Diaspor quruculuğu, lobbiçilik

dünya azərbaycanlılarının həmrəyliyi

HEYDƏR ƏLİYEVİN adı ilə bağlıdır

 

Əvvəli ötən saylarımızda

 

Mən istəyirəm ki, Rusiyada  ...  Fərman Salmanov, Məmməd Əliyev, Müslüm Maqomayev və bir çox başqaları kimi görkəmli elm, mədəniyyət, təhsil xadimlərimiz olsun. Onların hamısının admı çəkməyə imkanım yoxdur. Mən istəyirəm ki, Rusiyada böyük kapitala malik, geniş kommersiya fəaliyyəti ilə məşğul olan azərbaycanlı iri kommersantlar, nüfuzlu kommersantlar olsun. Çünki indi bu, bazar iqtisadiyyatının əsasını təşkil edir.

 

Ancaq eyni zamanda, bunlar hamısı qanun çərçivəsində, Konstitusiya çərçivə-sində, Rusiyada mövcud olan qaydalar çərçivəsində olmalıdır. Azərbaycanlılar ümumiyyətlə zirək xalqdır. Yeri gəlmişkən, deyəndə ki, Rusiyanın və Moskvanın bazarlarında çoxlu azərbaycanlı var, eyni zamanda deyirlər ki, azərbaycanlılar, ümumiyyətlə, əsrlər boyu ticarətlə məşğul olmuşlar. Bəli, ticarət keçmiş zamanlarda çox şərəfli peşə idi.

"Arşın mal alan"ı yadınıza salın: Soltan bəy - Gülçöhrənin atası söhbət edəndə deyirdi ki, "Doxturdumoxturdu, incinardı-mincinardı - bunlar heç nədir, əsas tacirdir". Bu da təsadüfi deyil. Üzeyir Hacıbəyov bu əsəri gərək ki, 1913-cü ildə yazıbdır. Amma mən Soltan bəy kimi fikirləşmirəm. Bütün peşələr hörmətlidir. Xalqı daha da yüksəklərə qaldıran həmişə alimlər, mədəniyyət xadimləri, böyük ictimai xadimlər, böyük ziyalılar olubdur.

Məsələn, biz tariximizdən danışanda görürük - nə qədər şahlarımız olub, onların hamısı yaddan çıxıbdır. Amma deyirik - Nizami, Füzuli, Nəsimi, Mirzə Fətəli Axundov, Sabir, yaxud da başqaları. Əlbəttə ki, xalqın mədəni səviyyəsini göstərənlər həmişə ziyalılar olubdur. Mən istərdim ki, burada bizim ziyalılar yaxşı inkişaf etsinlər. Amma bütün dünya birliyinin gələcəyi bazar iqtisadiyyatı ilə əlaqədar olduğuna görə, mən istərdim ki, bizim çox gözəl azərbaycanlı kommersantlarımız da olsunlar. Onlar öz fəaliyyətləri ilə həm özlərinə xeyir gətirə bilərlər, həm də öz sərvətləri ilə bizim icmaların yaşamasına, inkişaf etməsinə kömək göstərə bilərlər.Nəhayət, bir fikri də bildirmək istəyirəm. Bilirsiniz, hansı millətdən soruşsan, deyəcək ki, bizim bədbəxtliyimiz ondadır ki, içimizdə dedi-qodu var, birlik yoxdur. Düzdür, hər bir millətin içərisində belə proseslər var. Amma ədalət naminə demək lazımdır ki, bəzi millətlər var, onlarda şəxsi münasibətlər, dedi-qodu olsa da, ancaq prinsipial məsələlərdə birlik var. Ancaq bəzilərində isə parçalanma meylləri çox güclüdür.

Gəlin açıq etiraf edək ki, bizim mil-lətimizdə parçalanma meylləri güclüdür. Əgər bu parçalanma meylləri olmasaydı... Nə üçün, azərbaycanlılar ermənilərdən acizdirlərmi? Əgər vuruşa, döyüşə qalsa, azərbaycanlı heç vaxt ermənidən aciz olmayıbdır. Ancaq niyə belə olubdur? Çünki azərbaycanlılar daxildə başladılar bir-birini didməyə, hakimiyyət mübarizəsi aparmağa. Bunun nəticəsində də ermənilər birləşdilər, gəlib Azərbaycanın torpaqlarını işğal etdilər.

