Nazim İbrahimov: Əldə
etdiyimiz
uğurlar bizi tam qane etmir
Azərbaycan Respublikasının Diasporla
İş üzrə
Dövlət Komitəsinin
sədri Nazim İbrahimovun Trend-ə müsahibəsi
Əsas
məqsədlərdən birinə
-
azərbaycanlıların təşkilatlanmasına
nail olunub
- Dövlət Komitəsinin
yaradılmasından artıq
12 ildən də çox müddət keçib. Komitənin bu illər ərzindəki fəaliyyətini
necə qiymətləndirirsiniz?
Qarşıya qoyulan məqsəd və vəzifələrə nə
dərəcədə nail olunub?
- Əvvəlcə təşəkkür edirəm
ki, komitənin fəaliyyətinin təbliğinə
diqqət göstərirsiniz
və diasporlarımızın
gücləndirilməsi istiqamətində
KİV olaraq bizə dəstək veririsiniz. Ümumiyyətlə isə,
Azərbaycan diasporunun fəaliyyətini, təşkilatlanma
səviyyəsini, əldə olunmuş
uğurları təhlil
edərkən az vaxtda
xeyli işlər görüldüyü
aydın olur.
Bilirsiniz ki, Diasporla
İş üzrə Dövlət Komitəsinin
yaradılması azərbaycançılıq
ideyasının təbliği, xarici
ölkələrdə yaşayan azərbaycanlıların
vahid ideya ətrafında
birləşməsi, təşkilatlanması məqsədinə
xidmət edirdi. Ümummillli
lider Heydər Əliyevin yenidən hakimiyyətə
gəlişindən sonra xaricdəki azərbaycanlılarla sistemli iş
aparılması, diaspor quruculuğunun
dövlət siyasətinin prioritet istiqamətlərindən
birinə çevrilməsi bu sahədə
xüsusi dövlət qurumunun
yaradılması ilə nəticələndi. Hesab
edirəm ki, bu illər
ərzində əsas məqsədlərdən birinə - azərbaycanlıların
təşkilatlanmasına nail olunub. Bu istiqamətdə dünya azərbaycanlılarının
qurultaylarının keçirilməsini, onların əsas fəaliyyət
istiqamətlərini müəyyənləşdirən "Dünya azərbaycanlılarının həmrəylik
xartiyası"nın qəbul olunmasını, türkdilli xalqların diaspor
təşkilatları ilə əlaqələrin qurulmasını,
birgə fəaliyyət strategiyasının qəbul edilməsini
xüsusi vurğulamaq
istərdim. Diaspor quruculuğu üçün
qısa müddət hesab edilən ötən
dövr ərzində biz
dünyadakı azərbaycanlıların birliyini
təmin edə bilmişik və
qarşımıza qoyulan ilkin
məqsədlərə çatmışıq. Üstəlik,
dediyim ki, Azərbaycan
diasporunun təşkilatlanması işini başa vurmaqla bərabər türkdilli xalqlarının diasporları ilə
sıx əməkdaşlıq əlaqələrinin
qurulmasına nail ola bilmişik.
Azərbaycan
Prezidenti cənab İlham
Əliyevin dünya azərbaycanlılarına
müraciətində diaspor sahəsində
aparılan işlərin öz bəhrəsini
verdiyi vurğulanır, xaricdəki
soydaşlarımızın məskunlaşdıqları
ölkələrin cəmiyyətlərində mövqelərini
möhkəmləndirməsi, ölkəmizin dünyaya
tanıdılması, zəngin mədəniyyətimizin təbliği
sahəsində, bəzi qüvvələrin dövlətimiz və
xalqımızın əleyhinə yönəlmiş məkrli
planlarına qarşı təsirli tədbirlərin görüldüyü qeyd
olunur. Azərbaycan Prezidentinin tövsiyələri diaspor təşkilatlarının fəaliyyətinin
gücləndirilməsi, Azərbaycanın müvafiq
dövlət qurumları və xarici
ölkələrdəki diplomatik nümayəndəlikləri
ilə əməkdaşlıq şəraitində daha məqsədyönlü və çevik fəaliyyət mexanizmlərinin
yaradılması üçün
qarşımızda yeni vəzifələr
qoyur.
