“İnternet mediası
insanların
informasiya aclığını
doldurur”
Yeni formalaşmaqda olan internet mediasının problemləri,
sonrakı inkişafı haqqında "Yeni Media Jurnalistləri"
İB-nin sədri Xaqani Səfəroğlu "OLAYLAR"a
müsahibə verib.
-Xaqani müəllim, Azərbaycanda
internet medianən rolu barədə nə deyə bilərsiniz?
-İnternet mediası
son illərdə təşəkkül
tapmış yeni bir media müstəvisidir. Bu da
dünyada vüsət almış internet medianın bir təzahürüdür.
2000-ci ilin əvvəllərində Azərbaycanda
internet medianın ilkin nümunələri ortaya
çıxmağa başlayıb. Portallar,
saytlar fəaliyyətə başlayıb. Azərbaycanda
internet mediası dedikdə hələ tam
oturuşmamış, müəyyən problemləri olan bir
KİV sahəsi başa düşülür. Əslində Azərbaycanda indiyə qədər ənənəvi
çap mediası əsas KİV kimi çıxış
etdiyi üçün internet medianın bu sahədə rolu o
qədər də nəzərə çarpmayıb. Amma son illərdə Azərbaycanda internet media, sosial
şəbəkələr və sosial media demək olar ki,
informasiya təminatında aparıcı rol oynamağa
başlayıb. Hazırda Azərbaycanda bir
internet KİV bumu yaşanır. Bu
baxımdan yeni bir sahə olan internet KİV Azərbaycanda da
gündəmdədir. Bununla bağlı məsələlərin
həlli müvafiq amillərdən asılıdır.
-Azərbaycan
internet məkanında hansı
mövzular daha aktualdır?
-Azərbaycan internet KİV-də
əsas etibarı ilə demək olar ki,
bütün mövzular aktualdır və bütün
mövzular öz oxucularını tapa bilir. Bunun
da bir çox səbəbləri var. Bu səbəblərdən
biri də istər televiziya, istər qəzetlərdə də
əhali arasında olan informasiya aclığını internet
KİV-i asanlıqla doldura bilməsidir. Bu baxımdan
siyasi, sosial, mədəni, şou, kriminal və s. xəbərlərin
hər biri Azərbaycanın internet media məkanında da
aktualdır və hər birinin öz oxucuları var.
İnternet mediasının bütün xəbərləri digər
çap mediasından fərqli olaraq rezonans doğurur və xəbərin
yayılması daha geniş olur. Buna görə
də internet mediasının həm də sosial şəbəkələrlə
bağlı olması, bloqla, sosial media ilə eyni zamanda fəalliyyət
göstərməsi həm də xəbərlərin daha
oxunaqlı olmasına xüsusi kömək göstərir.
-İnternet
mediasının əsas
problemləri nələrdir?
-Dünyanın özü üçün belə
internet KİV yeni anlayışdır. Dünyanın
bir çox yerlərində onlayın media ilə bağlı
fikir müxtəlifliyi var və hazırda əsas sual internetb
KİV-ni ənənəvi KİV-dən fərqləndirən
və onu üstünləşdirən məqamları müəyyənləşdirməkdir.
Bu isə o qədər də asan məsələ
deyil. Çünki internet mediasının
meydana gəlməsi ilə yeni bir statusu olan internet jurnalisti
statusu meydana gəlib. İnternet KİV-nin
özünün özəl cəhətlərindən biri
ondan ibarətdir ki, hazırda onlayın media üçün ənənəvi
qəzetlərdə olan redaksiya anlayışı bir qədər
məhdud qavranılır, belə ki hazırda internet
medianın özündə internet jurnalisti özü xəbəri
hazırlamalı, redaktə etməli, korrektə etməli və
özü də texniki bilikləri sayəsində onu sayta yerləşdirməyi
bacarmalıdır. Bu baxımdan internet mediada
olan bəzi hallarda xüsusi yoxlamadan keçmədən belə,
redaktorun, baş redaktorun xəbərləri yoxlama imkanı
olmadan belə sayta qoyulur. Bu baxımdan
dünyada hazırda internet KİV-nin statusları ilə
bağlı ciddi müzakirələr gedir və Azərbaycanda
da bu cür müzakirələr zəruridir, vacibdir. İlk olaraq internet KİV-nin statusu ilə
bağlı məsələ öz həllini
tapmalıdır. "Yeni Media Jurnalistləri"
İctimai Birliyi bununla bağlı məsələ
qaldırıb ki, Azərbaycanda KİV-nin azadlığı
haqqında qanunda müəyyən dəyişikliklərin
edilməsi vacibdir. Çünki yeni
vüsət alməş internet KİV-lə bağlı
qanunvericilikdə müəyyən boşluqlar var. Belə ki
KİV haqqında qanun və Məlumat Azadlığı
haqqında qanun ənənəvi mediaı əsasında məsuliyyət
formalaşdırıb, qanunvericiliyi tənzimləyib.
Amma internet KİV tamamilə yeni olduğundan internetlə
bağlı məsələlər qanunda çox ümumi və yayğın
bir şəkildə göstərilib. O isə indiki halda onlayn
medianın tam hüquqi statusunu müəyyən etməyə
imkan vermir. Məsələn, KİV haqqında
qanunun 7-ci maddəsinə əsasən KİV məhsulları
anlayışı var. Burada televiziya kanallarının bir
buraxılışı və çap məhsullarının
bir tirajı nəzərdə tutulur. Orada
internet KİV-i ilə bağlı anlayış yoxdur. Məlum olduğu kimi internet mediası hər gün
onlarla xəbər istehal edir. İnternet
mediası daima yenilənir. Amma onların
istehsal etdiyi məhsullar isə KİV məhsulları
anlayışı kimi nəzərdə tutulmayıb. Digər bir tərəfdən bu məsələ məlumat
azadlığı haqqında qanunda da özünü göstərir.