Baxın, - 1988-ci ildə Ermənistan  -  Azərbaycan münaqişəsi başlandı. Azərbaycana neçə nəfər rəhbərlik etdi? Mən buraya gələndən sonra Kamran Bağırovu seçmişdilər, - düzdür, mən də seçmişdim. Hadisələr başlayan kimi onu çıxardılar, göndərdilər Vəzirovu. Cəmisi il yarım işlədi, amma torpağı müdafiə etmək əvəzinə, münaqişəni aradan götürmək əvəzinə daxildə intriqa ilə məşğul olmağa başladı. İl yarımdan sonra xalq onu götürüb atdı. Ondan sonra Mütəllibov gəldi, iki il işləyə bilmədi  -  yenə də daxili hakimiyyət mübarizəsi. Ondan sonra Xalq Cəbhəsi gəldi, bir il işlədi - yenə də hakimiyyət mübarizəsi. Başa düşürsünüzmü? Prezident olmayanda ayrı-ayrı şəxslərin prezidentin fəaliyyətini həyata keçirdiyini də götürsək, 1988-ci ildən 1993-cü ilə qədər Azərbaycana altı nəfər rəhbərlik edibdir. 1993-cü ildə məni Azərbaycana dəvət edəndə Azərbaycan vətəndaş müharibəsi içərisində idi. Əzizlərim, bilin, sizin çoxunuz uzaqdasınız, görməmisiniz, bilmə-misiniz, vallah-billah, Azərbaycan dağılırdı. Məni Naxçıvandan Bakıya dəvət eləyəndə gəlmək istəmirdim. Baxma-yaraq ki, yol yox idi, təyyarə yox idi, nə qədər adam gəlirdi. Hər təyyarədə bizim ağsaqqal adamlardan, ziyalılardan 20-30-u gəlirdi ki, "Heydər Əliyev, Azərbaycan dağılır, Bakıya gəl...

Bir tarixi də yadıniza salmaq istəyirəm: 1994-1995-ci illərdə Azərbaycanın ciddi təhlükələrlə üzləşdiyi zaman ümummilli lider Heydər Əliyevin çağırışı ilə yüz minlərlə həmvətənimizin  Azərbaycan Respublikasının o vaxtkı Prezidenti   ətrafında toplaşması, ona dəstək verməsi milli birlik və həmrəyliyimizin tarixində ən parlaq səhifələrdən birinə çevrilmişdir. İctimai  -  siyasi sabitliyin, vətəndaş sülhünün təmini, habelə 1996-cı ildən başlayaraq ölkədə aparılan quruculuq tədbirləri, bazar iqtisadiyyatının elmi əsaslarının formalaşması, hüquqi dövlət quruculuğu, sosial sahənin inkişaf etdirilməsi milli diaspor quruculuğu prosesinə başlamaq üçün etibarlı zəmin formalaşdırmışdır. Bütün bu proseslər dünyanın müxtəlif bölgələrinə səpələnmiş, qəlbi vətən eşqi ilə döyünən soydaşlarımızın diqqət mərkəzində olmuş, onlarda böyük qürursevinc hissləri doğurmuşdur. Respublikamızın beynəlxalq aləmdə daha geniş tanınması, dünya ölkələri ilə siyasi-iqtisadi, mədəni əlaqələrinin inkişaf etdirilməsi xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması prosesinə ciddi dəstək vermişdir. Onlar yaşadıqları dövlətlərin iqtisadi, ictimai-siyasi həyatında fəal iştirak etməklə, elmin, mədəniyyətin inkişafına töhfələr verməklə yanaşı, həm də Azərbaycan xalqının maddi-mənəvi dəyərlərinin, dilinin, tarixinin, mədəniyyətinin, mütərəqqi ənənələrinin daşıyıcıları olaraq ölkəmizi dünyaya tanıtmaq üçün yeni imkanlar qazanmışlar. Azərbaycan Respublikasının Prezidenti -Ulu öndər Heydər  Əlirza oqlu Əliyev özünəməxsus uzaqgörənliklə ilk gündən xarici siyasətdə strateji hədəfləri düzgün müəyyənləşdirərək demişdir ki, müasir dövrdə hər bir dövlətin qüdrəti yalnız iqtisadi resurslarla deyil, həm də onun xaricdə formalaşdırdığı diasporlobbinin gücü ilə ölçülür. Bu sahəyə xüsusi diqqət yetirmədən xarici siyasətdə hansısa ciddi nailiyyətlər qazanmaq, habelə milli məsələlərin beynəlxalq müstəvidə qaldırılmasına nail olmaq mümkün deyil. Xarici ölkələrdə yaşayan soydaşlarımızla çoxşaxəli münasibətlər qurmaq, onları ideolojisiyasi müstəvidə silahlandırmaq və ümummilli mənafelər naminə səfərbər etmək Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən birinə çevrilmişdir. Bu sahədə dövlət siyasətinin məqsədi də xaricdə yaşayan soydaşlarımızın milli özünəməxsusluğunu qorumaqinkişaf etdirmək, Azərbaycanla əlaqələrini genişləndirmək, habelə digər hüquqlarını reallaşdırmaqdan ibarətdir. Azərbaycan diasporunun təşkilatlanması prosesində ən mühüm, taleyüklü hadisə isə 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsi olmuşdur. Azərbaycan Respublikasının Prezidenti -Ulu öndər Heydər  Əlirza oğlu Əliyev 2001-ci il mayın 23-də imzaladığı sərəncama əsasən keçirilmiş qurultay dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunması, Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi baxımından yeni mərhələ açmışdır. Qurultayda dərin məzmunlu nitq söyləyən  Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev dünya azərbaycanlıları arasında milli birliyin və həmrəyliyin təmin edilməsi, Azərbaycan dövləti ilə dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi zərurəti, ana dilinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi haqqında fikirlərini açıqlamışdır. Eyni zamanda, Ermənistanın təcavüzkarlıq siyasətinin ifşası, bədnam erməni lobbisinə qarşı sistemli və ardıcıl əkshücumun təşkili məsələlərini xüsusi diqqətə çəkmişdir.

"Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" - deyən ümummilli lider Heydər Əliyevin Dünya Azərbaycanlılarının I qurultayında söylədiyi fikirlər bu gün hər bir azərbaycanlının milli qürur hissinin ifadə formasına çevrilmişdir. Millətdə qürur, fəxarət hissi yaşadan, milli mənsubluğa görə qürur duymağın şərəfliliyini öyrədən dahilər isə dünyaya tək-tək gəlir. Ulu öndər Heydər Əliyev məhz belə dahilərdən olaraq xalqımızın tarixən tapındığı azərbaycançılıq ideologiyasının vacib sistem halına salınmasına, birləşdirici faktora çevrilməsinə də uğurla nail olmuşdur. Azərbaycan Prezidenti Heydər Əliyev bu sahədə sistemli dövlət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə 2002-ci ildə "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması barədə" fərman imzalamışdır. Komitənin yaradılması xaricdəki Azərbaycan cəmiyyətlərinin, birliklərinin və dərnəklərinin fəaliyyətinin vahid mərkəzdən koordinasiyasına, habelə onların dövlət qayğısı ilə əhatə olunmasına geniş imkanlar açmışdır. Komitə qısa müddətdə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın azərbaycançılıq ideyası və Azərbaycan dövləti ətrafında birləşməsi istiqamətində xeyli görməyə müvəffəq olmuşdur. 2002-ci ildə Milli Məclisdə qəbul olunmuş "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" Azərbaycan Respublikasının Qanunu xaricdəki azərbaycanlılara dövlət qayğısının hüquqi əsaslarını müəyyənləşdirir. Sənədə əsasən, xaricdə yaşayan, fəaliyyət göstərən soydaşlarımızın hüquqları Azərbaycan dövləti səviyyəsində qorunur. Habelə imkanlı azərbaycanlıların ölkə iqtisadiyyatına sərmayə qoyması üçün qanunda vergi, gömrük güzəştləri nəzərdə tutulur. Qürur doğuran haldır ki, ulu öndərin layiqli siyasi davamçısı Azərbaycan Prezidenti İlham Əliyev də diasporlobbi quruculuğuna mühüm məsələlərdən biri kimi yanaşır. Ötən 6 ildə bu yöndə ardıcıl və sistemli tədbirlərin həyata keçirilməsini təmin edən Prezident müxtəlif ölkələrə səfərləri çərçivəsində soydaşlarımızla keçirdiyi görüşlərdə milli diaspor təşkilatlarının vahid, mütəşəkkil qüvvə kimi təşkilatlanması zərurətini önə çəkir. Dövlət başçısı müasir dövrdə bu sahəyə xüsusi diqqət ayırmadan xarici siyasətdə hansısa ciddi uğur qazanmağın qeyri-mümkünlüyünü çıxışlarında dəfələrlə vurğulamışdır.

 

Ardı var

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 6 fevral.- S.15.