Problemlərdən
kənara qaçmağı yox,
onların üzərinə getməyi
üstün tuturuq
- Bəs
özünüz öz işinizə tənqidi
yanaşsanız, ilk növbədə, nələri qeyd edərdiniz?
- Əksər normal fəaliyyət təcrübəsində
işə tənqidi yanaşmaq qəti bir prinsipdir. Əks halda, hesab edirəm ki, nəyəsə nail olmaq mümkünsüzdür.
Biz daimi Dövlət Komitəsinin, eləcə də
diaspor təşkilatlarımızın fəzliyyətinin
müxtəlif istiqamətlərinə dair
təhlillər aparırırq, zəif nöqtələrin harada olduğunu müəyyənləşdirməyə
çalışırıq və gəldiyimiz nəticələr
əsasında da işimizi qururuq. Təbii ki, bəzi problemləri həll etmək mümkün olur, bəzən
isə elə məsələlər ortaya
çıxır ki, onların həlli
bizdən, yaxud diapor təşkilatlarından
asılı olmur. Ancaq
istənilən halda biz
problemlərdən kənara qaçmağı yox, onların üzərinə getməyi üstün tuturuq.
Erməni uydurmalarını ciddi
qəbul
edəcək
dairələrin sayı olduqca azdır
- Ermənistan
dövləti, dünya erməniləri və lobbisi uydurma “erməni
soyqırımı”nın yüzüncü
ildönümünü qeyd etməyə hazırlaşır.
Bu yalanın ifşa edilməsi, eləcə də ermənilərin
azərbaycanlılara qarşı törətdiyi
soyqırımlarla bağlı dünya ictimaiyyətinin məlumatlandırılması
və bu hadisələrin soyqırım kimi qəbul etdirilməsi
istiqamətində Dövlət Komitəsi və Azərbaycanın
xarici ölkələrdəki diaspor təşkilatları
konkret hansı işləri görür?
- Azərbaycan diasporunun məqsəd və
vəzifələrinin əsas hədəfi ilk növbədə
Qarabağ münaqişəsinə və azərbaycanlıların
tarix boyunca erməni təcavüzünə uğramasına ədalətli
beynəlxalq qiymətin verilməsinə hesablanıb. Hədəflərimizə
çatmaq üçün isə ardıcıl olaraq ermənilərin
Qarabağ müharibəsində törətdiyi vəhşiliklərin,
xüsusən Xocalı soyqırımının və əsrlərdir
erməni millətçilərinin apardığı etnik təmizləmə
siyasətinin mahiyyətini dünya ictimaiyyətinə
çatdırmağa çalışırıq. Bu istiqamətdə
Diasporla İş üzrə Dövlət Komitəsi, eləcə
də digər dövlət qurumlarının dəstəyi ilə
xarici ölkələrdə fəaliyyət göstərən
diaspor təşkilatlarımız ildən-ilə təbliğat
işini daha da genişləndirir. Xocalı
soyqırımını tanıyan ölkələrin, nüfuzlu
beynəlxalq təşkilatların sayının artması,
ABŞ-ın 13 ştatının Xocalıda baş verənləri
soyqırım kimi qəbul etməsi Azərbaycan diasporunun fəaliyyətinin
nəticəsi idi. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyevanın təşəbbüsü ilə başlayan
“Xocalıya ədalət!” kampaniyası da bu sahədə
görülən işlərin səmərəsini
artırıb. Bundan başqa, diaspor təşkilatlarımız
hər il dünyanın bir çox ölkəsində
Xocalı soyqrımı ilə bağlı müxtəlif
aksiya və tədbirlərlə yerli ictimaiyyətin diqqətini
bu hadisəyə yönəltməyə çalışırlar.