Yəni vətəndaşların informasiya
almağı internet KİV-dən oxuduğu informasiyanın
KİV olub-olmadığı barədə qeyri-müəyyənlik
var. Bütün bunlar Azərbaycanda onlayn medianın statusunun
müəyyən edilməsi ilə bağlı məsələni
bir daha qabardır. Çünki bunlar
internet mediada çalışan jurnalistlərin də statusunu
ortaya qoyur ki, bu məsələlər öz həllini
tapsın. Ayrı-ayrı saytların
dövlət qeydiyyatından keçməsi, jurnalistin fəaliyyətinin
qorunmasının hansı formada olacağı məsələləri
açıq qalıb. Bu baxımdan Azərbaycanda
onlayın medianın statusunun müəyyən edilməsi
üçün müzakirələrə ciddi ehtiyac var.
"Yeni Media Jurnalistləri" İB də bu məsələni
aktiv şəkildə dəstəkləyir.
Digər bir məsələ
internet jurnalistikasının sərhəədlərinin müəyyən
edilməsidir.
Düzdür, burada sərhədlərdən
danışmaq bir qədər düzgün deyil,
çünki internet qlobal məkan olduğu üçün
burada sərhədlər bilinmir.
Onlayın medianın digər əsas problemlərindən biri
"kopi-past" problemidir. Jurnalist
imzasının itməsi, etik problemlər, şərhlər və
statuslar məsələsidir ki, dünyada bununla bağlı
konkret bir mövqeyə gələ bilməyiblər. Peşəkar jurnalistləri ciddi şəkildə
narahat edən jurnalistin imzası məsələsi və
yazının "oğurlanması"dır.
Digər bir məsələ
internet saytlarına onlayn şərhlərin
yazılmasıdır. Dünyanın bir çox saytlarında
oxucular xəbərlərə dərhal reaksiya verirlər,
çünki bu yeni bir tendensiyadır. İnternet
media oxucu ilə real zamanda əlaqədə olan bir vasitədir.
Məsələn, ənənəvi çap
mediasında oxucu ilə belə bir çevik əlaqə
yoxdur. Burada oxucu passivdir. Amma internet mediada oxucu oxuduğu yazıya dərhal
reaksiya vermək üçün şərh yazmaq istəyir.
Hazırda həmin şərhlərin
verilib-verilməməsi ilə bağlı müzakirələr
də gedir. Avropa ölkələrində
bunu problem kimi qəbul etmirlər, həmin ölkələr
bütün şərhlərin saytda verilməsinin tərəfdarıdırlar.
Bir sıra ölkələr isə korrektə
olunmuş şərhlərin verilməsi ilə bağlı məsələni
qaldırıblar. Qonşu Rusiyada bununla
bağlı qanunvericiliyə xüsusi bir maddə
salınıb ki, irqi, milli, cinsi zorakılıq yayan, təhqir
elementləri olan şərhləri moderator verə bilməz.
Əgər bu cür şərhlər verilərsə,
xəbərdarlıqdan sora hətta saytın lisenziyası da ləğv
edilə bilər.
Azərbaycanda isə bütün bunlar hələ ki qanunvericilikdə müəyyən
edilmədiyinə görə internet mediasının problemləri
açıq qalır.
-Mətbuat Şurası 2014-cü ili "İnternet Mediası İli"
elan edib. Bu internet mediasının
inkişafına necə təsir edəcək?
- Mətbuat Şurasının
2014-cü ili "İnternet mediası
ili" elan etməsi Azərbaycanda internet mediasının
hüquqi formatının müəyyən edilməsinə
imkan verəcək. Biz "Yeni Media Jurnalistləri" İB
olaraq bu ilin "İnternet mediası ili" elan edilməsini
dəstəkləyirik və hesab edirik ki, Mətbuat
Şurası Azərbaycanda onlayn media və sosial şəbəkələrlə
bağlı proseslərdə jurnalistlərin yerini,
payını müəyyən etmək üçün ciddi
müzakirələr aparacaq və vacib məsələlərə
aydınlıq gətirmək imkanı olacaq. Mən
bütün internet jurnalistləri də bu sahədə ciddi
müzakirələrə dəvət edirəm. Çünki bunlar yeni bir sahə olan internet medianın
sonrakı inkişafı üçün əsas məqamlardan
birinə çevriləcək.
- Azərbaycan internet mediasında
işıqlandırılmayan mövzular mövcuddurmu?
Gündəlik izlədiyim internet media orqanları belə deməyə
əsas verir ki, mediada işıqlandırılmayan mövzular
yoxdur. Bütün mövzulara toxunulur. Bütün
mövzular barədə məlumat gedir. Ola
bilər ki, müəyyən xəbərlərin payı
artqı olsun. Xüsusilə də
şou-biznes xəbərləri və siyasi qalmaqallar. Sosial yönümlü xəbərlərin payı
bir qədər azdır və bir də ki internet jurnaslistikada
böyük yazılara maraq azdır. Jurnalistlər
və sayt rəhbərləri buna üstünlük vermirlər.
Çünki onlayn rejimdə olan oxucu xırda xəbərlərin
oxunmasına üstünlük verir.
Sevda Qurbanqızı
Olaylar.- 2014.- 1-3 fevral.- S.11.