılar. Ancaq hazırda bütün ölkələrdə diaspor təşkilatlarımız erməni təbliğatına qarşı Azərbaycan reallıqlarını ortaya qoyurlar. Mən bu hərəkətləri, bu siyasəti alqışlayıram və bizim diaspor təşkilatlarının üzvlərinə bu fədakar və çox gözəl missiyaya görə minnətdarlığımı bildirmək istəyirəm. Biz çalışmalıyıq ki, Azərbaycan haqqında reallıqları bütün dünyaya bildirək. Bizə qarşı dünyada erməni lobbisi fəaliyyət göstərir. Bizə qarşı mübarizə aparır. Onların təsir dairəsində olan bəzi siyasətçilər, bəzi mətbu orqanlar, bəzi ictimai qurumlar Azərbaycana qarşı kampaniya aparırlar - ləkələmə kampaniyası, Azərbaycan reallıqlarını təhrif etmək üçün uydurmalar, düzgün olmayan faktlar yayırlar, yalanlar, böhtanlar yağdırırlar. Ancaq mən çox şadam ki, diaspor təşkilatlarımız da nəinki erməni lobbi təşkilatlarına tutarlı cavab verir, eyni zamanda, onlar özləri orada Ermənistana qarşı çox ciddi və real faktlar əsasında qurulmuş təbliğat işləri aparırlar. Mən xaricdə çalışan səfirlərimizlə görüşlərdə həmişə demişəm və bu gün də demək istəyirəm ki, bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır. Bizim diplomatiyamız müdafiə, özünümüdafiə xarakteri daşımamalıdır”.

Qurultaydan keçən dövr ərzində apardığımız müşahidələr onu deməyə əsas verir ki, bu yöndə vəziyyət qənaətxbəxşdir. İnkişaf gedir. Diaspor təşkilatlarının maraqlı layihələri  var ki, bu layihələr vasitəsi ilə dünya ictimayyətinin diqqətini Azərbaycana yönəldə bilirik, Azərbaycan həqiqətlərini dərk etdiririk. Ancaq ümumilikdə götürəndə bəli, bu qədər fəaliyyət göstərməyimizə baxmayaraq  biz çox geridə qalırıq. İrəliyə getməyə də səy göstərmirik. Bu yaxınlarda Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun çıxışı oldu. O, Rusiyada olan diaspor təşkilatlarında olan vəziyyətin acınacaqlı olduğunu dedi. Araşdırmalar onu deməyə əsas verir ki, qurultayda qarşıya qoyulan məqsəd və vəzifələrin öhdəsindən tam gəlinməyib. Bu istiqamətdə problemlər var.  Ən ciddi problem diaspor təşkilatların vahid mövqedən çıxış etməməsidir.

-Diaspor təşkilatlarının vahid mövqedən çıxış etməsinə nə mane olur?

-Buna mane olan əsas amil diaspor təşkilatlarına göstərilən ögey münasibətdir. Bizim xaricdə fəaliyyət göstərən elə təşkilatlarımız var ki, onlar reallıqda çox böyük işlər görürlər. Bu istər Azərbaycanın haqq səsinin dünya ictimayyətinə çatdırılmasında, istərsə də soydaşlarımızın həmin ölkələrdə hüquqlarının qorunmasında özünü daha qabarıq göstərir. Ancaq bəzən görürsən ki, bir möhürü olan təşkilat düşür ortaya və müəyyən dəstək alır, başlayır müəyyən işlər görməyə. Belə olan halda təbii ki, bəzi narazılıqlar yaranır.  Bəzi hallarda isə görürsən ki, diaspora işində olan nöqsanlara görə səfirlikləri qınayırlar. Səfirlikləri qınamaq düzgün deyil.

-Qurultayda irəli sürülən məsələlərdən biri də diaspora təşkilatlarında təmsil olunan şəxslərin həmin ölkələrin seçkili orqanları, dövlət qurumlarında təmsil olunması məsələsi idi. Sizin rəhbərlik etdiyiniz təşkilat bu istiqamətdə hansı işlər görür?

- Diaspora təşkilatı olaraq fəaliyyət göstərdiyimiz Novosibirsk vilayətində olan həmvətənlərimizin işlə təmin olunması, onların dövlət qurumlarında təmsilçiliyinin olması yönümündə davamlı işlər görürük.  Bu yaxınlarda 8 gəncimiz prokurorluq sistemində işə düzəlib. Bu işdə bizə Kəmalə Kərimova köməklik edib. Eyni zamanda onu da deyim ki, bu istiqamətdə həyata keçirdiyimiz işlər daha da intensivləşib. Biz Rus Azərbaycan Evi,  Milli Mədəniyyət Muxtariyyəti ilə sıx əməkdaşlıq edirik. MMM rəhbəri Rasim Babayevlə birgə gənclərin işi ilə bağlı konsepsiya hazırlamışıq.

Forumla yanaşı mən onu xüsusi vurğulamalıyam ki, bu gün Rusiyada yaşayan soydaşlarımızın işlə təminatında AMOR təşkilatının xüsusi rolu var. Təşkilatın rəhbəri Leyla xanımın apardığı siyasət diaspora təşkilatlarına istiqamət verir.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 26 dekabr.- S.3.