Əlbəttə ki, bu proses
davamlıdır və hesab edirəm ki, indiyə qədər bu
sahədə görülmüş
işlər, erməni təbliğatının təsirini xeyli dərəcədə azaldıb. Biz ermənilərlə
təbliğat mübarizəsinin elə bir
həddinə gəlib çatmışıq ki,
mənim fikrimcə, beynəlxalq ictimai rəydə
erməni uydurmalarını qəbul edəcək və ya səmimi olaraq ciddi qəbul edəcək dairələrin
sayı əvvəlki illərlə müqayisədə olduqca azdır. Düzdür,
hansısa siyasi konyuktura
çərçivəsində baş tuta biləcək həmlələr istisna olunmur. Amma biz də, bu cür istisnaların real səbəblərini
və ümumi vəziyyəti öyrənirik,
əldə etdiyimiz məlumatlara, proseslərin
mümkün inkişaf
istiqamətlərinə dair proqnozlara uyğun olaraq fəaliyyətimizi davam
etdirməyi planlaşdırırıq. 2015-ci illə
bağlı Ermənistan hökuməti, eyni
zamanda erməni diasporu
və lobbisinin çox
genişmiqyaslı kampaniya həyata
keçirəcəyi gözlənilir. Hesab
edirik ki, bu istiqamətdə Azərbaycan və türk diaspor təşkilatları
birgə tədbirlər həyata keçirməlidir və
keçirəcək də. Müəyyən təkliflər,
ideyalar var ki, onların həyata keçirilməsi
planlaşdırılır.
Özümüzü dünyaya tariximizlə,
zəngin mədəniyyətimizlə,
nailiyyətlərimizlə tanıtmalıyıq
- Təəssüf ki, çoxları elə hesab edir ki, Dövlət Komitəsi və diaspor təşkilatlarının əsas işi yalnız Ermənistan dövlətinin işğalçı siyasətini dünyada tanıtmaq, erməni diasporu və lobbisinin uydurma “erməni soyqırımı” ilə maskalanmış “yazıqlıq” sifətini yırtıb əsl həqiqətləri üzə çıxarmaqdan ibarətdir. Axı nə Komitənin, nə də diaspor təşkilatlarının işi təkcə “erməni məsələsi” ilə məşğul olmaq deyil...
- Təbii ki, erməni məsələsi, daha doğrusu Azərbaycan
həqiqətlərinin dünyaya
çatdırılması, ermənilərin qondarma
soyqırım təbliğatına qarşı mübarizə
bu gün bizim fəaliyyətimizin prioritet
istiqamətidir. Hazırda dünyanın müxtəlif ölkələrində
fəaliyyət göstərən 450-dan çox
Azərbaycan diaspor təşkilatının
hər biri Azərbaycan həqiqətlərinin
təbliğinə öz töhfəsini verir. Bu təşkilatlar hər il
dünyanın bir sıra ölkələrində
20 yanvar faciəsi, Xocalı
soyqırımı, 31 mart-Azərbaycanlıların
soyqırımı günü, ümumiyyətlə
Ermənistanın təcavüzkar siyasətinə etiraz olaraq yüzlərlə
nümayiş, konfrans,
dəyirmi masa, sərgi və digər tədbirlər keçirir, Azərbaycanın
haqq səsini dünyaya
duyurmağa çalışırlar.
İldən-ilə bu tədbirlərin
keyfiyyəti artır və miqyası genişlənir ki, bu da
Azərbaycan həqiqətlərinin get-gedə dünyada
tanınması, qəbul edilməsinə xidmət edir. Yenə də təkrar edirəm, bu bizim fəaliyyətimizin
indiki vaxtda əsas və
birbaşa hədəfidir. Amma
biz bir xalq
və dövlət olaraq özümüzü
dünyaya tariximizlə, zəngin mədəniyyətimizlə,
müasir dövlət quruculuğu
prosesində əldə etdiyimiz nailiyyətlərlə
tanıtmalıyıq. Fəaliyyətimizin təməl prinsipi bununla
bağlıdır. Azərbaycan gənc və müstəqil bir dövlət olaraq çox böyük uğurlara imza atıb. Diaspor təşkilatlarımız da bu imkanlardan
geniş istifadə etməyə
çalışırlar. Bizim tariximiz, mədəniyyətimiz, beynəlxalq
aləmdə qazandığımız uğurlar
bizi dünyada daha yaxşı tanıdır. İlk
Avropa oyunlarının məhz Azərbaycanda
keçirilməsi də məhz bu
uğurların nəticəsidir. Avropa bizim tariximizi, mədəniyyətimizi
tanıyır, cəmiyyətimizin düzgün
istiqamətdə, demokratik dəyərlər
üzərində inkişaf etdiyinə əmindir.
Tədbirlər koordinasiya olunur
- Mövcud qanunvericiliyə görə, diaspor təşkilatlarının fəaliyyətini koordinasiya etmək üçün Azərbaycanın xarici ölkələrdəki səfirliklərində diaspor təşkilatları ilə iş üzrə ştat vahidi ayrılmalıdır. Lakin bu günədək belə bir ştat vahidinin yaradılmamasının bir çox hallarda həmin ölkələrdəki diaspor təşkilartlarının fəaliyyətinin koordinasiyasında müəyyən problemlər yaratdığını qeyd edirlər. Bu məsələnin həlli üçün hansı addımların atılması nəzərdə tutulur?
- Bütün
sahələrdə Azərbaycanın dövlət orqanları
arasında məsləhətləşmələr
aparılır, mövcud olan
ümumi fəaliyyət proqramı çərçivəsində
keçirilən tədbirlər koordinasiya
olunur. Biz xarici ölkələrdəki diaspor
təşkilatları ilə münasibətlərin
qurulmasında, onların işinə dəstək verilməsində
səfirliklərlə sıx təmasda işləyirik.
- Bəzi mütəxəssislər hesab edir ki, diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti yetərli deyil. Bu məsələnin həlli üçün Dövlət Komitəsi müvafiq dövlət qurumları ilə birgə hansı işlər görür?
- Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə
çatdırılması, ölkəmizin, mədəniyyətimizin
təbliği, lobbiçiliyin gücləndirilməsi
istiqamətində Azərbaycan dövlətinin büdcəsindən
kifayət qədər vəsait ayrılır. Diasporla İş
üzrə Dövlət Komitəsi xaricdə Azərbaycanın
təbliğatı fəaliyyəti ilə də məşğul
olan dövlət qurumlarımız, ictimai birliklər, qeyri-hökumət təşkilatları,
KİV-lə əməkdaşlıq edir,
Azərbaycanın dövlət orqanları arasında məsləhətləşmələr
aparır, mövcud olan
ümumi fəaliyyət proqramı çərçivəsində
keçirilən tədbirləri koordinasiya
edir.
İrandakı azərbaycanlılar
diaspor sayılmır
- Daha öncə qeyd etmişdiniz ki, Dövlət Komitəsi yaranandan bəri bizim İranda heç bir fəaliyyətimiz yoxdur. Lakin İran tərəfindən bu ölkəyə səfərlə bağlı dəvət almısınız. Həm İranda yaşayan soydaşlarımız, həm də Avropadakı cənubi azərbaycanlılarla olan əlaqələrin gücləndirilməsi baxımından belə bir fəaliyyətə başlamaq haqqında nə düşünürsüz?
- İrandakı azərbaycanlılar
öz tarixi
torpaqlarında yaşadığı üçün
onlar diaspor
sayılmır. Ona görə də
Dövlət Komitəsi olaraq İranda yaşayan azərbaycanlılarla
işləməmişik. Amma İrandan və digər ölkələrdən
olub öz
torpaqlarında yaşamayan bütün
azərbaycanlıların birləşdiyi təşkilatlarla əməkdaşlıq
edirik, onların Azərbaycanın, Azərbaycan
mədəniyyətinin təbliğindəki fəaliyyətini
dəstəkləyirik, bundan sonra da dəstəkləyəcəyik.
Gürcüstandakı problemlər
1-2
il ərzində həll olunası deyil
- Gürcüstandakı azərbaycanlıların rahat yaşayışı, cəmiyyətə inteqrasiyasının təmin edilməsi, o cümlədən onların təşkilatlanması işlərinin gücləndirilməsi istiqamətində zaman-zaman addımlar atılsa da, problemlər hələ də tam həll olunmamış qalır. Bununla bağlı Dövlət Komitəsi səviyyəsində hansı tədbirlər görülür?
- Gürcüstanda
yaşayan azərbaycanlılarla bağlı məsələ
hər zaman ölkə rəhbərliyinin
və komitənin diqqətindədir. Gürcüstan
hökuməti də bu problemlərin həlli
istiqamətində addımlar atıb. Ancaq
təbii ki, bu problemlərin
bir qismi uzun illər ərzində
yığılıb qalmış, SSRİ-nin
süqutundan sonra
yaranmış situasiyanın doğurduğu
fəsadlardır. Soydaşlarımızın orada torpaqla təmin
olunmasından tutmuş təhsil sahəsinə
qədər çox problemləri var və bunlar 1-2 il ərzində həll olunası problemlər
deyil, ağır problemlərdir.
İnanırıq ki, Gürcüstan
hökuməti ilə sıx əməkdaşlıq şəraitində
bu problemlər həllini tapacaq.
Dövlət Komitəsi
azərbaycanlıların yerli cəmiyyətə
inteqrasiyasına dəstək vermək məqsədilə
2007-ci ildən başlayaraq çox böyük bir layihə həyata keçirir.
Gürcüstanın azərbaycanlılar yaşayan
regionlarında məhz bizim
soydaşlarımız üçün dil kursları açılıb, onlar dərs vəsaiti, zəruri materiallarla təmin olunub. Sevindirici haldır ki,
müəyyən müddət sonra layihənin
müsbət nəticələrini müşahidə etdik. Gürcüstanın ali
məktəblərinə qəbul olunan azərbaycanlıların
sayında ciddi artım oldu.
Biz bu problemin
xeyli dərəcədə həllinə nail olduq. Diqqət yetirdiyimiz əsas məsələ Gürcüstan azərbaycanlılarının
cəmiyyətə inteqrasiyasına nail
olmaqdır. Hesab edirəm ki,
yalnız yerli cəmiyyətə inteqrasiya etmiş, vətəndaşı
olduğu dövlətin dilini,
qanunlarını bilən bir toplum öz
hüquqlarını qoruya, normal yaşam şərtlərini
təmin edə bilər.
- Bir müddət əvvəl Gürcüstanda məsciddə baş verən təhqiramiz hadisə, gürcü azarkeşlərin Bakıda separatçı hərəkətləri nəyə hesablanıb? Bunların arxasında hansı niyyətlər durur?
- Bildiyim
qədər müvafiq təşkilatların
bu barədə rəsmi
açıqlaması oldu. Eyni
zamanda Gürcüstan
tərəfinin müvafiq qurumları da bu hadisəni pislədilər.
Azərbaycanla Gürcüstan regionda bir sıra məsələlərdə
strateji tərəfdaş kimi
çıxış edir. Bu
əlbəttə ki, bəzi qüvvələrin
xoşuna gəlmir və
vaxtaşırı bu cür
təxribat cəhdləri olur. Lakin dövlətlərimiz arasındakı
münasibətlərin indiki səviyyəsi
imkan veriri ki, istənilən bu cür təxribat təşəbbüslərinin
əlaqələrə xələl gətirməsinin
qarşısı alınsın.
Təəssüf ki, Ukraynada başqa
addımlar atmaq imkanı yoxdur
- Ukraynada baş verən silahlı toqquşmalar orada yaşayan yarım milyona yaxın azərbaycanlının taleyi ilə bağlı ciddi narahatlıq doğurur. Xüsusən də Donetsk və Luqansk regionlarında həyatı təhlükə altında olan azərbaycanlıların təhlükəsizliyinin, sosial təminatının yaxşılaşdırılması məqsədilə Komitə bu ölkənin rəsmi orqanları ilə birgə hansı işlər görür və ya görməyi planlaşdırır?
- Ukraynada yaranmış qeyri-sabit vəziyyət başlayandan bəri biz oradakı bütün diaspor təşkilatlarına xəbərdarlıq edirik. Ukraynadakı Azərbaycan Səfirliyi də azərbaycanlılara müraciət edərək bildirib ki, öz təhlükəsizlikləri naminə münaqişələrin, toqquşmaların olduğu yerlərdən mümkün qədər kənarda olsunlar. Dövlət Komitəsinin səlahiyyət və imkanı ona çatır ki, bununla bağlı çağırış etsin, ehtiyatlı olmağa səsləsin. Təəssüf ki, indiki mürəkkəb situasiyada Ukraynada azərbaycanlıların hüquqlarının müdafiəsi üçün başqa addımlar atmaq imkanı yoxdur. Biz daim dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının problemlərini, qarşılaşdığı çətinlikləri diqqətdə saxlamağa çalışırıq.
Diaspor təşkilatları
Azərbaycanın milli
və
dövlət maraqlarından çıxış etməlidirlər
- Bir müddət əvvəl Rusiyadakı Azərbaycan diaspor təşkilatları arasında yaranmış ciddi fikir ayrılığının aradan qaldırılmasına və onların birliyinə nə dərəcə nail olunub?
- Bu
məsələ ilə bağlı mövqeyimizi
bir neçə dəfə çox aydın və dəqiq şəkildə
ifadə etmişik. Diaspor
təşkilatları arasındakı fikir
ayrılıqlarının olması təbiidir. Çünki hər bir təşkilatda
yüzlərlə, minlərlə insan təmsil
olunur və onların hamısının eyni cür
düşünməsi mümkün deyil. Biz hər bir diaspor təşkilatı
ilə işləməyə hazırıq. Yeganə prinsipimiz bundan ibarətdir
ki, Azərbaycan diaspor
təşkilatları hansı ölkədə fəaliyyət
göstərməsindən asılı olmayaraq,
Azərbaycanın milli maraqlarından,
dövlət maraqlarından çıxış etməlidirlər.
- Bu yaxınlarda belə bir fikir bildirmisiniz: "Biz öz fəaliyyətimizdə daim Azərbaycan dövlətinin maraqlarını əsas tuturuq. Bu bizim üçün qırmızı xətdir və kimsə onu keçməyə cəhd edirsə, biz öz mövqeyimizi çox açıq şəkildə ifadə edirik". Bu qırmızı xətti keçən azərbaycanlılar və ya təşkilatlar çox olur?
- Dediyim kimi diaspora
onlarla, yüzlərlə, minlərlə
insanı birləşdirən məfhumdur. Bu
insanların fərqli düşüncəsi, dünyagörüşü,
hadisələrə baxışı var. Bizim onlara heç
bir məsələdə təsir etmək
niyyətimiz və məqsədimiz yoxdur.
Sadəcə, məsələ milli və
dövlətçilik maraqlarına gəlincə, biz öz mövqeyimizi
ortaya qoyuruq.
Əldə etdiyimiz uğurlar
bizi tam qane etmir
- Bir müddət əvvəl qeyd etmişdiniz ki, indiki məqamda ölkəmiz həm beynəlxalq siyasətdə, həm də diaspor quruculuğu sahəsində qarşıya qoyulan strateji məqsədlərə nail olub. 200 illik erməni diasporu və güclü lobbisinin qarşısında cəmi 23 ildir ki, yenidən müstəqillik əldə etmiş dövlət buna necə nail ola bilib?
- Azərbaycan diasporu gənc olmasına baxmayaraq,
kifayət qədər tarixi olan diasporlarla müqayisədə
olduqca səmərəli işləyib və
uğurlu nəticələrə nail olub. Bu
isə bu istiqamətdə konkret
məqsəd və hədəflərə
ünvanlanmış vahid strateji
xətti olan Azərbaycan dövlətinin uğurudur. Ulu öndər
Heydər Əliyevin bu sahədə müəyyənləşdirdiyi
siyasi kursu Prezident İlham
Əliyevin uğurla davam
etdirməsi nəticəsində diaspor quruculuğu işi keyfiyyətcə
yeni müstəviyə qaldırılıb.
Cənab Prezidentin qeyd etdiyi kimi
“Güclü dövlət - güclü diaspor”
prinsipinə söykənən siyasətin nəticəsi olaraq ermənilərin əsrlərdir
apardığı təbliğat iflasa
uğramaqdadır. 200 illik tarixi,
təcrübəsi olan erməni diasporu və lobbisi özlərinin
də etiraf etdiyi kimi Azərbaycan diasporunun
məqsədyönlü fəaliyyətindən narahat olmağa
başlayıb. Bu, bir daha vurğulamaq istəyirəm ki,
təkcə diasporumuz deyil,
bütövlükdə Azərbaycan dövlətinin uğurudur. Çünki
Azərbaycanın bu sahədə konkret məqsədlərə və hədəflərə
ünvanlanmış vahid strateji
xətti var və ən əsası da elə budur. Bütün dövlət qurumlarımız, ictimai birliklər, qeyri-hökumət təşkilatları,
KİV və şübhəsiz ki, diaspor təşkilatlarımız hər biri öz fəaliyyətini
bu strateji xəttə
uyğun olaraq qurub. Amma əlbəttə
ki, əldə etdiyimiz
uğurlar bizi tam qane etmir.
Çünki cəmiyyətin bir parçası olan diaspor da ətrafdakı dəyişikliklərin
təsirindən kənarda qalmamalı, zaman-zaman
inkişaf etməli, dəyişməli və
təkmilləşməlidir. Bu
baxımdan Azərbaycan diasporunun
qarşısında hələ görüləsi çox işlər var.
Daha böyük nailiyyətlərə imza atacağıq
- Qarşıdan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü gəlir. Sizin üçün bu tarix nə deməkdir? Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı hansı yeni ideya və təklifləriniz var?
- Bu tarix bütün
azərbaycanlılar üçün mühüm əhəmiyyətə malikdir. Həmin vaxt
baş verənlər bütün
azərbaycanlıları vahid bir amal ətrafında birləşdirən
milli birlik ideyası –
azərbaycançılıq ideyasının yaranmasına gətirib
çıxardı, bu gün
güclü dövlətə çevrilməyimizi
təmin edəcək milli inkişaf
yolumuzu müəyyənləşdirdi.
Ulu
öndər Heydər Əliyev 31 dekabrı Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü elan etməsindən
sonra xarici ölkələrdə
yaşayan azərbaycanlıların vahid ideya ətrafında
birləşməsi prosesi başlandı.
Diaspor quruculuğu
dövlət siyasətinin prioritet istiqamətlərindən
birinə çevrildi. Xarici ölkələrdə
yaşayan azərbaycanlıların təşkilatlanması,
azərbaycançılıq ideyası ətrafında sıx
birləşdirilməsi, milli-mənəvi dəyərlərimizin
qorunub saxlanılması,
soydaşlarımızın məskunlaşdıqları
ölkələrin ictimai-siyasi həyatında
fəal iştirakının təmin edilməsi sahəsində
atılmış addımlar Azərbaycan diasporunun
mütəşəkkil qüvvəyə çevrilməsinə
stimul verdi.
Bu münasibətlə bütün soydaşlarımızı təbrik edirəm, diaspor fəaliyyətində onlara daha böyük uğurlar arzulayıram. İnanıram ki, qarşılıqlı əməkdaşlıq şəraitində bu sahədə daha böyük nailiyyətlərə imza atacağıq.
Olaylar.-
2014.- 27-29 dekabr.- S.3.